Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

TƏRANƏ RƏHİMLİ
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Təranə Yusif qızı Rəhimli 1970-ci il fevralın 20-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı şəhər 48 saylı orta məktəbdə və Bərdə şəhər 1 saylı orta məktəbdə orta təhsil almışdır (1976-1986). O, 1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. Universitetdə təhsil aldığı illərdə ADPU-nun mətbu orqanı “Gənc müəllim” qəzetində müxbir və ədəbi işçi kimi fəaliyyət göstərmişdir. 1995-ci ildə universiteti bitirdikdən sonra həmin qəzetin məsul katibi və baş redaktoru vəzifələrində çalışmışdır. O,1997-ci ildən “Kamal Talıbzadənin yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başlamış, 2004-cü ildə dissertasiyasını müdafiə edərək elmlər namizədi adını almışdır.

Təranə Rəhimli 1989-cu ildən Azərbaycan Dövlət Peda­qoji Univer­sitetində işləyir. O, burada əvvəlcə laborant, baş laborant, sonra universitetin “Gənc müəllim” qəzetində ədəbi işçi, məsul katib, baş redaktor, daha sonra müəllim, baş müəl­lim, dosent vəzifəsi tutmuşdur. İlk şeir və məqalələri 1987-ci ildən çap olunmağa başlamışdır. Təranə Rəhimlinin yaradıcı fəaliyyəti elmi, bədii və publisistik istiqamətləri əhatə edir. Hələ tələbəlik illərində onun “Qar çiçəyi”, “Addımlar” ədəbi birlik­lərinin yaradılmasında, “Addımlar” poeziya almanaxının nəşrin­də xüsusi rolu olmuşdur. Dövrü mətbuatda bədii, elmi, publisist yazıları ilə 1987-ci ildən çıxış etməyə başlayan T.Rəhimli Azərbaycan Aşıqlar Birliyinin (1992), Azərbaycan Jurnalistlər Birliyinin (1994), Dünya Gənc Türk Yazarlar Birliyinin (1998), Azərbaycan Yazıçılar Birliyinin (1999),  Türkiyədə Kıbrıs Balkanlar Avrasiya Türk Ədəbiyyatları Quruumunun (2007), İtaliyada Pablo Neruda Mədəniyyət Assosiasiyasının (2016), ABŞ-da OUR Poetry Archive (2018) üzvü kimi respublikamızda və bir çox dünya ölkələrində mötəbər ədəbi, elmi tədbirlərdə Azərbaycan el­mini və ədəbiyyatını ləyaqətlə təmsil etmişdir. 1 dərs vəsaiti, 1 məqa­lənin və 6 programın müəllifidir.

Ailəlidir, iki övladı var.