22 noyabr 2023-cü il tarixdə Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasında ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya faküktəsinin dekanı vəzifəsini icra edən filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın "Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili", filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova və pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazilə Abdullazadənin müəllifi olduqları "Zəkanın və milli yaddaşın təntənəsi" kitablarının təqdimatı keçirilib.

Təqdimatda çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, ümummilli Liderimiz Heydər Əliyevin, ölkə başçımız İlham Əliyevin də hər zaman diqqət məkəzində saxladığı Qərbi Azərbaycan mövzusu günümüzün böyük aktuallıq kəsb edən məsələsidir. Dövlətimizin siyasi xəttinin dəstəkçiləri olan ziyalılarımızın, alimlərimizin də fəaliyyətində bu motivlər hər zaman öz əksini tapıb. Rektor “Qərbi Azərbaycana qayıdış” festival, “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresinin fəxri qonağı olaraq Mahirə Hüseynovanın Qərbi Azərbaycan mövzusuna nə qədər həssaslıqla yanaşdığını diqqətə çəkib.
Universitet Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova hər iki kitabın elmi və ictimai əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili” kitabında ilk dəfə olaraq Qərbi Azərbaycan ərazisində mövcud olmuş paleotoponimlərin elmi-nəzəri əsasları, ayrı-ayrı coğrafi ərazilərdə yayılma arealları, fonetik, leksik, semantik xüsusiyyətləri araşdırılıb və Azərbaycan xalqının bu ərazilərdə ən qədim yerli sakinlər olduqları elmi baxımdan əsaslandırılıb.
“Zəkanın və milli yaddaşın təntənəsi” adlı kitabda isə ümummilli liderin çıxış və məruzələri, sərəncamları, bəyanatları diqqətlə nəzərdən keçirilib. Həmçinin, bütün materiallar həm də ingilis dilində oxuculara çatdırılıb.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur