Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

 

Elman Quliyev

ADPU-nun professoru,

“Türk araşdırmaları” bölməsinin müdiri

 

 

NİZAMİ VƏ “XƏMSƏ” ƏNƏNƏSİ

 

700 ildən çox tarixi olan Nizami ədəbi məktəbi Şərq xalqları mədəniyyətinin inkişafında və onun yeni istiqamətinin müəyyənləşməsində əhəmiyyətli dərəcədə rol oynamışdır. Xatırlatmaq yerinə düşər ki, Nizami ədəbi məktəbi mövcudluğunun arxasında cahanşümül ideyalar carçısı olan dahi Nizaminin Şərq şeir komandanı kimi qəbulu ilə yanaşı, Azərbaycan-türk mədəniyyətinin dərki və təsdiqi  dayanır. Çünki Nizami adı,  Nizami dühası Şərqə Azərbaycan-türk şeirinin (geniş mənada mədəniyyətinin) bədii-estetik, milli-fəlsəfi ecazkar nümunəsi tipində daxil olmuş, Nizami adı ətrafında formalaşan nə varsa Azərbaycan milli-mənəvi ruhunun daşıyıcısı təsirindən uzağa getməmişdir. Əlişir Nəvainin “Fərhad və Şirin” əsərinin ilk misralarından birində deyildiyi kimi:

O Gəncədə yatan böyük Nizami.

Gəncədə olsa da aramı onun

Xəznələr üstədir məramı onun.

Və yaxud, “Yeddi səyyarə” əsərində Nizaminin Gəncə (Azərbaycan) əhlinə “incə mənalar” bəxş edən mütəfəkkir şair simasında təqdim edilməsi və söz mülkünün sultanı kimi “Çini-Maçində” tayı-bərabəri olmayan möhtəşəmlikdə  canlandırılması təsadüfi deyildir. 

Bir kəlamı gözəl, sözləri gövhər,

Şeir meydanında göstərib hünər,

Xərabə dünyada Gəncə əhlinə

Bəxş edib beş yeni dolu xəzinə

Lələk qələmiylə o, ağ vərəqdə

Çox incə mənalar eylədi peyda

Məna yox, hər sözü qənddi, şəkərdi

Mürəkkəbi sanki müşk-ənbərdi.

Belə vəhdətini müşk ilə qəndin

Nə Hindistan görüb nə də qədim Çin.

Şərq Nizami sənətini yalnız bədii zövq mənbəyi kimi qəbul etmir, Şərq eyni zamanda həkim Nizaminin bədii-fəlsəfi hikmətlərini  bir poetika və didaktika məxəzi kimi dəyərləndirir, onu öyrənməyi özü üçün zəruri hesab edir. Bu mənada Dəhləvi, Cami, Nəvai, Şahidi, A.Ərdəbili, Marağalı Əşrəf, Füzuli, Əbdu bəy Şirazi və s. poeziya nəhənglərinin yaradıcılığındakı Nizami təsiri “Xəmsə” süjetləri əsasında qurulan epizodların özünəməxsus bədii ifadə təkrarlığı ilə müşahidə olunmamış, onların yaradıcılıq imkanlarının, sənətlərinin bədii-estetik keyfiyyətlərinin yüksəlməsinə və yeni ideyalarla zənginləşməsinə yol açmışdır. Qururla deyə bilərik ki, Azərbaycan xalqının milli iftixarı dahi Nizaminin Şərq şeirinin nadir siması olmaqla yanaşı, dünya sənət tarixində Azərbaycan mədəniyyətinin ecazkar tərənnümçüsü və geniş mənada Azərbaycançılıq missiyasının qüdrətli nümayəndəsidir. Şübhəsiz, Nizaminin Şərq dünyası üçün ən böyük  missiyası ədəbiyyatımızın sənət emblemi olan “Xəmsə” ni yazmasıdır.

“Xəmsə” dahi Nizaminin sənət aləmində ədəbi-bədii kəşfi, eyni zamanda forma, mövzu və ideya yeniliyi idi. Lakin həmin dövrlərdə mətbələrin, ölkələr arasında əlaqə və nəqliyyat-kommunikasiyaların olmamasına rəğmən, öz mahiyyətində mənəviyyat aliliyini qoruyan, Hegelin təbirincə desək “şölələnən ruhu ilə tarixin başlanğıcına təkan verən Şərq dünyası” nda  sənət aləmi üçün yeni olan ədəbiyyat hadisəsinin (yəni “Xəmsə”nin) yayılması təbii idi. Bu proses XIII əsrdən başlayaraq Azərbaycanla Hindistan, Orta Asiya, Yaxın və Orta Şərq ölkələri arasında ədəbi-mədəni əlaqələrin yaranmasına vəsilə oldu. Alternativi olmayan şeir təbi, rəvan və axıcı dil xüsusiyyətləri ilə seçilən Nizami abidəsi “Xəmsə”yə XIII əsrin sonlarından başlayaraq nəzirələrin yazılması isə Azərbaycan-Şərq ədəbi-mədəni əlaqələrinin genişlənməsinə əhəmiyyətli dərəcədə təsir göstərdi. Nizami dühasından doğan bu sənət ecazkarlığına ilk reaksiya və cavab “Xəmsə”nin yazılmasından təxminən 95 il sonra (XIII əsrin sonu) nə İrandan,  nə də Turandan – uzaq Hindistandan gəldi. 

Qəribə səslənsə də, Nizami Gəncəvinin “Xəmsə”sinə yazılmış ilk nəzirənin nəyə görə Gəncəyə-Azərbaycana daha yaxın olan coğrafiyalaradan deyil, uzaq Hindistanda yazılması sualı hesab edirəm ki, o qədərdə aktual deyil. Çünki Nizami adı onun “Xəmsə”si əksər Şərq ölkələrində eyni dərəcədə rəğbət və məhəbbətlə qarşılanmış, hind tarixçisi Ziyaədəddin Bərninin “Tarixi-Firuzşahi” kitabında söylənildiyi kimi Hindistana qədər bir sıra ölkələrin mədrəsələrində Nizami əsərləri tədris edilmişdir. Şübhəsiz, Nizami “Xəmsə”si  Hindistana Orta Asiya və Şərqin bu regiona yaxın olan ölkələrindən keçib gəlmişdir. Əcdadı Orta Asiyadan olan hind şairi Əmir Xosrov Dəhləvinin Azərbaycan şairləri Xaqani, M.Beyləqani və Nizami yaradıcılıqları ilə tanışlığı və onların sənətlərini yüksək qiymətləndirməsi orta əsrlər Azərbaycan-hind ədəbi əlaqələrinin  mühüm göstəricisidir. Azərbaycan ədəbiyyatı nümunələrinin, məxsusu olaraq Nizami Gəncəvi əsərlərinin Hindistanda mövcudluğunda Orta Asiya və Şərq regionu ölkələri körpü rolu oynamışdır. Nəticə etibarı ilə Nizami “Xəmsə” si Hindistanla müqayisədə  Orta Asiya və ya Yaxın və Orta Şərq coğrafiyasında daha əvvəl yayılmış, bir müddət  bu əsərə nəzirə yazılmasa belə saray və mədrəsələrdə yüksək qiymət verilmişdir. 

Müşahidələr onu göstərir ki, “Xəmsə” nin hansı coğrafiyada yayılmasından asılı olmayaraq “Xəmsə”yə nəzirə yazmağın kökündə iki vacib məqam dayanmışdır: 

İstedad və silsiləyə münasibətdə üst-üstə düşən yaradıcılıq maraqları.

Üst-üstə düşən yaradıcılıq maraqları dedikdə biz hər şeydən əvvəl Nizaminin sənət sehrinə düşməyi, daxili mənəvi-ehtiyac nəticəsində “Xəmsə” əbədi yarışında özünü meydanda görməyini nəzərdə tuturuq. 

Elə bilirik ki, S.Şirazi, H.Şirazi, Ətai, Lütfi, Xarəzmi, Nəsimi, Nefi, Nabi, Fəraqi, Nedim və s. kimi Şərqin nadir istedad sahiblərinin “Xəmsə” yazmamasının səbəbini onların eyni silsiləyə münasibətdə üst-üstə düşməyən yaradıcılıq maraqlarında axtarmaq lazımdır. Bu xüsusda əlahəzrət faktların mövcudluğu (yəni yazılmış “Xəmsə”lərin) deyilən fikrin məntiqinə daha çox uyğundur.

Sənətdə istedad və cəsarəti ilə seçilən, Nizami Gəncəvi ilə yaradıcılıq maraqları üst-üstə düşən xəmsənəvislər sırasında Əlişir Nəvainin xüsusi yeri vardır. Özbək siyasi tarixində nüfuzlu dövlət xadimi, özbək elm tarixində böyük alim kimi tanınmış Əlişir Nəvai özbək ədəbiyyatı tarixində də böyük mənəvi irs sahibi kimi tanınır. 

60 min misralıq 5 divanı, 25620 beytlik türkcə “Xəmsə”si və 20 müxtəlif elmi-fəlsəfi ( təzkirə, filoloji, dini-əxlaqi tarixi və s.) əsərdən ibarət Əlişir Nəvai yaradıcılığı  500 ildən çoxdur ki,  müsəlman dünyasını heyrətləndirir və oxucuların zövqünü oxşayır. 30 ildən çox bir müddətdə N.Gəncəvinin ərsəyə gətirdiyi “Xəmsə”yə cavab olaraq Ə.Nəvainin cəmi 3 ildə (1483-1485) yazdığı türkdilli “Xəmsə” si isə onun bədii sənətinin zirvəsi hesab olunur. Qeyd etməliyik ki, böyük tarixə, zəngin ədəbi ənənə və bədii nümunələrə malik özbək ədəbiyyatının nümayəndəsi kimi Əlişir Nəvainin ənənəyə qoşularaq “Xəmsə” yazması olduqca təbii idi. Hər şeydən əvvəl XIV-XV əsrlərdə  Nizami əsərlərinin özbək dilinə tərcüməsi sahəsində müəyyən təcrübə əldə edilmişdir. XIV əsrin sonlarında Qütbün “Xosrov və Şirin”, XV əsrin əvvəllərində  Xarəzminin  isə “Sirlər xəzinəsi” poemalarını özbək dilinə tərcümə etməsi Azərbaycan-özbək ədəbi əlaqələrini genişləndirməklə yanaşı, regionda Nizami Gəncəviyə olan sevgi və məhəbbəti xeyli artırmışdır. Öz növbəsində Əlişir Nəvai də “Xəmsə” yazana qədər sarayda özünün birbaşa nəzarəti altında iki dəfə (1479;1481) Nizami “Xəmsə”si əlyazmalarının üzünü köçürtdürmüş, 1481-ci ildə üzü köçürülən 45 miniatürlü bəzəkli əlyazmanı özünün şəxsi kitabxanasının eksponatına çevirmişdir. 

Göründüyü kim, Nəvai Nizamini orijinaldan oxumuş, özünəqədərki, “Xəmsə” ənənəsi nümunələri ilə (Dəhləvinin, Marağalı Əşrəfin, Caminin əsərləri) tanış olmuş, Nizami baxışları ilə öz baxışları arasındakı oxşarlıqları görmüş, onu sevmiş, onun sənət sehrinə düşmüş və “Xəmsə” yazmaq qərarına gəlmişdir. Ə.Nəvai “Xəmsə”ni tamamladıqdan 14 il sonra yazdığı “Mühakəmətül-lüğəteyn” (1499) əsərində Nizami yaradıcılığının özünə olan təsirini belə açıqlayır: “Xəmsə” pəncəsinə pəncə vurmuşam. Əvvəlcə “Möminlərin təşvisi” (“Heyrətül-əbrar”) bağında təbim güllər açıbdır ki, ona “Sirlər xəzinəsi”indən “Məxrənül əsrar” Şeyx Nizaminin ruhu başıma dürlər saçıbdır”.

Lakin Ə.Nəvai Nizaminin yaratdığı söz meydanına girməyin və Nizami ədəbi yolu ilə getməyin çətin olduğunu və cəsarət tələb etdiyini xüsusi vurğulayır, “Xəmsə” yazmağın böyük məsuliyyət tələb etdiyini nəzərə çatdırırdı:

Bu meydanda sanma asandır durmaq,

                               Nizami ilə pəncə-pəncəyə vurmaq.

                               Nizamiyə pəncə uzatsa hər kəs,

                               Qırılar pəncəsi, murada yetməz.

                               Şir pəncəsi gərək şirlə edə cəng,

                               Bari şir olmasa, qoy olsun pələng.

Ə.Nəvainin istər “Xəmsə”yə daxil olan, istərsə də daxil olmayan əsərlərində biz Nizami sənətinə verilən yüksək qiymətin şahidi oluruq. Nizami sənətinə yanaşmanın istənilən formasında Nizaminin şərq şeirindəki nəhəng obrazı canlandırılır:

            Nizami bir fildir, yox bərabəri,

            Söz incisi ondan aldı dəyəri.

Ə.Nəvai əsərlərinin ayrı-ayrı hissələrində dahi Nizami yaradıcılığının müxtəlif aspektlərdə dəyərləndirilməsi onun Nizami sənətinə dərindən bələd olduğunu təsdiqləyir. Bu dəyərləndirmədə Nizaminin tərcümeyi-halından tutmuş (Gəncəli olması və.s), sənətinin forma, bədii-estetik xüsusiyyətləri, “Xəmsə” ənənəsi formalaşdırmaq imkanları və s. cəhətlər əksini tapır. Biz bu dəyərləndirməni Nizamidən sonra “Xəmsə” yazan şairlərə münasibətdə də aydın görə bilirik. Yəni Ə.Nəvainin bir “Xəmsə” yaradıcısı kimi Dəhləvidən, Marağalı Əşrəfdən, ötəri də olsa Camidən bəhs açması bir tərəfdən Nəvainin özünəqədərki ədəbiyyat tarixçiliyi və ədəbi nümunələr kontekstində ədəbi prosesdən xəbərdar olmasının, digər tərəfdən Nizami yaradıcılığı daxil olmaqla hər bir şairin sənət incəliklərini gözəl bilməsinin göstəricisidir.

Xosrov Dəhləvidən başqa heçbir kəs,

Nizami ardınca yol gedə bilməz

Əmir Xosrov adı dillərdə gəzir,

Bütün Hindistanı etmişdir əsir.

Şairlərçün o bir bəladı, bəla,

Bəla yaratmışdır Allahtala…

Hünərlə at sürdü Əşrəf meydana,

Bu sözü başqa cür çəkdi bəyana.

Onların eşqilə içim iki cam,

Caminin mədhinə başlayım kəlam.

Şeirdə səsləndirilən müxtəlif mülahizələr Şərqin “Xəmsə” nəzirəçiləri haqqında oxucuda müəyyən, həm də vacib fikirlər formalaşdırır. Məsələn, Dəhləvinin Nizami ədəbi məktəbinin təməl daşını qoyması, “Xəmsə”sində Nizami poemalarına məxsus süjetləri öz dünyagörüşünə uyğun dəyişdirməsi, məsnəvilərindəki bir sıra özünəməxsusluq və s. fikirlərin yer alması elmi, tarixi və məntiqi baxımdan maraq doğurur.

Bildiyimiz kimi, Marağalı Əşrəf XV əsr Azərbaycan ədəbiyyatının tanınan şəxsiyyətlərindən biridir. Marağalı Əşrəf Dəhləvidən sonra “Xəmsə” yazan ikinci böyük şair hesab olunur. Ə.Nəvai “Xəmsə”yə daxil olan bir neçə poemasında və “Məcalisün-nəfais”adlı təzkirəsində Marağalı Əşrəfdən bəhs etmiş, onun sənəti haqqında az da olsa söz açmışdır. Lakin Ə.Nəvai “Xəmsə”sində XV əsr Azərbaycan şairi Marağalı Əşrəf sənətinə o qədər də önəm verməmiş, ayrı-ayrı sənətkarlarla müqayisədə onu son sırada saxlamışdır.

Düzü, Əşrəf adlı biri də vardı,

Dastan yaratmağa çox can atardı.

Yaxşı olmasa da yazdığı şeir,

Yaman deməyə də dilim gəlməyir.

Çox yazıb-yaratdı Əşrəf  boş yerə

Çatmadı əvvəlki iki şairə.

Ə.Nəvai Nizami “Xəmsə”sini bütün “Xəmsə”lərin ilham mənbəyi hesab etmiş, Nizami “Xəmsə”sinin bütün “Xəmsə”lərdən  üstün olduğunu bildirmiş, bu sənətin sehrinə düşdüyü üçün özünü xoşbəxt saymışdır:

Şairlərin ən xoş kəlamıdır o,

“Xəmsə”ni yaradan Nizamidir o.

“Xəmsə” demək azdır adına onun

Düz beş xəzinədir, sahibi Qarun.

Keçirsə “Xəmsə”ni hər kəs nəzərdən, 

Min xəzinə tapar hər bir əsərdən

Hər bahalı dürrü bir məmləkətin,

Bütün xərclərini ödəyər yəqin.

Ə.Nəvai Nizamiyə ilk növbədə ilahi ruh mənbəyi kimi baxır, mənəvi sənət ecazkarlığını Nizamidən başqa heç kimdə görə bilmir və bunu yüksək dəyərləndirir:

Ruhun pərdəsiydi hər səhifəsi,

Mürəkkəbi isə-həyat töhfəsi.

Elə ki, qələmi ələ alırdı,

Aləm qüdrətinə heyran qalırdı.

Xızır ondan alırdı həyat gülabı.

Ə.Nəvai Nizamini yalnız sirr yox, həm də dürr xəzinəsinin yaradıcısı və sahibi kimi mövzu seçiminə, hadisələri tarixi reallıqlarla bağlamaq səriştəsinə, yüksək elmi-fəlsəfi mənalandırma bacarığına, sözün məna imkanlarını genişləndirmə qabiliyyətinə və s. görə sənət tacidarı və hikmət memarı adlandırır.

Bu mənada Nəvai “Xəmsə”yə daxil etdiyi müxtəlif mövzulu poemalarında Nizami sənətinin qüdrətindən bəhs açmış, Nizamidən sonra “Xəmsə” yazmağın çətinliyini başa düşsə də bu möhtəşəm, əvəzolunmaz sənət memarının izi ilə getməyi və bu yolda qələmini sınaqdan çıxarmağı özünə şərəf bilmişdir. Ona görə də Nəvainin “Xəmsə”sinə daxil olan bütün poemalarında mövzu, məzmun və ideya baxımından Nizaminin təsiri  açıq-aydın hiss olunur. “Heyrətül-əbrar” (1483), “Fərhad və Şirin” (1484), “Leyli və Məcnun” (1484), “Yeddi Səyyarə” (1484), “Səddi-İsgəndər” (1485) poemalarında cüzi istisnalar nəzərə alınmazsa, süjet, hadisə, obraz və s. baxımından bu əsərlərin Nizami ədəbi hökmündə olduğu göz qabağındadır. Lakin Nəvaiyə qədərki “Xəmsə”lər də daxil olmaqla Nəvainin 3 il ərzində ərsəyə gətirdiyi “Xəmsə”si Nizami ənənələri yolunda mühüm hadisə hesab edilsə də, bu əsərlər lirik-psixoloji məqamların işlənmə dərəcəsinə, dramatik münasibətlərin gərginlik vəziyyətinə, romantik hisslərin ifadə tərzinə, obrazların mövcud şəraitə uyğun təqdiminə, fikrin fəlsəfi-poetik ifadəsinə və s. görə Nizami səviyyəsinə yüksələ bilməmişdir. Hətta poemalardakı hadisə və əhvalatların təsvir və tərənnümündən kənarda dayanan –

Sözdür həm təzə şey, həm də köhnə şey,

Sözdən bəhs edilir zaman-zaman hey.

Varlığın anası doğmamış, inan,

Sözdən gözəl övlad, şahiddir cahan.

Tanrı yaratmışsa hər nə, yaxşı bax,

Sözdən başqa bir şey yaşamayacaq–

kimi Nizami dühasının ortaya qoyduğu söz və onun hikməti haqqındakı fikirlərində belə bu fərqi görməmək mümkün deyil:

Sözün barəsində bunu deyim ki,

Bütün varlıqların o olub ilki.

Söz can gülşənində meh olub əsər,

Könül dənizində inciyə bənzər.

Gümüş pullar kimi parlar əsl söz,

Qəlp pulu tez seçər, tez ayırar göz. (Ə.Nəvai)

Nizaminin “Xəmsə” ənənəsinə uyğun olaraq Ə.Nəvainin yazdığı əsərlərdən biri də “Fərhad və Şirin” poemasıdır. Şairin bu əsəri Ə.X.Dəhləvi və Marağalı Əşrəfin “Şirin və Xosrov” eyni adlı poemalarından sonra “Xəmsə” ənənəsi silsiləsinə daxil olan 3-cü poemadır. Əlişir Nəvai poemada “Əsərin məxəzləri” hissəsində Dəhləvi və M.Əşrəfin adını çəksə də, əsəri yazarkən Nizami Gəncəvidən təsirləndiyini və ondan bəhrələndiyini gizlətmir:

Yazım can lövhindən iki rəvayət,

Fərhadla Şirindən edim hekayət.

Gəncədə bəslənən o böyük ustad,

Bu xoş əfsanəni belə etmiş yad…

Əlişir Nəvainin yaxın dostu, zəngin yaradıcılıq irsinə sahib, Şərqin mütəfəkkir şairi Ə.Cami Nəvainin “Fərhad və Şirin” poemasından bir il öncə yazdığı “Xəmsə” silsiləsinə daxil olan “Yusif və Züleyxa”(1483) adlı məhəbbət əsərində –

Köhnəlmiş Xosrovla Şirin dastanı,

Şirin sözlə tapım yeni sultanı.

Məcnunla Leylinin bitmiş söhbəti,

Başqa bir aşiqin çatmış növbəti, –

deməsinə baxmayaraq, Nəvai bu cür mövzuların Şərq cəmiyyəti üçün aktual olduğunu xüsusi vurğulayırdı. Nizamidən təsirlənən Nəvai poemanı yazarkən əsərdəki Nizamiyə məxsus məhəbbət və cəmiyyət strukturunu qoruyub saxlasa da, Nizamidən fərqli olaraq hadisələrin mərkəzində Xosrovu deyil, Fərhadı saxlamışdır. Nizaminin “Xosrov və Şirin” poemasında Fərhad Çində sənət məktəbi keçmiş, daşlar üzərində nəqşlər yaratmaq gücündə olan rəssam (mühəndis) obrazında təqdim edilir. Nəvai isə Fərhada tam fərqli müstəvidə yanaşmış, onun  taleyini hökmdar oğlu simasında müəyyənləşdirmişdir. Nizami isə öz idealları daxilində Fərhada yanaşmış, onun möhtəşəmliyini fiziki və mənəvi bütövlükdə təqdim etməyə çalışmışdır. Nizami Fərhadı zəngin mənəviyyatlı insan, mahir rəssam-usta və elmlərə vaqif şəxs kimi təqdim etməklə insanın cəmiyyətdə yeri, rolu və mövqeyi məsələsinə də toxunur, Şapurun dili ilə onu oxuculara belə təqdim edir:

Dedi: “Fərhad adlı bir cavan vardır,

Usta mühəndisdir, bir sənətkardır.

Həndəsə elmində xariqə saçar,

“Məçəsti”, İqlidis sirrini açar.

Lakin Nizami Gəncəvi əsərdə Fərhadın bu cür təqdim edilməsinə baxmayaraq, mövzusuna uyğun olaraq öz qəhrəmanını eşq, məhəbbətlə bağlı hadisələrin mərkəzinə çəkməyə qərar verir və Fərhadın taleyini hadisələrlə birbaşa bağlamağa çalışır. Bu səbəbdən Nizami Fərhadı bütöv bir şəxsiyyət kimi göstərməyə üstünlük verir. Şübhə yoxdur ki, Fərhadın sənət sirlərinə, Evklid riyazi nəzəriyyəsinə və Ptolomey fəlsəfəsinə bələdçiliyi əsərdə məqsədli olaraq qabardılmış və Fərhadın şəxsiyyət amili ilə birbaşa bağlantı yaradılmışdır. Nizami öz qəhrəmanını hərtərəfli insan modelində (“kamil bir palançı olsa da insan” düşüncəsində) verdiyi üçün onun məhəbbəti əsərdə sıradan deyil, əsərdəki mahiyyəti (obraz, hadisə və əhvalatlar anlamında) kökündən silkələmək və dəyişmək gücündə görünür. Ona görə də Nizami Fərhadı bir növ məhdud əməkçi insan çərçivəsindən çıxararaq onu öz idealları ilə üz-üzə saxlayır və yeni mündəricəni belə təqdim edir:

Şirinin qəlbində varmış bir məraq,

Qart daşlar bağrında çəkdirə bir arx.

Bu işçin arardı bir əhli-hünər,

Şapur ona verdi Fərhaddan xəbər

Fərhadçın Şapuru Şirin yolladı,

Şapur da tez gedib tapdı Fərhadı.

Pərdə arxasında Şirin durarkən,

Şirin dillə ona iş buyurarkən,

Bu xoş səsi duyan o xəstə Fərhad

Aşiq oldu ona, qopardı fəryad.

Səbrini itirdi, qərarı getdi,

İş bir yerə çatdı, həyatı bitdi.

Bu səhnənin bədii əksi Əlişir Nəvainin “Fərhad və Şirin” əsərində təxminən eynidir. Belə demək mümkünsə, daşyonan Fərhadla şahzadə Fərhadın düşüncə və baxışlarında ciddi fərq müşahidə edilmir. Bu mənada  Əlişir Nəvainin Nizami Gəncəvidən birbaşa təsirləndiyi göz qabağındadır:

Könlünə süd düşən zamanda Şirin,

Çarə axtarırdı bu çətinlikçin,

Uzaqdan gətirmək südü bu yerə,

Böyük əziyyətdi xidmətçilərə…

…Şirin öz dərdini xəbər verirkən

Şapur lalə kimi açıldı birdən.

Əmr etsən yerinə yetirərəm mən,

Fərhadı hüzura gətirərəm mən…

Şapur gedib gəzdi, tapdı Fərhadı

Xəbər verdi ona bu əhvalatı

Şirinin qəsrinə apardı onu

Oturtdu kürsüyə, aldı könlünü.

Dodaqları şəkər, gülüşü şirin,

O pərdə dalından səsləndi Şirin.

Fərhad eşidəndə onun səsini,

Duydu ki, itirir öz qüvvəsini.

Dərindən ah çəkdi orda bir kərə,

Xəstə adam kimi yıxıldı yerə…

Lakin Ə.Nəvainin Nizami yaradıcılığından kifayət qədər bəhrələnməsinə, müəyyən süjet oxşarlıqları saxlamasına baxmayaraq, Fərhada münasibətdə fərqli baxışlarını ortaya qoymuş, onu sənətkar, daşyonan, rəssam yox, hökmdar oğlu obrazında təqdim etmişdir. Ona görə də Fərhadın bir hökmdar oğlu kimi təqdimatında onun doğulması, tərbiyələnməsi, təhsili, sarayda keçən uşaqlıq illəri və s. kimi səhnələrin Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində olmamasına təbii yanaşmaq lazımdır.

Lakin hər iki əsərdə aparıcı olsa da, müxtəlif ampulalarda (hökmdar oğlu və daşyonan) təqdim edilən Fərhadların ölüm səhnəsində bir-birinə tam şəkildə uyğun gələn epizodlar diqqətdən yayınmır. Poemaların hər ikisində Fərhada qarşı məkrli ölüm tədbiri Xosrov tərəfindən hazırlanır. Hər iki əsərdə məkrin icraçıları Şirinin yalançı ölüm xəbəri ilə Fərhadı sarsıdırlar. Hər iki əsərdə məkrli qasidlərin sözləri kimi üzləri də iblisanə görkəmdə təsvir edilir. Bunları birmənalı olaraq Nizami təsirinin nəticəsi hesab etmək lazımdır. Əgər Nizami bədxah qasidi,

Üzü qırış-qırış, özü də idbar,

Üzü qəssab kimi “qan, qan” deyirdi,

Ağzı Nəffat kimi “yan, yan” deyirdi, 

şəklində iblisanə görkəmdə yaddaşlara həkk edirdisə, Ə.Nəvai isə onu, 

O qəddi yay kimi bir pirəzaldı

Fələk piri kimi hər sözü aldı.

Məkrdən üzündə xətt vardı çin-çin,

Dilinə ömründə gəlməmişdi çin,

görkəmində nifrət obyektinə çevirirdi. 

Ə.Nəvainin digər əsərlərində olduğu kimi, “Yeddi səyyarə” əsərində də söz mülkünün sultanı hesab etdiyi dahi Nizaminin “Yeddi gözəl” poemasından təsirləndiyi göz qabağındadır. Hər iki sənətkarın “Xəmsə” silsiləsinin dördüncü sırasında dayanan bu əsərlərdə hadisələr demək olar ki, eyni mövzu və ideya   ətrafında cərəyan etdirilir.

Ə.Nəvai “Yeddi səyyarə” poemasının əvvəlində Nizaminin şeiriyyətdəki qüdrətini alqışlayaraq ondan təsirləndiyini, bu mövzuda əsər yazmağın həyəcan və məsuliyyətini  belə  anladır:

Nizami yaradıb təzə bir mələk,

Bu, ona vəsməylə verib bər-bəzək.

Nazlı bir sərv əkib Nizami öncə,

Xosrov da gedibdir onun izincə.

İstərəm onları mən də izləyim,

Onların sözünə bənzər söz deyim.

Yox, yox boş-boşuna öyünməkdi bu,

Cəfəng danışmaqdır, sözün doğrusu,

Şahmat taxtasında çəkərək qatar,

Dayanıb üz-üzə qaralar, ağlar

De, neyləyə bilər adi piyada 

Cəng meydanı olan həmin taxtada? 

Bildiyimiz kimi, Nizami Gəncəvi 1197-ci ildə tamamaladığı “Yeddi gözəl” poemasında baş qəhrəman Bəhramın simasında ədalətli cəmiyyət, ədalətli idarəçilik, yeni insan və yeni ideallar məsələlərinə önəm vermiş, problemləri zaman, insan və cəmiyyət kontekstində dəyərləndirmişdir. Bu mənada əsərdəki mövzular Sasani hökmdarı V Bəhramın hakimiyyəti dövrü ilə bağlansa da, əsərdə həmin tarix şərti olaraq yer almış, problemlərə dövlət, cəmiyyət, ədalətli idarəçilik, yeni əxlaqa və dünyagörüşə malik insan və s. çərçivəsində aydınlıq gətirilmişdir. “Yeddi gözəl”də bəzi fərqli məqamları nəzərə almasaq (Rastü-Rövşən obrazı, Simnarın faciəsi, Fitnə obrazı, Bəhramın hakimiyyət uğrunda mübarizəsi və s.) Nizaminin irəli sürdüyü və həllinə çalışdığı ideal cəmiyyət  və ədalətli idarəçilik ideyaları ilə Ə.Nəvainin eyni süjetli “Yeddi səyyarə” poemasının ideyaları üst-üstə düşür. Nəvaidə səyyahların söylədiyi hekayələrin məzmun və mahiyyətində humanizmin, ədalətin, haqqın, elmin, maarifin və s. təbliğini Nizami təsiri ilə yanaşı, geniş mənada  Azərbaycan intibahının Şərqə nüfuz səviyyəsi tipində qəbul etmək doğru olar. Şübhə yoxdur ki, 

Arxayınlıq olan bir məmləkətdə,

Gün-gündən varlanar şəhər də, kənd də,

Bir də hünər gərək, fərasət gərək,

Elmə, maarifə məhəbbət gərək.  

misralarında yer alan ədalətli cəmiyyət və yeni insan idealı, barədə Nəvai fikirlərinin kökündə Nizami idealları dayanır. 

Nizami Gəncəvi XII əsr Azərbaycan bədii-estetik düşüncəsində ilk dəfə insanın cəmiyyətdə yeri və rolu məsələsinə toxunaraq nə etməli? və necə yaşamalı? suallarına cavab tapmağa çalışırdı. Düzdür, Nizamidən əvvəl də Firdovsi, Xaqani, Ö.Xəyyam, Y.Balasaqunlu, Məhsəti Gəncəvi, Şihabəddin Şöhrəverdi və s. kimi türk-şərq bədii-fəlsəfi fikrinin dahi şəxsiyyətlərinin əsərlərində insanın cəmiyyət fonunda mənəvi-əxlaqi, dini-fəlsəfi səviyyəsinin dəyərləndirilməsi diqqət mərkəzində olmuşdur. Burada məsələlər daha çox ruhi-mənəvi düşüncələrin ortaya qoyduğu kamil insan konsepsiyası daxilində həllini tapmışdır. Lakin Nizami yanaşmasında bu çərçivə genişləndirilərək insan daha çox cəmiyyəti təkmilləşdirən tarixi varlıq və tarixi şəxsiyyət tipində (Sultan Səncər, Bəhram şah, Xosrov Pərviz, İsgəndər və s.) təqdim olunur, ideallar insanın real cəmiyyətlə birbaşa əlaqəsində formalaşdırılır:

Tanısan özünü keçsən cahandan,

Yenə bu dünyada yaşayacaqsan.

Özündən hər kim ki, deyil xəbərdar,

Bir qapıdan girər, birindən çıxar.

Nizami idealları sırasında humanizm və indiki terminlə ifadə etsək demokratizm məsələləri əhəmiyyətli yerlərdən birini tutur. “Xosrov və Şirin”də, “İskəndərnamə”də olduğu kimi “Yeddi gözəl”də də əksər hadisələr bu problemlərin mahiyyətindən doğan məsələlər üzərində qurulur. 

“Yeddi gözəl”də feodal-patriarxal cəmiyyəti üçün səciyyəvi olan hadisələr Bəhram şahın çevrəsində sarayda və saraydan kənar olan insanlar arasında cərəyan edir. Nizami Bəhram şahın bütün hakimiyyət dövrünü ideallaşdırmasa da, əsərdəki şahın zalım vəziri öldürməsi, qoca çobanın evinə getməsi, ayrı-ayrılıqda 7 nəfər məzlumun şikayətini dinləməsi və s. səhnələrdə zülmə qarşı  barışmazlığın  şahidi olur, şairin ədalətli hökmdar və ədalətli cəmiyyət düşüncələrində mövcud olan sistemi izləyə bilirik. 

Ə.Nəvai öz növbəsində Nizami Gəncəvinin obrazlarından  fərqli olaraq “Yeddi səyyarə” poemasında özünəməxsus obrazlar sistemində (məsələn “Dördüncü səyyahın hekayəti” hissəsində Məsud və Cevnə) zamanından, quruluşundan və məkanından asılı olmayaraq ədalətli cəmiyyət formalaşdırmaq üçün adil insan faktorunun vacibliyini xüsusi vurğulayır:

                Tabedir adil bir şaha bu ölkə,

                Ellərin başına o salmış kölgə.

                Görüm ömrü uzun, günü ağ olsun,

                Məclisi hər zaman, çilçıraq olsun.

                Hər vaxt ədalətlə hökm edən o şah,

                                    Ədlindən aləmi eyləmiş agah.

Zülmün köklərini elə üzüb ki,

                                    Ədalət dürrünü elə düzüb ki,

Bunun səbəbinə gördüyün diyar

Əmin-amanlıqla olmuş bəxtiyar.

Nizaminin “Yeddi gözəl” poemasında oxucu marağına səbəb olan və yaddaqalan epizodlardan biri də Fitnə ilə bağlı əhvalatlardır. Poemanın “Bəhramın öz kənizi ilə macərası” və “Bəhramın ovlaqdan sərhəngə qonaq getməsi” hissələrində ov zamanı Bəhram şahın ox atmaqla gurun ayağını başına tikməsini Fitnənin məharət deyil, adi bir vərdiş kimi qiymətləndirməsi, şahın buna qəzəblənərək onu ölümə məhkum etməsi, Sərhəngin Fitnəni öldürməməsi, həmçinin gizlin saxlaması, Fitnənin bir öküzü 60 pilləli pilləkənlə hər gün yuxarı qaldırması, şahın bunu adi vərdiş hesab etməsi və Fitnənin ona cavabı yer almışdır. Ə.Nəvai isə “Yeddi səyyarə” poemasında “Yeddinci səyyahın hekayəti”ndə hadisələri qismən dəyişmiş və Fitnə obrazını Dilaramla əvəzləmişdir. Dilaram da Fitnə kimi şahın ovçuluq məharətini adi vərdiş kimi qiymətləndirdiyinə görə cəzalandırılır. Maraqlıdır ki, Fitnədən fərli olaraq qəzəblənən şah Ə.Nəvainin Dilaramını ac-susuz qalıb ölsün deyə əl-qolunu bağlatdırıb kimsəsiz məkana atdırır. Nəvaidə Nizamidən fərqli olaraq öküzün pillələrlə yuxarı qaldırması səhnəsi yoxdur. Bu səbəbdən Nizaminin “Yeddi gözəl” əsərinin maraqlı səhnələrindən biri olan Fitnənin şaha  ünvanladığı cavab Ə.Nəvainin “Yeddi səyyarə ” poemasında yer ala bilmir:

Gümüşbədən Fitnə baş əydi şaha,

Layiqincə ona eylədi dua.

 Ədəblə söylədi: “Qəribədir çox!”

  Öküz adətlədir, gur vurmaq yox?

Adətlə iş görür, öküz qaldıran,

Bu başqa şey deyil, sadə bir idman.

Səbəb nədir kiçik gur vuranda sən,

Olmasın bir nəfər “adətdir” deyən?”

Lakin Nəvainin “Yeddi səyyarə” poemasında bu tipli hadisələrin hətta başqa bir tərzdə özünü göstərməsi Nəvaiyə məxsus orijinallıq nümunəsinə çevrilsə də, bütün hallarda əsərin ümumi ideyası Nizami ideallarına uyğun qurulmuş, Nəvainin öz sözləri ilə desək “Nizami sözünə bənzər söz deməklə” o, Nizami ədəbi məktəbinin layiqli davamçısı olduğunu təsdiqləmişdir. 

Göründüyü kimi, əbədi sonsuzluğa yüksəlmiş Nizami Gəncəvi sənətinin ədəbi qüdrəti və bədii möhtəşəmliyi əsrlər boyu Şərqdə bu sənətdən bəhrələnmək, bu sənətin ədəbi yolçuluğuna qoşulmaq ehtiyacı doğurmuş, nəticə etibarı ilə Nizami ədəbi məktəbinin nümayəndələri sayəsində Şərq ədəbiyyatı zaman-zaman özünün böyük inkişaf yolunu davam etdirmişdir.  

 

ƏDƏBİYYAT

  1. Araslı H. Nizami və türk ədəbiyyatı. Bakı, 1980
  2. Azadə R. Nizami Gəncəvi. Bakı, 1979
  3. Bertels. Böyük Azərbaycan şairi Nizami. Bakı, 1940
  4. Cami. Yusif və Züleyxa. Bakı, 1989
  5. Məhərrəmov Tahir. Əmir Xosrov Dəhləvinin “Məcnun və Leyli”poeması. Bakı, 1970
  6. Nizami Gəncəvi. Sirlər Xəzinəsi. Bakı, 2004
  7. Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı, 2004
  8. Nizami Gəncəvi. Leyli və Məcnun. Bakı, 2004
  9. Nizami Gəncəvi. Yeddi gözəl. Bakı, 2004
  10. Nizami Gəncəvi. İskəndərnamə. Bakı, 2004
  11. Nəvai. “Xəmsə”. Daşkənd, 1996
  12. Nəvai. Yeddi səyyarə. Bakı, 1947 
  13. Nəvai. Seçilmiş əsərləri. Bakı, 2004
  14. Nağıyeva C. Azərbaycanda Nəvai.Bakı, 2001  
  15. İbrahimov M. Niyəsiz, necəsiz bir yazısan sən. Bakı, 1985

 

Xülasə

Məqalədə Nizami ənənələrinin Şərq ədəbiyyatına təsiri məsələləri araşdırılmışdır. Daha çox Nizami “Xəmsə” ənənələrinə sədaqət göstərmiş Nəvai yaradıcılığı təhlil obyektinə çevrilmiş, Nəvainin ədəbi irsi ilə Nizami sənəti arasında paralellər aparılmışdır. Məqalədə Nəvainin “Xəmsə” ənənəsinə qoşulmasının səbəbləri və Nizami yaradıcılığı ilə üst-üstə düşən məqamlar təhlil edilmişdir. Nəticə etibarilə, Nizami sənətinin ədəbi qüdrəti və bədii möhtəşəmliyinin Nəvai yaradıcılığına təsiri məsələləri ədəbiyyatşünaslıq  problemləri daxilində öyrənilmişdir.

Açar sözlər: Nizami, Nəvai, “Xəmsə” ənənəsi, şərq şeiri, türk mənəviyyatı