Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı v.i.e., Azərbaycan Yazıçılar Birliyinin üzvü, professor, şairə, müasir qadın şairləri sırasında özünəməxsus yeri və imzası olan Mahirə Nağıqızı 20-dən artıq şeirlər kitabının müəllifidir.
O, çağdaş ədəbiyyatımızda folklordan, canlı xalq danışıq dilindən qaynaqlanan ictimai və səmimi lirik şeirlər müəllifidir.
Sözün hikmətini, qüdrətini, aliliyini yüksək qiymətləndirən Mahirə Nağıqızı, sözü Tanrı dərgahına ucaldır. O, təkcə şeir yazmır, həm də yazdığı şeirlərini yaşayır.
Səmimi, mehriban, sənətinin, peşəsinin vurğunu şairənin qəlbi sanki zəngin xatirə kitabıdır. Onun şeirlərinin mayası səmimiyyətdən, ülvilikdən, saflıqdan, müqəddəslikdən yoğrulub. Bir sözlə, o ruh adamıdır.
Mahirə Nağıqızının şeirlərinin bir çoxu vətənpərvərlik mövzusundadır. Vətən, onun üçün, sadəcə, bir ovuc torpaq deyil. Vətən, onun üçün bayrağının kölgəsinə sığındığı güvənli bir Ana qucağıdır.
Mahirə Nağıqızının yazdığı şeirlər Azərbaycan gəncliyinin milli-vətənpərvər ruhda yetişməsinə böyük təsir göstərir. Onun vətənpərvərlik mövzusundakı şeirləri insanın mənəviyyatına toxunaraq oraya vətənpərvərlik toxumları səpir.
Müəllifin "Salam olsun" kitabında cəmlənən şeirləri təpədən-dırnağa qədər oxucunu Vətən eşqi ilə ruhlanmağa, Vətən uğrunda döyüşməyə, Vətən, torpaq fəlsəfi hikmətinin mahiyyətini dərk etməyə və onu candan əziz tutmağa, Vətənin əvəzsiz olduğunu əxz etməyə və təlqin etdirməyə çağırır. Mahirə xanım həm bir ana olaraq, həm də bir şair kimi Azərbaycan övladlarını torpaqlarımızın azadlığı uğrunda zəfər cənginə qalxmağa, şanlı yürüşə səsləyir.