ADPU-da “Yaddaşlarda yaşayan vətən” filminin təqdimat mərasimi keçirilib

725947831_122107563855315418_5568512762860529078_n.jpg
1 / 15

ADPU-da “Yaddaşlarda yaşayan vətən” filminin təqdimat mərasimi keçirilib.

Tədbirdə ADPU rəhbərliyi, Qərbi Azərbaycan İcmasının üzvləri, millət vəkilləri, professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova, millət vəkilləri Qaya Məmmədov və Rizvan Nəbiyev, rejissor Mikael Silkeberq çıxış edərək filmin Qərbi Azərbaycanın adət-ənənələrinin, ədəbiyyat, incəsənət, milli geyim və mətbəx nümunələrinin təbliğində mühüm mənbə olacağını qeyd ediblər.

Qeyd edək ki, isveçli rejissor Mikael Silkeberqin çəkdiyi filmin əsas ideyası Qərbi Azərbaycanı yaddaş vasitəsilə qorunub saxlanılan mədəni məkan kimi təqdim etməkdir. Burada məkanlar, ənənələr və mənalar nəsildən-nəslə ötürülərək yaşayır. Arxiv xəritələri və müxtəlif şahid ifadələri vasitəsilə film göstərir ki, bəzi coğrafiyalar siyasi sərhədlərdə deyil, mədəni şüurda yaşamağa davam edir.

Bu davamlılıq öz ən parlaq ifadəsini aşıq sənətində tapır. Poeziya, musiqi və dastançılığın qovuşduğu bu ənənədə Göyçə mahalında dünyaya gəlmiş Aşıq Ələsgərin irsi filmin əsas xəttini təşkil edir. Onun şeirləri təbiət mənzərələrini, duyğuları və mənsubiyyət hissini yaşadır.

Film həmçinin kimliyin ədəbiyyat və təsviri sənət vasitəsilə necə qorunduğunu araşdırır. Bakının mədəniyyət ocaqlarında qorunan əlyazmalar, poeziya nümunələri və sənət əsərləri unudulmağa qarşı dayanan bir mədəni xəritə yaradır. Klassik ədəbi irsdən Mirzə Qədim İrəvaninin bədii irsinədək sənət tarixi davamlılığın etibarlı daşıyıcısı kimi təqdim olunur.

Maddi mədəniyyət də filmdə mühüm yer tutur. İrəvan xalça qrupuna aid nümunələr sanki kodlaşdırılmış arxivlər kimi təqdim edilir. Həmçinin sənədli film Qərbi Azərbaycanın milli geyimlərini təqdim edir və regionun kulinariya irsini araşdırır.