Error
ADPU-nun Filologiya fakültəsinin Ədəbiyyat kafedrasının təşkilatçılığı ilə Azərbaycan maarifçi-realist ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, pedaqoq və ictimai xadim Süleyman Sani Axundovun anadan olmasının 150 illik yubileyinə həsr olunmuş “Süleyman Sani Axundov-150” respublika elmi-praktik konfransı keçirilmişdir.
Konfransın açılışında ADPU-nun və Filologiya fakültəsinin rəhbərliyi, fakültənin professor-müəllim heyəti, eləcə də digər ali təhsil və elmi-tədqiqat müəssisələrinin əməkdaşları iştirak etmişlər.
Rektor professor Cəfər Cəfərov konfransı giriş nitqi ilə açaraq qeyd etmişdir ki, Süleyman Sani Axundov uşaq ədəbiyyatının banilərindən biri kimi maarifçi ideyaların yayılmasında mühüm rol oynamışdır. O, tərbiyəvi və sadə dilli əsərləri ilə gənc nəslin formalaşmasına dəyərli töhfələr vermiş, yaradıcılığı Azərbaycan ədəbiyyatında humanizm və milli oyanışın təcəssümü kimi dəyərləndirilmişdir.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova öz çıxışında vurğulamışdır ki, Süleyman Sani Axundovun əsərləri bu gün də öz aktuallığını qoruyur və gənc nəsil üçün dəyərli bir örnək rolunu oynayır. Onun yaradıcılığı humanizm, vətənpərvərlik və mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan ədəbiyyatımızda mühüm yer tutur.
Professor Yaqub Babayev “Azərbaycan maarifçi-realist nəsrin inkişafında Süleyman Sani Axundovun rolu” və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, dosent Aygün Bağırlı “Süleyman Sani Axundovun ədəbi kimliyi tarix və müasirlik kontekstində” adlı məruzələrlə çıxış etmişlər.
Akademik Muxtar İmanov, professor Təyyar Cavadov və dosent Qüdrət Umudov çıxışlarında Süleyman Sani Axundovun əsərlərinin yalnız ədəbiyyat dünyasında deyil, həm də cəmiyyətin inkişafında və təhsil prosesində mühüm rol oynadığından bəhs etmişlər. Qeyd etmişlər ki, onun əsərləri real həyatın, cəmiyyətin reallıqlarının yazıçı tərəfindən təfsir edilməsindən irəli gələrək, tərbiyəvi dəyər və humanist ideyaların təbliğinə xidmət edir. Bu səbəbdən, Süleyman Sani Axundovun əsərləri təkcə ədəbiyyat deyil, eyni zamanda pedoqoji, sosial və mədəni bir zənginlikdir.
Konfrans öz işini “Süleyman Sani Axundovun uşaq nəsri”, “Süleyman Sani Axundovun dramaturgiyası” və “Süleyman Sani Axundovun dili və pedaqoji görüşləri” adlı bölmələrdə davam etdirmişdir.