Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

XARİCİ DİLLƏR MƏRKƏZİ

 

Müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə günü-gündən daha çox tanınması və beynəlxalq münasibətlər sisteminə qoşulması ölkədə ikinci dil kimi ingilis dilinin öyrənilməsinin əhəmiyyətini artırmışdır. Bu tələbatın ödənilməsi üçün də yüksək ixtisaslı kadrların hazırlanmasına həmişə ehtiyac duyulmuşdur. Bu səbəbdən 2008-ci ilin noyabrında Azəbaycan Dövlət Pedaqoji Universitetində  ingilis dili ixtisasına tələbə qəbulunun artması ilə əlaqədar olaraq “Xarici dillər” kafedrası bazasında “İngilis dili və onun tədrisi metodikası” kafedrası yaradıldı və həmin kafedraya filologiya elmlər doktoru, professor Balaxan Qaraxan oğlu Hüseynov  müdir vəzifəsinə təyin edildi. 2014-cü ilin may ayından kafedraya rəhbərlik filologiya elmlər doktoru, professor Nailə Məmmədhüseyn qızı Sadıqovaya həvalə olunmuşdur.2008-ci ildə “Xarici Dillər” kafedrası bölündükdən sonra “Xarici dillər” kafedrasına filologiya üzrə fəlsəfə doktoru, dosent G.Alıyeva rəhbərlik etmişdir. 2015-ci ildə kafedrada aparılan struktur dəyişiklikləri ilə əlaqədar kafedranın fransız, alman, fars ixtisaslı müəllimləri “Rus dili” kafedrasına bilşəşdirilmiş və kafedra “İngilis dili” kafedrası adlandırılmışdır. “Rus dili” kafedrası isə “Xarici dillər və onların tədrisi metodikası” adı altında  fəaliyyətə başlamış, kafedraya professor L. Vəzirova rəhbərlik etmişdir.

2018-2019-cu tədris ilində 9 iyul tarixində Xarici Dillər Mərkəzi (kafedra) yaradılmışdır. Mərkəz İngilis dili və onun tədrisi metodikası  kafedrası, Xarici dillər və onun tədrisi metodikası və İngilis dili kafedralarının birləşməsi əsasında yaradılmışdır və mərkəzə dos. Ülviyyə Hacıyeva rəhbərlik edir. Hazırda kafedranın 95 əməkdaşı vardır. Onlardan 2 nəfəri professor, 7 nəfər fəlsəfə doktoru, dosent, 37 nəfər baş müəllim,  46 nəfər isə müəllimdir.

Xarici Dillər Mərkəzi (kafedrası) Ali təhsilin bakalavriat, magistratura və doktorantura pillələrində ingilis, alman, fransız, rus, fars dilləri üzrə əsas aparıcı ixtisas mərkəzidir.

ADPU-nun Xarici Dillər Mərkəzi olaraq missiyamız tələbələrin müasir təlim metodlarının tətbiqi ilə xarici dillərin  tədrisi sahəsində ən yaxşı təhsili verərək  və ən müasir bilikləri paylaşaraq müxtəlif ixtisaslar üzrə rəqabətə davamlı mütəxəssislərin  hazırlanmasını  təmin etməkdir.