Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova 1960-cı il noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. O, 1968-ci il də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Xalxal kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olmuş, yaşayış yerini dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir.
1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (bu günkü ADPU-nun) filologiya fakültəsinə qəbul olmuş Mahirə Hüseynova təhsil aldığı illərdə öz fəallığı ilə seçilmiş, fakültədə keçirilən bütün tədbirlərdə fəal iştirak etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirən Mahirə Hüseynova elə həmin ildən təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri Nərimanov rayonundakı G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. İşlədiyi illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülən, döş nişanı ilə təltif edilən Mahirə Hüseynova 2003-cü ildə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplomla təltif edilmişdir.
M.Hüseynova həmçinin “Qızıl qələm”,“İlin Alimi” Media Mükafatı Laureatı fəxri adlarına və s.mükafatlara layiq görülmüşdür. Azərbaycan Yazçılar Birliyinin üzvü, Mahirə Nağıqızı imzası ilə 14-ə yaxın şeir kitabı şap edilmiş xanım Hüseynova həmçinin iki bayatılar kitabının müəllifidir.
2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimi olan Mahirə Hüseynova “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı namizədlik dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. O, 2015-ci ilin mayında “Müasir Azərbaycan dili” kafedrasının dosenti, 2015-ci ilin dekabr ayında isə eyni kafedranın müdiri vəzifəsinə seçilmişdir.
Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə araşdırmaları ilə seçilən xanım Mahirə Hüseynova 26 elmi kitabın monoqrafiya, dərs vəsaiti, metodik vəsait, 5 proqramın və 14 bədii (şeirlər) kitabın müəllifidir. Alimin respublikanın nüfuzlu jurnallarında (o cümlədən xarici mətbuatda), qəzet və digər mətbu orqanlarda 400-ə qədər elmi və publisistik məqaləsi çap olunmuşdur. Onun haqqında eynilə 300-dən yuxarı məqalə respublika mətbuatında işıq üzü görmüşdür.
Alimin çap etdirdiyi “Ulu öndərimizin natiqlik məharəti”, “Ulu öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir” kitablarında ümummilli liderin Azərbaycan natiqlik sənətinə verdiyi töhfələr araşdırılmış, “Alim təfəkkürünün itiliyi”, “Dərdi dərin Həsən Mirzə”, “Həsən Mirzəyev və Azərbaycan dilində feil”, “Həsən Mirzəyəvin yaradıcılığnda filologiya məsələləri”, “Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası”, “Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası” kitablarında isə görkəmli dilçi alimlərin tədqiqat sahələri təhlil edilmişdir.
Bütün bunlarla bərabər, Mahirə Hüseynova dilçilik elmində fonetika, morfologiya, sintaksis və leksikologiya üzrə tədqiqatlar apararmış qiymətli monoqrafiyalar müəllifi kimi tanınmışdır. “Aşıq və el şairlərinin fonopoetikası (monoqrafiya)”, “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə)”, “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə)”, “Aşıq və el şairlərinin leksikası”,“Aşıq və el şairlərinin üslubi frazeologiyası (monoqrafiya)”, “Aşıq və el şairlərinin üslubi sintaksisi”, “Müasir Azərbaycan dili: Punktuasiya məsələləri (dərs vəsaiti), “Aşıq və el şairlərinin üslubi morfologiyası”, “Aşıq və el şairlərinin poetikası”, “Üslubi morfologiya”, “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)”, “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistik təhlili (dərs vəsaiti)”, “Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti”və digər əsərləri ilə Mahirə Hüseynova dilimizin araşdırılmış sahələrinə elmi-nəzəri baxımdan aydınlıq gətirməyə çalışmışdır. “Dilin elmi və estetik problemləri” adlı növbəti kitabında müəllif araşdırma obyektlərini daha da genişləndirmişdir.
Mahirə Hüseynova elmi-pedaqoji fəaliyyəti dövründə bir çox beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir. Alim III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda, Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransında, Doktorantların və Gənc Tədqiqatçıların XVI Respublika Elmi Konfransında, 13-cü Uluslararası Türk Dünyası Sosyal Bilimler Kongresində, Bakı Slavyan Universiteti VI Beynəlxalq Elmi Konfransında, Azərbaycan Dövlət Pedaqoji Universiteti “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” Respublika elmi-praktik konfransında, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Müasir Dilçiliyin Aktual Problemləri Beynəlxalq Elmi Konfransında, Tatarıstan Respublikası, Kazan Federal Universitetində Beynəlxalq Türkoloji Elmi Konfransında, Azərbaycanın Türkiyənin Qars vilayətində Baş Konsulluğununvə Kars Kafkaz Universitesinin birgə təşkil etdiyi “Azərbaycan Cümhuriyyətinin 100 illiyi” adlı tədbirdə məruzə ilə çıxış edərək “Təşəkkürnamə” ilə təltif edilmişdir.
Hazırda M.Hüseynova ADPU-da Filologiya fakültəsinə rəhbərlik edir.
Universitetin ictimai-siyasi həyatında fəal iştirak edən filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynova 2001 –ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Cəfər Əsəd oğlu Cəfərov 1932-ci ildə Qərbi Azərbaycanın Əştərək rayonundakı Hamamlı kəndində anadan olmuşdur. İrəvanın şimal-qərbində 40 km məsafədə yerləşən bu kənd Azərbaycan xalqının ən görkəmli simalarından biri olan prof. Əziz Məmmədkərim oğlu Əliyevin parlaq şəxsiyyəti sayəsində tarixə düşmüşdür. Prof. Ə.Əliyev 1897-ci ildə bu kənddə anadan olmuşdur.
C.Cəfərov 1945-ci ildə Hamamlı kənd yeddiillik məktəbini, 1948-ci ildə İrəvan Azərbaycan Pedaqoji Texnikumunu bitirmiş, 1948-1950-ci illərdə Hamamlı kənd məktəbində müəllim işləmişdir. SSRİ Nazirlər Sovetinin qərarına əsasən bədnam Ermənistan dövləti tərəfindən 1950-ci ildə Əştərək rayonunda yaşayan azərbaycanlılar Azərbaycan respublikasının müxtəlif rayonlarına, o cümlədən də Hamamlı kənd sakinləri Azərbaycanın Salyan rayonuna deportasiya olunmuşlar.
C.Cəfərov 1950-ci ildə Qazax Müəllimlər İnstitutunu bitirmiş, 1952-1953-cü tədris ilində Salyan rayonunun 4 saylı məktəbində dil-ədəbiyyat müəllimi işləmiş, 1953-1958-ci illərdə BDU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. 1958-1960-ci illərdə Tərtər rayonunda müəllim işləmişdir. 1960-1964-cü illərdə APİ-nin (indiki ADPU) aspiranturasında oxumuş, 1964-1974-cü illərdə Azərbaycan dilçiliyi kafedrasında ardıcıl olaraq assistent, baş müəllim, dosent vəzifələrində fəaliyyət göstərmişdir. Azərbaycan dilçiliyi kafedrasında dosent vəzifəsinə bərpa edilmişdir. 1993-cü ildən Müasir Azərbaycan dili kafedrasında professor vəzifəsində çalışır.
İbrahim Məhəmməd oğlu Bayramov 25 yanvar 1954-cü ildə Göyçə mahalının Toxluca kəndində anadan olmuşdur. 1961-ci ildə indiki Ermənistan Respublikası Krasnoselo rayonunun Toxluca kənd orta məktəbinə qəbul olunmuş, 1971-ci ildə həmin məktəbi bitirib İrəvanda yerləşən X.Abovyan adına Ermənistan Dövlət Pedaqoji İnstitutuna qəbul olunmuş, 1975-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1975-ci ildə Krasnoselo rayonunun Toxluca kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır. 1977-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun qiyabi aspiranturasına qəbul olmuş, 1977-1981-ci illərdə aspiranturada oxumuşdur.
“Müasir Azərbaycan ədəbi dilinin xalq danışıq dili hesabına zənginləşməsi yolları” (leksika və frazeologiya) mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1987-1988-ci illərdə Krasnoselo rayonunun Toxluca kənd orta məktəbində direktor işləmişdir. 1988-ci ilin dekabrında doğulub boya-başa çatdığı doğma yurdundan deportasiya olunmuşdur.
1995-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitenin “Azərbaycan dilinin onomalogiyası” elmi-tədqiqat laboratoriyasına müsabiqə yolu ilə kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. 1995-ci ildə həmin universitetin Müasir Azərbaycan dili kafedrasına müəllim təyin edilmişdir. 12 dekabr 1995-ci ildə həmin kafedranın dosenti vəzifəsinə seçilmiş, hal-hazırda bu kafedranın professorudur.
Mirvari Abbas qızı İsmayılova 1960-cı il mart ayının 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Bakı şəhəri 115№li orta məktəbin birinci sinfinə qəbul olunmuş, 1977-ci ildə həmin məktəbi bitirmiş, elə həmin il V.İ.Lenin adına APİ-nin (indiki ADPU-nun) filologiya fakültəsinə daxil olmuşdur. 1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Abşeron rayonu Məmmədli kənd orta məktəbinə göndərilərək (1981–1986-cı illər ərzində) Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir.
1985-ci ildə Azərbaycan MEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1990-cı ildə “Azərbaycan dilində sözlərin məna dəyişmələri və onların “Azərbaycan dilinin izahlı lüğəti”ndə əksi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1991-ci ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun lüğət və terminologiya şöbəsində kiçik elmi işçi, 1994-1995-ci illərdə böyük elmi işçi vəzifəsində çalışmışdır.
O, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun lüğət və terminologiya şöbəsinin işində yaxından iştirak etmiş, 3 cildlik “Azərbaycan dilinin izahlı lüğəti”nin III cildinin, “S.Vurğunun bədii dilinin izahlı lüğəti”nin, “Azərbaycan dilinin frazeologiya lüğəti”nin, “Azərbaycan dilinin məcazlar lüğəti”nin tərtibçilərindən biri olmuşdur.
1998-ci ildə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının baş müəllimi, 2003-cü ildə həmin kafedranın dosenti vəzifəsinə seçilmiş vəhazırda Müasir Azərbaycan dili kafedrasının professorudur. Müasir Azərbaycan dilinin fonetika, leksikologiya, morfologiya və sintaksisindən, Azərbaycan dilinin tarixi, Türk dillərinin müqayisəli qrammatikası, Terminologiyanın əsasları və s. fənlərdən mühazirə oxuyur, seminar məşğələləri aparır. Eyni zamanda, ADPU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının Elmi seminarının, Filologiya fakültəsi Elmi Şurasının, Metodbirləşməsinin, universitet üzrə Test Komissiyasının üzvüdür.
2002-ci ildə “Azərbaycan dili terminologiyasının linqvistik təhlili” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
O, 60-dan çox elmi məqalənin, “Azərbaycan dili terminologiyasının linqvistik təhlili (1997), “Terminşünaslığın əsas məsələləri” (1999) adlı monoqrafiyaların, “Terminologiyanın leksik-qrammatik məsələləri” (2007), “Azərbaycan dilinin tədbiqi işinin təkmilləşdirilməsi” (2008) adlı dərs vəsaitlərinin, “Azərbaycan dili” ixtisasının magistr səviyyəsi üzrə 3, bakalavr səviyyəsi üzrə 2 proqramın və 1 metodik vəsaitin, xaricdə (Türkiyədə, Rusiyada, Ukraynada) dərc olunmuş bir neçə elmi məqalənin müəllifidir.
M.İsmayılova 1 doktorantın elmi rəhbəri olmuş, 1 namizədlik dissertasiyasına opponentlik etmiş, 20-dən çox namizədlik və doktorluq dissertasiyalarının avtoreferatına rəy vermişdir.
Ailəlidir, 2 övladı var.
1939-cu il fevral ayının 21-də Naxçıvan şəhərində anadan olan Himalay Ənvəroğlu Qasımov orta məktəbi Naxçıvan şəhərində bitirmiş, 1961-ci ildə indiki ADPU-nun tarix-filologiya fakültəsinə daxil olmuş və 1966-cı ildə oranı “Dil-ədəbiyyat və tarix müəllimliyi” ixtisasını bitirmişdir. 1967-ci ildə ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının qiyabi aspirantı olmuş, 1974-cü ildə namizədlik, 1995-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. H.Qasımov 2002-2019-cu illərdə “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının müdiri vəzifəsində çalışmışdır.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Himalay Ənvəroğlu ali məktəblərin bakalavr və magistr pilləsi üçün hazırlanan “Ədəbiyyat nəzəriyyəsi”, “Müasir Azərbaycan ədəbiyyatı tarixi” proqramlarının, “Ədəbiyyat nəzəriyyəsindən mühazirələr” (1981), “Bədiiliyin meyarı” (1990), “Müasir Azərbaycan romanı: janrın poetika və tipologiyası (1994), “Müasir Azərbaycan romanının qaynaqları” (1994), “Azərbaycan şeirinin poetikası” (1996), “Müasir Azərbaycan ədəbiyyatında yaradıcılıq meylləri” (1998), Şəhriyarın lirikası və etiqadı” (1999), “Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri” (2004), prof.E.Quliyevlə birlikdə “Şəhriyar poetikası” (2006), “Səməd Vurğunun poetik dünyası” (2006), dos.N.Nəcəfovla birlikdə “XX əsr Azərbaycan ədəbiyyatşünaslığı məsələləri” (2007), “H.Cavidin lirikası və dramaturgiyası” (2007), “Azərbaycan romanının inkişaf problemləri” (2008), “Azərbaycan şeirinin poetikası” (2008), “Sənət və sənətkarlıq məsələləri yeni düşüncə müstəvisində” (2011), “Ədəbiyyatşünaslıq problemləri ədəbi-nəzəri düşüncə müstəvisində” (2014), “Araşdırmalar: şəxsiyyətlər və talelər (2019) və s. dərs vəsaiti və monoqrafiyaların, o cümlədən Azərbaycan ədəbiyyatının yaradıcılıq problemlərini incələyən 150-dən artıq elmi məqalənin müəllifidir. Prof.H.Qasımovun elmi kadrların hazırlanmasında böyük xidmətləri var. O, onlarla filologiya üzrə fəlsəfə doktoru dissertasiyalarının elmi rəhbəri, 60-dan çox namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdur. АМЕА-nın Nizami adına Ədəbiyyat İnstitutunda və ölkənin müxtəlif universitetlərində İxtisaslaşdırılmış Dissertasiya Şuralarının üzvü olmuş H.Ənvəroğlu uzun illər Bakı Dövlət Universitetinin nəzdində filologiya üzrə fəlsəfə və filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının üzvü olmuşdur. YAP Səbail rayon “Pedaqoqlar” ərazi təşkilatının sədri prof. H.Qasımov hazırda AAK-da Filologiya üzrə ekspert şurasınn sədridir.
Tərlan Cabbar oğlu Novruzov 1947-ci il 20 yanvarda Yardımlıda anadan olmuşdur. 1963-cü ildə Yardımlı rayonunun M.F.Axundov adına orta məktəbini bitirmişdir. O, 1964-1969-cu illərdə ADPU-nun (keçmiş APİ) Filologiya fakültəsini “M.F.Axundov” və “Lenin” təqaüdləri və fərqlənmə diplomu ilə oxuyub bitirmişdir. Təyinatla universitetdə müəllim saxlanılıb. 1983-cü ildə filologiya üzrə elmlərinamizədi, 1991-ci ildə dosent, 1992-ci ildə filologiya elmləri doktoru, 1993-cü ildə professor elmi adını alıb.
2015-ci ilin 10 oktyabrına kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Dünya ədəbiyyatı” kafedrasının müdiri olub. YAP-ın veteranıdır. Sabirşünas kimi Azərbaycan Yazıçılar birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatıdır. “Tərəqqi” medalı ilə təltif olunub. 2015-ci ildə Təhsil Nazirliyinin “Fəxri Fərman”ını alıb. “Əməkdar müəllim”dir. Üç dəfə universitetdə “İlin alimi” müsabiqəsinin qalibi olub. Qədim Şərq, yunan, Roma, orta əsrlər Avropa və Amerika ədəbiyyatlarını, klassik və müasir Azərbaycan ədəbiyyatını tədqiq və tədris edir. Sabir irsinin fasiləsiz tədqiqatçısıdır.“Dünya ədəbiyyatı tarixi” (Qədim dövr və orta əsrlər), “H.Əliyev və ədəbiyyat məsələləri”, “Ədəbi proses” və digər fənlərdən dərs aparır.
Elman Hilal oğlu Quliyev 1958-ci ildə Lerik rayonu Zuvand mahalının Kələxan kəndində anadan olmuşdur. 1991-ci ildən ADPU-da işləyir. 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
1999-cu ildə Mirzə Uluğbəy (Özbəkistan) mükafatı almış, 2007-ci ildə C.Rumi – 800 (YUNESKO) müsabiqəsinin laureatı, iki dəfə “İlin alimi” (2007, 2010) və «İlin müəllimi» (2011) müsabiqələrinin qalibi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir. Bir çox elmi əsərləri Türkiyə, İran, İraq, Türkmənistan, Şimali Kipr və s. xarici ölkələrdə çap edilmişdir. Elmin inkişafı və türk ədəbiyyatı problemlərinin öyrənilməsi sahəsindəki uğurlarına görə «Ən yaxşı tədqiqatçı vətənpərvər alim» qızıl medalına (2011), Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin xüsusi Dövlət təşəkkürünə (2012), «Qızıl qələm» mükafatına (2013), Prezident təqaüdünə (2014), «Cəfər Cabbarlı» mükafatına (2015), Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin genişlənməsində xidmətlərinə və fəaliyyətinə görə TÜRKSOY-un “Yusif Xas Hacib” və “Molla Pənah Vaqif” medallarına layiq görülmüşdür. Hazırda ADPU-nun Türk odası və Türk araşdırmaları elmi-tədqiqat mərkəzinin elmi rəhbəridir. Azərbaycan Milli Elmlər Akademiyasının akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, həmçinin Azərbaycan Yazıçılar Birliyinin (2007) üzvüdür.
15 kitabın, 8 proqram, 200-ə qədər elmi məqalənin (bunlardan 50-si xaricdə çap olunub) müəllifidir.
Təyyar Salam oğlu Cavadov 1960-cı ildə Sabirabad rayonunun Mürsəlli kəndində anadan olmuşdur. 1977-ci ildə Sabirabad rayonu Ulacalı kənd orta məktəbini bitirmiş, həmin ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) Filologiya fakültəsinə daxil olmuşdur.
1981-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Sabirabad rayonuna ixtisası üzrə müəllim göndərilmişdir. 1982-ci ildən Sabirabad rayonu Qalaqayın kənd orta məktəbində direktor müavini vəzifəsində çalışmışdır.
1984-cü ildə V.İ.Lenin adına APİ-nin Azərbaycan ədəbiyyatı ixtisası üzrə aspiranturasına (qiyabi) daxil olmuş, 1988-ci ildə oranı bitirmişdir. Elə həmin ildə “XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan uşaq poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.1985-ci ildən 1991-ci ilədək Sabirabad rayonu Mürsəlli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1991-ci ildən ADPU-da baş laborant, kiçik elmi işçi vəzifələrində çalışmış, 1996-cı ildən Müasir Azərbaycan və dünya ədəbiyyatı kafedrasında müəllim vəzifəsinə təyin edilmişdir.1998-ci ildən Müasir Azərbaycan və dünya ədəbiyyatı, 2003-cü ildən isə Azərbaycan və dünya ədəbiyyatı kafedrasında dosent vəzifəsində çalışmış, 2007-ci ildə “80-ci illər Azərbaycan romanı: janr təkamülü” mövzüsunda doktorluq dissertasiyası müdafiə etmişdir. AYB-nın üzvü, filologiya üzrə elmlər doktoru, professordur. 2014-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın Filologiya üzrə Ekspert Şurasının sədri olmuş, hazırda bu şuranın üzvüdür. 2014-2015-ci illərdə Bakı Qızlar Universitetinin prorektoru (elmi işlər üzrə) işləmişdir. 2013-cü il Prezident təqaüdçüsüdür. Uzun illər“Kredo”qəzetinin redaksiya heyətinin üzvü, BQU-nun “Elmi əsərləri”ninməsul redaktoru olmuşdur.
“Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri” (2008), “Tarixi və çağdaş ədəbi prosesə dair araşdırmalar”(2009), “İsmayıl Şıxlının bədii nəsri” (2014), “M.Ə.Sabirin milli intibah idealı” (2015), “Qarlı aşırım”dan keçən yollar” (2016), “Azərbaycan ədəbiyyatı: mübahisələr, həqiqətlər” (2016) monoqrafiyalarının,“Ədəbi tənqid tarixinə dair portret-oçerklər” (2011, 2013),“Müasir Azərbaycanədəbiyyatı” (2012) adlı dərs vəsaitlərinin, «Azərbaycan ədəbiyyatının müasir problemləri»ndən bəhsdən elmi-nəzəri və ədəbi-tənqidi məqalələr toplusunun (2014),150-dən artıq elmi məqalənin müəllifi, “Azərbaycan klassik uşaq ədəbiyyatı antologiyası”,“Ömrü şərəflə yaşayanda”(Y.Babayevlə birlikdə) kitablarının,“Ən yeni Azərbaycan ədəbiyyatı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Ədəbi tənqid tarixi” fənlərinə dair tədris proqramlarının tərtibçisidir. Bir sıra beynəlxalq elmi konfransların iştirakçısıdır. 16 kitabın və 250-dən artıq məqalə müəllifidir. Elmi məqalələri Rusiya, Türkiyə və b. xarici ölkələrdə çap olunmuşdur.
Zahid Abdulla oğlu Xəlil 1942-ci ildə Yevlax şəhərində anadan olub. 1948–1958-ci illərdə M.Ə.Sabiradına 2 saylı şəhər orta məktəbində təhsil alıb.Orta məktəbi bitirdikdən sonra 1959–1965-ci illərdə ADU-nun (indiki BDU) Filologiya fakültəsində Jurnalistika ixtisasına yiyələnib.
Universiteti bitirdikdın sonra Yevlaxda əmək fəaliyyətinə başlayıb; “Qələbə”, “Təşəbbüs”, “Mübarizə” adlı rayon qəzetlərində məsul katib vəzifəsində çalışıb. 1966-cı ildə APİ-də nəşr olunan “Gənc müəllim”qəzetinin redaktoru təyin olunub. 1970-ci ildən “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasında baş müəllim vəzifəsində işləmişdir. 1974-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1975-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru, 1991-ci ildə professor adını alıb. 1997-2005-ci illərdə ADPU-nun Pedaqoji fakültəsinin dekanı, 2005-2018-ci illərdə Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışıb.
1982-ci ildə “Literaturnaya qazeta”da dərc olunan “Kölələr” və “Limonad içməyim” hekayələrinə görə “Zolotoy telyonok” mükafatına layiq görülmüşdür. Keçmiş SSRİ Dövlətnəşrkomun və SSRİ Yazıçılar İttifaqının Uşaq Ədəbiyyatı Şurasının üzvü olmuşdur. 2005-ci ildə Azərbaycan dili və ədəbiyyat fənni üzrə Respublika Olimpiyada komissiyasının sədri təyin edilmişdir. Azərdaycan uşaq ədəbiyyatı üzrə dərslik, dərs vəsaitləri və metodik tövsiyələrin müəllifidir.
Ailəlidir, 3 övladı, 7 nəvəsi var.
12 dərslik və dərs vəsaiti, 16 bədii kitabın müəllifidir.
Təltifləri:
- 2001-ci ildə “Qızıl qələm” mükafatı laureatı adına layiq görülmüşdür.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2006-cı ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
- 2009-cu ildə“Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Yaqub Məhərrəm oğlu Babayev 1958-ci ildə Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində müəlllim ailəsində anadan olmuşdur. Dəyəqarabulaq kənd səkkizillik məktəbini bitirmiş (1965-1973), Rüstəm Əliyev adına (indi Miskinli adlandırılan bu qədim kəndin tarixi adı Qarabulaqdır) kənd orta məktəbində orta təhsilini tamamlamışdır.1976-1980-ci illərdə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Pedaqoji Universitetində) ali təhsil almış, həmin institutun Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1985-1988-ci illərdə V.İ.Lenin adına ADPİ-nin (indiki ADPU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əyani aspirantı olmuş, “Azərbaycan uşaq nəsrinin inkişafı tarixindən (1905-1920)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək 1989-cu ildə filologiya elmlər namizədi elmi dərəcəsini almışdır.
Y.Babayevin əmək fəaliyyəti 1990-cı ildən ADPU ilə bağlıdır. “Folklorşünaslıq” laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan Y.Babayev baş elmi işçi, Azərbaycan ədəbiyyatı tarxı kafedrasında müəllim işləmişdir. 1998-2003-cü illərdə dosent vəzifəsini tutan Yaqub müəllim 2003-cü ildən universitetdə yeni yaradılmış Folklor və qədim ədəbiyyat kafedrasında dosent vəzifəsində çalışmışdır.2011-ci ildə doktorluq dissertasiyanı müdafiə edərək filologiya elmlər doktoru elmi dərəcəsi almışdır.
2011-2015-ci illərdə Azərbaycan ədəbiyyatı tarixı kafedrasında, 2015-ci ildən etibarən Ədəbiyyat və onun tədrisi metodikası kafedrasında çalışmış, 2017-ci ildə həmin kafedranın professoru vəzifəsinə layiq görülmüşdür.
10 kitabın və klissik ədəbiyyatımızın müxtəlif problemlərinə və şəxsiyyətlərinə həsr olunmuş 15-ə qədər elmi məqaləsi, respublikada 100-dən cox elmi, 40-a yaxın publisistik məqaləsi dərc olunmuşdur.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür. 2019-cu idə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti seçilmişdir.
Hal-hazırda Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru, fakültə Elmi Şurasının üzvüdür.
Ailəlidir, bir oğlu var.
Təltifləri
- 1915-1916-cı illərdə AYB xətti ilə Prezident təqaüdünə layiq görülmüşdür.
- 2019-cu ildə “Qızıl qələm” ədəbi mükafatına layiq görülmüşdür.
Nailə Məmmədhüseyn qızı Sadıqova 18 dekabr 1948-ci ildə Bakı şəhəri ziyalı ailəsində anadan olmuşdur. Bakı şəhəri 6 nömrəli məktəbi bitirdikdən sonra 1966-ci il Kiev şəhəri M.Qorki adına UDPİ tələbəsi, 1971-ci il M.Axundov adına ADPİ tələbəsi, 1979-cu il Kalinin Dövlət Universitetində elmi ezamiyyət, 1985-ci il S.M.Kirov adına ADU “Yeni texnologiyaların tətbiqinə dair” kurs, 1987-ci il aspirantura və fəlsəfə doktoru dərəcəsi almış, 1994-1995 doktorantura, 2010-cu il də Kembric Universitetinin sertifikatına layiq görülmüşdür, 1971-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun İngilis dili fakultəsini bitirdikdən sonra Tərcümə fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır. ADU-nun D.02.081-Dissertasiya şurasının üzvü, Böyük Britaniyanın Beynəlxalq Müəllimlər İttifaqının (İATEFL) üzvü, AZETA-nın üzvü, Beynəlxalq Qadınlar Cəmiyyətinin üzvü olmuşdur. 2012-ci il Filologiya üzrə elmlər doktoru dərəcəsi almışdır.N.Sadıqova 80-dən çox məqalə, 2 monoqrafiya, 4 dərs vəsaiti, 27 proqramın müəllifidir.
Subaydır, 2 oğlu var.
Beynəxalq Sertifikatları:
1.Teaching Knowledge Test (TKT) Module 1-band 3
Leyla Orxan qızı Vəzirova 1 yanvar 1967-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə 189 nömrəli orta məktəbi bitirmiş, elə həmin ildə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) daxil olmuş, 1989-cu ildə həmin universitetin Filologiya fakültəsini bitirmiş, rus dili və ədəbiyyatı müəllimi diplomu almışdır. 2002-ci ildə “Çəmənzəminlinin publisistikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2007-ci ildə dosent attestatı alıb. 2013-cü ildədoktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.2019-cu ildə professor attestatı alıb.1990-cı ildən bu günə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində rus dili müəllimi, kafedra müdiri, professor vəzifələrində çalışmışdır.
O, 2 dərs vəsaiti, 1 metodik vəsait, 1 dərslik, 2 monoqrafiya, 5 proqram və respublikadaxili 9 tezis, respublika xarici 3 məqalənin müəllifidir.