7 noyabr 2023-cü il tarixdə ADPU-nun böyük zalında Filologiya fakültəsinin təşkilatçılığı ilə “Biz Qalibik” adlı “8 Noyabr – Zəfər günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə ADPU-nun rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov, Beynəlxalq Əlaqələr üzrə prorektor, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, vətən müharibəsinin iştirakçıları, qazilər, şəhid anaları və Filologiya fakültəsinin müəllim-tələbə heyəti iştirak etdilər. Tədbirdən əvvəl qonaqlar “8 Noyabr – Zəfər günü” guşəsi ilə tanış oldular, xatirə şəkli çəkdirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Giriş sözü ilə çıxış edən rektor professor Cəfər Cəfərov tədbir iştirakçılarını salamladı, sabah – 8 Noyabr “Zəfər günü”nü Xankəndində qeyd edəcəyik, artıq bayrağımız Xankəndində dalğalanır. Bu qələbəni qazanmağa vəsilə olan şəhidlərimizin ruhu qarşısında baş əyirik, Ali Baş Komandana minnətdarlığımızı bildiririk.
ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova çıxışında qeyd etdi ki, müzəffər Ali Baş Komandanımız ordumuzla Xankəndində “Zəfər günü” paradına hazırlaşır. Bu hissi bizə haqq edən şəhidlərimizə, qazilərimizə, milli ordumuza, Ali Baş Komandanımıza dərin minnətdarlıq hissi ilə “eşq olsun” deyirik. Bu gün 2019-cu ildə fəaliyyətə başlayan “Meh” ədəbi dərnəyinin də hesabat tədbiridir. Dərnək üzvlərinin şəhidlərimizin ruhu qarşısında minnətdarlıq hiss olaraq, milli ordumuz qarşısında borc hissi olaraq təşkil etdiyi “8 Noyabr – Zəfər günü” tədbirinə xoş gəlmisiniz. Bir daha “Zəfər günü”nüz mübarək!
Tədbir zamanı Vətən Müharibəsi Veteranları İctimai Birliyində Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri, müharibə veteranı Niyazi Quliyev və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri, polkovnik Elmar Hüseynov böyük zəfərin qazanılmasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin xüsusi əhəmiyyətinin olduğunu, hələ 1972-1973-cü illərdə universitetdə “İbtidai hərbi hazırlıq” fakültəsinin fəaliyyət göstərdiyini qeyd edərək rektor professor Cəfər Cəfərovu və professor Mahirə Hüseynovanı “Böyük Zəfər” medalı ilə təltif etdilər.
Tədbirin bədii hissəsi Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin qiraətçisi Əlibəy Ələkbərlinin təqdimatında Məmməd Arazın "Ayağa dur, Azərbaycan" şeiri ilə başladı. Daha sonra məruzə ilə çıxış etmək üçün söz Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Səminə Abdullayevaya verildi.
“Meh” ədəbi dərnəyinin üzvləri səhnəciklərlə çıxış etdilər, Mahirə Nağıqızının “Azərbaycan bayrağı”, “Vətəndir”, "Salam olsun", “Gəlibdir” şeirlərini ifa etdilər. Respublikanın əməkdar artisti Elnur Zeynalov, Respublika muğam müsabiqəsinin qalibi Almaxanım Əhmədli, Orxan Hüseynli, Nurlan Namazov, İlahə Nəbiyeva, Gülzar Fərəcova, Malik Həsənov, Murad Laçın sözləri Mahirə Nağıqızına məxsus bəstələri ifa etdilər. Tanınmış vokalist, lirik tenor Şahin İsmayılov popuri ifa etdi.
Daha sonra tədbir iştirakçıları Filologiya fakültəsi və “Meh” ədəbi dərnəyinin "Zəfər Günü"nə özəl olaraq hazırladığı fləşmobu və videoçarxı izlədilər.
Tədbir “Meh” ədəbi dərnəyinin rəqs qrupunun çıxışı ilə başa çatdı, qonaqlarla xatirə şəkilləri çəkildi.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur