Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə filologiya elmləri doktoru, professor Mahirə Hüseynova "Fəxri professor" diplomu ilə təltif olunmuşdur.

Universitetin Magistratura və doktorantura mərkəzində keçirilən Elmi Şuranı giriş sözü ilə açan rektor Elbrus İsayev professor Mahirə Hüseynovanın Naxçıvan Dövlət Universitetinə verdiyi töhfələrə görə öz dərin təşəkkürlərini bildirmişdir.

Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru Elsevər Əsədov, Magistratura və Doktorantura mərkəzinin direktoru Çapay Quliyev, Elmi Kitabxanasının direktoru dosent Xumar Məmmədova, tarix-filologiya fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov və Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə öz çıxışları zamanı professorun elmi tədqiqatlarını və əsərlərini dilçilik elminin inkişafına dair qiymətli materiallar kimi dəyərləndirmişlər.

Çıxışlardan sonra professor Mahirə Hüseynova Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə "Fəxri professor" diplomuna layiq görülmüşdür.

Sonda dilçi-professor göstərilən diqqət və qayğıya görə universitetin rektoru və müəllim heyətinə öz təşəkkürünü bildirmişdir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur