525-ci qəzetin 10 iyun nömrəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayevanın professor Mahirə Hüseynovanın professor Elman Quliyev və professor Seyfəddin Rzasoyla birlikdə Türkiyədə nəşr etdirdiyi "Büyük Azerbaycan mutefekkiri Nizami" kitabı haqqında yazısı çap olunub.

Məlahət Babayeva

Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində mühüm hadisə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi İli" elan etməsi haqqında Sərəncamı dahi şairin istər ölkəmizdə, istərsə də xaricdə təbliği və tədqiqi işinin yeni mərhələyə yüksəlməsinə güclü təkan verdi. Bu günlərdə "Nizami Gəncəvi İli" çərçivəsində beynəlxalq miqyasda daha bir təşəbbüs gerçəkləşdi.

Nizami Gəncəvi irsi Azərbaycan xalqının mənəvi sərvətidir və bu sərvətin qorunması, tədqiqi və təbliği Azərbaycan dövlətinin yeritdiyi siyasətin tərkib hissəsi olaraq daim diqqət mərkəzindədir. Məlumdur ki, hələ XX əsrdə Azərbaycan nizamişünaslığı öz monumental töhfələri ilə dünya elmi tarixində yeni bir səhifə açmışdı. Bu dövrdə Nizami Gəncəvi əsərlərinin elmi-tənqidi mətnlərinin hazırlanması, nəşri, tərcüməsi, tədqiqi və təbliği sahəsində görülən uğurlu işlər dünya miqyasında əzəmətli bir məktəbin - Azərbaycan nizamişünaslıq məktəbinin varığını bir daha təsdiq etmişdi. XX əsrdə Azərbaycanın fədakar alimlərinin fəaliyyətinin bəhrəsidir ki, bu gün Azərbaycan Respublikası Nizami Gəncəvi irsinin öyrənilməsi, nəşri və təbliği işində dünya üzrə əsas koordinat mərkəzə çevrilib. Müstəqil Azərbaycan dövləti müasir dövrdə də nizamişünaslığın inkişafına xüsusi diqqət yetirir və Nizami Gəncəvi irsinin dünya miqyasında təbliğində mühüm işlər görür.

Azərbaycan ədəbiyyatının dahi simalarından biri olan şair-mütəfəkkir Nizami Gəncəvi öz yaradıcılığı ilə təkcə milli ədəbiyyatımıza, Şərq ədəbiyyatına deyil, bütün bəşər ədəbiyyatına böyük töhfələr bəxş edib. Dünyanın elə bir xalqı tapılmaz ki, onun ədəbiyyatında, poeziyasında Nizami Gəncəvi irsinin təsiri olmasın. Bu baxımdan, Nizami Gəncəvi irsi bütün bəşəriyyətin dəyəridir.

Azərbaycan poeziyasının zirvəsi olan Nizami Gəncəvinin irsi Şərqlə paralel olaraq, Qərb aləmində də yaxından öyrənilib, tədqiq edilb, yayılıb. Nizami Gəncəvi irsini tədqiq edən professor Mahirə Hüseynova bu il professor Elman Quliyev və professor Seyfəddin Rzasoyla birlikdə Türkiyədə nəşr etdirdiyi "Büyük Azerbaycan mutefekkiri Nizami" kitabında Nizami Gəncəvi irsinin öyrənilməsinə Qərbdə Şərqdən əvvəl başlandığını bildirir. Kitabda professor Mahirə Hüseynova "Nizami Gəncəvi İli": gələcək üçün çağırış", professor Elman Quliyev "Nizami və "Xəmsə" ənənəsi", "Müasir qazax ədəbiyyatında Nizaminin özü və sözü (Xalijan Bekxojinin "Afaqnamə" poeması əsasında)", professor Seyfəddin Rzasoy "Nizami Gəncəvinin "Yeddi gözəl" məsnəvisinin əsas süjetinin folklor-mifoloji semantikası" adlı tədqiqatları əksini tapıb.

Araşdırmada professor Mahirə Hüseynova haqlı olaraq qeyd edir ki, Nizami irsi ümumbəşəri irsdir və onun yaradıcılığı heç bir milli, irqi, dini, coğrafi sərhəd tanımır, dünyanın hər yerində Nizami irsi öyrənilir, təbliğ edilir.

Bundan əlavə, tədqiqatçılar qeyd edirlər ki, Nizaminin əsərlərinin özəl cəhətlərindən biri onun qəhrəmanlarının müxtəlif dinlərə, millətlərə mənsub olmasıdır. Bu da Nizami dünyagörüşündə tolerantlığın, multikulturalizmin üstün yer tutmasına işarədir.

Alimlər qeyd edirlər ki, Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, nəinki Azərbaycan, Əfqanıstan, Gürcüstan, Hindistan, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynayıb. Bildirilənə görə, Nizaminin yaradıcılığı Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir edib. Onun müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütün Şərq ölkələrində böyük məşhurluğa malik olub ki, bunu da şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmasının dövrümüzə çatması sübut edir. Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcnun" və "İsgəndərnamə" kimi əsərlərinin qəhrəmanları indi də bütün islam ölkələrində, eləcə də dünyada tanınmaqdadır.

Son olaraq qeyd etmək istərdik ki, kitabın redaktorlarından professor Selçik Kırlı "Böyük Azərbaycan mütəfəkkiri Nizami" kitabının Azərbaycan və türk dilində nəşrini çox mühüm hadisə olduğunu qeyd edir. Belə ki, ortaq, dili, mədəniyyəti, tarixi, dini olan qardaş xalqların dil baxımdan öyrənilməsi üçün də bu kitab əhəmiyyətli rol oynayacaq.

 

https://525.az/news/194461-nizami-gencevi-irsinin-oyrenilmesi-ve-tebliginde-muhum-hadise


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur