![]() |
![]() |
![]() |
![]() |
||
NAZİLƏ ABDULLAZADƏ |
Müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı parlaq zəfərlər, şanlı qələbələr tariximizin səhifələrinə qızıl hərflərlə həkk olundu. Bu gün öz haqqı uğrunda əvvəldən axıra kimi ləyaqətlə, inamla mübarizə aparan, bu müharibədən qalib çıxan Azərbaycan böyük Zəfərini qeyd edir. Sabah isə böyük siyasi, mənəvi əhəmiyyətə malik hərbi parad rəşadətli Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya növbəti nümayişi kimi tarixə düşəcək. Bununla da Zəfər Paradımız bütün dünyaya yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəylimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin isbatı olacaq. Zəfərimiz mübarək, qalib Azərbaycan xalqı!

Yaraşır
Özü çıxıb müjdə verdi millətə,
Müjdəsinə neçə qurban yaraşır.
Zülm edənin canı düşdü zillətə,
Uca millət, sənə ad-san yaraşır.
Həyan umduq gələn səsdən-səmirdən,
Tanrı verdi səbrimizi dəmirdən.
O illəri tale çıxsın ömürdən,
Nə cür desən,nə cür yazsan, yaraşır.
Elə bil ki, dünən burdan köçmüşəm,
Füzulidən,Cəbrayıldan keçmişəm.
Həsrətini zəhər bilib içmişəm,
Muradın al Zəngilandan,yaraşır.
Dolan yurdu,neçə ki, bu ömr var,
Ziyarətdir, kimdə belə dövr var…
Yanır bağrım,ürəyimdə qövr var,
Keç Laçına Qubadlıdan,yaraşır.
Toy-düyündür Mahirəyə vaxt,zaman,
Salnaməni özü yazsın anbaan.
Cabbar ilə Xan dayansın yanbayan,
Oxusunlar,olar dərman, yaraşır.
Türkə qurban,nə cür aldır bayrağı?!
Bədirlənmiş tək hilaldır bayrağı.
Xankəndində özün qaldır bayrağı,
Bayraq Sənə,Baş Komandan,yaraşır!

SEVDA ABBASOVA
(pedaqogika üzrə fəlsəfə
doktoru, dosent, Azərbaycan
dili və onun tədrisi texnologiyası
kafedrasının müdiri )
Azərbaycan xalqı 30 il ərzində işğalda olan torpaqlarını azad etdi və qələbə çaldı. Bütün xalq böyük iradə, birlik, həmrəylik nümayiş etdirdilər. Biz bunu çoxdan gözləyirdik və inanırdıq ki, bu gün mütləq gələcək. Bu qələbə Ali Baş Komandanın ağıllı siyasəti, qətiyyəti və hərbçilərimizin hünəri, xalqımızın birliyi sayəsində əldə edildi. Xalq dəmir yumruq kimi birləşdi. Bu birlik də bizə qələbə sevincini yaşatdı. Bu parad qələbəmizin möhtəşəmliyinin, xalqımızın həmrəyliyinin sübutudur. Paradı hər kəs səbirsizliklə gözləyir və qürur hissi ilə izləyəcək. Bu tarixi günü yaşadığımız üçün dövlət başçımıza, Azərbaycan ordusuna və qardaş türk millətinə minnətdarıq.

HƏCƏR HÜSEYNOVA
(filologiya elmləri
doktoru, professor)
2020-ci il dekabr ayının 10-da Bakı şəhərinin Azadlıq meydanında Qələbə paradının keçirilməsinə hazırlıq işləri tamamlanmaq üzzrədir.
Hərbi mənbələrdən əldə edilmiş məlumata görə, artıq paradla bağlı hazırlıq məşqləri tamamlanıb. Döyüş əməliyyatları zamanı fərqlənən hərbi qulluqçuların bir qismi paradda keçid edəcəklər.
Paradda həmçinin Azərbaycan Silahlı Qüvvələrinin silahlarının tərkibində olan bir sıra silah və texnika, pilotsuz uçuş aparatlarının nümunələri və aviasiya vasitələri nümayiş olunacaq. Eləcə də düşməndən qənimət olaraq götürülən hərbi texnikaların bir qismi nümayiş etdiriləcəkdir.
Hal-hazırda hərbi paradın başlanmasına az vaxt qalıb. Dünya ölkələrinin xalqlarına Azərbaycan Ordusunun döyüş qabiliyyəti nümayiş etdiriləcək. Bir sıra dövlətlərin nümayəndələrinin hərbi paradda iştirakı nəzərdə tutulub. Fəxri qonaqların sırasında qardaş Türkiyə Respublikasının Prezidenti və digər məsul şəxslər də vardır. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

SEVDA ABBASOVA
(pedaqogika üzrə fəlsəfə doktoru,
dosent, Azərbaycan dili və onun
tədrisi texnologiyası kafedrasının müdiri )

FƏXRƏDDİN YUSİFOV
(pedaqogika üzrə fəlsəfə doktoru, dosent)
KÖÇ YOLUDU DÜNYA BAŞDAN, BİNADAN…
Bu misranı Mahirə Nağıqızı son illərdə,ömrünün yetkinlik çağlarında yazıb.. Həyatın hər üzünü görəndən,onun ləzzətini görüb əzablarından sarsılandan sonra insanın fəlsəfi düşüncələri başlayır və əslində yaradıcı şəxsiyyətin həqiqi şairliyi,alimliyi, püxtələşmiş müəllimliyi və ağsaqqallığı (bu konteksdə ağbirçəkliyi) də elə həmin illərdə tamam formalaşmış olur.
Mahirə Nağıqızı hazırda ömrünün həmin mərhələsindədir. Alimdir-filologiya elmlər doktoru, professordur. Şairdir-ondan çox kitabı nəşr olunub, feysbukun ən fəal müəllifidir. Sözlərinə görkəmli bəstəkarlar musiqi yazıb və ölkənin ən tanınmış müğənniləri onları ifa edir. Müəllimdir-tələbələri onu doğma bacıları, anaları hesab edir, dərdlərini, problemlərini onunla bölüşür və dərhal xeyirxah əl onların başının üstündə olur,hər şey asanlıqla yoluna düşür. Ağbirçəkdir-dünəninə hörmət edir,vəzifə sindromu onu yolundan çıxara bilmir, hər kəsin qiymətini doğru verir, heç kəsin uğuruna göz yummur, bütün hərəkətləri haqqa, ədalətə söykənir.
Mahirə xanımı 1980-ci ildən tanıyıram. Müəllimi olmuşam. Ata-bala məhəbbətimiz olub və bu gün də var. Onun hərəkətlərinin çoxunda biz ağsaqqallar, Nizami Xudiyev, Himalay Qasımov, Nigar Qasımzadə özümüzü görürük. Müdrik ağsaqqallarımız, Dəmirçizadənin, Ağamməd Abdullayevin, Kamal Qəhrəmanovun, İsmayıl Şıxlının, Azər Hüseynovun, Əhəd Hüseynovun, Afad Qurbanovun, Həsən Mirzəyevin işığından qətrələr toplanıb, indiki tələbələrini, o cümlədən Mahirə xanımı zənginləşdirib. Mahirə xanım sanki bu fikirləri yazacağımı əvvəlcədən bilirmiş kimi şeirlərinin birində yazır:
Bu baharın çiçəkləri daha tər,
Dağda,düzdə yığanını gözləyir.
Daş altından bənövşələr boylanır,
Yeni gələn növrağını gözləyir.
Haqlısan Mahirə xanım.Yuxarıda saydığım keyfiyyətlər Sizin simanızda daha tər görünür, həmin keyfiyyətlərə qiymət verəcək adamını gözləyir. Cəsarət edib sizin gözlədiyiniz adam olduğumu, həmin tər çiçəkləri yığıb çələng bağlamaq missiyasını üzərimə götürürəm.
Mən Sizin elmi əsərlərinizi kifayət qədər geniş şəkildə nəzərdən keçirdim.Poetik dünyanızla tanış oldum. Belə bir nəticəyə gəldim ki, Sizin dilçilik baxışlarınız əsasən iki mənbədən qaynaqlanır: Xalq leksikasından və Həsən Mirzəyevin elmi yaradıcılığından.Nəzərə alsaq ki, Həsən Mirzəyev də xalqdan qidalanırdı.Deməli, sizin əsas qida mənbəyiniz tədqiq olunub başa çatması mümkün olmayan və hər gün zənginləşən xalqın obrazlı dilidir. Məsələ burasındadır ki, Sizin poetik yaradıcılığınız da xalq dilinə söykənir. Lirik şeirin müxtəlif janrlarında maraqlı beytlər, bəndlər, bütöv şeirlər yazsanız da, sizin bayatılarınız çox mükəmməldir, ayrıca tədqiqat mövzusudur. Onların içində elələri var ki, sanki onu bir şair yox, xalqın özü yazıb. Dilin xəlqiliyi və zənginliyi adamı heyran edir. Bu da onun göstəricisidir ki, siz ilhamı xalqdan alırsınız. Xalqa söykənənlər həmişə möhtəşəm olub: Nizami kimi, Füzuli kimi, Nəsimi kimi, Sabir kimi…
Dünyanı köç yolu bilənlər həyata qiymət verməyi bacaran insanlardır. Yəni biz əbədi olmadığımız üçün həyatını çıraq edib başımız üstə yandıranların qədrini bilməliyik. Bu yolda da Mahirə Nağıqızının fəaliyyəti kifayət qədər zəngindir. Ulu öndərimiz Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş monoqrafiyası böyük tədqiqatın nəticəsidir.
Dünəninə qiymət verməyi bacaranları xalq heç zaman unutmur. Mahirə Nağıqızının yaradıcılığının çiçəklənən vaxtıdır. Bəlkə elə buna görə onun əsərlərində tez-tez çiçək adlarına rast gəlirik. Qoy bu çiçəklər təkcə onun əsərlərini yox, bütün həyatını rayihə ilə doldursun.
Zahid Xəlil
![]() |
![]() |
Həsən Mirzəyev: onun həyatının mənası
Fevral ayının 25-də professor Həsən Mirzəyevin dünyasını dəyişdiyi vaxtdan 6 il müddət keçir. Bu, hər gün təmasda olduğun, səhhətinin ən ağır məqamlarında belə, həyat eşqini itirməyən bir insanın fiziki yoxluğunun tarixidir. Bu, həmin fiziki yoxluğun fonunda tək Həsən müəllimin deyil, o cür yaşamış insanların mənəvi dəyər ölçüsünü müəyyənləşdirən zaman vahidi kimi də kifayət qədər ciddi müddətdir. Hardansa, bəşəriyyətin dövrümüzə qədər yetirdiyi nadir məntiq və zəka sahiblərindən birinin, Albert Eynşteynin insanlar və cəmiyyət barədə aforizmlərindən birini xatırlayıram. O deyirdi: “Həyat müqəddəsdir. Bu, bütün digər dəyərlərin tabe olduğu ən yüksək dəyərdir. İnsan həyatının mənası yalnız digər insanların həyatınada oynadığı rola görə ölçülə bilər”.
Ola bilər, fikirlərimdə subyektiv elementlər hiss edilsin və qeyd edək ki, bu elementlərin olması təbiidir, azından, söhbət doğma dayımdan, Nazlı xanımın qardaşı Həsən İbrahim oğlu Mirzəyevdən gedir. Onu da qeyd edim ki, ağlım kəsəndən dayım evimizin ən arzuedilən qonağı olub və bu “arzuedilənlik” ancaq biz uşaqlar üçün ona görə deyildi ki, dayım bizə gələndə qardaş-bacılarımın hər biri üçün məxsusi hədiyyələr gətirərdi, bu, həm də onun etdiyi maraqlı söhbətlərlə bağlı idi. O söhbətlər isə bitib tükənmək bilməzdi və mən həmin söhbətlərdən bir qismini Xalxalda, oxuduğumuz kənd məktəbində öz dostlarımla paylaşardım.
Həmin vaxtlar Həsən müəllim bizim üçün sadəcə olaraq adını qürurla çəkdiyimiz dayımız idi.
Sonralar, tələbə vaxtlarımda mən onun elmi yaradıcılığı ilə tanış olub, tədqiqat sahələrini, o tədqiqatların ümumiləşdirilərək yazılan nəticələrini, Azərbaycan dilçiliyinin ən mübahisəli məsələlərinə aydınlıq gətirən elmi əsərlərini oxuduqca dilçi-alim Həsən Mirzəyevin dolğun portreti ilə təzə-təzə tanış olduğumu hiss etdim. Bu, məhsuldar elmi fəaliyyəti olan, aşiqi olduğu və sevdiyi elmdə öz izini salmağa çalışan və buna müvəffəq olsa da, tutduğu yolda getməkdə davam edən zəhməkeş bir insanın portreti idi.
Azərbaycan filologiyasının inkişafında filologiya elmləri doktoru, professor Həsən Mirzəyevin xidmətlərini onun tədqiqata cəlb etdiyi mövzuları sadalamaqla da göstərmək mümkündür. İstənilən ani peşəkar baxış kifayət edər ki, onun mövzu seçərkən həmişə mübahisəli, tədqiq olunmamış, dilçilərin və folklorşünasların toxunmadığı məsələləri tədqiqata cəlb etdiyinin şahidi olasan. Buna görə, cəsarətlə onu demək olar ki, professor Həsən Mirzəyev Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəb yaratmış, monoqrafiyalar yazmış, 150 il müddətində türkologiyada mübahisə doğuran bir çox mövzuları (feili sifət, feilin təsir kateqoriyası və s.) tədqiq etmiş və mübahisələrə son qoymuşdur. Bildiyimiz kimi, Azərbaycan dilində olan feillər özünün leksik-semantik, morfoloji, sintaktik, üslubi, fonetik, frazeoloji, etimoloji xüsusiyyətlərinin zənginliyi, rəngarəngliyi və başlıcası, fərdiliyi ilə digər nitq hissələrindən fərqlənir. Bundan əlavə, feillər üçün xarakterik xüsusiyyətlərdən biri onun dilin milli orijinallığını və qədim ünsürlərini daha yaxşı mühafizə etməsidir. Ona görədir ki, dilçiliyimizdə feillərlə bağlı daha intensiv diskussiyaların, elmi mübahisələrin indi də şahidi oluruq. Kateqoriyaların çoxluğu, fərdiliyi, dilçiliyin əksər sahələri ilə sıx bağlılığı, çoxşaxəliliyi və digər xüsusiyyətləri bu bəhsi, bu bəhslə əlaqədar sahələri söz yaradıcılığı baxımından hərtərəfli tədqiq etməyi zəruri edirdi. Ümumi dilçilikdə, o cümlədən tükologiyada mübahisəli, həmçinin maraqlı səciyyəvi xüsusiyyətləri ilə zəngin olan Azərbaycan dilində feli sifət və təsirli-təsirsiz fellər mövzusu 70-80 ildən artıq müddətdə gah feil, gah da feili sifət bəhsinə daxil edilmişdir. Ona görədir ki, bu istiqamətdə aparıan elmi axtarışların dərs vəsaiti kimi çap olunmasının zəruriliyini Azərbaycan dilçiliyi məktəbinin ən görkəmli nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əbdüləzəl Dəmirçizadə belə əsaslandırırdı: “Həsən Mirzəyevin yazmış olduğu “Müasir Azərbaycan dilində düzəltmə təsirli və təsirsiz feillər” adlı dərs vəsaiti çox aktual problemi əhatə edir. Dilçilik ədəbiyyatında bu problem haqqında geniş məlumat olmadığı üçün tələbələrimiz çətinlik çəkir. Ona gör də bu dərs vəsaitinin tezliklə çap olunması ali məktəblərin filologiya, ibtidai məktəb pedaqogikası və metodikası fakültəsi tələbələri üçün böyük köməkdir”.
Barəsində kifayət qədər oxşar rəylər olan “Müasir Azərbaycan dilində təsirli və təsirsiz feillər” kitabı 1979-cu ildə nəşr olundu. Nəşr olunan kitab haqqında onlarla rəy yazıldı və həmin rəylərin birində kitab dövrün aparıcı dilçiləri tərəfindən bu cür qiymətləndirilirdi: “Olduqca zəngin və ziddiyyətli cəhətlərə malik olan feilin təsirli-təsirsizlik kimi ilkin və əhəmiyyətli, leksik-qrammatik xüsusiyyətləri məhz bu əsərdə ilk dəfə geniş planda, kompleks şəkildə öyrənilmişdir. Həsən Mirzəyevin 20 ilə yaxın feilin müxtəlif qrammatik xüsusiyyətlərini öyrənməsi, xüsusilə təsirli və təsirsiz feillərə aid zəngin material toplaması əsərin müvəffəqiyyətlə yazılmasına səbəb olmuşdur”.
Professor Həsən Mirzəyevin Azərbaycan dilində hadisəyə çevrilən əsərlərindən biri isə rəyçiləri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Zərifə Budaqova və professor Qəzənfər Kazımov, elmi redaktoru Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Afad Qurbanov olan “Azərbaycan dilində feil” kitabı oldu. Feilin əlamətdar cəhətləri, nitq hissələri arasında yeri, feildə təsirli-təsirsizlik kateqoriyası, təsirli-təsirsiz feillərin leksik-semantik, morfoloji-sintaktik, frazeoloji, üslubi, fonetik xüsusiyyətləri, feili sifətlərin feil və sifət ilə müştərək və fərqli cəhətləri, substantivləşməsinin hərtərəfli təhlil edildiyi bu dərs vəsaiti nəşr edildiyi andan elmi ictimaiyyətin diqqətini cəlb etdi. Azərbaycan dilçilik məktəbinin görkəmli nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Tofiq Hacıyev 1986-cı ildə “Kitablar aləmində” jurnalının oktyabr nömrəsində kitab haqqında müxtəlif mətbu nəşrlərdə çap edilmiş onlarla mütəxəssis rəylərini ümumiləşdirədək belə yazırdı: “Həsən Mirzəyevin “Azərbaycan dilində feil” kitabı dilçiliyimizin nailiyyətlərindən olub, elmi-nəzəri, və praktik cəhətdən çox böyük əhəmiyyət daşıyır, müəllim və tələbələr üçün qiymətli və sanballı tədris vəsaitidir”.
Yeri gəlmişkən, həmən Tofiq Hacıyev Həsən müəllimin böyük təntənə ilə keçirilən 85 illik yubileyində onun elmi fəaliyyətini çıxışının sonunda bu cür səciyyələndirdi: “Həsən Mİrzəyev Müasir Azərbaycan elminin feilidir”.
Hesab edirik ki, bu, qaynar, qaynar olduğu qədər də çalışqan və məhsuldar Həsən Mirzəyevin həyat yolunun sərrast ifadəsi idi.
Professor Həsən Mirzəyev hansı mövzunu işləyir- işləsin, onun ərsəyə gətirdiyi elmi əsərləri yalnız faktlar üzərində müşahidələrinin, dil faktlarından aldığı təəssüratın nəticələrindən ibarət olmur. O, faktları, topladığı zəngin dil materiallarını vahid sistem şəklində, oturuşmuş prinsiplər əsasında analiz etdiyindən, müəyyən hallarda elmi-nəzəri ədəbiyyatdakı mülahizə və fikirlərlə razılaşmır, öz tənqidi mühakimələrinin qənaətindən doğan nəticələrə gəlir. Onun tədqiqata cəlb etdiyi maraqlı mövzularda, şifahi xalq ədəbiyyatı, daha da dəqiqləşdirsək, aşıq ədəbiyyatı münunələri üzrə əsərlərindən birində axtarış, faktları toplamaq və toplanan faktlar üzərində işləmək metodologiyasını müşahidə edirik. Professorun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfinfən ali məktəb tələbələri üçün dərs vəsaiti kimi təqdim edilmiş və 1997-ci ildə nəşr olunan “Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz” kitabı dil faktlarının toplandığı arealın genişliyi ilə heyrətamizdir. Azərbaycan aşıqları və el şairləri, Azərbaycan xalq dastanları, Azərbaycan aşıq ədəbiyyatının ayrı- ayrılıqda ən nəhəng nümayəndələri, həmçinin müasirləri olan aşıq və el şairlərinin saya- hesaba gəlməyən yaradıcılıq nümunələrini tədqiqata cəlb edərək qədim tariximizin qatlarına enir, yaşayan adlarımızın, onların etimologiyasının izi ilə gedə bilir. Professor Qəzənfər Kazımov onun bu keyfiyyətlərinə stimul verən amili belə qiymətləndirirdi: “Həsən Mirzəyev filologiyamızda müasir ədəbi dilimizin morfologiyasını, xüsusən dilin quruluş xüsusiyyətlərini sinxron, diaxron aspektdə araşdırmaqda, o cümlədən xalqın qədim tarixini, dilini, milli orijanıllığını daha yaxşı mühafizə edib saxlayan feillərin mahir tədqiqatçısı kimi məşhurdur. Lakin professor həqiqi bir filoloq kimi el sənətinə- aşıq ədəbiyyatına da dərindən bələddir və bu sahənin vurğunudur. “Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz” kitabında müəllif əsasən onomastik leksikanın tədqiqi ilə məşğul olmuş və xüsusi adları bir küll halında bütün sahələr üzrə nəzərdən keçirmişdir”.
Bu kitabında Azərbaycan aşıq poeziyasının izinə düşüb Gəncə, Ordubad, Naxçıvan, Dərbənd, Şamaxı, Şəki, Savalan, Şəmkir, İrəvan, Qazax, Göyçə, Qarabağ, Dərələyəz, Qafqaz və başqa toponimlər əsasında dilimizin tarixinə qoşulub gedirik. Buna görədir ki, Həsən Mirzəyevin türk mənşəli etnonimlər və bu etnonimlər əsasında yaranan toponimlərlə bağlı mülahizələri elmi olduğu qədər də inandırıcıdır.
Həsən Mirzəyev bu silsilə tədqiqatların davamı olaraq heyrətamiz zəhmət tələb edən böyük elmi əhəmiyyətli növbəti əsərlər yaradıb. “Dərələyəzin toponim və şivə sözləri”, “Dərələyəz folkloru”, “Qərbi Azərbaycanın Dərələyəz mahalı” (ensiklopedik məlumat), “Dərələyəz mahalının toponimləri və şivə sözləri” kimi sanballı monoqrafiyalarında Dərələyəz mahalının etnoqrafik mənzərəsini ortaya qoyan professor, Azərbaycan dilçiliyində bu istiqamətdə gedən prosesləri sürətləndirməklə, oxşar mövzuda aparılan elmi axtarışlara impuls veribdir.
Professor Həsən Mirzəyevin ümumilikdə 14 cildlik monoqrafiyaları (950 çap vərəqi həcmində) dilçiliyimiz, folklorumuz, tariximiz və coğrafiyamız üçün tükənməz bir xəzinədir.
Professor Həsən Mİrzəyev o alimlərdən biridir ki, elmi və ictimai fəaliyyəti vəhdət təşkil edir. Tələbələri, həmkarları, həyatda onu tanıyan kim varsa, onun vətəndaş mövqeyinin şahidi olubdur. Bunu təsdiq edən faktlardan biri barədə: o, 1957-ci ildən sıralarında olduğu Kommunist Partiyası sıralarından Sovet qoşunlarının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə daxil olaraq dinc əhaliyə qarşı qəddar cinayətlər törətdikdən dərhal sonra etiraz əlaməti olaraq çıxdı.
Professor Həsən Mİrzəyev hər məqamda həqiqətin və həqiqət ocağı bildiyi xalqının yanında olub. 1990-cı ildə Bakı Şəhər Sovetinin deputatı olarkən də, o həqiqətdən kənar düşmədi, iki dəfə üzvü olduğu Azərbaycan Respublikası Milli Məclisinin üzvü olanda da.
Ötən əsrin 90-cı illərininin əvvəllərində, Azərbaycan taleyüklü məqamlarını yaşayan zamanlarda da Həsən Mirzəyev vətəndaş seçimində tərəddüd etmədi, Azərbaycanın gələcəyi, onun nicatı naminə Ümummilli Lider Heydər Əliyevin yanında yer tutdu. O, sonradan “91”-lər adlanacaq insanların sırasında ilkin dayananlardan biri oldu. O insanların ki, onlar Heydər Əliyev müdrikliyinə, dövlətçilik təfəkkürünə inanaraq Ona Azərbaycanda siyasi hakimiyyətə gəlmək üçün çağırış etdilər.
Milli Məclisin 2003-cü ilin payız sessiyası zamanı Həsən Mirzəyevin etdiyi çıxış çoxlarının xatirindədir. Həmin tarixi məqamlarda o, Milli Məclisin televiziya ilə yayımlanan iclasları zamanı Azərbaycan vətəndaşlarına, xüsusən öz seçicilərinə üzünü tutaraq hələ də yaralarından qan daman ölkəmizin dərdlərinə YAP-n vahid namizədi İlham Heydər oğlu Əliyevin dərman tapa biləcəyini deyirdi.
Həsən Mirzəyev böyük dövlət xadimi, müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyev ideyalarının təntənəsinə inaırdı. O inanırdı ki, Azərbaycanın qəsb edilmiş tarixi torpaqları ya İlham Əliyevin diplomatiyasi, ya da onun Ali Baş Komandanı olduğu Silahlı Qüvvələrinin gücü hesabına öz hüquqi varislərinə qayıdacaq.
O, Azərbaycan xalqını sevir və onun gedəcəyi yollara inanırdı.
O elə bu inmla da aramızdan getdi.
2015-ci il fevral ayının 25-də vəfat etdi və Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn eidldi.
Bu, Azərbaycan Respublikasınının Əməkdar Elm Xadimi, ictimai xadim Həsən İbrahim oğlu Mirzəyevin sonuncu və əbədi yolçuluğu idi.
Fikrimizi dünyanı heyrətləndirən dahilərdən biri, həmin Albert Eynşteynin yuxarıda qeyd etdiyimiz sözləri ilə bitirmək istərdim: “İnsan həyatının mənası yalnız digər insanların həyatınada oynadığı rola görə ölçülə bilər”.
Elə bu ovqatla və Həsən Mirzəyə ithaf olunmuş şeirin bir bəndi ilə fikirmizi yekumlaşdırmaq istərdik:
Bu illəri onsuz gördük deyilməz,
Üzbəüzdə Həsən Mirzə yaşayır.
O nə sirdi, nə hikmətdi, bilinməz,
Yüzə-yüzdə Həsən Mİrzə yaşayır.
Mahirə Hüseynova,
ADPU filologiya fakültəsinin dekanı,
filologiya üzrə elmlər doktoru, professor.

Elman Quliyev
ADPU-nun professoru,
“Türk araşdırmaları” bölməsinin müdiri
NİZAMİ VƏ “XƏMSƏ” ƏNƏNƏSİ
700 ildən çox tarixi olan Nizami ədəbi məktəbi Şərq xalqları mədəniyyətinin inkişafında və onun yeni istiqamətinin müəyyənləşməsində əhəmiyyətli dərəcədə rol oynamışdır. Xatırlatmaq yerinə düşər ki, Nizami ədəbi məktəbi mövcudluğunun arxasında cahanşümül ideyalar carçısı olan dahi Nizaminin Şərq şeir komandanı kimi qəbulu ilə yanaşı, Azərbaycan-türk mədəniyyətinin dərki və təsdiqi dayanır. Çünki Nizami adı, Nizami dühası Şərqə Azərbaycan-türk şeirinin (geniş mənada mədəniyyətinin) bədii-estetik, milli-fəlsəfi ecazkar nümunəsi tipində daxil olmuş, Nizami adı ətrafında formalaşan nə varsa Azərbaycan milli-mənəvi ruhunun daşıyıcısı təsirindən uzağa getməmişdir. Əlişir Nəvainin “Fərhad və Şirin” əsərinin ilk misralarından birində deyildiyi kimi:
O Gəncədə yatan böyük Nizami.
Gəncədə olsa da aramı onun
Xəznələr üstədir məramı onun.
Və yaxud, “Yeddi səyyarə” əsərində Nizaminin Gəncə (Azərbaycan) əhlinə “incə mənalar” bəxş edən mütəfəkkir şair simasında təqdim edilməsi və söz mülkünün sultanı kimi “Çini-Maçində” tayı-bərabəri olmayan möhtəşəmlikdə canlandırılması təsadüfi deyildir.
Bir kəlamı gözəl, sözləri gövhər,
Şeir meydanında göstərib hünər,
Xərabə dünyada Gəncə əhlinə
Bəxş edib beş yeni dolu xəzinə
Lələk qələmiylə o, ağ vərəqdə
Çox incə mənalar eylədi peyda
Məna yox, hər sözü qənddi, şəkərdi
Mürəkkəbi sanki müşk-ənbərdi.
Belə vəhdətini müşk ilə qəndin
Nə Hindistan görüb nə də qədim Çin.
Şərq Nizami sənətini yalnız bədii zövq mənbəyi kimi qəbul etmir, Şərq eyni zamanda həkim Nizaminin bədii-fəlsəfi hikmətlərini bir poetika və didaktika məxəzi kimi dəyərləndirir, onu öyrənməyi özü üçün zəruri hesab edir. Bu mənada Dəhləvi, Cami, Nəvai, Şahidi, A.Ərdəbili, Marağalı Əşrəf, Füzuli, Əbdu bəy Şirazi və s. poeziya nəhənglərinin yaradıcılığındakı Nizami təsiri “Xəmsə” süjetləri əsasında qurulan epizodların özünəməxsus bədii ifadə təkrarlığı ilə müşahidə olunmamış, onların yaradıcılıq imkanlarının, sənətlərinin bədii-estetik keyfiyyətlərinin yüksəlməsinə və yeni ideyalarla zənginləşməsinə yol açmışdır. Qururla deyə bilərik ki, Azərbaycan xalqının milli iftixarı dahi Nizaminin Şərq şeirinin nadir siması olmaqla yanaşı, dünya sənət tarixində Azərbaycan mədəniyyətinin ecazkar tərənnümçüsü və geniş mənada Azərbaycançılıq missiyasının qüdrətli nümayəndəsidir. Şübhəsiz, Nizaminin Şərq dünyası üçün ən böyük missiyası ədəbiyyatımızın sənət emblemi olan “Xəmsə” ni yazmasıdır.
“Xəmsə” dahi Nizaminin sənət aləmində ədəbi-bədii kəşfi, eyni zamanda forma, mövzu və ideya yeniliyi idi. Lakin həmin dövrlərdə mətbələrin, ölkələr arasında əlaqə və nəqliyyat-kommunikasiyaların olmamasına rəğmən, öz mahiyyətində mənəviyyat aliliyini qoruyan, Hegelin təbirincə desək “şölələnən ruhu ilə tarixin başlanğıcına təkan verən Şərq dünyası” nda sənət aləmi üçün yeni olan ədəbiyyat hadisəsinin (yəni “Xəmsə”nin) yayılması təbii idi. Bu proses XIII əsrdən başlayaraq Azərbaycanla Hindistan, Orta Asiya, Yaxın və Orta Şərq ölkələri arasında ədəbi-mədəni əlaqələrin yaranmasına vəsilə oldu. Alternativi olmayan şeir təbi, rəvan və axıcı dil xüsusiyyətləri ilə seçilən Nizami abidəsi “Xəmsə”yə XIII əsrin sonlarından başlayaraq nəzirələrin yazılması isə Azərbaycan-Şərq ədəbi-mədəni əlaqələrinin genişlənməsinə əhəmiyyətli dərəcədə təsir göstərdi. Nizami dühasından doğan bu sənət ecazkarlığına ilk reaksiya və cavab “Xəmsə”nin yazılmasından təxminən 95 il sonra (XIII əsrin sonu) nə İrandan, nə də Turandan – uzaq Hindistandan gəldi.
Qəribə səslənsə də, Nizami Gəncəvinin “Xəmsə”sinə yazılmış ilk nəzirənin nəyə görə Gəncəyə-Azərbaycana daha yaxın olan coğrafiyalaradan deyil, uzaq Hindistanda yazılması sualı hesab edirəm ki, o qədərdə aktual deyil. Çünki Nizami adı onun “Xəmsə”si əksər Şərq ölkələrində eyni dərəcədə rəğbət və məhəbbətlə qarşılanmış, hind tarixçisi Ziyaədəddin Bərninin “Tarixi-Firuzşahi” kitabında söylənildiyi kimi Hindistana qədər bir sıra ölkələrin mədrəsələrində Nizami əsərləri tədris edilmişdir. Şübhəsiz, Nizami “Xəmsə”si Hindistana Orta Asiya və Şərqin bu regiona yaxın olan ölkələrindən keçib gəlmişdir. Əcdadı Orta Asiyadan olan hind şairi Əmir Xosrov Dəhləvinin Azərbaycan şairləri Xaqani, M.Beyləqani və Nizami yaradıcılıqları ilə tanışlığı və onların sənətlərini yüksək qiymətləndirməsi orta əsrlər Azərbaycan-hind ədəbi əlaqələrinin mühüm göstəricisidir. Azərbaycan ədəbiyyatı nümunələrinin, məxsusu olaraq Nizami Gəncəvi əsərlərinin Hindistanda mövcudluğunda Orta Asiya və Şərq regionu ölkələri körpü rolu oynamışdır. Nəticə etibarı ilə Nizami “Xəmsə” si Hindistanla müqayisədə Orta Asiya və ya Yaxın və Orta Şərq coğrafiyasında daha əvvəl yayılmış, bir müddət bu əsərə nəzirə yazılmasa belə saray və mədrəsələrdə yüksək qiymət verilmişdir.
Müşahidələr onu göstərir ki, “Xəmsə” nin hansı coğrafiyada yayılmasından asılı olmayaraq “Xəmsə”yə nəzirə yazmağın kökündə iki vacib məqam dayanmışdır:
İstedad və silsiləyə münasibətdə üst-üstə düşən yaradıcılıq maraqları.
Üst-üstə düşən yaradıcılıq maraqları dedikdə biz hər şeydən əvvəl Nizaminin sənət sehrinə düşməyi, daxili mənəvi-ehtiyac nəticəsində “Xəmsə” əbədi yarışında özünü meydanda görməyini nəzərdə tuturuq.
Elə bilirik ki, S.Şirazi, H.Şirazi, Ətai, Lütfi, Xarəzmi, Nəsimi, Nefi, Nabi, Fəraqi, Nedim və s. kimi Şərqin nadir istedad sahiblərinin “Xəmsə” yazmamasının səbəbini onların eyni silsiləyə münasibətdə üst-üstə düşməyən yaradıcılıq maraqlarında axtarmaq lazımdır. Bu xüsusda əlahəzrət faktların mövcudluğu (yəni yazılmış “Xəmsə”lərin) deyilən fikrin məntiqinə daha çox uyğundur.
Sənətdə istedad və cəsarəti ilə seçilən, Nizami Gəncəvi ilə yaradıcılıq maraqları üst-üstə düşən xəmsənəvislər sırasında Əlişir Nəvainin xüsusi yeri vardır. Özbək siyasi tarixində nüfuzlu dövlət xadimi, özbək elm tarixində böyük alim kimi tanınmış Əlişir Nəvai özbək ədəbiyyatı tarixində də böyük mənəvi irs sahibi kimi tanınır.
60 min misralıq 5 divanı, 25620 beytlik türkcə “Xəmsə”si və 20 müxtəlif elmi-fəlsəfi ( təzkirə, filoloji, dini-əxlaqi tarixi və s.) əsərdən ibarət Əlişir Nəvai yaradıcılığı 500 ildən çoxdur ki, müsəlman dünyasını heyrətləndirir və oxucuların zövqünü oxşayır. 30 ildən çox bir müddətdə N.Gəncəvinin ərsəyə gətirdiyi “Xəmsə”yə cavab olaraq Ə.Nəvainin cəmi 3 ildə (1483-1485) yazdığı türkdilli “Xəmsə” si isə onun bədii sənətinin zirvəsi hesab olunur. Qeyd etməliyik ki, böyük tarixə, zəngin ədəbi ənənə və bədii nümunələrə malik özbək ədəbiyyatının nümayəndəsi kimi Əlişir Nəvainin ənənəyə qoşularaq “Xəmsə” yazması olduqca təbii idi. Hər şeydən əvvəl XIV-XV əsrlərdə Nizami əsərlərinin özbək dilinə tərcüməsi sahəsində müəyyən təcrübə əldə edilmişdir. XIV əsrin sonlarında Qütbün “Xosrov və Şirin”, XV əsrin əvvəllərində Xarəzminin isə “Sirlər xəzinəsi” poemalarını özbək dilinə tərcümə etməsi Azərbaycan-özbək ədəbi əlaqələrini genişləndirməklə yanaşı, regionda Nizami Gəncəviyə olan sevgi və məhəbbəti xeyli artırmışdır. Öz növbəsində Əlişir Nəvai də “Xəmsə” yazana qədər sarayda özünün birbaşa nəzarəti altında iki dəfə (1479;1481) Nizami “Xəmsə”si əlyazmalarının üzünü köçürtdürmüş, 1481-ci ildə üzü köçürülən 45 miniatürlü bəzəkli əlyazmanı özünün şəxsi kitabxanasının eksponatına çevirmişdir.
Göründüyü kim, Nəvai Nizamini orijinaldan oxumuş, özünəqədərki, “Xəmsə” ənənəsi nümunələri ilə (Dəhləvinin, Marağalı Əşrəfin, Caminin əsərləri) tanış olmuş, Nizami baxışları ilə öz baxışları arasındakı oxşarlıqları görmüş, onu sevmiş, onun sənət sehrinə düşmüş və “Xəmsə” yazmaq qərarına gəlmişdir. Ə.Nəvai “Xəmsə”ni tamamladıqdan 14 il sonra yazdığı “Mühakəmətül-lüğəteyn” (1499) əsərində Nizami yaradıcılığının özünə olan təsirini belə açıqlayır: “Xəmsə” pəncəsinə pəncə vurmuşam. Əvvəlcə “Möminlərin təşvisi” (“Heyrətül-əbrar”) bağında təbim güllər açıbdır ki, ona “Sirlər xəzinəsi”indən “Məxrənül əsrar” Şeyx Nizaminin ruhu başıma dürlər saçıbdır”.
Lakin Ə.Nəvai Nizaminin yaratdığı söz meydanına girməyin və Nizami ədəbi yolu ilə getməyin çətin olduğunu və cəsarət tələb etdiyini xüsusi vurğulayır, “Xəmsə” yazmağın böyük məsuliyyət tələb etdiyini nəzərə çatdırırdı:
Bu meydanda sanma asandır durmaq,
Nizami ilə pəncə-pəncəyə vurmaq.
Nizamiyə pəncə uzatsa hər kəs,
Qırılar pəncəsi, murada yetməz.
Şir pəncəsi gərək şirlə edə cəng,
Bari şir olmasa, qoy olsun pələng.
Ə.Nəvainin istər “Xəmsə”yə daxil olan, istərsə də daxil olmayan əsərlərində biz Nizami sənətinə verilən yüksək qiymətin şahidi oluruq. Nizami sənətinə yanaşmanın istənilən formasında Nizaminin şərq şeirindəki nəhəng obrazı canlandırılır:
Nizami bir fildir, yox bərabəri,
Söz incisi ondan aldı dəyəri.
Ə.Nəvai əsərlərinin ayrı-ayrı hissələrində dahi Nizami yaradıcılığının müxtəlif aspektlərdə dəyərləndirilməsi onun Nizami sənətinə dərindən bələd olduğunu təsdiqləyir. Bu dəyərləndirmədə Nizaminin tərcümeyi-halından tutmuş (Gəncəli olması və.s), sənətinin forma, bədii-estetik xüsusiyyətləri, “Xəmsə” ənənəsi formalaşdırmaq imkanları və s. cəhətlər əksini tapır. Biz bu dəyərləndirməni Nizamidən sonra “Xəmsə” yazan şairlərə münasibətdə də aydın görə bilirik. Yəni Ə.Nəvainin bir “Xəmsə” yaradıcısı kimi Dəhləvidən, Marağalı Əşrəfdən, ötəri də olsa Camidən bəhs açması bir tərəfdən Nəvainin özünəqədərki ədəbiyyat tarixçiliyi və ədəbi nümunələr kontekstində ədəbi prosesdən xəbərdar olmasının, digər tərəfdən Nizami yaradıcılığı daxil olmaqla hər bir şairin sənət incəliklərini gözəl bilməsinin göstəricisidir.
Xosrov Dəhləvidən başqa heçbir kəs,
Nizami ardınca yol gedə bilməz
Əmir Xosrov adı dillərdə gəzir,
Bütün Hindistanı etmişdir əsir.
Şairlərçün o bir bəladı, bəla,
Bəla yaratmışdır Allahtala…
Hünərlə at sürdü Əşrəf meydana,
Bu sözü başqa cür çəkdi bəyana.
Onların eşqilə içim iki cam,
Caminin mədhinə başlayım kəlam.
Şeirdə səsləndirilən müxtəlif mülahizələr Şərqin “Xəmsə” nəzirəçiləri haqqında oxucuda müəyyən, həm də vacib fikirlər formalaşdırır. Məsələn, Dəhləvinin Nizami ədəbi məktəbinin təməl daşını qoyması, “Xəmsə”sində Nizami poemalarına məxsus süjetləri öz dünyagörüşünə uyğun dəyişdirməsi, məsnəvilərindəki bir sıra özünəməxsusluq və s. fikirlərin yer alması elmi, tarixi və məntiqi baxımdan maraq doğurur.
Bildiyimiz kimi, Marağalı Əşrəf XV əsr Azərbaycan ədəbiyyatının tanınan şəxsiyyətlərindən biridir. Marağalı Əşrəf Dəhləvidən sonra “Xəmsə” yazan ikinci böyük şair hesab olunur. Ə.Nəvai “Xəmsə”yə daxil olan bir neçə poemasında və “Məcalisün-nəfais”adlı təzkirəsində Marağalı Əşrəfdən bəhs etmiş, onun sənəti haqqında az da olsa söz açmışdır. Lakin Ə.Nəvai “Xəmsə”sində XV əsr Azərbaycan şairi Marağalı Əşrəf sənətinə o qədər də önəm verməmiş, ayrı-ayrı sənətkarlarla müqayisədə onu son sırada saxlamışdır.
Düzü, Əşrəf adlı biri də vardı,
Dastan yaratmağa çox can atardı.
Yaxşı olmasa da yazdığı şeir,
Yaman deməyə də dilim gəlməyir.
Çox yazıb-yaratdı Əşrəf boş yerə
Çatmadı əvvəlki iki şairə.
Ə.Nəvai Nizami “Xəmsə”sini bütün “Xəmsə”lərin ilham mənbəyi hesab etmiş, Nizami “Xəmsə”sinin bütün “Xəmsə”lərdən üstün olduğunu bildirmiş, bu sənətin sehrinə düşdüyü üçün özünü xoşbəxt saymışdır:
Şairlərin ən xoş kəlamıdır o,
“Xəmsə”ni yaradan Nizamidir o.
“Xəmsə” demək azdır adına onun
Düz beş xəzinədir, sahibi Qarun.
Keçirsə “Xəmsə”ni hər kəs nəzərdən,
Min xəzinə tapar hər bir əsərdən
Hər bahalı dürrü bir məmləkətin,
Bütün xərclərini ödəyər yəqin.
Ə.Nəvai Nizamiyə ilk növbədə ilahi ruh mənbəyi kimi baxır, mənəvi sənət ecazkarlığını Nizamidən başqa heç kimdə görə bilmir və bunu yüksək dəyərləndirir:
Ruhun pərdəsiydi hər səhifəsi,
Mürəkkəbi isə-həyat töhfəsi.
Elə ki, qələmi ələ alırdı,
Aləm qüdrətinə heyran qalırdı.
Xızır ondan alırdı həyat gülabı.
Ə.Nəvai Nizamini yalnız sirr yox, həm də dürr xəzinəsinin yaradıcısı və sahibi kimi mövzu seçiminə, hadisələri tarixi reallıqlarla bağlamaq səriştəsinə, yüksək elmi-fəlsəfi mənalandırma bacarığına, sözün məna imkanlarını genişləndirmə qabiliyyətinə və s. görə sənət tacidarı və hikmət memarı adlandırır.
Bu mənada Nəvai “Xəmsə”yə daxil etdiyi müxtəlif mövzulu poemalarında Nizami sənətinin qüdrətindən bəhs açmış, Nizamidən sonra “Xəmsə” yazmağın çətinliyini başa düşsə də bu möhtəşəm, əvəzolunmaz sənət memarının izi ilə getməyi və bu yolda qələmini sınaqdan çıxarmağı özünə şərəf bilmişdir. Ona görə də Nəvainin “Xəmsə”sinə daxil olan bütün poemalarında mövzu, məzmun və ideya baxımından Nizaminin təsiri açıq-aydın hiss olunur. “Heyrətül-əbrar” (1483), “Fərhad və Şirin” (1484), “Leyli və Məcnun” (1484), “Yeddi Səyyarə” (1484), “Səddi-İsgəndər” (1485) poemalarında cüzi istisnalar nəzərə alınmazsa, süjet, hadisə, obraz və s. baxımından bu əsərlərin Nizami ədəbi hökmündə olduğu göz qabağındadır. Lakin Nəvaiyə qədərki “Xəmsə”lər də daxil olmaqla Nəvainin 3 il ərzində ərsəyə gətirdiyi “Xəmsə”si Nizami ənənələri yolunda mühüm hadisə hesab edilsə də, bu əsərlər lirik-psixoloji məqamların işlənmə dərəcəsinə, dramatik münasibətlərin gərginlik vəziyyətinə, romantik hisslərin ifadə tərzinə, obrazların mövcud şəraitə uyğun təqdiminə, fikrin fəlsəfi-poetik ifadəsinə və s. görə Nizami səviyyəsinə yüksələ bilməmişdir. Hətta poemalardakı hadisə və əhvalatların təsvir və tərənnümündən kənarda dayanan –
Sözdür həm təzə şey, həm də köhnə şey,
Sözdən bəhs edilir zaman-zaman hey.
Varlığın anası doğmamış, inan,
Sözdən gözəl övlad, şahiddir cahan.
Tanrı yaratmışsa hər nə, yaxşı bax,
Sözdən başqa bir şey yaşamayacaq–
kimi Nizami dühasının ortaya qoyduğu söz və onun hikməti haqqındakı fikirlərində belə bu fərqi görməmək mümkün deyil:
Sözün barəsində bunu deyim ki,
Bütün varlıqların o olub ilki.
Söz can gülşənində meh olub əsər,
Könül dənizində inciyə bənzər.
Gümüş pullar kimi parlar əsl söz,
Qəlp pulu tez seçər, tez ayırar göz. (Ə.Nəvai)
Nizaminin “Xəmsə” ənənəsinə uyğun olaraq Ə.Nəvainin yazdığı əsərlərdən biri də “Fərhad və Şirin” poemasıdır. Şairin bu əsəri Ə.X.Dəhləvi və Marağalı Əşrəfin “Şirin və Xosrov” eyni adlı poemalarından sonra “Xəmsə” ənənəsi silsiləsinə daxil olan 3-cü poemadır. Əlişir Nəvai poemada “Əsərin məxəzləri” hissəsində Dəhləvi və M.Əşrəfin adını çəksə də, əsəri yazarkən Nizami Gəncəvidən təsirləndiyini və ondan bəhrələndiyini gizlətmir:
Yazım can lövhindən iki rəvayət,
Fərhadla Şirindən edim hekayət.
Gəncədə bəslənən o böyük ustad,
Bu xoş əfsanəni belə etmiş yad…
Əlişir Nəvainin yaxın dostu, zəngin yaradıcılıq irsinə sahib, Şərqin mütəfəkkir şairi Ə.Cami Nəvainin “Fərhad və Şirin” poemasından bir il öncə yazdığı “Xəmsə” silsiləsinə daxil olan “Yusif və Züleyxa”(1483) adlı məhəbbət əsərində –
Köhnəlmiş Xosrovla Şirin dastanı,
Şirin sözlə tapım yeni sultanı.
Məcnunla Leylinin bitmiş söhbəti,
Başqa bir aşiqin çatmış növbəti, –
deməsinə baxmayaraq, Nəvai bu cür mövzuların Şərq cəmiyyəti üçün aktual olduğunu xüsusi vurğulayırdı. Nizamidən təsirlənən Nəvai poemanı yazarkən əsərdəki Nizamiyə məxsus məhəbbət və cəmiyyət strukturunu qoruyub saxlasa da, Nizamidən fərqli olaraq hadisələrin mərkəzində Xosrovu deyil, Fərhadı saxlamışdır. Nizaminin “Xosrov və Şirin” poemasında Fərhad Çində sənət məktəbi keçmiş, daşlar üzərində nəqşlər yaratmaq gücündə olan rəssam (mühəndis) obrazında təqdim edilir. Nəvai isə Fərhada tam fərqli müstəvidə yanaşmış, onun taleyini hökmdar oğlu simasında müəyyənləşdirmişdir. Nizami isə öz idealları daxilində Fərhada yanaşmış, onun möhtəşəmliyini fiziki və mənəvi bütövlükdə təqdim etməyə çalışmışdır. Nizami Fərhadı zəngin mənəviyyatlı insan, mahir rəssam-usta və elmlərə vaqif şəxs kimi təqdim etməklə insanın cəmiyyətdə yeri, rolu və mövqeyi məsələsinə də toxunur, Şapurun dili ilə onu oxuculara belə təqdim edir:
Dedi: “Fərhad adlı bir cavan vardır,
Usta mühəndisdir, bir sənətkardır.
Həndəsə elmində xariqə saçar,
“Məçəsti”, İqlidis sirrini açar.
Lakin Nizami Gəncəvi əsərdə Fərhadın bu cür təqdim edilməsinə baxmayaraq, mövzusuna uyğun olaraq öz qəhrəmanını eşq, məhəbbətlə bağlı hadisələrin mərkəzinə çəkməyə qərar verir və Fərhadın taleyini hadisələrlə birbaşa bağlamağa çalışır. Bu səbəbdən Nizami Fərhadı bütöv bir şəxsiyyət kimi göstərməyə üstünlük verir. Şübhə yoxdur ki, Fərhadın sənət sirlərinə, Evklid riyazi nəzəriyyəsinə və Ptolomey fəlsəfəsinə bələdçiliyi əsərdə məqsədli olaraq qabardılmış və Fərhadın şəxsiyyət amili ilə birbaşa bağlantı yaradılmışdır. Nizami öz qəhrəmanını hərtərəfli insan modelində (“kamil bir palançı olsa da insan” düşüncəsində) verdiyi üçün onun məhəbbəti əsərdə sıradan deyil, əsərdəki mahiyyəti (obraz, hadisə və əhvalatlar anlamında) kökündən silkələmək və dəyişmək gücündə görünür. Ona görə də Nizami Fərhadı bir növ məhdud əməkçi insan çərçivəsindən çıxararaq onu öz idealları ilə üz-üzə saxlayır və yeni mündəricəni belə təqdim edir:
Şirinin qəlbində varmış bir məraq,
Qart daşlar bağrında çəkdirə bir arx.
Bu işçin arardı bir əhli-hünər,
Şapur ona verdi Fərhaddan xəbər
Fərhadçın Şapuru Şirin yolladı,
Şapur da tez gedib tapdı Fərhadı.
Pərdə arxasında Şirin durarkən,
Şirin dillə ona iş buyurarkən,
Bu xoş səsi duyan o xəstə Fərhad
Aşiq oldu ona, qopardı fəryad.
Səbrini itirdi, qərarı getdi,
İş bir yerə çatdı, həyatı bitdi.
Bu səhnənin bədii əksi Əlişir Nəvainin “Fərhad və Şirin” əsərində təxminən eynidir. Belə demək mümkünsə, daşyonan Fərhadla şahzadə Fərhadın düşüncə və baxışlarında ciddi fərq müşahidə edilmir. Bu mənada Əlişir Nəvainin Nizami Gəncəvidən birbaşa təsirləndiyi göz qabağındadır:
Könlünə süd düşən zamanda Şirin,
Çarə axtarırdı bu çətinlikçin,
Uzaqdan gətirmək südü bu yerə,
Böyük əziyyətdi xidmətçilərə…
…Şirin öz dərdini xəbər verirkən
Şapur lalə kimi açıldı birdən.
Əmr etsən yerinə yetirərəm mən,
Fərhadı hüzura gətirərəm mən…
Şapur gedib gəzdi, tapdı Fərhadı
Xəbər verdi ona bu əhvalatı
Şirinin qəsrinə apardı onu
Oturtdu kürsüyə, aldı könlünü.
Dodaqları şəkər, gülüşü şirin,
O pərdə dalından səsləndi Şirin.
Fərhad eşidəndə onun səsini,
Duydu ki, itirir öz qüvvəsini.
Dərindən ah çəkdi orda bir kərə,
Xəstə adam kimi yıxıldı yerə…
Lakin Ə.Nəvainin Nizami yaradıcılığından kifayət qədər bəhrələnməsinə, müəyyən süjet oxşarlıqları saxlamasına baxmayaraq, Fərhada münasibətdə fərqli baxışlarını ortaya qoymuş, onu sənətkar, daşyonan, rəssam yox, hökmdar oğlu obrazında təqdim etmişdir. Ona görə də Fərhadın bir hökmdar oğlu kimi təqdimatında onun doğulması, tərbiyələnməsi, təhsili, sarayda keçən uşaqlıq illəri və s. kimi səhnələrin Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində olmamasına təbii yanaşmaq lazımdır.
Lakin hər iki əsərdə aparıcı olsa da, müxtəlif ampulalarda (hökmdar oğlu və daşyonan) təqdim edilən Fərhadların ölüm səhnəsində bir-birinə tam şəkildə uyğun gələn epizodlar diqqətdən yayınmır. Poemaların hər ikisində Fərhada qarşı məkrli ölüm tədbiri Xosrov tərəfindən hazırlanır. Hər iki əsərdə məkrin icraçıları Şirinin yalançı ölüm xəbəri ilə Fərhadı sarsıdırlar. Hər iki əsərdə məkrli qasidlərin sözləri kimi üzləri də iblisanə görkəmdə təsvir edilir. Bunları birmənalı olaraq Nizami təsirinin nəticəsi hesab etmək lazımdır. Əgər Nizami bədxah qasidi,
Üzü qırış-qırış, özü də idbar,
Üzü qəssab kimi “qan, qan” deyirdi,
Ağzı Nəffat kimi “yan, yan” deyirdi,
şəklində iblisanə görkəmdə yaddaşlara həkk edirdisə, Ə.Nəvai isə onu,
O qəddi yay kimi bir pirəzaldı
Fələk piri kimi hər sözü aldı.
Məkrdən üzündə xətt vardı çin-çin,
Dilinə ömründə gəlməmişdi çin,
görkəmində nifrət obyektinə çevirirdi.
Ə.Nəvainin digər əsərlərində olduğu kimi, “Yeddi səyyarə” əsərində də söz mülkünün sultanı hesab etdiyi dahi Nizaminin “Yeddi gözəl” poemasından təsirləndiyi göz qabağındadır. Hər iki sənətkarın “Xəmsə” silsiləsinin dördüncü sırasında dayanan bu əsərlərdə hadisələr demək olar ki, eyni mövzu və ideya ətrafında cərəyan etdirilir.
Ə.Nəvai “Yeddi səyyarə” poemasının əvvəlində Nizaminin şeiriyyətdəki qüdrətini alqışlayaraq ondan təsirləndiyini, bu mövzuda əsər yazmağın həyəcan və məsuliyyətini belə anladır:
Nizami yaradıb təzə bir mələk,
Bu, ona vəsməylə verib bər-bəzək.
Nazlı bir sərv əkib Nizami öncə,
Xosrov da gedibdir onun izincə.
İstərəm onları mən də izləyim,
Onların sözünə bənzər söz deyim.
Yox, yox boş-boşuna öyünməkdi bu,
Cəfəng danışmaqdır, sözün doğrusu,
Şahmat taxtasında çəkərək qatar,
Dayanıb üz-üzə qaralar, ağlar
De, neyləyə bilər adi piyada
Cəng meydanı olan həmin taxtada?
Bildiyimiz kimi, Nizami Gəncəvi 1197-ci ildə tamamaladığı “Yeddi gözəl” poemasında baş qəhrəman Bəhramın simasında ədalətli cəmiyyət, ədalətli idarəçilik, yeni insan və yeni ideallar məsələlərinə önəm vermiş, problemləri zaman, insan və cəmiyyət kontekstində dəyərləndirmişdir. Bu mənada əsərdəki mövzular Sasani hökmdarı V Bəhramın hakimiyyəti dövrü ilə bağlansa da, əsərdə həmin tarix şərti olaraq yer almış, problemlərə dövlət, cəmiyyət, ədalətli idarəçilik, yeni əxlaqa və dünyagörüşə malik insan və s. çərçivəsində aydınlıq gətirilmişdir. “Yeddi gözəl”də bəzi fərqli məqamları nəzərə almasaq (Rastü-Rövşən obrazı, Simnarın faciəsi, Fitnə obrazı, Bəhramın hakimiyyət uğrunda mübarizəsi və s.) Nizaminin irəli sürdüyü və həllinə çalışdığı ideal cəmiyyət və ədalətli idarəçilik ideyaları ilə Ə.Nəvainin eyni süjetli “Yeddi səyyarə” poemasının ideyaları üst-üstə düşür. Nəvaidə səyyahların söylədiyi hekayələrin məzmun və mahiyyətində humanizmin, ədalətin, haqqın, elmin, maarifin və s. təbliğini Nizami təsiri ilə yanaşı, geniş mənada Azərbaycan intibahının Şərqə nüfuz səviyyəsi tipində qəbul etmək doğru olar. Şübhə yoxdur ki,
Arxayınlıq olan bir məmləkətdə,
Gün-gündən varlanar şəhər də, kənd də,
Bir də hünər gərək, fərasət gərək,
Elmə, maarifə məhəbbət gərək.
misralarında yer alan ədalətli cəmiyyət və yeni insan idealı, barədə Nəvai fikirlərinin kökündə Nizami idealları dayanır.
Nizami Gəncəvi XII əsr Azərbaycan bədii-estetik düşüncəsində ilk dəfə insanın cəmiyyətdə yeri və rolu məsələsinə toxunaraq nə etməli? və necə yaşamalı? suallarına cavab tapmağa çalışırdı. Düzdür, Nizamidən əvvəl də Firdovsi, Xaqani, Ö.Xəyyam, Y.Balasaqunlu, Məhsəti Gəncəvi, Şihabəddin Şöhrəverdi və s. kimi türk-şərq bədii-fəlsəfi fikrinin dahi şəxsiyyətlərinin əsərlərində insanın cəmiyyət fonunda mənəvi-əxlaqi, dini-fəlsəfi səviyyəsinin dəyərləndirilməsi diqqət mərkəzində olmuşdur. Burada məsələlər daha çox ruhi-mənəvi düşüncələrin ortaya qoyduğu kamil insan konsepsiyası daxilində həllini tapmışdır. Lakin Nizami yanaşmasında bu çərçivə genişləndirilərək insan daha çox cəmiyyəti təkmilləşdirən tarixi varlıq və tarixi şəxsiyyət tipində (Sultan Səncər, Bəhram şah, Xosrov Pərviz, İsgəndər və s.) təqdim olunur, ideallar insanın real cəmiyyətlə birbaşa əlaqəsində formalaşdırılır:
Tanısan özünü keçsən cahandan,
Yenə bu dünyada yaşayacaqsan.
Özündən hər kim ki, deyil xəbərdar,
Bir qapıdan girər, birindən çıxar.
Nizami idealları sırasında humanizm və indiki terminlə ifadə etsək demokratizm məsələləri əhəmiyyətli yerlərdən birini tutur. “Xosrov və Şirin”də, “İskəndərnamə”də olduğu kimi “Yeddi gözəl”də də əksər hadisələr bu problemlərin mahiyyətindən doğan məsələlər üzərində qurulur.
“Yeddi gözəl”də feodal-patriarxal cəmiyyəti üçün səciyyəvi olan hadisələr Bəhram şahın çevrəsində – sarayda və saraydan kənar olan insanlar arasında cərəyan edir. Nizami Bəhram şahın bütün hakimiyyət dövrünü ideallaşdırmasa da, əsərdəki şahın zalım vəziri öldürməsi, qoca çobanın evinə getməsi, ayrı-ayrılıqda 7 nəfər məzlumun şikayətini dinləməsi və s. səhnələrdə zülmə qarşı barışmazlığın şahidi olur, şairin ədalətli hökmdar və ədalətli cəmiyyət düşüncələrində mövcud olan sistemi izləyə bilirik.
Ə.Nəvai öz növbəsində Nizami Gəncəvinin obrazlarından fərqli olaraq “Yeddi səyyarə” poemasında özünəməxsus obrazlar sistemində (məsələn “Dördüncü səyyahın hekayəti” hissəsində Məsud və Cevnə) zamanından, quruluşundan və məkanından asılı olmayaraq ədalətli cəmiyyət formalaşdırmaq üçün adil insan faktorunun vacibliyini xüsusi vurğulayır:
Tabedir adil bir şaha bu ölkə,
Ellərin başına o salmış kölgə.
Görüm ömrü uzun, günü ağ olsun,
Məclisi hər zaman, çilçıraq olsun.
Hər vaxt ədalətlə hökm edən o şah,
Ədlindən aləmi eyləmiş agah.
Zülmün köklərini elə üzüb ki,
Ədalət dürrünü elə düzüb ki,
Bunun səbəbinə gördüyün diyar
Əmin-amanlıqla olmuş bəxtiyar.
Nizaminin “Yeddi gözəl” poemasında oxucu marağına səbəb olan və yaddaqalan epizodlardan biri də Fitnə ilə bağlı əhvalatlardır. Poemanın “Bəhramın öz kənizi ilə macərası” və “Bəhramın ovlaqdan sərhəngə qonaq getməsi” hissələrində ov zamanı Bəhram şahın ox atmaqla gurun ayağını başına tikməsini Fitnənin məharət deyil, adi bir vərdiş kimi qiymətləndirməsi, şahın buna qəzəblənərək onu ölümə məhkum etməsi, Sərhəngin Fitnəni öldürməməsi, həmçinin gizlin saxlaması, Fitnənin bir öküzü 60 pilləli pilləkənlə hər gün yuxarı qaldırması, şahın bunu adi vərdiş hesab etməsi və Fitnənin ona cavabı yer almışdır. Ə.Nəvai isə “Yeddi səyyarə” poemasında “Yeddinci səyyahın hekayəti”ndə hadisələri qismən dəyişmiş və Fitnə obrazını Dilaramla əvəzləmişdir. Dilaram da Fitnə kimi şahın ovçuluq məharətini adi vərdiş kimi qiymətləndirdiyinə görə cəzalandırılır. Maraqlıdır ki, Fitnədən fərli olaraq qəzəblənən şah Ə.Nəvainin Dilaramını ac-susuz qalıb ölsün deyə əl-qolunu bağlatdırıb kimsəsiz məkana atdırır. Nəvaidə Nizamidən fərqli olaraq öküzün pillələrlə yuxarı qaldırması səhnəsi yoxdur. Bu səbəbdən Nizaminin “Yeddi gözəl” əsərinin maraqlı səhnələrindən biri olan Fitnənin şaha ünvanladığı cavab Ə.Nəvainin “Yeddi səyyarə ” poemasında yer ala bilmir:
Gümüşbədən Fitnə baş əydi şaha,
Layiqincə ona eylədi dua.
Ədəblə söylədi: “Qəribədir çox!”
Öküz adətlədir, gur vurmaq yox?
Adətlə iş görür, öküz qaldıran,
Bu başqa şey deyil, sadə bir idman.
Səbəb nədir kiçik gur vuranda sən,
Olmasın bir nəfər “adətdir” deyən?”
Lakin Nəvainin “Yeddi səyyarə” poemasında bu tipli hadisələrin hətta başqa bir tərzdə özünü göstərməsi Nəvaiyə məxsus orijinallıq nümunəsinə çevrilsə də, bütün hallarda əsərin ümumi ideyası Nizami ideallarına uyğun qurulmuş, Nəvainin öz sözləri ilə desək “Nizami sözünə bənzər söz deməklə” o, Nizami ədəbi məktəbinin layiqli davamçısı olduğunu təsdiqləmişdir.
Göründüyü kimi, əbədi sonsuzluğa yüksəlmiş Nizami Gəncəvi sənətinin ədəbi qüdrəti və bədii möhtəşəmliyi əsrlər boyu Şərqdə bu sənətdən bəhrələnmək, bu sənətin ədəbi yolçuluğuna qoşulmaq ehtiyacı doğurmuş, nəticə etibarı ilə Nizami ədəbi məktəbinin nümayəndələri sayəsində Şərq ədəbiyyatı zaman-zaman özünün böyük inkişaf yolunu davam etdirmişdir.
ƏDƏBİYYAT
- Araslı H. Nizami və türk ədəbiyyatı. Bakı, 1980
- Azadə R. Nizami Gəncəvi. Bakı, 1979
- Bertels. Böyük Azərbaycan şairi Nizami. Bakı, 1940
- Cami. Yusif və Züleyxa. Bakı, 1989
- Məhərrəmov Tahir. Əmir Xosrov Dəhləvinin “Məcnun və Leyli”poeması. Bakı, 1970
- Nizami Gəncəvi. Sirlər Xəzinəsi. Bakı, 2004
- Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı, 2004
- Nizami Gəncəvi. Leyli və Məcnun. Bakı, 2004
- Nizami Gəncəvi. Yeddi gözəl. Bakı, 2004
- Nizami Gəncəvi. İskəndərnamə. Bakı, 2004
- Nəvai. “Xəmsə”. Daşkənd, 1996
- Nəvai. Yeddi səyyarə. Bakı, 1947
- Nəvai. Seçilmiş əsərləri. Bakı, 2004
- Nağıyeva C. Azərbaycanda Nəvai.Bakı, 2001
- İbrahimov M. Niyəsiz, necəsiz bir yazısan sən. Bakı, 1985
Xülasə
Məqalədə Nizami ənənələrinin Şərq ədəbiyyatına təsiri məsələləri araşdırılmışdır. Daha çox Nizami “Xəmsə” ənənələrinə sədaqət göstərmiş Nəvai yaradıcılığı təhlil obyektinə çevrilmiş, Nəvainin ədəbi irsi ilə Nizami sənəti arasında paralellər aparılmışdır. Məqalədə Nəvainin “Xəmsə” ənənəsinə qoşulmasının səbəbləri və Nizami yaradıcılığı ilə üst-üstə düşən məqamlar təhlil edilmişdir. Nəticə etibarilə, Nizami sənətinin ədəbi qüdrəti və bədii möhtəşəmliyinin Nəvai yaradıcılığına təsiri məsələləri ədəbiyyatşünaslıq problemləri daxilində öyrənilmişdir.
Açar sözlər: Nizami, Nəvai, “Xəmsə” ənənəsi, şərq şeiri, türk mənəviyyatı

Bilal Həsənli
ADPU-nun dosenti, pedaqogika üzrə fəllsəfə doktoru,
Əməkdar müəllim
Ni̇zami̇ Gəncəvi̇ni̇n Mənzum Hekayələri̇ndə Həyat Həqi̇qətləri̇ni̇n, Mənəvi̇ Dəyərləri̇n Bədi̇i̇ Əksi̇
“Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti xüsusi qeyd edilmişdir.
Nizami Gəncəvinin yaradıcılığında mənzum hekayə janrında yazılmış əsərlər mühüm yer tutur. Mütəfəkkir şair həyat həqiqətlərini əks etdirən həmin əsərlərdə cəmiyyət üçün aktual olan bir sıra siyasi-ictimai, mənəvi problemləri qaldırır, insanları düşündürən, narahat edən məsələlərə münasibət bildirirdi. Bu baxımdan şairin “Xəmsə”yə daxil olan ilk məsnəvisi “Sirlər xəzinəsi”ndəki mənzum hekayələr diqqəti xüsusilə cəlb edir.
Poemadakı “Ümidsiz şahın günahının bağışlanması”, “Nuşirəvanla vəziri və bayquşların söhbəti”, “Süleyman və qoca əkinçi”, “Sultan Səncər və qarı” dastanı, “Kərpickəsən qocanın bir cavanla hekayəti”, “Ovçu ilə tülkünün hekayəti”, “Firidunla ceyranın hekayəti”, “Oğru ilə tülkü hekayəti”, “Tövbəsini sındıran zahidin hekayəti”, “İsanın hekayəti”, “Müdrik möbidin hekayəti”, “İki rəqib alimin hekayəti”, “Hacı və sufi hekayəti”, “Zalım padşahla düz danışan qocanın hekayəti”, “Şahzadənin hekayəti”, “Ağıllı uşağın hekayəti”, “Mürşidlə müridin hekayəti”, “Cəmşidlə cavan yavərinin hekayəti”, “Harun ər-Rəşidlə dəlləyin dastanı”, “Bülbül ilə qızılquşun hekayəti” əsərləri yüksək ideya-bədii dəyərə malik sənət nümunələridir. Şairin “Yeddi gözəl” poemasına “Kəniz satan padşahın hekayəti”, “Mahanın hekayəti”, “Xeyir ilə Şər hekayəti”, “Fitnə” mənzum hekayələri daxil edilmişdir. Bu əsərlər bir daha sübut edir ki, böyük sənətkar öz dövrünün siyasi, mənəvi-əxlaqi problemlərini əks etdirmək, öz humanist düşüncələrini zəmanənin hökmdarlarına və geniş oxucu kütləsinə çatdırmaq üçün mənzum hekayə janrını daha münasib saymışdır.
Bu əsərlərdə əmək, əməkçi insan, ədalətsizliyə, haqsızlığa etiraz, xeyirlə şərin mübarizəsi mövzuları başlıca yer tutur. Nizami mənzum hekayələrində sadə insanı, zəhmət adamını məhəbbətlə təsvir edir. Onun əsərlərində halal zəhmət adamı – kərpickəsən kişi, əkinçi həyatda aza qane olan, öz alın təri ilə ilə yaşayan insandır. Bu insanları tutduğu yoldan çəkindirməyə cəhdlər olsa da, heç bir fayda vermir. Şair zəhmət adamlarını işıqlı idealların carçısı, şərə, tənbəlliyə, harama düşmən olan qüvvə kimi təsvir edir.
«Kərpickəsən kişinin dastanı» mənzum hekayəsində Şam şəhərində yaşayan qoca bir kişi təsvir edilir. O, hamıdan uzaq gəzir, insanlara qaynayıb qarışmır, heç kəsdən minnət götürmür, kərpic kəsib satmaqla ruzi qazanır. Öz işi ilə məşğul olan qocanın yanına bir gün cavan oğlan gəlir. O, üzünü qocaya tutub deyir: “Gecə-gündüz əziyyət çəkib torpaqla əlləşmə. Kimə əl açsan, səndən bir qarın çörək əsirgəməz. Bu kərpicin qəlibini oda atıb yandır. Başqa bir sənət tapıb daş-kəsək əzməkdən əl çək. Qocasan, özünü qocalara bərabər tut. Qoy belə çətin işləri cavanlar görsün.”
Müdrik qoca ona ağıl öyrədən, acı sözlərlə tənbeh edən cahil cavanın sözlərini səbirlə dinləyib deyir:
Onunçün öyrətdim ki, əlimi bu sənətə.
Bir gün sənə əl açıb düşməyim xəcalətə.
Deyiləm heç bir kəsə xəznədən ötrü möhtac,
Əlimin zəhmətiylə toxdur gözüm, deyil ac.
Məni bu ruzi üçün günahkar sayma bəsdir,
Düşünsən bilərsən ki, dediklərin əbəsdir.
Göründüyü kimi, sənətkar burada təzadlı bir vəziyyət yaradır. Adətən dünyagörmüş qocalar cavanlara nəsihət verər, onları səhv addımdan çəkindirər. Bu əsərdə isə əksinədir, cavan oğlan qocaya ağıl vermək, yol göstərmək fikrinə düşür. Lakin Nizami hekayədə cavan oğlanı tam mənfi planda təsvir etmir, onun gələcəyinə ümidlə baxır. Kərpickəsən kişinin sözlərini dinləyən gənc onun dediklərinin həqiqət olduğunu anlayır. Öz hərəkətindən utanan cavan oğlan səhvini başa düşüb sarsılır, göz yaşları içində qocanı tərk edir:
Cavan oğlan sarsıldı qocanın bu sözündən,
Orda durmadı getdi, yaş axıdıb gözündən.
Dünya görmüş adamdı söylədiyim bu qoca,
Öz işiylə hamının gözündə oldu uca.
«Süleyman və əkinçi» mənzum hekayəsində də belə bir fikir irəli sürülür ki, insan ömrü boyu halal əməyə tapınmalı, haramdan, özgə hesabına yaşamaqdan, ələbaxımlılıqdan çəkinməlidir. Əsərdə Süleyman padşahın istirahət üçün seyrə çıxması təsvir edilir. Yaşıl bir çəməndə istirahət edən Süleyman çöldə işləyən əkinçi görür. Əkinçinin görkəmi Süleymanı kədərləndirir. Qoca kəndli evində bir ovuc da taxıl saxlamayıb hamısını tarlaya səpmişdir. Süleyman qocaya üz tutub deyir: “Ey qoca, biz sulu yerlərdə toxum səpib heç nə əldə etmədik, əliboş qaldıq. Sənin yer şumlamağa belin də yoxdur, torpağı qazıb əzab çəkmə. Bu şoran torpaqlarda məhsul əldə edə bilməzsən.”
Hökmdarın tənəsini eşidən qoca əkinçi deyir: “Susuzluq, tor-pağın şoranlığı məni narahat etmir. Mən bir toxum səpənəm, mənə tanrı kömək edər. Mənim alın tərim suyumdur, bulağımdır. Dırna-ğım yer qazan, torpaq atan beli əvəz edir.” Qoca əkinçinin hökmdara dediklərində dərin məna vardır. Şair əkinçinin dili ilə hökmdara əməkçi insanın ləyaqətindən söz açır, halal zəhmətlə ruzi qazanmağın asan olmamasını söyləyir.
Nizami “Simnarın dastanı” əsərində yaşadığı cəmiyyətdə saray və sənətkar problemini qaldırmış, sənətə münasibət, sənətkarın taleyi ilə bağlı acı həqiqətlərdən söz açmışdır. Özü üçün qəsr tikdirmək istəyən Neman şah arzusunu mahir sənətkar Simnara bildirir. Simnar gecə-gündüz çalışıb gözəl, tayı-bərabəri olmayan bir imarət ucaldır. Misilsiz gözəlliyə malik Xavərnəq qəsrinə heyran qalan Neman şah Simnardan soruşur: “Bu qəsrdən daha gözəl bir qəsr tikə bilərsənmi?” Simnar deyir ki, şah istəsə, bundan qat-qat gözəl bir saray tikərəm. Zalım Neman şah bunu eşidəndə öz-özünə deyir ki, onu buraxsa, özgəsi üçün daha gözəl imarət tikəcək. Odur ki, Simnarı tikdiyi qaladan atıb öldürməyi əmr edir. Bu hadisədən çıxan nəticə çox ibrətamizdir:
Yanar bir atəşdir hər hakim, hər şah,
Ondan uzaq olan çəkməz, aman, ah.
Əsərdə zalım hökmdarın kəskin tənqidi diqqəti cəlb edir. Neman şah şöhrətpərəst, xain, qəddar bir hökmdardır. Sənətin, sənətkarın qədrini bilməyən şah günahsız bir insanı – mahir sənətkarı tikdirdiyi qaladan atdırmaqla öz xislətindəki eybəcərliyi açıb göstərir.
Nizaminin mənzum hekayələrində hökmdar və xalq problemi diqqət mərkəzində durur. Bu problem böyük şairi bütün ömrü boyu düşündürmüş, iqtidarın xalqa münasibəti barədə düşüncələri mənzum hekayələrdə parlaq şəkildə əks etdirilmişdir. “Sultan Səncər və qarı”, “Zalım padşahla zahidin dastanı”, “Nuşirəvan və bayquşların söhbəti” mənzum hekayələri bu baxımdan səciyyəvidir. Lakin həmin əsərlərdə sənətkar yalnız ədalətsiz hökmdarların, cəmiyyətdəki kölgəli cəhətlərin tənqidi ilə kifayətlənmir, həm də sadə, işıqlı insanlardan, xalqın böyüklüyündən bəhs edir.
“Sultan Səncər və qarı” mənzum hekayəsində şair cəmiyyətdə haqqın, ədalətin gözlənilməsini zəruri sayır, zülmü, insan haqlarının tapdanmasını pisləyir. Əsərdə şah məmurlarının sadə insanlara qarşı etdiyi cinayətlər, hökmdarın ölkədə baş verən qanunsuzluqlara laqeyd münasibəti təsvir edilir. Şair hökmdarla sadə bir insanın – qoca qarının qarşılaşdırılmasından bədii üsul kimi istifadə edir. Nahaq yerə incidilmiş, təhqir edilmiş qarı Sultan Səncəri ittiham edir:
Zülm edib bir qarıya çox uddurmuşdular qan,
O da Sultan Səncərin tutaraq yaxasından
Dedi ki, səndə insaf az görmüşəm qulaq as,
Səndən gördüyüm zülm əsla hesaba sığmaz.
Bir kefli darğa gəlib evimdə məni söydü,
Salıb təpik altına doyunca döydü, döydü.
Qarının dediklərindən məlum olur ki, darğa bu günahsız qadının saçlarından tutub evdən çölə sürümüş, camaat arasında söyüb təhqir etmişdir. Darğa ondan bir küçədə cinayət törətmiş qatilin yerini soruşmuş, evini axtarmışdır. Buna səbəb isə darğanın sərxoşluğu olmuşdur. Qarının yanıqlı-yanıqlı dediyi sözlər Sultan Səncərə qarşı bir ittiham kimi səslənir.
Nizami əsərdə cəmiyyətdəki haqsızlıqlara etiraz səsini ucaldır. O, haqlı olaraq belə bir nəticəyə gəlir ki, darğanın sərxoş olub qoca qarını döyməsi, təhqir etməsi təsadüfi deyildir. Belə hərəkət yalnız ədalətsizliyin hökmran olduğu cəmiyyətdə mümkündür. Darğanın cinayətində hökmdar günahkardır. Çünki bu cinayətə onun özünün etdiyi zülm, ədalətsizliklər münbit zəmin yaratmışdır. Hökmdarın qəddarlığı saray adamları üçün nümunəyə çevrilib. Onlar kimsəsiz qarıları, məzlum insanları incidir, zülm edirlər.
Göründüyü kimi, Nizami bütün qəlbi, varlığı ilə xalqın, məzlum insanların tərəfindədir, onların müdafiəçisi kimi çıxış edir. Əsərdə Nizaminin ədalətli hökmdar haqqındakı fikirləri də maraq doğurur. Şairin fikrincə, şah gərək ölkənin işlərini nizama salsın, hər zaman rəiyyətin qayğısına qalsın. İnsanlar onu dost, sirdaş sayıb hörmət etsin. Nizamiyə görə, ədalətli hökmdar xalqın səsini eşitməli, hər şikayətçini diqqətlə dinləməlidir. Padşah çarəsizlərin, kimsəsizlərin var-yoxunu dağıtmamalı, acların qarğışından qorxmalı, daim imdada, haraya yetməli, dərdlilərin dərdinə məlhəm etməlidir.
Nizami ədalətsiz hökmdarın aqibətini də təsvir edir. Şair yazır ki, qoca qarının sözlərinə əhəmiyyət verməyən Sultan Səncər sonralar çox böyük zərər çəkir, Xorasanda oğuzlara əsir düşür. Beləliklə, xalqın, sadə insanların ah-naləsi, qarğışı hökmdarı tutur. Əlbəttə, burada söhbət təkcə bir hökmdardan getmir. Şair Sultan Səncərin və darğanın simasında bütün ədalətsiz hökmdarları, onların alçaq təbiətli məmurlarını tənqid edir. Əsərdəki qarı zülmə etiraz səsi ucaldan xalqı təmsil edir.
“Zalım padşahla zahidin dastanı” mənzum hekayəsində hər tərəfi casuslarla doldurmuş, həqiqəti deyənləri amansızlıqla cəzalandıran qəddar şah obrazı yaradılmışdır. Ölkədə xalqın ah-naləsinə qulaq asan yoxdur, hökmdarın zülmündən şikayət edən insanlar məhv edilir. Şahın əleyhinə danışmaq ən böyük cinayət sayılır. Əsərdə diqqəti cəlb edən ikinci obraz həqiqəti söyləyən zahiddir. Zahid xalqa edilən zülmlərə dözmür, hökmdarın bəd əməllərini çəkinmədən söyləyir. O, yaşadığı cəmiyyətin eybəcərliklərini açıb göstərən mübariz ruhlu bir insandır.
Şah onu cəzalandırmaq qərarına gələndə ölümünü gözünün altına alan zahid qorxu hissi keçirmir, saraya kəfən geyinib gedir. Hökmdarın qəzəbli ittihamlarına cavab olaraq deyir: «Mən sənin üzündəki ləkəni göstərən güzgüyəm. Sən ya üzündəki ləkəni silməli, ya da güzgünü sındırmalısan.» Bu səhnədə zalım hökmdarla ədalət tələb edən zahid qarşılaşdırılmaqla, dövrün tipik mənzərəsi yaradılmışdır. Dərin ifşaçı məzmunlu bu əsərdə də Nizami şərə qarşı mübarizədə barışmaz mövqedə durur, haqqın, ədalətin müdafiəçisi kimi çıxış edir.
“Nuşirəvan və bayquşların söhbəti” əsəri ideya-məzmun baxımından “Sultan Səncər və qarı” mənzum hekayəsi ilə səsləşir. Bu əsər də ölkədəki haqsızlıqlara, zülmə, ədalətsizliyə etirazı əks etdirir. Humanist sənətkar yaşadığı cəmiyyətdə baş verən zülmə laqeyd qala bilmir, buna hər vəchlə öz barışmaz münasibətini bildirirdi. Əsərdə Nuşirəvanın öz qoşunu ilə ova çıxması təsvir edilir. Ov axtarıb gəzən padşah vəziri ilə brlikdə dəstəsindən uzaq düşür. Onlar uçuq, xaraba bir kəndə rast gəlirlər. Xarabalıqda iki quş söhbət edir. Padşah vəzirdən bu quşların nə barədə söhbət etdiklərini soruşur. Vəzir deyir: «Bu quşlardan biri öz qızını o biri quşa vermişdir. İndi həmin quş qızın cehizini istəyir. Bu viran qalmış kənddən başqa, bir neçə belə xaraba kənd tələb edir. Bayquş da ona deyir ki, bu padşahın zülmü sayəsində məndən yüz min belə xaraba kənd alacaqsan. Nə dədər ki, bu zalım padşah var, xaraba kənd üçün qəm-qüssə çəkməyə dəyməz.
Bu sözləri eşidən Nuşirəvanın ahı, fəğanı göyə yüksəlir. O, əllərini başına vurub ağlayır. Nuşirəvana aydın olur ki, quşlar da onun zülmündən xəbərdardır. Onun ədalətsizliyi rəiyyətə od vurmuş, xaraba kənddə toyuqların yerində bayquşlar oturmuşdur. Bu fikirlər içində şahın halı dəyişir, o, öz törətdiklərindən peşiman olur. Bəd əməllərindən və zülmdən əl çəkən şah yoxsul və kimsəsizlərə qarşı haqsızlığa son qoyur. Ölkədə zülmdən əsər-əlamət qalmır. Nuşirəvan adil hökmdara çevrilir, xalq onu Nuşirəvan Adil deyə çağırmağa başlayır.
Ədibin “Şahın dostluğu” hekayəsi də ibrətamiz ideya-məzmunu ilə seçilir. Əsərdə Mərv ölkəsinin hökmdarının öz yaxın adamlarından cavan bir oğlanı qəzəblənib itlərə atdırması təsvir edilir. Lakin cavan oğlandan həmişə yaxşılıq görmış itlər ona toxunmur. Gənc bu hadisədən heyrətlənən hökmdara deyir:
Dostluğu səndə yox, itdə gördüm mən,
İt bilən hörməti ayaqladın sən.
İt sənə dost olar, bir sümük atsan,
Namərd qədir bilməz, olsan da qurban.
Əsərin sonunda Nizami bu hadisənin təsiri ilə şahda yaranan mənəvi təkamülü, onun qəflət yuxusundan ayılıb insanlıq yolunu tutmasını təsvir edir.
Hökmdar və xalq probleminə sənətkarın “Çoban və üzük” mənzum hekayəsində də toxunulur. Lakin əsərdə bu məsələ yeni məzmundə əks etdirilir. Əsərin qəhrəmanı olan çoban padşahı taxtdan salıb özü hökmdar olur. Həmin dövrdə belə bir ideyanın bədii ədəbiyyata gəlməsinin özü bir yenilik idi. Şair əsərdə sadə bir insanı – çobanı şahdan üstün tutur. Üzük əhvalatından bədii priyom kimi istifadə edən Nizami dövrünün hökmdarlarına ibrət dərsi verir, onların bir anda hakimiyyətdən məhrum ola biləcəyini dilə gətirir.
Uşaq həyatına həsr olunmuş “Yaralı uşağın dastanı” mənzum hekayəsində ağıl, fərasət, gözüaçıqlıq insanın müsbət keyfiyyətləri kimi təqdir edilir. Gəzməyə çıxan uşaqlardan birinin ayağı sınanda yaxın dostu onu quyuya atmağı təklif edir. Yaralı uşağın düşməni olan digər uşaq bu hadisənin nəticələrini ürəyində ölçüb-biçir. Uzaqgörən uşaq öz-özünə deyir: “Bu sirr gec-tez açılacaq. Mən həmin uşağın düşməniyəm. Odur ki, bu işdə məni günahkar sayacaqlar.” Ağıllı uşaq tez qaçıb yaralı oğlanın atasına hadisəni xəbər verir. Mənzum hekayənin sonunda belə bir əxaqi nəticə çıxarılır:
Hər kimdə ki, vardır ağıllılıq cövhəri,
O bacarar hər işi, parlar onun gövhəri.
“Meyvəsatanla tülkü” mənzum hekayəsində ayıqlıq, zirəklik insan üçün zəruri keyfiyyətlər kimi təbliğ edilir. Şair bir çox mənzum hekayələrində olduğu kimi, bu əsərdə də hadisəni keçmişlə bağlayır, nağıl üslubundan istifadə edir. Əsərdə bir meyvəsatanın malını qorumağı tülküyə tapşırması təsvir edilir. Tülkü baqqalın dükanını can-başla qoruyur. Bir oğru tülkünü aldadıb baqqalın malını ələ keçirmək üçün çox çalışır, faydası olmur. Nəhayət, bir gün kələk işlədərək özünü yuxululuğa vurur. Oğrunun yuxuya getdiyini zənn edən tülkü də rahatca yatır. Fürsəti fövtə verməyən oğru kisədəki pulları götürüb qaçır. Mənzum hekayə belə bir ibrətamiz sonluqla bitir:
Hər kəsin ki, dünyada peşəsi olsa yatmaq –
Ya başı gedər əldən, ya başındakı papaq.
Alleqoriyadan istifadə yolu ilə yazılmış “Bülbül və Qızılquşun hekayəti” əsərində Bulbul bahar çağında Qızılquşa üz tutaraq özünü onunla müqayisə edir:
Cəh-cəhi var hər quşun, çıxarmırsan səs niyə?
Niyə üstün olmusan sən quşlardan bəs niyə?
Azad nəfəs alsan da, dilin bağlı həmişə,
Heyran qoyan deyildir səsin ağlı həmişə.
Bülbülün gileylənməsinə, narazılığına səbəb budur ki, digər quşlardan fərqli olaraq, heç vaxt səsi çıxmayan Qızılquşun yeri Sultan Səncərin sarayı, şahın əlinin üstüdür, yediyi daim kəklikdir. Bülbül isə həmişə gülün tikanları ilə bir yerdədir, şikar vaxtı qurd-quşa yem olmaq təhlükəsi altında, qorxu içində yaşayır. Bunu haqsızlıq, ədalətsizlik sayan Bülbülə Qızılquşun cavabı ibrətamizdir.
Cavab verdi Qızılquş:”Dinlə, bacar susmağı,
Susmağımı görərək inlə, bacar susmağı.
Zirəklikdən almaram heç bir sirri dilimə,
Yüz iş görsəm yenə də gəlməz biri dilimə.
Vurulmuşam dövrana coşursan, nə coşursan,
Solub gedən bir gülə min təranə qoşursan.
Ötməkdən dilin yara, bağrın al qan olubdur,
Yemin qurd –quş olubdur, yerin tikan olubdur.
Nizami zirək şikarçıların hakimlik etdiyi cəmiyyətdə haqq-ədalət axtarmamağı məsləhət görür, dünyanın fəryada biganə olduğunu, nalə, haray qoparmağın mənasızlığını göstərir.
“Yeddi gözəl” poemasına daxil olan “Fitnə” mənzum hekayəsi də gənc nəslin təlim-tərbiyəsi baxımından çox əhəmiyyətlidir. Bu mənzum hekayədə Fitnənin simasında şair çətin vəziyyətdən çıxış yolu tapmağı bacaran, hökmdara özünün haqlı olduğunu sübut edən ağıllı qız obrazı yaratmışdır.
“Xeyir və Şər” mənzum hekayəsi mövzu, ideya baxımından “Avesta” ilə səsləşir. Nizaminin əsərində də xeyirlə şərin mübarizəsindən bəhs olunur. Əsərdə Şər qəddar, amansız bin insan kimi təsvir edilmişdir. Onun Xeyir üzərində qələbəsi müvəqqətidir. Sənətkar həyatda nəticə etibarilə Xeyirin qələbəsinə inamını ifadə edir. Xeyiri Şərin bədxah əməllərindən sadə insanlar xilas edir, o, təbiətdən- ağacın yarpağından, sudan şəfa tapır. Şər isə öz nəfsinin qurbanı olur. O, əməlindən heç kəsin xəbər tutmayacağına əmin olsa da, cəzasına çatır. Əsər şairin belə bir qənaəti ilə bitir:
Hər kimin ki baxtı, xoş taleyi var –
Tikan ona xurma, daş da zər olar.
“Firidunla ceyranın hekayəti” əsərində təbiətə məhəbbətin, onu qorumağın əhəmiyyətindən söz açılır. Şair oxucunu təbiətə münasibətdə düşüncəli hərəkət etməyə, təbiətin gözəlliyinə əl qaldırmamağa səsləyir. Hekayədə dostları ilə ova çıxan Firidun şahın ovlağa çatanda gözəl bir ceyranı görməsi təsvir edilir. Ceyranın gözəlliyi şahı məftun edir. Ovçuları görən ceyran canını qurtarmaq üçün qaçmağa başlayır.
Şah köhlən atı qamçılayıb ceyranı qovur. O, kamanı qaldırıb ahunun qarnını nişan alır. Lakin şahın atdığı ox ceyrana çatmadan yerə düşür. Həmişə yel kimi çapan atı ceyranın tozuna da çatmır. Hirslənmiş şah öz oxuna, atına üz tutub deyir:
-Axı mənim oxum həmişə ovun canını alır, atım özünü bir anda ova yetirirdi. İndi sizə nə olub? Əvvəlki uçuşunuz, sürətiniz necə oldu? Ot yeyən bir ahu ilə bacara bilmədiniz?
Ox şaha cavab verir:
-Ceyran sənin düşmənin deyil. Axı o, gözəllər gözəlidir. Mümkünmüdir ki, sənin gözəllyinə heyran olduğun bu günahsız, zərif heyvanın canı alına, dərisi soyula? Öz gözəlliyi ilə insanların zövqünü oxşayan bu ahu gərək ölməsin, sağ-salamat qalsın. Kim təbiətin gözəlliyini, ülviyyəti, zövqü-səfanı qoruyursa, o, səadətə qovuşacaqdır:
Ox dedi:Yağın deyil, bu bağrı qanlı sənin,
Gözlərini oxşayır bu dilsiz canlı sənin.
Beləliklə, böyük mütəfəkkir hələ XII əsrdə oxucunun diqqətini ekoloji problemlərə yönəldir, təbiətin gözəlliyini qorumağın əhəmiyyətini vurğulayırdı.
Nizaminin müasir ümumtəhsil proqramlarına daxil edilən mənzum hekayələrinin təhlili göstərir ki, humanist ədib həyat həqiqətlərini, insana yeni münasibətini yüksək sənətkarlıqla ifadə etmiş, cəmiyyətdə xeyirlə şərin mübarizəsində insanı mübarizliyə, fəal həyat mövqeyi tutmağa səsləmiş, haqqın, ədalətin qələbəsinə dərin inam bəsləmişdir.

Svetlana Nəsib qızı Məmmədova
ADPU-nun Xarici Dillər
Mərkəzinin dosenti, filologiya üzrə fəlsəfə doktoru
KİMLİYİN MÜKƏMMƏLTƏSDİQİ
Kazımov İsmayıl Babaş oğlu 1955-ci il, oktyabr ayının 1-də Cəbrayıl rayonunun Soltanlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. 0,1972-ci ildə Soltanlı orta məktəbini bitirib V.İ.Lenin adına APİ-nin filologiya fakültəsinə daxil olmuş, 1976-cı ildə oranı bitirmişdir. Təyinatla bir müddət (1976-1978) İmişli rayonunun Buludlu kənd məktəbində ixtisası üzrə müəllim işləmişdir. 1979-1981-ci illər hərbi xidmətdə olmuşdur (Belorusiyanın Borisov şəhərində tank komandiri məktəbində oxumuşdur).
1981-1983-cü illər Cəbrayıl rayonunun Şahvəlli kənd orta məktəbində çalışmışdır. 1984-1988-ci illər həmin rayonunun 131 saylı texniki-peşə məktəbində müəllim işləmişdir.
İ.B.Kazımovun yaradıcılığı çoxistiqamətlidir. Türk dillərinin sintaktik quruluşunda yarımçıq cümlənin yeri mövzusundan tutmuş, Axısqa və digər azsaylı türklərin dil xüsusiyyətlərini araşdırıb, həmçinin də dilimizin öyrənilməmiş problemlərini qaldırıb və həlli yollarını göstərib.
«Oğuz qrupu türk dillərində yanmçıq cümlə» (1987) adlı dissertasiyasına görə Moskva AAK ona filologiya elmləri namizədi alimlik dərəcəsini verdi.
İ.Kazımovu 1988-ci ildə Bakıya- AMEA-nın Dilçilik institutuna dəvət etdilər. İnstitutda tədqiqat işləri aparmaqla yanaşı o, respublikanın ali məktəblərində də tələbələrə dilçilik və türkologiya elmlərinin əsaslarını öyrədir. «Odlar yurdu» Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Müəllimlər institutunun Quba filialında, Bakı Qızlar Universitetində, Bakı Slavyan Universitetində, Sumqayıt Dövlət Universitetində, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında və başqa mötəbər təhsil ocaqlarında tələbələrimizə dilimizin sirlərini mənimsədir.
O, «Türk dilləri» şöbəsində oğuz qrupu türk dillərinin müqayisəli qrammatikası ilə məşğul olur. Şöbədə Azərbaycan, türk, türkmən və qaqauz dillərinin dil vahidlərinin, ələlxüsus da sintaktik vahidlərinin oxşar və fərqli cəhətlərini müəyyənləşdirirdilər. Şöbə əməkdaşlarının birgə hazırladığı «Oğuz qrupu türk dillərinin müqayisəli qrammatikası» (III hissə, Sintaksis. Bakı, 2002) kitabının müvafiq bölmələri məhz İsmayıl Kazımov tərəfindən yazılmışdır. Kitabda sintaktik kateqoriya və konstruksiyaların quruluşundakı eyni, oxşar və fərqli cəhətlər müəyyənləşdirilmiş, oğuz qrupu türk dilləri sintaksisinin bir sıra xüsusi və universal məsələləri mövcud elmi-nəzəri fikrin işığında araşdırılmışdır. Əvvəlki hissədən (morfologiya) fərqli olaraq, bu kitabda təhlil edilən faktik dil örnəkləri türk-oğuz xalqlarının latın və kiril qrafikalı əsasında düzəldilmiş əlifbalarında verilmişdir. Sözlər arasında qrammatik əlaqələrin ən yaxın qohum olan türk dillərindəki müqayisəli-sinxron tədqiqi bir daha onu sübut edir ki, həmin dillərin leksik-morfoloji-sintaktik ifadə vasitələrində özünü göstərən bir çox tipoloji-struktur fərqlənmələr əslində əlifba müxtəlifliyi və «dəyişmə»ləri ilə sıx bağlı olmuşdur. Bu məsələlərdən bəhs edərkən İ.Kazımov onu xatırlatdı ki, Türk dillərinin tarixi-müqayisəli metodla öyrənilməsinə əsas etibarı ilə qədim türk dövrü kimi səciyyələndirilən V-VIII yüzilliklərdən- Orxon-Yenisey abidələrinin yazıya alındığı vaxtlardan başlanılmışdır. Bununla bərabər, türk dillərinin və xalqlarının islamdan öncəki tarixinin ən qədim mərhələlərinin müəyyənləşdirilməsində indi də konkret işlər görülməkdədir. Qeyd edilməlidir ki, türk dillərinin tədqiqində son onilliklərdə başqa bir yeni istiqmət də özünü göstərir. Bu da türk dillərinin müasir sinxron səviyyəsindən başlayaraq onların müqayisəli-tutuşdurma üsulu ilə tədqiqi və bunun da davamı kimi həmin dillərin müqayisəli-tarixi aspektdə retrospektiv araşdırılması ilə bağlıdır. Məhz elə bu baxımdan da ən yaxın qohum olan dillərdə nominativ, predikativ, polipredikativ konstruksiyaların və onlann komponentləri arasındakı sintaktik əlaqələrin müqayisəli-sinxron təsviri türk dillərinin daha geniş retrospektiv tədqiqi ilə, o cümlədən də həmin dillərdə ümum-oğuz layının müəyyənləşdirilməsinə zəmin yarada bilər.
İ.Kazımov 15 il Axısqa türklərinin dilini, mədəniyyətini, tarix və folklorunu öyrənib. Bu mövzuda onun xeyli sayda məqalələri çap edilmişdir. Alim bu mövzuda 4 kitabın müəllifidir: Axısqa türklərinin dili. Bakı, 1999; Axısqa toponimləri. Bakı, 2001; Axısqa folkloru. Bakı, 2003; Axısqa türkləri: dil, tarix və folklor. Bakı, 2012.
Onun axısqalılar haqqında tədqiqatına yüksək səviyyəli türkoloqlar böyük qiymət verib. Onlardan bəziləri ilə siz də tanış olun, əziz oxucular: «İlk dəfə olaraq İ.B.Kazımov belə bir xeyirxah işə qədəm qoymuş, Axısqa türklərinin dilini, bu dilin fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətlərini toplu halda öyrənməyi qarşısına məqsəd qoymuşdur. Onun belə bir mövzunu seçməsi filoloji axtarışlar və xeyirxahlıq baxımından faydalı olmaqla, böyük ərazilərdə yayılmış türk xalqlarının dilinin, qədim abidələrinin, tarix və mədəniyyətinin keçən əsrin 90-cı illərində və əsrimizin əvvəllərində öyrənilməsi ilə məşğul olan rus misionerlərinin işini xatırladır» (Qəzənfər Kazımov. Müasir Axısqa türklərinin dilinin tədqiqi. «Axısqa türkləri: dil, tarix və folklor» kitabına «öz söz»dən, s.9); «Əvvəllər olduğu kimi, bizim elmimiz üçün deyilməmiş sözü filoloq deyir. Bu söz İsmayıl Kazımova məxsusdur. Onun tədqiqatmın tarixi məlumatı dolayı şəkildə yox, məhz bilavasitə azərbaycanşünaslıqla bağlıdır. Çünki o, Zaqafqaziyanı qədim türk coğrafiyası kimi təhlil edir. Bu təhlil mənim, sənin, ya başqa bir azərbaycanlının yox, gürcünün, avropalının tədqiqatlarına söykənir. Gürcü öz tarixi çoğrafiyasım havadan türkün ayağına yazarmı? Gör, fakt nə qədər qaçılmazdır ki, gürcü bu qədim gürcü çoğrafiyasında türkün məskunluğunu etiraf edir. Və deməli, bu tədqiqat göstərir ki, Azərbaycan da daxil olmaqla qədim Zaqafqaziya tarixi türk kontekstindən kənarda tarix deyil…İsmayıl Kazımovun tədqiqatı həm qafqazşünaslığa, həm də türkologiyaya başqa bir aydınlıq da gətirir. Adətən tarixçilər hesab etmişlər ki, türkün Sibirdən-Altaydan Avropaya axını-hərəkəti iki məcra ilə getmişdir: Xəzərin şimalından, Qafqazın şimalı boyunca və Xəzərin cənubundan, Anadolu boyunca. Fikir belədir ki, şimaldan qıpçaqlar, cənubdan Oğuzlar axını etmişlər. Bunu təsdiqləyən göstəricilər də var: şimal yolu boyunca başqırdlar, qazan tatarları (əskidə bolqar adı ilə), qumuqlar, qaraçaylar, balkarlar, Ukrayna və Bolqarıstan türkləri; cənub yolu boyunca türkmənlər, Azərbaycan, Anadolu və Balkan türkləri. (AMEA-nın həqiqi üzvü, prof. Tofiq Hacıyevin rəyindən); «İ.Kazımov doğru olaraq, əvvəlcə bu xalqın tarixən məskunlaşdığı Axısqa bölgəsinin geostrateji cəhətlərini, «tayfalar qapısı» olmasını, türk axınlarının- qıpçaqların, hunların, oğuzların bu bölgədən keçib getdiyini, indi həmin etnosların Axısqa toponimlərində izlərinin qaldığını tarixi mənbələrə və faktlara əsaslanaraq göstərmişdir. O, axısqalıların mənşəyi üzərində dayanmış, həmin məsələ haqqında düşünərkən 3 faktoru (istifadə olunan dil, mədəniyyət və fiziki-antropoloji əlamət) əsas götürmüş, onların qıpçaqlara oxşadığını əsaslandırmışdır» (Prof. Mübariz Yusifovun rəyindən); «İ.Kazımovun tədqiq etdiyi bu mövzu mənim diqqətimi bir neçə cəhətdən cəlb etdi: xeyirxahlıq və filoloji axtarışlar baxımından; deportasiyalara dəfələrələ məniz qalmış kiçik bir türk etnosunun mübahisəli tarixini, mənşəyini öyrənmək baxımından; axısqalıların tarixi təşəkkülündə aborigen və gəlmə türklərin rolunu müəyyənləşdirmək baxımından; etnik müxtəlifliyin mövcud olduğu bir şəraitdə müxtəlif etnosların Axısqa toponimlərində qorunub saxlanması qanunauyğunluqlarının aşkar olunması baxımından; dilin fonosemantik sisteminin müəyyənləşməsində, təşəkkülündə fonetik qanun və hadisələrin həlledici rolunu üzə çıxarmaq baxımından…» (Prof. Nizami Xudiyevin rəyindən); «Müəllif Axısqa türklərinin dilinin təkcə fonetik, leksik və qrammatik səviyyələrini deyil, eyni zamanda həmin xalqın etnik tarixini, mənşəyini, etno-siyasi və etno-coğrafi istiqamətlərini də tədqiqata cəlb etmiş, dərin məzmunlu bir əsər yazmışdır ki, bu da digər azsaylı, haqsızlıqlarla üzləşmiş kiçik xalqlann hərtərəfli öyrənilməsində istifadə oluna bilər» (AMEA-nın müxbir üzvü Əbülfəz Amanoğlu və professor Yavuz Axundovun rəyindən); «Tədqiqatçı axısqalıların yaşadığı ərazilərin adlarını onların etnolinqvistik yaddaşı kimi qiymətləndirir. O göstərir ki, axısqalıların toponimik sistemindəki bir çox coğrafi adlar uzun tarixi təkamül yolu keçməklə yanaşı, aid olduğu etnosun və mövcud olduğu ərazinin, tarixən bu yerlərdə baş vermiş ictimai-siyasi hadisələrin bir sıra spesifik cəhətlərini əks etdirmiş və bunlar da toponimik vahidlərin formalaşmasına müəyyən zəmin yaratmışdır» (Prof.Roza Eyvazovanın rəyindən); «İ.Kazımovun türk toplumları içərisində qədim dil ənənələrini qoruyub saxlayan mesxeti türkləri barədə yazısı diqqətimi cəlb etdi. Mən özüm də bu mövzuda araşdırmalar aparmaq fikrindəyəm» (Nyu-Yorkdakı Dünya Dillərinin Tədqiqi İnstitutunun antropologiya və linqvistika bölməsinin müdiri, professor Harold RJBattersbinin məktublarından); «Biz «Dünya dilləri» seriyasında kitablar nəşr edirik. İ.Kazımovun mesxetlərə aid yazılan ilə internet səhifələrində tanış oldum, məmnun oldum. Bu kitab üçün mesxet türklərinin dilindən bəhs edən oçerklər göndərməyinizi xahiş edirəm» (Prof. R.İ.Lavrov, Rusiya Akademiyasının Dilçilik intitutu). «İsmayıl hocanın ahıskalılarla ilgili araşdırmaları fövqalade önem taşıyor» (Dr.prof.Osman Uyanık. Konya Universitesi).
Beləliklə, bir çox möhtəbər alimlər, türkoloqlar İ.Kazımovun bu sahədə olan araşdırmalarını yüksək qiymətləndirirlər.
İ.Kazımov həm də müqayisəli türkologiya üzrə tanınmış mütəxəssisdir. O, bu sahədə ixtisaslaşdırılmış Müdafiə Şurasının üzvüdür. Mütəxəssislər və tələbələr üçün proqram və dərsliklər hazırlayıb: «Müasir türk dillərinin müqayisəli fonetikası. I cild, Bakı, 2011; «Müasir türk dillərinin müqayisəli leksikası. II cild, Bakı, 2010; «Müasir türk dillərinin müqayisəli morfologiyası». III cild, Bakı, Elm, 2019.
İ.Kazımov Beynəlxalq konfrans və simpoziumlarda tez-tez iştirak edir. Maxaçkalada, Aşqabatda, Bişkekdə, Rizedə, Ankarada, İstanbulda, Kievdə və başqa şəhərlərdə keçirilmiş elmi tədbirlərə İsmayıl müəllim də dəvət olunmuş və orada doğma Azərbaycanımızı layiqincə təmsil etmişdir.
İ.Kazımov hazırda dünyada yaşayan azsaylı, deportasiya məruz qalmış, haqları tapdalanmış türklərin dili, tarixi, folkloru, mədəniyyətləri haqqında tədqiqatlar aparır. O, İran türkləri, Ukrayna türkləri, Keçmiş SSRİ ərazisində yaşayan türklərin dili haqqında mətbuatda maraqlı yazılar çap etdirir.
Professor İ.Kazımov respublikada dilçi kadrların hazırlanmasında da yaxından iştirak edir. 10-a yaxın elmlər namizədi və doktoru hazırlamışdır. Onlara rəhbərlik etmişdir.
O, xeyli dissertasiya işlərinin opponeti də olmuşdur.
İ.Kazımov bir çox kitabların redaktoru və rəyçisidir.
İ.Kazımov təkcə dilçiliklə, türkologiya elmi ilə məşğul olmur. O, müasir ədəbi prosesi də izləyən tədqiqatçılarımızdandır. O, bədii dil məsələləri ilə də müntəzəm məşğul olur. «Ağarəhim Rəhimovun bədii nəsrinin dil və üslub özəlliyi. Bakı, «E.L.» Nəşriyyat və Poliqrafiya Şirkəti. MMS, 2010, 202 səh; Tahir Kazımovun yaradıcılığı əsasında yazdığı «Yazıçı: müasir həyat və gerçəkliklər. «Elm və təhsil», Bakı, 2012, 136 səh.) kitabları da oxucu və mütəxəssislər tərəfindən maraqla qarşılanmışdır. Sonuncu kitaba «öz söz» yazmış professor İsmayıl Məmmədlinin fikrincə, filologiya elmləri doktoru, professor İsmayıl Babaşoğlu Kazımov təkcə dilçilik elmi ilə məşğul olmur, onun eyni zamanda ayrı-ayrı yazıçılar haqqında, onların əsərlərinin təhlilinə həsr edilmiş xeyli sayda yazıları vardır. İ.Kazımovun təqdimatında, təhlilində hər bir roman və povest dərindən saf-çürük edilir, əsl qiymətini alır, o, yazıçının əsərlərində müşahidə etdiyi ədəbi-bədii hadisələri, dil-üslub yeniliklərini müəyyənləşdirir. Obraz və personajların həyatiliyini, fərdi hərəkət və nitq fəaliyyətini açıb göstərə bilir. Yeri gələndə bir dilçi kimi bədii dilin və üslubun çatışmayan cəhətlərini də aşkar edir və öz münasibətini bildirir. Onun təhlillərindən aydın olur ki, bədii əsərlər yalnız hadisələrin forma-məzmun toplusuna çevrilməməli, eyni zamanda dil-üslub təkamülü də müəyyənləşdirilməlidir. Çünki «bədii əsərdə dil yalnız öz məntiqi ifadə vasitəsilə deyil, eyni zamanda öz şəkli, zahiri təsiri, ahəngdarlığı və musiqisi ilə də yazıçının fikri ifadəsinə yardım edir».
1988-ci ildən İ.Kazımov qeyd edilən institutun Türk dilləri şöbəsində elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi vəzifələrində və 2014-cü ildən «Müasir Azərbaycan dili» şöbəsinin müdiri seçilmişdir.
80-ci illərdə İsmayıl Kazımov Dilçilik İnstitutu «Türk dilləri» şöbəsinin dissertantı olmuş, Akademik M.Şirəliyevin rəhbərliyi altında «Oğuz qrupu türk dillərində yarımçıq cümlə» (1987) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sonra araşdırmalarını davam etdirərək, ilk dəfə olaraq Axısqa türklərinin dili, mədəniyyəti, folkloru və tarixi ilə məşğul olmuş, bu mövzuda kompleks tədqiqatlar aparmış, doktorluq dissertasiyası müdafiə etmişdir. Həmin mövzuda dünyanın bir çox ölkələrində keçirilmiş konfrans və simpoziumlarda fəal iştirak etmiş və tanınmışdır.
İ.Kazımov 2002-ci ildə Bakı Dövlət Universitetinin nəzdində olan Müdafiə Şurasında «Axısqa türklərinin dili» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2012-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyası ona Professor attestatı vermişdir (Bakı PR № 01148,2012)
İ.Kazımov ailəlidir, 2 qızı və 1 oğlu vardır. 5 nəvəsi var. Qızları pedaqoji sahədə çalışırlar. Oğlu Cahid Kazımov elmi və pedaqoji işlə məşğuldur, filologiya elmləri namizədi, dosentdir. O, son illər diaspora fəaliyyəti ilə məşğuldur.
İ.Kazımov türkologiyanın digər sahələri ilə də bağlı araşdırmalar aparmışdır. Onun İran, Anadolu, Sibir, Ukrayna türklərinin folkloruna, dilinə həsr etdiyi məqalələr müəyyən maraq kəsb etmişdir.
Alim universitetlərin filologiya fakültələri üçün xeyli sayda proqramlar da tərtib etmişdir. «Azərbaycan fonetikasının nəzəri əsasları», «Türk dilçiliyinin nəzəri qrammatikası», «Türk dilçiliyinin nəzəri problemləri», «Türk dilinin leksikologiyası», «Türk dillərinin müqayisəli qrammatikası», «Azərbaycan ədəbi dili tarixi», «Qədim türk dilləri» və s.
İ.Kazımov Azərbaycan dilçiliyinin işlənməmiş sahələri ilə də məşğul olan alimlərimizdəndir. O, «Azərbaycan dilinin morfosintaksisi»,«Azərbaycan dilinin intensivlik qrammatitkası», «Azərbaycan dilinin funksional sintaksisi» (Söyləm), «Azərbaycan dilinin yeni tip qrammatikaları», «Azərbaycan dilinin assosiativ qrammatikası», «Azərbaycan dilinin koqnitiv leksikologiyası», «Azərbaycan dilinin funksional leksikologiyası» mövzularında da məqalələr çap etdirmiş və kitablar üzərində çalışır.
İ.Kazımov başqalarından fərqli olaraq tədqiqatlarında insan amili faktorunu, antroposentrik yanaşmanı üstün tutur.
Müasir Azərbaycan dili şöbəsi əməkdaşlarının serial məqalələr toplusu onun elmi redaktorluğu altında nəşr edilir. Azərbaycan dilində nitq etiketləri (Məqalələr toplusu) «Orxan» NRŞMMC, Bakı, 2016, 144 s.; Azərbaycan dilinin semantikası və ikinci nominasiya məsələləri (Məqalələr toplusu), Bakı, «Elm və təhsil», 2018, 148 s.
«Axısqa toponimləri» (Bakı, 2001) kitabında İ.Kazımov iki mühüm məsələni — Axısqa toponimləri və Axısqa-gürcü dil əlaqələri məsələlərini ön plana çəkmişdir. Tədqiqatçı axısqalıların yaşadığı ərazilərin adlarını onların etno-linqvistik yaddaşı kimi qiymətləndirir. O göstərir ki, axısqalıların toponimik sistemindəki bir çox coğrafi adlar uzun tarixi təkamül yolu keçməklə yanaşı, aid olduğu etnosun və mövcud olduğu ərazinin, tarixən bu yerlərdə baş vermiş ictimai və siyasi hadisələrin bir sıra spesifik cəhətlərini əks etdirmiş və bunlar da toponimik vahidlərin formalaşmasına müəyyən zəmin yaratmışdır.
Bu kitabda müəllif axısqalıların danışıq dilində özünü göstərən gürcü substratlarının (kuç-mədə, tuç-dodaq, tün-beyin, menz-omba və s.) struktur-semantik inkişafını da izləmişdir. Həmin substratlar gələcəkdə türk-gürcü dil əlaqələrinin hərtərəfli şəkildə öyrənilməsi üçün böyük əhəmiyyət daşıyacaq.
İ.Kazımovun tədqiqatlarında, ümumiyyətlə, «Türk- Çin dil kontaktları və onun tarixi kökləri», «Türk-Monqol leksik paralelləri», «Türk-Slavyan dil kontaktları», «Türk-Koreya tarixi-mədəni kontaktları», «Türk-Dağıstan dil kontaktları» (bax: müəllifin kitabına: «Müasir Türk dillərinin müqayisəli leksikası» (II cild, Bakı, 2010, s.296- 353) əsas yerlərdən birini tutur. Bu yazıların hər birini təhlil etmək imkan xaricindədir. Amma belə bir nəticə çox dəyərlidir: «…əgər Oğuz türkləri ilə koreyalıların ümumən mədəni irsini ortaya çıxarsaq, türk xalqları ilə Koreya arasında qarşılıqlı anlaşmanı dərinləşdirə bilərik. Türkiyədə Koreyaya Kanka (kan kardeşi) kimi yanaşılır. Şübhə yoxdur ki, bu hadisə digər türk dövlətlərinə də yayıla bilər, çünki onlar da Oğuz türklərinin xələfləridir. Məsələlərin bu şəkildə inkişafı türk dövlətləri ilə Koreya arasında əlaqələrin daha da yaxınlaşmasına imkan verəcəkdir.
O, «Azərbaycan dilçiliyi müntəxəbatı» (III cild, Bakı, 2003) kitabında Azərbaycan dilçiliyi tarixinin XX əsrin 60-cı illərindən günümüzə qədər olan mərhələsini tədqiqat obyekti seçərək, Ə.Abdullayevin, M.Adilovun, V.Aslanovun, A.Axundovun, H.Bayramovun, Z.Budaqovanın, Ə.Cavadovun, A.Ələkbərovun, T.Hacıyevin, M.Qasımovun, M.Qarayevanın, A.Qurbanovun, A.Məmmədovun, V.Məmmədəliyevin və Y.Seyidovun əsərlərinə qiymət verir, eləcə də onların ən yaxşı əsərlərindən parçaları təqdim edir.
Azərbaycan dilçiliyində dilimizin funksional qrammatikası sahəsində çox az tədqiqatlar aparılır. Bunu nəzərə alaraq İ.Kazımova tapşırılmış “Söyləm və onun funksiyaları” tədqiqat işi yeniliyi ilə diqqəti cəlb etməkdədir. Müəllif dilimizdə söyləmin işlənilməsində özünü göstərən ümumi funksional qanun və qanunauyğunluqları aşkar etmiş, söyləmin adlandırma, kommunikativ- praqmatik, qrammatik-sintaktik, psixolinqvistik, mətn-yaradıcı, koqnitiv-dərketmə, terminoloji və s. funksiyalarını dərindən araşdırmış və bu tipin spesifik xüsusiyyətlərini dəqiqləşdirmişdir.
Doğrunu danışıb, düzgünü desək, gərək İsmayıl Kazımovun alimliyini də, insanlığım da etiraf edək. İsmayıl Kazımov adı ilə təqdim olunan «Kimliyin təsdiqi» artıq etiraf olunub. Ədəbi-elmi ictimaiyyət tərəfindən. Tanınmış elm adamlarının, müasirlərinin İ.Kazımov haqqında düşüncələri göstərir ki, dədə-baba diliylə desək, o, papağını günə havayı yandırmayıb. Təqdim olunan yazılar onu kifayət qədər qabarıq göstərə bilir: görünən və görünməyən tərəflərilə.
…İndi İsmayıl Kazımov ən çox türkologiya sahəsində kifayət qədər tanınan və öz sözünü, öz məntiqini ədəbi-elmi ictimaiyyətə diktə etmiş tədqiqatçıdır. Onun istər namizədlik, istərsə də doktorluq işlərinin vəzni, çəkisi, elmi düşüncədə yeri sahəyə bələd olanlara yaxşı məlumdur.
…Kimliyin təsdiqi. Bu, İsmayıl Kazımov möhürüdür – açıq alınla, böyük ürəklə yaşamağın, yaratmağın möhürü! (Əlirza Xələfli. «Kimliyin təsdiqi» adlı məqalədən, 25 sentyabr 2015-ci il, s. 1-16)
Tənqidçi-professor Qurban Bayramov: İsmayıl istedadlı gənclərin pasibanıdır – onun elmi rəhbərliyi ilə neçə-neçə gənc alimlik statusuna yiyələnibdir, dərs dediyi tələbələrin sevimli müəllimidir. Elm sahəsində olduğu təkin, ədəbi-tənqid istiqamətində də maraqlı nəticələr əldə edibdir İsmayıl Kazımov! Mən bir dəfə yazmışdım ki, İsmayıl Kazımov yeni dövrün dilçi tənqidçilərindəndir. Necə ki, Tofiq Hacıyev, Qəzənfər Kazımov, Aydın Məmmədov, Kamal Abdulla, Kamil Vəliyev, Nizami Cəfərov bu yeni-dilçi-tənqidi tipinin tanınmışlarındandırlar, o eləcə də bu pladeyanın indiki vaxtda davamçısıdır… Beləliklə, o, universal yaradıcılıq tipinə məxsus ziyalıdır… («İstedadını zəhmətlə cilalayan qələm dostumaz» adlı yazıdan).
«Əsas ünvan — professor Kazımov. İ.Kazımovun bələ TEC-də etdiyi məruzələri belə, öz orijinallığı və aktuallığı ilə digərlərindən seçilirdi. Dilçilikdə kifayət qədər öyrənilməmiş mövzular üzərində işlərdi. İsmayılı başlanğıcdan filoloji elmin yeni, az işlənmiş sahələrinə istiqamətləndirən prof. Q.Kazımov olmuşdur. Onun elmi fəaliyyətinin sonrakı inkişaf mərhələlərində də, məhz, Q.Kazımov müəyyən qədər rolu olmuşdur. Bunu İsmayıl müəllimin özü də fəxarətlə, qürurla etiraf edir və müəllimimizi qədirşünaslıqla özünə ustad sayır…
…mənbələrdən istifadə imkanlarının məhdudluğu və bəzi başqa səbəblərdən kənddə müəllim işləyərək, dissertasiya müdafiə etməsi İsmayıl müəllimin, doğrudan da böyük uğuru və o zamanlar da, indi də az-az təsadüf edilən bir hadisə idi…
Dəyərli əsərləri onu bir çox ölkələrdə — Türkiyədə, Orta Asiyada, Qırğızıstanda, Rusiyada, Ukraynada, Gürcüstanda, İranda tanıtmış və məşhurlaşdırmışdır. O, dünya və Azərbaycan alimləri tərəfindən (R.Lavrov, Ə.Amanoğlu, Y.Zeyrek, E.Şahin, T.Hacıyev, Q.Kazımov və b.) Axısqa türklərinin dili və ədəbiyyatı üzrə ilk və ciddi mütəxəssislərdən biri kimi qəbul edilir və onun əsərləri qırğız dilinə də tərcümə olunaraq çap olunmuşdur. R.Lavrov Axısqa türkləri adlı etnosun varlığını, məhz, İ.Kazımovun tədqiqatlarının dünyaya tanıtdığı qənaətindədir. «Qayğıkeş» sözü İsmayıl müəllimin övladlarına olan münasibətini, zənnimcə, tam qapsamır-o, övladlarının yolunda hər cür əziyyətə qatlaşan və bundan yorulmayan, əksinə zövq alan çox dözümlü bir valideyndir, (tələbə dostu, Aslan Salmansoy)
«Sözün gücü onun düzlüyündə və səmimiliyindədir. Diqqət yetirmişəm, onun danışığında da, yazılarında da məhz bu keyfiyyətlər mövcuddur» (G.İsayeva, tələbə yoldaşı)
«Əzizim, İsmayıl! Dil elə bir fenomen, elə kodlaşmış yaddaş xəritəsidir ki, ona əsl müsəlmanlar müqəddəs Qurani-Kərimə yanaşdıqları kimi yanaşmaq lazımdır. Mən 40 ildir ki, ilmələri oğuz türkcəsi olan Azərbaycan dilində yazılmış bədii ədəbiyyatla təmasda olan peşəkar tənqidçi və nəzəriyyəçi ədəbiyyatşünasam.
Həmişə Azərbaycan türkcəsi ilə məşğul olan dilçilərə – Bəkir Çobanzadəyə, Muxtar Hüseynzadəyə, Məmmədağa Şirəliyevə, Səlim Cəfərova, Nəsir Məmmədova, Əbdüləzəl Dəmirçizadəyə, Ağamusa Axundova, Əlövsət Abdulayevə, Yusif Seyidova, Fərhad Zeynalova, Tofiq Hacıyevə, Qəzənfər Kazımova… və şəxsən sənə, dostum İsmayıl Kazımova qibtə eləmişəm. Adlarını çəkdiyim dilçilərin bəziləri 1972-1977-ci illərdə mənim müəllimin olub.
Əzizim, İsmayıl!
Sən xoşbəxtsən ki, ömrünü xalqın və millətin varlığını əks etdirən, onun kimliyini, onun özünə və bütün dünyaya bəyan edən ana dilimizin tədqiqinə və təbiliğinə həsr etmisən. Sənin övladların, xanımın xoşbəxtdirlər ki, hər gün öz doğma evinə gələn İsmayıl Kazımov nəcib ailəsinə cürbəcür əşyalarla bərabər ana dilinin ətrini də gətirir.
Əzizim, sən elə nəcib insan, zərif ruhlu, təvazökar və təmənnasız ziyalısan ki, hələ əlindən bir dənə də olsun şəkilçi yerə düşüb sınmayıb. Çünki ömrünü həsr etdiyin ana dilimiz- türkcənin oğuz qrupuna mənsub kök və şəkilçi əsasında yaranan dilimiz sənin kimi kökü olan alimlərin ürəyinin başında boy atır. (Nizaməddin Şəmsizadə. Dilimiz, millətimiz, dövlətimiz. Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor, «Ədəbiyyat» qəzeti, 10 oktyabr2015-ci il, s.13).
Filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun tədqiqatlarının mühüm bir hissəsi müasir turk dillərinin müqayisəli təhlilinə həsr edilmişdir.
Ümumiyyətlə, dillərin müqayisəli öyrənilməsi dilçilik elminin üstün sahələrindən sayılır. Bu həm çətin, həm də maraqlı bir sahədir. Geniş üfiqlər açılır bu sahənin axtarışına düşəndə.
Türk dillərinin müqayisəli öyrənilməsi ən böyük dil ailələrində fonetik, leksik və qrammatik universaliyaların müəyyənləşdirilməsi, eyni zamanda, bu dillərin özündə mövcud olan bir sıra mühüm, aktual məsələlərin həlli üçün böyük imkanlar yaradır. Bu baxımdan fonetik, qrammatik və leksik sistemdə mövcud dil hadisələrinin, faktlarının qohum türk dillərinin materialları əsasında araşdırılması böyük önəm kəsb edir. Çünki bu yə ya digər problemin kontrastiv, konfrantativ tədqiqi hər bir dilin özünəməxsus cəhətlərinin, eləcə də müxtəlif dillərin tipoloji xüsusiyyətlərinin sinxron təsvirinə kömək edir.
İ.Kazımov 20 ildən çoxdur ki, müasir türk dillərinin elmi və bədii materiallarını toplamaqla məşğuldur. O, hər bir dil vahidini qarşılaşdırmaq və müqayisə etmək üçün topladığı materialları qruplaşdıraraq sistemə salmış və nəticədə 4 hissədən ibarət «Müasir türk dillərinin müqayisəli fonetikası», «Müasir türk dillərinin müqayisəli leksikası», «Müasir türk dillərinin müqayisəli morfologiyası» və «Müasir türk dillərinin müqayisəli sintaksisi» kitablarını yaza bilmişdir.
Alimin fikrincə, türk dillərinin leksik və qrammatik quruluşlarında bir-biri ilə tam eyniyyət təşkil edən əlamətlərin varlığı inkaredilməzdir. Əlbəttə, həmin dillərin fonetik, qrammatik ve leksik sistemlərindəki morfoloji, leksik və sintaktik mənalar türk xalqlarının uzunmüddətli tarixi-mədəni və dil əlaqələrinin interferativ nəticəsi kimi təhlil oluna bilər.
Ayrı-ayrı dil hadisələri yalnız bir dilin faktlarına söykənərək öyrənilə bilər, amma lazım olan effekti, nəticəni verə bilməz. Türk dillərini də bir-birindən ayırmaq, ayrıca tədqiq etmək, alimin nöqteyi-nəzərincə, müsbət irəliləyişlər əldə etmək çətinliyi yarada bilər. Qohum dillərdən təcrid olunmuş formada tədqiq edilən dil öz tarixi keçmişindən məhrum olunduğu kimi, uzaq gələcəyə də gedib çıxa bilməz. Hər hansı bir ana dilinin təşəkkül tarixini, ədəbi- mədəni irsini ona qohum xalqların tarixindən və dilindən ayrılıqda götürülmüş halda tədqiq edə bilmərik.
Sözügedən kitablarla tanış olduqca İ.Kazımovun çəkdiyi əziyyətlərin şahidi olursan, bir var bir dili tədqiq edsən, bir də var 30-a yaxln müasir türk dillərini bir-biri ilə qarşılaşdırasan. Bizə elə gəlir ki, türkoloq-alim, hər şeydən əvvəl, dərindən müqayisə aparmaqla qohum dillərdəki dil hadisələri və faktları arasında ən müxtəlif əlaqələri müəyyənləşdirə bilmişdir. Əlbəttə, müqayisənin əsas funksiyası əşya və hadisələr arasında ümumi cəhətləri müəyyən etmək, fərqli əlamətləri ayırmaqdan ibarətdir. İ.Kazmıovun bu yöndə olan tədqiqatları göstərir ki, mənşəcə qohum olan dillər özünəməxsus qanunlar və qanunauyğunluqlar çərçivəsində inkişaf prosesi keçirir. Onların müqayisə edilməsi ana dilinin müxtəlif məzmun və ifadə vasitələrinin (dilin məzmun və ifadə planı) aşkar edilməsinə, bugünə qədər ana dilində diqqəti cəlb etməyən müxtəlif və potensial dil incəliklərinin görünməsi və dərk edilməsinə imkan yaradır.
Bu cəhətdən İ,Kazımovun tədqiqatlarına qiymət versək, həmin əsərlər antroposentrik yanaşma baxımından çox aktual görünür. Çünki hazırda rus-Avropa tədqiqatçıları linqvistik tədqiqatlarında bu yanaşmaya üstünlük verir, dünyanın dil mənzərəsini insan amili ilə əlaqələndirərəək ətraf aləmin dərkinə çalışırlar. Daha doğrusu, hər bir tədqiqat insanların nitq prosesininin yaxşılaşdırılmasına yardım göstərməlidir.
Türkoloq-alim müqayisənin əsas mahiyyətini başa düşərək dil hadisələri arasında oxşar və fərqli cəhətləri müəyyən qanunauyğunluqlar çərçivəsində aşkar edir. Konkret əyani təfəkkürlə mücərrəd təfəkkürün birgə fəaliyyəti öyrənildikcə praktik və nəzəri düşüncə də inkişaf edib yetkinləşir. Əsaslı müqayisə aparmadan isə tədqiq edilən dillər, onların sistemi haqqında düşüncənin dərinləşdirilməsi və zənginləşdirilməsi çox çətindir. Yaxşı haldır ki, İ.Kazımov hər hansı bir dil hadisəsini öyrənmək istərkən ümumtürk, areal və individual (fərdi) xüsusiyyətləri (qədim abidələrlə müqayisədə) nəzərə alır, uyğunluqları və ayrılan cəhətləri axtarıb tapır. Ona görə də bu tədqiqatlarda sistem var. Sistem isə bizi əhatə edən obyektiv aləmdə əşya və hadisələr arasında əlaqənin dildə əksi, həm də insan düşüncəsinin sistemləşdirmə fəaliyyətinin məhsulu kimi ortaya çıxır.
O, məsələn, müasir türk dillərinin leksikologiyasmı inkişaf etdirmək üçün bütün lüğət materialını sistemləşdirmiş və siniflərə, yarımsiniflərə, semantik sahələrə, leksik-semantik, tematik, kommunikativ qruplara və s. bölmüş və bundan sonra onlara xas olan xüsusiyyətləri öyrənmişdir.
Müəllifin fikrincə, dilin lüğət tərkibi insanın həyat və fəaliyyətindəki bütün hadisələrə həssaslıqla və bilavasitə səsləşir, yeni yaranmaqda olan nə varsa, hamısını təsbit edir. Başqa türkoloqlar kimi (K.Musayev, Q.Musabəyov və b.) kimi İ.Kazımov da müasir türk dillərinin leksik xüsusiyyətlərini dərindən araşdırarkən bu leksikanın areallarının təyin edilməsini başlıca vəzifə sayır. Bu zaman dillər arasında leksik diferensiasiya da meydana çıxır. Məsələn, ayrıca leksik arealın təyin olunması nəticəsində qoyun sözünün koy (qazax), kuy (özbək), xoy (xakas, tuva) və s. leksik arealları üzə çıxa bilir. Bu cür müəyyənləşdirmənin, yanaşmanın, hər şeydən əvvəl, etnolinqvistik aspektləri marağa səbəb olur. Bu aspektlər eyni əşya adının oğoz, qıpçaq və digər areallarda fərqli xüsusiyyətlərini də dəqiqləşdirir. Leksik arealın müəyyənləşdirilməsi leksik vahidin arxetipini də (koy) ortaya qoyur.
Bu yöndə İ.Kazımovun araşdırmalarından bəlli olur ki, müqayisəli tədqiqat prosesində ehtiyac duyulan dil materialları xarakter etibarı ilə 3 cürdür: 1) türk dilləri ilə əlaqələndirilməsi bilavasitə tələb olunan dil materialları; 2) ayrı- ayrı türk dillərinin spesifik xüsusiyyətlərinin öyrənilməsi üçün imkan yaradan dil materialları; 3) türk dillərində işlənən spesifik qrammatik-leksik xüsusiyyətlərin Azərbaycan dilindəki fərqli və ya fərqli olmayan əlamətlərini öyrənmək və öyrətmək üçün istifadə olunan dil materialları.
İ.Kazımov doğru hesab edir ki, türk dillərinin müqayisəli tədqiqi türkologiyanın sahələrindən biri kimi həmişə aktualdır və bu sahənin bütün atributları türkologiyanın ümumnəzəri kontekstində aydınlaşdırılmalıdır.
Dillərin sistem və quruluşunu öyrənən dilçi yalnız ciddi və xronoloji müəyyənliklə əsaslanan qanunlarla deyil, böyük zaman kəsiyini əhatə edən ənənə və dildə baş verən hadisələrlə, proseslərlə bağlı nəticələr çıxara bilmişdir. (İlham Məmmədli. filologiya elmləri namizədi, dosent, «Bütöv Azərbaycan» qəzetinin redaktoru)
«Çağdaş Azərbaycan dilçiliyi bugünkü inkişaf səviyyəsinə birdən-birə gəlib çatmamışdır. O, mürəkkəb və çətin bir yol keçmişdir. Dilçiliyimizdən-onun görkəmli, ləyaqətli nümayəndələrindən danışarkən bu günümüzə qədərki elmimizin bir neçə nəslə bölünməli olan nümayəndələrini göstərməliyik. Filologiya elmləri doktoru, prof. İsmayıl Kazımov böyük dilçi olan, dünya şöhrətli akad. Məmmədağa Şirəliyevin yetirmələrindən biridir. İ.Kazımovun elmi yaradıcılığı zəngin, çoxşaxəli, dəyərli və mövzu dairəsi etibarilə olduqca geniş və əhatəlidir. Onu tədqiqat və maraq dairəsinə, mövzu və istiqamətinə görə türkoloji dilçilik, müasir Azərbaycan dili, onomastika, leksikologiya, funksional qrammatika və b. sahələrə ayıra bilərik. Prof.İ.Kazımovun çoxsaylı və sanballı araşdırmalarını, monoqrafiyalarını, elmi-nəzəri mülahizələrini dilçiliyimizin ən dəyərli nümunələri səviyyəsində qəbul etmək doğru olardı. (İsmayıl Məmmədli, filologiya elmləri doktoru, professor).
«İ.Kazımovun belə bir mövzunu (Axısqa türklərinin dili) seçməsi filoloji axtarışlar və xeyirxahlıq baxımından faydalı olmaqla, böyük ərazilərdə yayılmış türk xalqlarının dilinin, qədim abidələrinin, tarix və mədəniyyətin keçən əsrin 90-cı illərində və əsrimizin əvvəllərində öyrənilməsi ilə məşğul olan rus misionerlərin işini xatırladır» (Qəzənfər Kazımov, professor)
«Azərbaycan dilçilik elminin tanınmış nümayəndəsi, istedadlı alim, professor İ. Kazımov mənim yaxın dostumdur. Hörmət bəslədiyim dostlarımdan biridir. O, özünün yüksək mədəniyyəti, gözəl əxlaqı, davranışı ilə, ünsiyyətilə hörmət qazanmışdır. O, dilçilik elminin inkişafnda əvəzsiz xidmətlər göstərmişdir. İstər Azərbaycanda, istərsə də vətənimizin hüdudlarından kənarda onun yazdığı elmi işlər, çap etdirdiyi monoqrafiyalar ona dərin hörmət qazandırmışdır.
O bugün çalışdığı AMEA-nm Dilçilik İnstitutunda səmərəli elmi fəaiyyəti ilə yanaşı, gərgin elmi axtarışları onu Azərbaycan dilçilik məktəbinin ön sırasına çıxarmış, öz həmkarları arasında hörmət və nüfuz sahibi kimi olmasında böyük rol oynamşdır.
İsmayıl müəllim şəxsiyyət kimi də alicənab, təvazökar, onu tanıyan hər bir kəsə təmənnasız kömək etməyə çalışan bir ziyalıdır. Ona yaradıcılıq uğurları arzulayıram (Şair-publisist Vəliyulla Novruz)
«İsmayıl müəllim, siz tərbiyənizə, əxlaqınıza və savadınıza görə hər zaman tarixdə, əbəbiyyatda qalmağa layiqsiniz. Bunu sizə yaxından bələd olan tələbəniz kimi deyirəm ( Tü K N.Kərimova)
«İsmayıl müəllim, Siz tələbələrinizin yaddaşında öyrədən və sevilən pedaqoq olaraq yurd saldınız. Bu geniş yurdunuz mübarək olsun! (Taleh Rüstəmov)
«Mən Sizin qələminizin vurğunuyam. Elmi yazılarınız müəllim kimi öyrədir, publisistik yazılarınız incə mirvari kimi süzülür. Allah həmişə sizin kimi qənimət alimlərimizə kömək olsun» ( Zülfiyyə İsmayıl, filologiya elmləri namizədi)
«Cəbrayıl Rayon İcra Hakimiyyətinin xətti ilə Biləsuvar qaçqın qəsəbəsində vaxtaşırı müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdə yaxından iştirak edən İsmayıl müəllim doğma yurd yerlərindən didərgin düşmüş qaçqın və məcburi köçkün ailələri tərəfindən maraqla qarşılanmışdır. İsmayıl müəllim doğma Cəbrayılımızın qədim tarixindən, yurd yerlərindən, həmin yerlərin yetişdirdiyi işıqlı və nurlu şəxsiyyətlərindən, yaradıcı adamlarından, toponimlərindən danışmaqdan doymur. 27 ildən çoxdur ki, düşmən tapdağına çevrilən, əhalisinin respublikamızın müxtəlif bölgələrinə səpələnən cəbrayıllıları İsmayıl müəllim çox sevir və şahidiyəm ki, respublikamızın müxtəlif bölgələrinə səfər edərkən o, məcburi köçkünləri axtarıb tapır və onların dərd-sərlərinə şərik çıxır, tezliklə soydaşlarımızın doğma el-obalarına dönəcəkləri barədə onlarda böyük inam, əminlik və ümid hissləri yaratmağa çalışır. Cəbrayıl torpağı İsmayıl müəllim üçün hər şeydir – atadır, anadır, müqəddəs ziyarətgahdır, varidatdır və bütün bunlar onun həyat və yaradıcılığına rəng qatır, onu rövnəqləndirir və bu böyük alimi yeni-yeni əsərlər yazıb-yaratmağa sövq etdirir.
Əsərlərini sevə-sevə oxuduğum və maraqla qarşıladığım professor İsmayıl Kazımovun yaradıcılığında düşüncə diapozonu həmişə məni heyrətə gətirib. O, Azərbaycan dilinin, o cümlədən, türkologiyanın aktual problemləri qaldırdığı məsələlərin nüvəsində onun böyük zəhməti dayanır və o, böyük əzab-əziyyətlərə qatlaşaraq bizim üçün ən kiçik görünən dil faktlarına söykənərək ən ali, ən incə məsələləri dərin elmi təhlillər vasitəsilə ustalıqla çatdırır və bu yaradıcılıq keyfiyyətlərinə görə İsmayıl müəllim sevilməyə və təqdir edilməyə qadir olan bir şəxsiyyətdir. Elmi işçini elmi rəhbəri yetişdirir, bir də onun məşğul olduğu mövzu. İsmayılın elmi rəhbəri böyük alim, akademik M.Şirəliyev olub» ( Mahir Səfərov, Cəbrayıl rayonu İKB- nin Soltanlı kənd üzrə ərazi nümayəndəsi).
«Deyirlər ki, insan həyatda yazıları ilə də yaşayır. Rayonda olan vaxtlar bir dostum var idi (İndi dost demək mümkünsə (ÇF) və ayağında germantik ayaqqabı, əynində şinelə oxşar bir paltar, boynu sürtülmüş köynək və dərs saatı davası üstündə o kənd sənin, bu kənd mənim deyə əsir-yesir olmuşdu).
Keçən əsrin 70-ci illərində müxtəlif mətbu orqanlarda dərc olunanlara baxıb həsəd aparırdı. İsmayılla da yaxm münasibətləri vardı. Hər gün olmasa da, həftədə səkkiz, mən doqquz yeyib-içməkləri də olurdu və bu yeyib-içən adama söhbətlər əsnasında İsmayıl onda yazı-pozu vərdişləri formalaşırdı. İndiyə kimi bu nankordan eşitmədim, deyə ki, bu çörəyi, bu pulu, bu qazancı mənə o, verib. İsmayıl bax, belə və çoxlarının karına gəlib, çoxlarına çörək verib, çoxlarını alim edib, çoxlarını jurnalistikanın çətin sirlərinə yiyələndirib, özü isə xarakter və xasiyyətində sabit qalıb, zamanın əsən sərt küləkləri onun xarakter və xasiyyətinə, demək olar ki, mənfi təsirini göstərə bilməyib.
Yaşadığımız zəmanə olduqca ziddiyyətlidir və zəmanədə pula, var-dövlətə olan maraq yazıya olan maraqdan olduqca güclüdür. Lakin buna baxmayaraq İsmayılın yazıları var-dövlətə olan marağı alt-üst etmiş, bu da onun əsərlərinin dərin elmi siqlətindən doğur» (Çapar Fərid).
«Cəbrayıldan istedadlı adamlar çox çıxır. İstedadsızı da var, təbii ki, onlar görünmür. Amma ortalığa çıxanları, İsmayıl kimi, millət üçün, elm üçün nə isə bir iş görənləri görürlər» (Akademik Ağamusa Axundov).
«İsmayıl müəllimi kənddə tanımırdım. Mətbuatdan izləyirdim. Yazılarından hiss etdim ki, bu adamın damarlarında təbii bədiilik mayası mövcuddur. Mənim şeirlər kitabıma rəy verdi, qəzetdə çap olundu, xoşum gəldi, «ön söz» də yazdı. Təhlillərində elmi mühakimə və spesifik mülahizə ilə yanaşı, bədii-emosional düşüncəni gördüm. Bir neçə düşüncə tərzi (elmi, bədii, hətta publisistik) yazıda birləşirdi. Şeiri təhlil eləmək bacarığı, ustalığı məni şair kimi sevindirdi. Sosial şəbəkələrdə də bir-birimizin statuslarına cavablar yazırıq. Bu və ya başqa uğurları professor dostumu mənim gözümdə ucaltmışdır» (İsmayıl İmanzadə, şair-publisist).
«Azerbaycanlı dil araştırmacısı İsmail Kazımovun birkaç yazısı, Ahıska Türklerinin dil ve folklor incelemelerine hasredilmiştir. Onun «Bun Türkleri: Dil ve Folklon) başlıklı yazısında, Ahıska Türklerinin kimliği, tarihi ve folkloru üzerinde durulmaktadır.
Aynı yazar tarafından kaleme alınan «Tarihi Etnik Medeniyetin Kaynakları» başlıklı makalede, Ahıska Türklerinin sürgünden uzun yıllar sonra Azerbaycana doğru göçleri ve bu ülkenin belirli yerlerinde iskanı anlatılmıştır. Bu yazıda geçen şu cümle dikkat çekicidir: «İstesek de istemesek de bu halkın talihine ortağız!»
Sayın Kazımovun bu konudakı araştırmalarını fevkalade önemli buluyoruz (Yunus Zeyrek. Ahıska Bölgesi ve Ahıska türkleri. Ankara, 2000)
«Bizim öz tarixi yükümüz var, biz onu daşımalıyıq. Azərbaycanın tarixi çəkisi-ədəbi, elmi, mədəni məzmunu onun coğrafıyasından çox-çox böyükdür. Tarixən belə olub, indi də Azərbaycan alimi yalnız öz tarixinə qapılmayıb, yardıma ehtiyacı olan qardaşını da öyrənməlidir. Bunu dövlətçiliyimizin səviyyəsi də tələb edir. İndi ictimai humanitar elmin öz qınına çəkilməli olduğu dövr deyil. İndi öz sözünü demək üçün daha «böyük qardaşın» icazəsinə ehtiyac yoxdur. Vaxtilə türkologiyanı türk dilçiliyinə çevirən rus siyasəti türklərin bir-birinin tarixinə bələd olmaq imkanından məhrum etmişdi. İndi həmin məhrumiyyət çərçivəsi sınıb, ancaq bu çərçivədən cəsarətlə çıxan filoloqlardır. Əvvəl olduğu kimi, yenə bizim elmimiz üçün deyilməmiş sözü filoloq deyir. Bu söz Kazımov İsmayıl Babaş oğlunun «Axısqa türklərinin dili» adlı doktorluq dissertasiyasıdır. O, tədqiqatını təhlil edəcəyi dilin sahiblərinin tarixindən və tarixi coğrafiyasından məlumatla başlayır. Bu məlumat iki baxımdan gərəklidir. Birinci ona görə ki, dilin tarixi kateqoriya kimi inkişafı xalqın tarixi ilə bilavsitə bağlıdır və bu dilin məzmununu qavramaq üçün həmin tarix oxuyana yardım göstərir. Yəni deyək ki, axısqalıların özləri qıpçaqdırlar, ancaq onların dilində çoxlu oğuz ünsürlərinin olması nə ilə şərtlənir. Lüğət tərkibi, xüsusilə toponimlərin mənzərəsini aydınlaşdırmaqda, ədəbi dilin ancaq folklor dili kimi mövcudluğu haqqında təsəvvürü əyaniləşdirmək üçün bu tarixi məlumat bizə bələdçilik edir. İkinci, bu xalq haqqında sistemli tədqiqatlar, tarix əsərləri azdır, onlar müxtəlif münasibətlərlə epizodlar şəklində yad olmuşlar, başqa xalqların tarixindən danışılarkən yeri gələndə onların barəsində iki kəlmə deyilmişdir. İ.Kazımov həmin epizodları və «iki kəlmələri» yığıb bir yerə gətirmiş və axısqalılar haqqında az-çox sistemli məlumat vermişdir. Bununla yanaşı, bizim üçün bir aktuallığı da ondadır ki, bu tədqiqatın tarixi məlumatı dolayı şəkildə yox, məhz bilavasitə azərbaycanşünaslıqla bağlıdır. Çünki İ.Kazımov Zaqafqaziyanı qədim türk coğrafiyası kimi təhlil edir. Bu təhlil mənim, sənin və başqa bir azərbaycanlının yox, gürcünün, avropalının tədqiqatlarına söykənir. Gürcü öz tarixi coğrafiyasını havayıdan türkün ayağına yazarmı? Gör fakt nə qədər qaçılmazdır ki, gürcü bu qədim gürcü coğrafiyasında türkün məskunluğunu etiraf edir. Və deməli, bu tədqiqat göstərir ki, Azərbaycan da daxil olmaqla qədim Zaqafqaziya tarixi türk kontekstindən kənarda tarix deyil. İ.Kazımovun tədqiqatı həm qafqazşünaslığa, həm də türkologiyaya bir çox aydınlıqlar gətirir… (Akademik Tofiq Hacıyev)
«İç üzü həqiqət olan şirin xəyallar içərisində ikən eloğlumuz İsmayıl Babaş oğlu Kazımovun filologiya elmləri doktoru alimlik dərəcəsi üzrə dissertasiya işinin müdafiəsi zamanı hələ o vaxtacan çoxları üçün «gizli, qapalı qalan» keyfiyyətlərinə bu elmi məclis iştirakçılarının heyranlığı eynimə gəldi. Cəbrayıllıq xarakteri özünü bir daha təsdiqlədi- elmi bacarığı, etikası, bir sözlə, nümunəvi insan xarakteri ilə culğalaşaraq İsmayıl müəllimə «təmiz qələbə» qazandırdı. Respublikanın tanınmış Elmi Şura üzvlərinin-dilçilərinin hamısı tərəddüdsüz bu cəbrayıllı balasına səs verdi.. Doktorluq işi üzrə apardığı tədqiqat yüksək səviyyədə öz qiymətini aldı» («Kredo» qəzetinin baş redaktoru Əlirza Xələfli).
«Doktorant öz dili ilə yanaşı, digər bir dili də mükəmməl öyrənib. İşin axısqalıların tarixi təşəkkülü ilə bağlı məsələləri məndə qəribə təəssürat yaradıb. Bu tədqiqat vasitəsilə bizim xalqın mənəvi sərvət tarixini də öyrənib. İ.Kazımovun tədqiqatı hun dövrünün etnik-dil əlamətlərini əks etdirir. Bu, təmiz dildir. Axısqalılar hun dövrünün türkləridir. Mahmud Kaşğariyə məlum olmayan bir dildir. Bu tədqiqat bilavasitə Azərbaycançılıqla bağlıdır» (Akademik Tofiq Hacıyev).
«Niyə məhz dil, dialekt yox? Ona görə ki, İ.Kazımovdan öncə, qaqauz dialekti yox, qaqauz dilini L.Pokrovskaya, başqırd dialekti yox, başqırd dilini N.K.Dmitriyev, qaraqalpaq dialekti yox, qaraqalpaq dilini A.Baskakov bu istiqamətlərdə öyrəniblər. Tədqiqatçı bu prinsipə uyğun hərəkət etmişdir» (Əməkdar elm xadimi, professor Q.Kazımov).
«Dile Aşık Bir Adam» İsmail Babaş Kazım. Onun bilimsel çalışmalarının toplam sayısı ikiyüzü keçmez. Fakat bu çalışmalar temel fıkirleri ele alır ve çok geniş kapsamlıdır» (Öner Mustafa; Ahmet B. Erçilasun).
«Burada, Axısqa türklərindən bəhs olunan yazılarda — çox dəyərli Dr. İsmayıl bəyin duyğusu üzərində zehnin və mühakimənin, sadə bir alim təmkininin üstünlüyü müşahidə olunur. Eyni zamanda həmin əsərlərdə soyuqqanlıq, birtərəflik və qayğısızlıq da yoxdur. Duyulur ki, o, milli qürur, vətəndaşlıq qayğısı və can yanğısı ilə yazmışdır.
Müəyyənlik və aydınlıq, müdriklik və sadəlik, yüksək ideyalılıq, tamlıq, bitkinlik bu əsərlərin ümumi özəlliklərindəndir. Onun müşahidə və düşüncəsi faktdan və təfərrüatlardan (detallardan) ümumiləşdirmələrə doğru istiqamətlənir, təhlil boyu yüksələn, güclənən, nəyi isə aşıla-yan və ya nədə isə razılaşmayan, məntiqli, mütəhərrik bir fikrin hərəkəti, dinamikası hiss olunur». (Arslan Kiyas. Ahıska Türkleri, Ankara, 1995: 49).
«Görkəmli türkoloq İsmayıl Kazımov üçün sevgilərlə. Əzizim İsmayıl gün olsun sənin elmi təfəkküründə aydın və qarşısı alınmaz nəhr kimi görünən Tufanın yeni zamanın tarixi gerçəkliyində özünü bütün gücü ilə göstərsin» (Əli Rza Xələfli,20.12.2013)
«Dilçilik İnstitutuna rəhbərlik etdiyim zamanlar onu potensial bilik sahibi kimi tanıdım, aspirant və dissertantlara mövzu verərkən əsasən ondan soruşardım. Yeni perspektivli mövzular təklif edirdi. Bu da məni ürəkdən sevindirirdi» (Akademik A.A.Axundov)
«Mətbuatda fəal iştirakı ilə seçilən, dil-ədəbiyyat məsələlərinə, aktual yaradıcılıq problemlərinə, elmi-bədii əsərlərə və axtarışlara dair məzmunlu mülahizələr müəllifi istedadlı alim, xeyirxah insan əziz İsmayıl Kazımova ən yaxşı duyğu-arzularla yadigar olaraq bağışlayıram». (Yaqub İsmayılov. İsi Məlikzadə-sözsərrafı, nəsr ustası. Bakı, Elm, 2007).
«Hər dəfə fikir vermişəm, danışıq üslubunu daha məntiqi, daha mükəmməl eləmək üçün dilini, ədasını dəyişir, fikrini, düşüncəsini fərdiləşdirmək, ona effektiv və elastiklik vermək istəyir» (Akademik A.Axundov)
«Tələbəm İ.Kazımovun apardığı tədqiqatda gələcək üçün xeyli materiallar var və müəllifin yenidən bu mövzuya qayıdacağı ehtimalı da ola bilər. «Axısqa etnotoponimləri; Gürcü substratları fonunda Axısqa-gürcü dil əlaqələri; Anadolu və Bursa ərazilərində yaşayan axısqalıların dil xüsusiyyətləri və s.» (Prof. Nizami Xudiyev)
«İ.Kazımovun X.Xəlilovla birlikdə böyük pedaqoq alim, görkəmli yazıçı Ağarəhim Rəhimov haqqında yazdığı bu kitab, sözün həqiqi mənasında, yazıçının bədii əsərlərində ifadə olunan xalq dilinin canlılığını əhatəli biçimdə aşkara çıxarır. Müəyyənləşdirilir ki, A. Rəhimovun bədii əsərlərinin dili sosial mühitlə həmişə rezonasdadır, həyatın hər üzü, hər cəhəti dilimizin zəngin vasitələrilə əks olunur. Həyat gerçəklikləri ədibin nəzərində təbii, canlı və aydın ifadə tərzi ilə xarakterizə olunur» (professor Fəxrəddin Veysəlli).
«Bu kitab bəlkə də bizim ədəbi anlaşmamız üçün ən dəyərli sübut-sənəddir. İsmayıl müəllim, səni həmişə sözümlə birgə, sözümün aynasında daha parlaq və daha aydın görmüşəm» (Əlirza Xələfli. 20.09.2014)
«Bizcə, uzun illər boyu tədqiqat obyektinə çevrilmiş və uğurlu sonluq qazanmış İsmayıl Kazımovun bu xidməti nəinki Azərbaycan-Türk elminin, habelə Axısqa türklərinin də tarixində dərin iz qoyacaqdır» (Millət vəkili, Akademik Nizami Cəfərov)
«Elim köməyim olsun»un qonağı dili dilimizdən, canı canımızdan, qanı qanımızdam olan qardaş-bacılarımızdı. Mesxeti türkləridir. Əslinə qalsa onlara ta qonaq demək olmaz, bizim istəkli yurdaşlarımızdı… Bizi ümid yeri bilən, bizi deyib gələn can qardaşlanmızdı… Ocağımıza isinib, dərdimizə qovrulanlarımızdı…
Onların folklor nümunələrini «Mədəniyyət» qəzetinə təqdim edən də, nənə…babalarımızın, qardaş-bacılarımızın nitqindən qələmə alıb toplayan da İsmayıl Kazımovdur. İsmayıl müəllim yurdumuzu el-el, oba-oba gəzib. Pir olmuş ürəyi közlə, sinəsi sözlə dolu olan soydaşlarımızı arayıb yurdumuza pənah gətirən mesxeti türklərinin sözə dönmüş acılı-şirinli dərdlərini qələmə alıb. Topladığı nümunələri kitab halında çap etdirmək fikrindədir. Bu xeyirxah işdə İsmayıl qardaşımıza uğurlar diləyirik… (Sevil İsaqızı. «Mədəniyyət» qəzeti, 27 fevral 1992-ci il).
«Prof. İ.Kazımovun «Axısqa türkləri: dil, tarix və folklor» monoqrafiyası ümumtürk dillərinin fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətlərinin öyrənilməsində, həmçinin qohum dillərin qarşılıqlı inteqrasiya məsələlərinin tədqiqində gərəkli elmi mənbələrdən biri kimi olduqca qiymətlidir» (professor Mahirə Hüseynova. Prof İsmayıl Kazımovun yaradıcılığında ümumtürk dilləri lekt və şivələrinin müqayisəli təhlili. Mahirə Hüseynova. Azərbaycan dilçiliyində ümumtürk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri. Bakı, 2019, s.82-93)
«İ.Kazımovun «İnternet sintaksisi» əsəri ciddi, mükəmməl, professional və lazımlı araşdırmadır! Davamını və monoqrafiya şəklində çapını gözləyirik. Uğurlar» (Akademik Teymur Kərimli)
«İ.Kazımov «Sosial şəbəkələrdə statusların və sitatların rolu» adlı məqaləsi çox maraqlı təhlil mövzusudur. Həqiqətən də bu günkü günümüzlə səslənən təhlildir. Maarifləndirici və yolgöstərici məqalə kimi qəbul etdim» (ADPU-nun Quba filialının direktoru, Yusif İmrayıl oğlu Alıyev)
«Dərin biliyi və bacarığı ilə böyük alimlər arasında özünə layiqli yer tutan prof. İ.Kazımov. İti zehnli, dərin təfəkkürlü və az danışıb sox iş görən bir insandır. Bu insan həyatın bütün üzünü görüb, həyatını mənalı yaşayıb, ziyalı bir insanın, professorun tərcümeyi-halına imza atıbdır. Həmin tərcümeyi-halı vərəqlədikcə görürsən ki, İsmayıl müəllim sadə bir insanın keçdiyi bütün həyat yollarından ötüb, ancaq fəaliyyəti, əməli və uğurları ilə onlardan fərqlənibdir. Sadələrin içərisindən seçilmək, fərqlənmək, yüzlərin birinə çevrilmək, başqa sözlə, konkret bir sahənin tanınan mütəxəssi olmaq, digərlərini də bu yola dəvət etmək, bir çoxlarının əlindən tutub işıqlı yola doğru aparmaq o qədər də asan iş deyil. Həmin işin öhdəsindən gəlmək insandan böyük cəfakeşlik, səbir, dözüm, iradə, prinsipiallıq və digər yüzlərlə əxlaqi-mənəvi keyfiyyətlər tələb edir. Məhz bu xüsusiyyətlərə qadir olan İsmayıl Kazımov işığa doğru – elmə doğru can atmış, elmin dərinliklərinə baş vurmuş və sonda dilçilik sahəsində gözəl alimlik zirvəsini fəth etmişdir. Bu zirvəyə gedən yol Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adma Dilçilik İnstitutundan keçmiş və o, pillə-pillə yüksəlmişdir (Qara Məşədiyev, Onomastika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor)
«İsmayılı uşaqlıqdan tanıyıram. Orta məktəbdə oxuyarkən həmyaşıdlarından seçilən bir şagird olmuşdur. Qohumlarımız içərisində elm aləmində ilk cığır açan o oldu. Bizləri də, Çapan, Zahiri, Tahiri, İradəni, Səmanı, Cahidi, Sərvəri, Naili də elm dalınca o apardı. Nəinki bizləri, indi onun rəhbərliyi altında neçə-neçə aspirantlar, elmlər namizədləri elm aləminə qovuşmuşlar. İsmayıl müəllim qohumlarımız içərisində həddindən artıq sadə, yumoru çox sevən bir adamdır. Yumordan zövq alan insandır. Deyilənə görə, tələbələrə mühazirə oxuyarkən, əsas mövzuya başlamazdan öncə, bir məzəli əhvalatla güldürür, sonra dərsə başlayır. Yəni tələbələrdə əvvəlcə yüksək əhval-ruhiyə yaradır. Bu da bir pedaqoji ustalıqdır. Dayısı oğlu Tahiri daha çox istəyir. Uşaqlıqda bir yerdə ayaq-baş yatarmışlar, yuxuya gedənə kimi Molla Nəsrəddin lətifələri deyirmişlər. Bu xüsusiyyət ona dayısı Kərəm kişidən keçmişdir. İsmayıl ciddilikdə, zahiri cəhətdən Hüseyn əmimə oxşasa da, yumorla danışmağı eynən mənim qağamdır.
İnsan yaşa dolduqca qocalır, İsmayıl müəllim isə yaşlandıqca çöhrəsindən nurluq, müdiriklik yağır. Sözsüz ki, yumorla yatıb-duran adam belə də olmalıdır.
Mənim yazdığım «İsmayıllı toponimləri» kitabını əvvəl bəyənmədi. Sonra tapşırıqlarını verdi, mən onun dediklərin həyata keçirdim, kitabın redaktoru və «ön söz»ün müəllifi oldu. Bu, məni çox sevindirdi. (Məzahir Şükürov, İsmayıllı rayonu, Aşıq Bayramlı kənd məktəbinin dərs hissə müdiri, coğrafiya müəllimi)
Onunla orta məktəbdə bir sinifdə oxumuşam. Cəbrayılın məşhur Soltanlı kənd orta məktəbində. Bu kənd bütün respublikada tannıır. Ziyalı potensialına görə, hər sahədə olan alimlərinə görə. Tipik bir kənd olan Soltanlını hamı belə tanıyır. «Soltanlı: bir kəndin yetirmələri» kitabını da ilk dəfə o yazıb. Ustadı, professor Qəzənfər Kazımovla birlikdə. Söhbət mənim şagird yoldaşım, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin baş elmi işçisi İsmayıl Kazımovdan gedir.
Uşaqlıq illərini xatırlayıram. Çəlimsiz, utancaq, söz deyəndə qızaran, abır-həya sahibi idi. İndi tamam dəyişib. Müdrikləşib. Amma yenə də utancaqlıq əlamətinin detallarını hərəkət və rəftarına, münasibətində saxlamaqdadır. Yadımdadır, tarix dərsində bütöv 45 dəqiqə o danışardı. Müəllimiz yalnız tarixi faktları, hadisələri xatırladardı.
5-ci sinifdə oxuyanda rayonun «Kolxozçu» qəzetində «Məktəblilərin köməyi» adlı bir məqalə yazmışdı. O vaxtlar tək-tük qəzetlər çap edilirdi. Ona görə də məqaləsi bizi də ruhlandırdı. Qardaşım Abbas da, mən də “Kolxozçu”da təsərrüfat həyatı ilə bağlı yazılar çap etdirərdik. Biz üçümüz də qəzetin ştatdankənar müxbiri idik (Əli Quliyev, şagird yoldaşı).
«İ.Kazımovun tədqiqat işi etnolinqvistik xarakterli bir araşdırmadır, bu əsər prososial problemlə bağlı bir dili təqdim edir, bütün səviyyələrilə, tarixi ilə, mübahisələrilə. Bıı işin mən hələ siyasi əhəmiyyətini demirəm; qeyri-adi dərəcədə böükdür. Elə buna görə də bu əsərin sanbalı var. Mən də bu fikirdəyəm ki, bu dil müstəqil bir dildir. Müstəqilliyi də bunun daha çox, bəlkə də linqvistik təbiətində deyil, bu dilin daşıyıcısı olan xalqın düşüncəsində, xarakterində, coğrafiyasında, özünəməxsus düşüncə tərzində, tarixi maraqlarında və hələ də həlli mümkün olmamış bugünkü problemlərindədir» (Akademik, Millət vəkili, Nizami Cəfərov).
Sonda deyə bilərəm ki, onun barəsində bu qədər ürəkaçan fikirlər də təsdiq edir ki, o, özünü onu tanıyanların yanında ifadə edə bilib. Xarakteri və yazıları ilə. Onun istəyi budur ki, yazdıqları onu oxuyanlara könül rahatlığı versin, Tanrı ötüb keçənləri yenidən yaşamağa, gələcəyi düşünməyə imkan yaratsın. O istəyir ki, onun fəaliyyəti, işi tələbələrinin, yetişdirdiyi gənc elmi kadrların həyatına, ovqatına, düşüncəsinə işıq salsın.
Bəli, bu həqiqətləri aydın və dəqiq ifadə etmək üçün güc, təpər gərəkdir. Bu təpər İsmayıl Kazımovda var. Ona arzu etdiyi yolda möhkəm cansağlığı, elmi-pedaqoji yaradıcılığında uğurlar diləyilə…

Bu il, öz yaradıcılığı və həmin yaradıcılığı ilə ancaq folklor ədəbiyyatımızın deyil, ümumən ədəbiyyatımızın bəlli qatını yaratmış, ancaq Cənubi Qafqazda yox, Şərqi Anadolu, Orta Asiya, İranda kifayət qədər məşhur olan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 ili tamam olur. O, Azərbaycan folklor sənətinin o nümyandəsidir ki, yaradıcılığının fiziki və poetik ümumi çəkisini istənilən xalqın bütöv folkloru ilə müqayisə etmək olar. Yaşadığı yüz ildən artıq ömrünün 85 ilini ancaq Azərbaycan xalqının mənəvi xəzinəsinin deyil, bəşəriyyətin qovuşmağa can atdığı ən işıqlı ideallar dəfinəsinin zənginləşməsinə sərf edən fenomen sənətkarı buna görə ancaq Azərbaycan arealında təqdim etmək olmur. Onun yaradıcılığının ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddı mədəni irs nümumələri siyahısına salınması da yuxarıdakı fikrimizin təsdiqidir.
Ustad aşığın Azərbaycan ədəbiyyatında və Azərbaycan insanının mənəvi həyatında oynadığı bu rol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 2021-ci il fevral ayının 18-də imzlanmış Sərəncamında bir daha xatırlanır. Azərbaycan cəmiyyətində o həqiqət də xatırlanır ki, xalqımız və onun milli dəyərlərinin formalaşmasında rol oynamış insanlar və tarixi hadisələrə münasibətin dövlət səviyyəsində ifadəsinin əsası ümummilli liderimiz tərəfindən qoyulmuş siyasətin davamı olan addımdır.
Aşıq Ələsgər yaradıcılığının poetik yükü və onun miqyası Azərbaycan ədəbi tənqidinin formalaşmağa başlandığı ilk vaxtlardan diqqəti çəksə də, onun tədqiqatlara cəlb edilməsi, öyrənilməsi və təbliği istiqamətində, təəssüf ki, əsaslı addımlar atılmamışdır. Paradoksal olsa da, o gerçəkliyi qeyd edək ki, XIX əsrin 40-cı illərindən doğulub yaşadığı Göyçə mahalında, Qarabağ, Şərur- Dərələyəz, Zəngəzur, Qarakilsə, Şirək, Şörəyil, Ağbaba, Qars və Qağızman, İqdır, həmçinin Anadolunun içərilərinə, İran və Dağıstana qədər uzanan geniş arealda getdikcə məşhurlaşan, aşıq və el şairləri arasında unikal şeirləri ilə seçilən Aşıq Ələsgər ədəbiyyatşünaslığımızda layiq olduğu səviyyədə, kifayət qədər araşdırılmamışdır.
Bu, bəlkə də ümummilli liderimizin taleyinə yazılmış missiya ilə bağlıdır ki, XIX-XX əsr folklor sənətimizin azman sənətkarı Aşıq Ələsgərin ədəbi irsinin öyrənilməsi, adının əbədiləşdirilməsi işində Heydər Əliyevin danılmaz xidmətləri oldu. Məhz Azərbaycanda siyasi rəhbərliyə yenicə gəlmiş ümummilli liderin təşəbbüsü ilə akademik Aleksandr Mixayloviç Proxorovun redaktoru olduğu, 1969-cu ilin sonlarında çap edilən 30 cildlik “Böyük Sovet Ensiklopediyası”nda Aşıq Ələsgər haqqında böyük bir məqalə verildi. Bundan iki il sonra, 1971-ci ildə “Aşıq Ələsgərin anadan olmasının 150 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan SSR hökumətinin qərarı qəbul olundu. 1972-ci ildə isə Sovetlər İttifaqının paytaxtı Moskva şəhərində təntənəli yubiley tədbiri keçirildi. Həmin tədbiri açan görkəmli rus şairi Mixail Lukanin “Bu gün Moskvada XIX əsrin 40-cı illərindən başlayaraq, 80 il müddətində indiki SSRİ xalqlarının dilində sadə insanların yaşantılarını ustalıqla ifadə edən böyük el şairin anadan olamsının 150 illiyinin” qeyd edildiyini bildirirdi. Həmin tədbirdə Aşıq Ələsgərin həyatı və yaradıcılığı barədə geniş məruzə ilə çıxış edən Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimov Aşıq Ələsgəri “xalqın ürəyindən doğan şair” olaraq təqdim etdi. Maraqlı çıxışlardan birini Ermənistan Yazıçılar İttifaqının rəhbəri, sonralar ən qatı millətçi, türk düşməni kimi məşhurlaşacaq yazıçı Sero Xanzadyan, “Ermənistan dağları, danışın” kimi milli düşmənçiliyə açıq çağırışlar edəcək. O, üzünü möhtəşəm salonda əyləşən insanlara tutaraq bunları demək zorunda qalacaq: “Göyçə gölünün sahillərindəki Ağkilsə kəndində dünyaya göz açan Aşıq Ələsgər xalqın bağrından qopan sənətkardır. O, öz əvəzsiz yaradıcılığında insani nəcib duyğuların ən böyük tərənnümçüsü ola bildi”.
Düzdür, həmin çıxışında Sero Xanzadyan sonrakı əsərlərində milli qəhrəman səviyyəsinə qaldıracağı 1918-1920-ci illər Ermənistandakı daşnak hökumətinin Göyçə mahalında azərbaycanlılara qarşı həyata keçirdiyi qırğınlardan birtəhər qurtara bilmiş 97 yaşlı Aşıq Ələsgərin əzabları barədə danışmadı. O zamanlar Sosialist Əməyi Qəhrəmanı adını daşıyan yazıçı cəmi 16 il sonra barəsində danışdığı böyük sənətkarın məzarüstü abidəsinin vandalcasına məhv ediləcəyi barədə hansısa eyham vurmurdu…
Həmin il, 1972-ci ilin yazında aşığın vətənində, Göyçə gölünün sahillərində Azərbaycan incəsənət və mədəniyyət nümayəndələrinin iştirakı ilə möhtəşəm tədbir təşkil edildi. Yekun yubiley tədbiri isə Bakıda, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirildi. Sovet İttifaqının bütün respublikalarından, həmçinin Moskva və Leninqrad şəhərindən gəlmiş ədəbiyyat və incəsənət xadimləri heç bir təhsili olmayan, ancaq rus və sovet deyil, dünya ədəbiyyatının klassiklərindən birinin dediyi kimi, “xalq universitetini” bitirmiş böyük sənətkarın hikmətinin işığına yığışmışdı. Həmin tədbirdə çıxış edən Azərbaycanın xalq şairi Süleyman Rüstəm ustad Ələsgərin poeziyasının güc mənbəyindən danışırdı: “ Şeirləri ilə könülləri fəth edən Aşıq Ələsgər poeziyasından vətən torpağının nəfəsi duyulur, sanki Vətən torpağının gözləri oxşayan bütün çiçəklərinin ətri və rəngi o şeirlərə hopub. Buna görə də Aşıq Ələsgər poeziyasını xəzansız gülüzara bənzətsək, yanılmarıq”.
Aşıq Ələsgər təkcə aşıq şeirimizin ən populyar nümayəndələrindən biri deyil, o, həm də 90 ilə yaxın müddətdə Azərbaycan xalqının canlı salnaməsi olmuşdur və hesab edirik ki, bu salnaməni təşkil edən o şerilər hər hansı bir cüng qədər xalqımızın tarixindəki müəyyən məqamlara işıq sala bilər. Bunlardan əlavə, onun poeziyasındakı dil materialları dil tariximizi araşdıran mütəxəssislərimiz üçün onun inkişaf tarixini öyrənmək üçün əvəzsiz mənbədir. Onun poeziyası bol həyati müşahidələrlə zənginləşdirilmiş, həm məzmun, həm forma rəngarəngliyi; saf, duru xalq dilindən istifadə baxımından türk şeirinə misilsiz xidmətlər göstərmişdir. Bu poeziyada söz sənətkarının canlı müşahidələrə istinadla öz yaşantılarını başqalarının hiss və duyğuları ilə əlaqələndirməyini, onların bədii ümumiləşdirmələrlə bəşəri mənalar daşıdığını görmək olur. Və buna görədir ki, bu bənzərsiz poeziya nümunələrində əsas mənbə və məxəz lirik qəhrəmanın qəlbən yaşadığı həyatın özüdür. Aşıq Ələsgərin poetik dili bu yaradılmış həyat həqiqəti lövhələri üçün başlıca rezervuardır. Həmin rezervuarın yaranma, təşəkkül və zənginləşmə zamanının yaşı isə min illərlə ölçülür.
Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və digər şeir növləri ustadın yaradıcılığında xüsusi çəkiyə malik poeziya nümuələrindəndir.
Özü sonralar aşıq məktəbini yaradan Aşıq Ələsgər doğulduğu, boya-başa çatdığı Göyçənin ən məşhur ustad aşıqlarından birinin, qızılvəngli Aşıq Alının yanında şəyird olmuş və aşıqlıq sənətinin sirlərini öyrənmişdir. O, həmin sirlərdir ki, əsrlər boyu yığılmış və Azərbaycan aşıq məktəbləri arasında seçilən Göyçə aşıq məktəbinin fundamental əsaslarını yaratmışdır. Buradaca gerçək olan və klassik folklorşünaslarımızın yekdil olmasa da, ümumi rəyini yada salırıq ki, ayrı-ayrı aşıq məktəbləri təsnifatlansalar da, onların hamısı vahid Azərbaycan aşıq məktəbini təmsil etmişlər. Qəbul olunan gerçəklik isə belədir ki, həmin məktəbin yaradıcıları sırasında XV əsrin ortalarında Göyçə mahalının Sarıyaqub kəndində anadan olub Miskin Abdal adı ilə ədəbiyyat tariximizə düşən Seyid Hüseynin adı xüsusi olaraq çəkilir. O, Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmiş nəsil şəcərəsinin növbəti həlqələrindən biridir. Miskin Abdal Şah İsmayıl sarayında aşıq-sufi ədəbiyyatının banisi, Şah İsmayıl sarayının ən müqtədir təmsilçilərindən biri kimi tanınır. O, 1524-cü ilin mayından, şahın ölümündən sonra Göyçə mahalına qayıdır, Sarıyaqubda açdığı məktəblə mahalın elm, irfan, sənət dünyasında mühüm rol oynamaqla, əsrlərlə ömrü olacaq Azərbaycan aşıq mühitinin formalaşmasında həlledici əvəzsiz xidmətlər göstərir. Miskin Abdal, sağlığında özü bir əfsanə idi və bu əfsanə sənətkarın heyrətamiz qoşmalarında bu gün də yaşayır. Onun bu günə qədər populyarlığını qoruyub saxlayan şeirləri var.
Miskin Abdalın müasirlərindən olan, indiki Cəbrayıl rayonunun Diri kəndində doğulan, sonralar Aşıq Qurbani, Dirili Qurbani kimi ucsuz-bucaqsız Azərbaycanda, bütün Qafqazda tanınan, Miskin Abdal ilə bərabər fateh hökmdar və incə ruhlu şairin, dövrünün elm və ədəbiyyat xadimlərinin ən böyük hamisi sayılan Şah İsmayılın- Xətainin sarayında Qurbani, XVI əsrin sonları – XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardan Abbas Tufarqanlı, XVII əsrin ən qüdrətli aşıqlarından olan Sarı Aşıq, XVIII əsrin sonlarından XIX əsrin birinci yarısına qədər Göyçə aşıq məktəbinin möhkəmlənməsində böyük xidmətləri olmuş Ağ Aşıq Allahverdi və digər aşıqların xüsusi xidmətləri ilə Azərbaycan aşıq məktəbi daha da möhkəmlənmişdir.
Bütün bunlar Aşıq Ələsgərin mənəvi mühitini yaradan, insanlara Vətənin mahiyyətini izah edən, o mahiyyəti sevdirən duyğuların mizrabanı olan söz sənətkarlarıdır. İnsanlarımızın milli mental keyfiyyətlərinin yaranmasında aşıq ədəbiyyatının məxsusi yeri olubdur. Onlar Azərbaycan insanına Sevginin gücü ilə yaşamağın hansı xarüqələr yaratdığını göstərir, Sevgi ilə yaşayan qəlbin əbədi işığına çəkirdilər. Bu işığın şöləsidir ki, 400 ildir ki,Tufarqanlı Abbasın ana südü kimi mərhəm və doğma sözləri ilə süslənmiş şeirlərini qaranlıqda qalamğa qoymur:
Duman,gəl get bu dağlardan,
Dağlar təzə bar eyləsin.
Nə gözlərim səni görsün,
Nə könlüm qubar eyləsin.
Yaşa, sevdicəyim, yaşa,
Yazılanlar gələr başa.
Bir yandan özün bas daşa,
Bir yandan el car eyləsin.
Abbas ağlar zarı-zarı,
Getməz könlünün qübarı,
İlqarından dönən yarı,
Tanrı tezbazar eyləsin.
Ağ Aşığın, Aşıq Ələsgərin yetişdiyi mühitin yaranmasında böyük xidmətləri ilə yadda qalan, yeri gəlmişkən, onun ustadı Aşıq Alının ustadı olan sənətkarın insanları xeyirxahlığa çağıran, onlarda şəfqət hissini oyadan şeirləri ümumilikdə, Azərbaycan aşıq ədəbiyyatının başlıca leytmotivi olmuşdur:
Dedim, könül, bacar yaxşılıq eylə,
Həmişə əlində ixtiyar olmaz.
Çox da bel bağlama dünya malına,
Nə mala, nə mülkə etibar olmaz.
Aşıq oldun, hər ağrıya dözəsən,
Sinən üstə odlu közlər əzəsən.
Gündoğanla günbatanı gəzəsən,
Allahverdi kimi xiridar olmaz.
Bunlar Aşıq Ələsgərə və onun şəxsində Azərbycan aşıq məktəbinin gələcək nümayəndələrinə ötürülən irsdir və bu irsin mahiyyətində didaktika dayanırdı. Aşıqlıq məktəbi insanları öyrətmək missiyasından əlavə, xalqın ən böyük və əvəzsiz nemətinin- onun dilinin qorunub saxlanılması, intişar tapması işində çox böyük işlər görürdü. O işin başlıca vəzifəsini, aşıq sənətinin əsas missiyasını nəzərdə tutan Həsən bəy Zərdabi, Azərbaycan milli fikir tarixinin ən şərəfli münayəndələrindən biri “Əkinçi” qəzetində yazırdı: “Bir baxın bizim aşıqlar toylarda oxuyanda onlara qulaq asanlara! Bu zaman onlar elə hala gəlirlər ki, bə istilai- türk ətin kəssən də xəbəri olmaz. Elə ki, sonra toy qurtardı, aşıqlar evlərinə getdi, beş-on gün uşaqlar gecə- gündüz küçələrdə aşıqdan eşitdiyi qafiyələri oxuya-oxuya gəzir və bir-birinin qələtlərini düzəldirlər”.
Xalq arasında yazı mədəniyyətinin yox dərəcədə məhdudluğu şəraitində aşıqlar nəsillər arasındakı transformasiyada ən vacib rollardan birini oynayırdılar və sözsüz ki, bu missiyanın daşıyıcıları sırasında Aşıq Ələsgərin məxsusi yeri var. Həmin missiyanı onun özü bu cür təqdim edir və o təqdimatda aşıqlığın başlıca hədəfləriniin nədən ibarət olduğunu deməklə, özünün keçdiyi, keçmək istədiyi yolun istiqamətini göstərir:
“Bəli”, – dеyib, yol-ərkana gəlmişəm,
Nəqş olub sinəmdə еşqin kitabı.
Çеşmi-nübüvvətə aşiq olmuşam,
Bir suala vеrrəm yüz min cavabı.
Gövhər sözüm məclislərdə yayılı,
Arif ondan mətləb qanıb ayılı.
İbadət еyləyən mömin sayılı,
Səxavətin ondan çoxdu savabı.
Haqdı sözüm, yеtirəsən isbata,
Yеmə riba, mеyl еləmə qiybata.
Şəriətdə haramdı zina-ləffata,
Ondan bəd yazırlar xəmri-şərabı.
Bu, Göyçə mahalının Ağkilsə kəndində, kasıb, lakin mənəvi keyfiyyətlərlə zəngin bir rəncbər kişinin ailəsində dünyaya gəlmiş, heç bir təhsil görməmiş, özünün fitri istedadı və zəhməti sayəsində irfani elmlərə vaqif olan Aşıq Ələsgərin dünyanın var olması, insanları xoşbəxt edə biləcək cəmiyyətin təşəkkülü üçün gördüyü, görmək istədiyi yolların başlıca qayəsidir. Onun yaradıcılığında təbiətin mahiyyətindən doğan ecazkar gözəlliyi, təmiz eşqin vəsfi nə qədər gözə çox dəysə də, başlıca ana xətt İnsan mahiyyətidir və aşıq o mahiyyəti təşkil edən komponentlər sırasında genetik xüsusiyyətlərin çalarlarını görsə də, individuallığın aparıcı rolunu dominant olaraq təqdim edir. Şərq insanı üçün daha çox xarakterik olan dini bağlılıqdan var olan təsəvvürlərin tez-tez yada salınması həmin individuallığın formalaşması üçün ən təsirli vasitə kimi istifadə olunur:
Günahkardı nə ki yoldan azan var,
İki mələk – xеyir-şəri yazan var.
Nəkrеyin var, Qıl körpü var, qazan var,
Rövşən yollarını tar еyləməynən!
Ustad hər məqamda daşıdığı mənəvi yükün ağırlığını və məsuliyyətini hiss edir, imkan düşdüyü hər məqamda insanların ruhunu cilalamaq fürsətini qaçırmır, onlara verdiyi tövsiyə və nəsihətlərdə ardıcıllığını qoruyub saxlayır. Buna görədir ki, o, hər dəfə insanın daşıdığı sosial mahiyyəti xatırladır, onun, müasir terminlərlə ifadə edildiyi kimi, “əxlaq və davranış kodekslərinin” hansı rol oynadığını qabardır:
Aşıq olub, diyar-diyar gəzənin,
Əvvəl, başda pür kamalı gərəkdi.
Oturub-durmaqla ədəbin bilə,
Mərifət еlmində dolu gərəkdi.
Xalqa həqiqətdən mətləb qandıra,
Şеytanı öldürə, nəfsin yandıra,
Еl içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.
Ələsgər, əlbəttə, istənilən halda, fərddir və onun fərdi hiss- həyəcanlarının təqdimatı ilə də rastlaşdığımız anlar kifayət qədərdir, lakin bu fərdi duyğuların təqdimatındakı ictimai maraq, onun ibrətamizlik notları diqqətdən yayımır. Həmin notlar dinləyici və ya oxucu üçün bezdirici deyil, onlar düşündürücü olmaqla bərabər, inandırıcıdır. Başlıcası isə, bunlar müdrik bir insanın gəldiyi həyati qənaətlərdir və həmin qənaətlərin niyə gəncliyə ünvanlandığı da məlumdur:
“Can” dеməklə candan can əskik olmaz,
Məhəbbət artırar, mеhriban еylər.
“Çor” dеyənin nəfi nədi dünyada,
Abad könlü yıxar, pərişan еylər.
Aşıq Ələsgərin yaradıcılığında folklor ədəbiyyatımızın əbədi mövzuları ilə bərabər, onun müasiri olduğu zamanların, demək olar ki, bütün sosial, hətta siyasi aksentlərini görmək mümkündür. Bu mövzular sırasında eşqin, qəhrəmanlıq və qorxaqlığın, sədaqət və etibarsızlığın, səxavət və xəsisliyin, dost və düşmənçiliyin sərhədləri ilə bərabər, elmə verilən böyük önəmin sərhədsiz konturları görünür. Bu, indiki anlamda, ibtidai sinifdə belə, təhsil almaq şansı olmayan, fəhmi və fitri istedadı ilə çox böyük coğrafiyada tanınan, tanındıqca insanların qəlbinə yol tapan Haqq Aşığının həyata baxışıdır. O baxışlar konsepsiyasında isə mürəkkəb konfiqurasiya axtarmağa dəyməz, sadəcə, insan ömrünün mənasını duymaq bəs edər. Hesab edirik ki, anadan olmasının 200 illiyini qeyd etdiyimiz Aşıq Ələsgrin yaradıcılığını öyrənmək də buna görə lazımdır:
Ahəngər dеyiləm, naşı bəzirgan,
Gözüm dürdanədə, a yəməndədi.
Sinəmdədi еşqin şirin çеşməsi,
Ləzzəti mеyl еdib ay əməndədi.
Bir sazım var, nə pərdəsi, nə simi.
Onu çalıb, kim tərpədər nə simi?
Firdovsi, Fizuli, Hafiz, Nəsimi –
Onlar da yazdığı, ayə, məndədi.
Kişi gərək zəhmət çəksin, dər salsın,
Süfrə açsın, ad qazansın, dər salsın.
Dərsi azlar Ələsgərdən dərs alsın,
Altı min altı yüz ayə məndədi.
Mahirə Hüseynova,
filologiya üzrə elmlər doktoru, professor,
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru