Error
ADPU-nun Filologiya fakültəsində türkoloq-alim Elçin İbrahimovun “Türk dünyasında ortaq əlifba və ünsiyyət dili” kitabının təqdimat mərasimi keçirilmişdir.
19.04.2024-cü il tarixində Türkoloji Mərkəzin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində ADPU-nun rektoru prof. Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova, Özbəkistanın Cizzak Pedaqoji Universitetindən gələn nümayəndə heyəti, müxtəlif universitetlərin türkoloqları, professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan prof. Mahirə Hüseynova türkoloq Elçin İbrahimovun elmi fəaliyyəti, kitabın əsas xüsusiyyətləri barədə məlumat vermiş, ümumtürk dünyasını birləşdirən ortaq əlifba və ünsiyyət dili problemlərinin türk xalqları arasında həllini tapmamış aktual məsələlər olduğunu bildirmişdir. O öz nitqində tarix boyu müxtəlif xalqların təsirinə məruz qalan türklərin bir-birindən fərqli yazı sistemlərindən istifadə etdiyini söyləmiş, əsərin müxtəlif hissələrində əlifba mücadilələri, onun müasir dövrdə vəziyyəti məsələsinin geniş təhlil edildiyini qeyd etmişdir.
Türkoloji Mərkəzin Türk Ədəbiyyatı Bölməsinin müdiri prof. Elman Quliyev çıxış edərək kitabda türklərin tarixən istifadə etdikləri əlifbalar haqqında dolğun məlumatlar təqdim olunduğunu, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistanda ortaq türk əlifbasının tətbiqi məsələsinin müxtəlif aspektlərdən öz əksini tapdığını bildirmişdir. O, 1926-cı ildə Bakıda təşkil olunan I Türkoloji Qurultayın təsir dairəsinin elmi-nəzəri, tarixi aspektdən tədqiq etdiyini qeyd etmişdir.
Müəllif filologiya elmləri doktoru, dosent Elçin İbrahimov əvvəlcə təqdimat mərasiminin təşkilinə görə prof. Mahirə Hüseynovaya təşəkkür etmiş, çıxış edən alimlərə öz maraqlı fikirlərinə görə öz minnətdarlığını bildirmişdir. O, əsərdə türk xalqları arasında əlifba islahatları istiqamətində görülən işlər, 20-ci əsrin başlanğıcından indiyə qədər davam edən proseslərin araşdırıldığını bildirmiş, monoqrafiyanın bütün fəsilləri barədə ümumi məlumat vermişdir.
Çıxış edən Bakı Avrasiya Universitetinin baş müəllimi fil.ü.f.d. Zəminə Rüstəmbəyli və AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi fil.ü.f.d. İmanyar Quliyev kitabla yaxından tanış olduqlarını, türk dillərində orfoqrafiya problemi, onun qanunauyğunluqları, əsas prinsipləri haqqında müfəssəl məlumat verildiyini bildirmişlər. Tədbir professor-müəllim heyətinin və tələbələrin müəllifə ünvanladığı suallarla diskussiya formasında davam etmişdir.
Sonda çıxış edən prof. Mahirə Hüseynova qonaqlara gəldikləri üçün öz təşəkkürünü bildirmiş, Elçin İbrahimovun müəllifi olduğu əsərin türk dünyasında ortaq əlifba, orfoqrafiya kimi aktual problemlərin araşdırılması və öyrənilməsi baxımından əhəmiyyətli mənbə olduğunu qeyd etmişdir.