Error
ADPU-da Zəfər Gününə həsr olunan “Qələbə Ruhunu Yaşat” adlı tədbir keçirilmişdir.
Tədbirdən öncə Pedaqoji Universitetin rəhbərliyi, eləcə də ADPU-nun 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə şəhid olan tələbə və məzunlarının bir qisminin ailə üzvləri universitetin foyesində şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər guşəsi”ni ziyarət etmiş, abidə önünə tər çiçəklər qoymuşlar. Daha sonra qonaqlar “Zəfər stendi” və ADPU-nun Heydər Əliyev muzeyini ziyarət etmişlər.
Universitet rəhbərliyi və müvafiq struktur rəhbərləri, şəhid tələbə və məzunların ailə üzvləri, qazilər və tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan ADPU THİK sədri Cəmilə Qurbanova qarşıdan gələn Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Möhtəşəm qələbəmiz, ərazi bütövlüyümüz, suverenliyimiz və sabitliyimizə görə ilk növbədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında olan rəşadətli Azərbaycan Ordusuna, qəhrəman şəhid və qazilərimizə borclu olduğumuzu qeyd edən ADPU THİK sədri tələbə-gəncləri tarixi unutmamağa, bundan sonra da dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunmasında vətəndaş məsuliyyətini dərk etməyə səsləmişdir.
Tədbirin bədii hissəsində tələbələr tərəfindən hazırlanmış vətənpərvərlik ruhlu milli musiqi və rəqs nömrələri nümayiş olunmuş, müxtəlif tarixi mövzuda qəhrəmanlıq səhnələri, kompozisiyalar, videoçarxlar təqdim edilmişdir.
Tədbirin yekununda ADPU-nun rektoru prof. Cəfər Cəfərov vətənpərvərlik ruhunun təbliğinə yönəlmiş tədbirin təşkilində əməyi olan tələbələrə, şəhid yaxınları və qazilərə zaman ayıraraq tədbirdə iştirak etdikləri üçün təşəkkür etmişdir.