Türkiyənin bir sıra universitetlərində ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova və Türkoloji Mərkəzin Türk Ədəbiyyatı Bölməsinin müdiri prof. Elman Quliyevin müəllifi olduğu kitabların təqdimat mərasimi keçirilmişdir.

      4-16 mart 2024-cü il tarixlərində prof. Mahirə Hüseynovanın bir neçə kitabının və  prof. Elman Quliyevin türk dövlətləri üçün ortaq dərs vəsaiti kimi təsdiqlənmiş “Türk halkları edebiyatı” adlı kitabının Türkiyənin müxtəlif universitetlərində təqdimatı baş tutmuşdur.

      14.03.2024-cü il tarixində Balıkesir Bandırma On Yedi Eylül Universiteti və Türk Ocaqları İstanbul Şöbəsində keçirilən təqdimatlar yüksək səviyyədə təşkil olunmuşdur. Balıkesir Bandırma On Yedi Eylül Universitetinin rektoru prof. İsmayıl Bozun müəlliflərin kitabları ilə təşkil etdiyi xüsusi təqdimat mərasimində o, hər iki müəllifin yaradıcılığını türk dünyası üçün önəmli hesab etmiş, şairə Mahirə Nağıqızının bir şeirini görüş iştirakçıları üçün səsləndirmişdir. Qeyd edək ki, təqdimat mərasimində rektor yardımçıları, dekanlar və Türkiyənin müxtəlif şəhərlərindən dəvət olunmuş qonaqlar iştirak etmişlər. Təqdimat universitetin kitabxanasında davam etmiş, hər iki müəllifin kitabları Bandırma On Yedi Eylül Universitetinin elmi kitabxanasının kataloquna daxil edilmişdir.

      15.03.2024-cü il tarixində ASES elmi təşkilatının və Bandırma On Yedi Eylül Universitetinin təşkilatçılığı ilə beynəlxalq konfrans, kitab təqdimatı və imza günü keçirilmişdir. Beynəlxalq konfransda prof. Elman Quliyevin “Türk halkları edebiyatı” kitabının təqdimatı və bu kitabın imza günü keçirilmişdir. Tədbirdə 23 dövlətin elm adamları və tələbələr iştirak etmişlər. Konfransda prof. Elman Quliyev Müasir Qazax ədəbiyyatının görkəmli nümayəndələri Oljas Süleymenov, Xolijan Bekxojin və Çağdaş Azərbaycan ədəbiyyatının sevilən nümayəndəsi Mahirə Nağıqızının yaradıcılığına həsr olunmuş məruzələrlə çıxış etmişdir. “Çağdaş Azerbaycan şiirinde Mahire Nağıkızı imzası” mövzusunda məruzə konfrans iştirakçılarının diqqətini xüsusilə cəlb etmişdir.

         Təqdimat mərasimi 16 mart 2024-cü il tarixində İstanbul şəhərində davam etdirilmişdir. Türk Ocaqları İstanbul Şöbəsinin müdiri prof. Cezmi Bayram prof. Mahirə Hüseynova və prof. Elman Quliyevin qələmə aldığı bu kitabları türk dünyası üçün əhəmiyyətli addım hesab etmişdir. Balıkesir və Bursada keçirilən tədbirlərdə də iştirakçılar kitabları yüksək qiymətləndirmiş, türk dövlətləri arasında ədəbi-mədəni əlaqələrin genişlənməsində onların mühüm rola malik olduğunu dilə gətirmişlər.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur