2 fevral 2024-cü il tarixində Müasir İnkişaf Birliyinin sədri, Yeni Media Qrupun rəhbəri, AMEA-nın Şöbə müdiri Mübariz Göyüşlü və Özbəkistandan gələn nümayəndə heyəti ADPU-nun Filologiya fakültəsində qonaq olub.

Tədbiri giriş sözü ilə açan ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova son dövrlər Filologiya fakültəsi ilə Özbəkistan universitetləri arasında əlaqələrin genişləndiyini vurğulayaraq birgə əməkdaşlıq üçün Azərbaycan poeziya nümunələrinin özbək dilinə, özbək bədii ədəbiyyat nümunələrinin Azərbaycan dilinə tərcümə olunmasının əhəmiyyətini qeyd etmişdir.

Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü çıxış edərək görüşün təşkilinə görə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dos. Könül Həsənovaya öz təşəkkürünü bildirmiş, fakültənin türk dövlətləri ilə olan əməkdaşlıq əlaqələrinin vacibliyini vurğulamışdır.

Özbəkistandan gələn nümayəndə heyətinin üzvləri çıxış edərək Azərbaycan-Özbəkistan dostluq əlaqələrindən bəhs etmiş, müxtəlif şeir nümunələri söyləmişlər. Onlar özbək milli adət-ənənələrinə məxsus atributları prof. Mahirə Hüseynovaya təqdim etmişlər.

Çıxış edən prof. Təyyar Salamoğlu və dos. Qüdrət Umudov son dövrlər müasir özbək ədəbiyyatı nümayəndələri ilə fakültədə keçirilən görüşlərdən bəhs etmiş, klassik özbək ədəbiyyatı nümayəndələrinin əsərlərinin Filologiya fakültəsinin tələbələri tərəfindən maraqla öyrənildiyini qonaqların diqqətinə çatdırmışlar.

Sonda xatirə şəkli çəkilmişdir.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur