1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci ilin 9 avqust tarixli fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Daim Azərbaycan dilinin saflığı uğrunda çalışan ADPU-nun Beynəlxalq Əlaqələr üzrə Prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynovanın müəllifi olduğu və bu mövzuda yazılmış ən gözəl nümunələrdən olan “Ana dilim” şeirini sizə təqdim edirik!

Bu dünyanın yaşı qədər tarixin var,
Sonu qədər, başı qədər tarixin var.
Dağı qədər, daşı qədər tarixin var,
Ha baş vursam bitməz qatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!

Orxonlardan üzü bəri yazın qalıb,
Altaylardan Balkanlara izin qalıb.
Çox dillərdə rəddin qalıb, izin qalıb,
Qurdnan görər qiyamatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!

Ucsuz Qıpçaq çöllərindən havalandın,
Qədim Oğuz ellərindən havalandın,
Qopuzumun tellərindən havalandın,
Sənlə atdım qaramatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!

Yurd yaratdın, xalqıma ev-eşik oldun,
Laylalarla ruhumuza beşik oldun.
Dünyamızın sərhədinə keşik oldun,
Millət etdin el-elatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!

Nizaminin hikmətini sən yaratdın,
Nəsiminin qüdrətini sən yaratdın,
Füzulinin fitrətini sən yaratdın,
Hikmət dolu söz büsatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!

Yasaların kəmfürsətə ox olacaq,
Yadlar səndə əriyəcək, yox olacaq.
“Azərbaycan”, “Heydər baba” çox olacaq,
Onlar övlad hesabatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!

Sən şahidsən, kimlər gəldi, kimlər getdi,
Oğlun-qızın haya çatdı, dada yetdi.
Bələdçisi Həsən Mirzə səni etdi,
Mahirənin kainatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur