Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

 

Bilal Həsənli

ADPU-nun dosenti, pedaqogika üzrə fəllsəfə doktoru, 

Əməkdar müəllim 

 

Ni̇zami̇ Gəncəvi̇ni̇n Mənzum Hekayələri̇ndə Həyat Həqi̇qətləri̇ni̇n, Mənəvi̇ Dəyərləri̇n Bədi̇i̇ Əksi̇

 

“Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti xüsusi qeyd edilmişdir. 

Nizami Gəncəvinin yaradıcılığında mənzum hekayə janrında yazılmış əsərlər mühüm yer tutur. Mütəfəkkir şair həyat həqiqətlərini əks etdirən həmin əsərlərdə cəmiyyət üçün aktual olan bir sıra siyasi-ictimai, mənəvi problemləri qaldırır, insanları düşündürən, narahat edən məsələlərə münasibət bildirirdi. Bu baxımdan şairin “Xəmsə”yə daxil olan ilk məsnəvisi “Sirlər xəzinəsi”ndəki mənzum hekayələr diqqəti xüsusilə cəlb edir. 

Poemadakı  “Ümidsiz şahın günahının bağışlanması”, “Nuşirəvanla  vəziri və bayquşların söhbəti”, “Süleyman və qoca əkinçi”, “Sultan Səncər və qarı” dastanı, “Kərpickəsən qocanın bir cavanla hekayəti”, “Ovçu ilə tülkünün hekayəti”, “Firidunla ceyranın hekayəti”, “Oğru ilə tülkü hekayəti”, “Tövbəsini sındıran zahidin hekayəti”, “İsanın hekayəti”,  “Müdrik möbidin hekayəti”, “İki rəqib alimin hekayəti”, “Hacı və sufi hekayəti”, “Zalım padşahla düz danışan qocanın hekayəti”, “Şahzadənin hekayəti”, “Ağıllı uşağın hekayəti”, “Mürşidlə müridin hekayəti”, “Cəmşidlə cavan yavərinin hekayəti”, “Harun ər-Rəşidlə dəlləyin dastanı”, “Bülbül ilə qızılquşun hekayəti” əsərləri yüksək ideya-bədii dəyərə malik sənət nümunələridir. Şairin “Yeddi gözəl” poemasına “Kəniz satan padşahın hekayəti”, “Mahanın hekayəti”, “Xeyir ilə Şər hekayəti”, “Fitnə” mənzum hekayələri daxil edilmişdir. Bu əsərlər bir daha sübut edir ki, böyük sənətkar öz dövrünün  siyasi, mənəvi-əxlaqi problemlərini əks etdirmək, öz humanist düşüncələrini zəmanənin hökmdarlarına və geniş oxucu kütləsinə çatdırmaq üçün mənzum hekayə janrını daha münasib saymışdır.

Bu əsərlərdə  əmək, əməkçi insan, ədalətsizliyə, haqsızlığa etiraz, xeyirlə şərin mübarizəsi mövzuları başlıca yer tutur. Nizami mənzum hekayələrində sadə insanı, zəhmət adamını məhəbbətlə təsvir edir. Onun əsərlərində halal zəhmət adamı – kərpickəsən kişi, əkinçi həyatda aza qane olan, öz alın təri ilə ilə yaşayan insandır. Bu insanları tutduğu yoldan çəkindirməyə cəhdlər olsa da, heç bir fayda vermir. Şair zəhmət adamlarını işıqlı idealların carçısı, şərə, tənbəlliyə, harama düşmən olan qüvvə kimi təsvir edir.

«Kərpickəsən kişinin dastanı» mənzum hekayəsində Şam şəhərində yaşayan  qoca bir kişi təsvir edilir. O, hamıdan uzaq gəzir, insanlara qaynayıb qarışmır, heç kəsdən minnət götürmür, kərpic kəsib satmaqla ruzi qazanır. Öz işi ilə məşğul olan qocanın yanına bir gün cavan oğlan gəlir. O, üzünü qocaya tutub deyir: “Gecə-gündüz əziyyət çəkib torpaqla əlləşmə. Kimə əl açsan, səndən bir qarın çörək əsirgəməz. Bu kərpicin qəlibini oda atıb yandır. Başqa bir sənət tapıb daş-kəsək əzməkdən əl çək. Qocasan, özünü qocalara bərabər tut. Qoy belə çətin işləri cavanlar görsün.” 

Müdrik qoca ona ağıl öyrədən, acı sözlərlə tənbeh edən  cahil cavanın sözlərini səbirlə dinləyib deyir:

Onunçün öyrətdim ki, əlimi bu sənətə.

Bir gün sənə əl açıb düşməyim xəcalətə.

Deyiləm heç bir kəsə xəznədən ötrü möhtac,

Əlimin zəhmətiylə toxdur gözüm, deyil ac.

Məni bu ruzi üçün günahkar sayma bəsdir,

Düşünsən bilərsən ki, dediklərin əbəsdir.

Göründüyü kimi, sənətkar burada təzadlı bir vəziyyət yaradır. Adətən dünyagörmüş qocalar cavanlara nəsihət verər, onları səhv addımdan çəkindirər. Bu əsərdə isə əksinədir, cavan oğlan qocaya ağıl vermək, yol göstərmək fikrinə düşür. Lakin Nizami hekayədə cavan oğlanı tam mənfi planda təsvir etmir, onun gələcəyinə ümidlə baxır. Kərpickəsən kişinin sözlərini dinləyən gənc onun dediklərinin həqiqət olduğunu anlayır. Öz hərəkətindən utanan cavan oğlan səhvini başa düşüb sarsılır, göz yaşları içində qocanı tərk edir:

Cavan oğlan sarsıldı qocanın bu sözündən,

Orda durmadı getdi, yaş axıdıb gözündən.

Dünya görmüş adamdı söylədiyim bu qoca,

Öz işiylə hamının gözündə oldu uca.

«Süleyman və əkinçi» mənzum hekayəsində də belə bir fikir irəli sürülür ki, insan ömrü boyu halal əməyə tapınmalı, haramdan, özgə hesabına yaşamaqdan, ələbaxımlılıqdan çəkinməlidir. Əsərdə Süleyman padşahın istirahət üçün seyrə çıxması təsvir edilir. Yaşıl bir çəməndə istirahət edən Süleyman çöldə işləyən əkinçi görür. Əkinçinin görkəmi Süleymanı kədərləndirir. Qoca kəndli evində bir ovuc da taxıl saxlamayıb hamısını tarlaya səpmişdir. Süleyman qocaya üz tutub deyir: “Ey qoca, biz sulu yerlərdə toxum səpib heç nə əldə etmədik, əliboş qaldıq. Sənin yer şumlamağa belin də yoxdur, torpağı qazıb əzab çəkmə. Bu şoran torpaqlarda məhsul əldə edə bilməzsən.”

Hökmdarın tənəsini eşidən qoca əkinçi deyir: “Susuzluq, tor-pağın şoranlığı məni narahat etmir. Mən bir toxum səpənəm, mənə tanrı kömək edər. Mənim alın tərim suyumdur, bulağımdır. Dırna-ğım yer qazan, torpaq atan beli əvəz edir.” Qoca əkinçinin hökmdara dediklərində dərin məna vardır. Şair əkinçinin dili ilə hökmdara əməkçi insanın ləyaqətindən söz açır, halal zəhmətlə ruzi qazanmağın asan olmamasını söyləyir. 

 Nizami “Simnarın dastanı” əsərində yaşadığı cəmiyyətdə saray və sənətkar problemini qaldırmış, sənətə münasibət, sənətkarın taleyi ilə bağlı acı həqiqətlərdən söz açmışdır. Özü üçün qəsr tikdirmək istəyən  Neman şah  arzusunu mahir sənətkar Simnara bildirir. Simnar gecə-gündüz çalışıb gözəl, tayı-bərabəri olmayan bir imarət ucaldır. Misilsiz gözəlliyə malik Xavərnəq qəsrinə heyran qalan Neman şah Simnardan soruşur: “Bu qəsrdən daha gözəl bir qəsr tikə bilərsənmi?”  Simnar deyir ki, şah istəsə, bundan qat-qat gözəl bir saray tikərəm. Zalım Neman şah bunu eşidəndə öz-özünə deyir ki, onu buraxsa, özgəsi üçün daha gözəl imarət tikəcək. Odur ki, Simnarı tikdiyi qaladan atıb öldürməyi əmr edir. Bu hadisədən çıxan nəticə çox ibrətamizdir:

Yanar bir atəşdir hər hakim, hər şah,

Ondan uzaq olan  çəkməz, aman, ah.

Əsərdə zalım hökmdarın kəskin tənqidi diqqəti cəlb edir. Neman şah şöhrətpərəst, xain, qəddar bir hökmdardır. Sənətin, sənətkarın qədrini bilməyən şah günahsız bir insanı – mahir sənətkarı tikdirdiyi qaladan atdırmaqla öz xislətindəki eybəcərliyi açıb göstərir. 

Nizaminin mənzum hekayələrində hökmdar və xalq problemi diqqət mərkəzində durur. Bu problem böyük şairi bütün ömrü boyu düşündürmüş, iqtidarın xalqa münasibəti barədə düşüncələri mənzum hekayələrdə parlaq şəkildə əks etdirilmişdir. “Sultan Səncər və qarı”, “Zalım padşahla zahidin dastanı”, “Nuşirəvan və bayquşların söhbəti” mənzum hekayələri bu baxımdan səciyyəvidir. Lakin həmin əsərlərdə sənətkar yalnız ədalətsiz hökmdarların, cəmiyyətdəki kölgəli cəhətlərin tənqidi ilə kifayətlənmir, həm də sadə, işıqlı insanlardan, xalqın böyüklüyündən bəhs edir.

“Sultan Səncər və qarı” mənzum hekayəsində şair cəmiyyətdə haqqın, ədalətin gözlənilməsini zəruri sayır, zülmü, insan haqlarının tapdanmasını pisləyir. Əsərdə şah məmurlarının sadə insanlara qarşı etdiyi cinayətlər, hökmdarın ölkədə baş verən qanunsuzluqlara laqeyd münasibəti təsvir edilir. Şair hökmdarla sadə bir insanın – qoca qarının qarşılaşdırılmasından bədii üsul kimi istifadə edir. Nahaq yerə incidilmiş, təhqir edilmiş qarı Sultan Səncəri ittiham edir:

Zülm edib bir qarıya çox uddurmuşdular qan,

O da Sultan Səncərin tutaraq yaxasından

Dedi ki, səndə insaf az görmüşəm qulaq as,

Səndən gördüyüm zülm əsla hesaba sığmaz.

Bir kefli darğa gəlib evimdə məni söydü,

Salıb təpik altına doyunca döydü, döydü.

Qarının dediklərindən məlum olur ki, darğa bu günahsız qadının saçlarından tutub evdən çölə sürümüş, camaat arasında söyüb təhqir etmişdir. Darğa ondan bir küçədə cinayət törətmiş qatilin yerini soruşmuş, evini axtarmışdır. Buna səbəb isə darğanın sərxoşluğu olmuşdur. Qarının yanıqlı-yanıqlı dediyi sözlər Sultan Səncərə qarşı bir ittiham kimi səslənir.

Nizami əsərdə cəmiyyətdəki haqsızlıqlara etiraz səsini ucaldır. O, haqlı olaraq belə bir nəticəyə gəlir ki, darğanın sərxoş olub qoca qarını döyməsi, təhqir etməsi təsadüfi deyildir. Belə hərəkət yalnız ədalətsizliyin hökmran olduğu cəmiyyətdə mümkündür. Darğanın cinayətində hökmdar günahkardır. Çünki bu cinayətə onun özünün etdiyi zülm, ədalətsizliklər münbit zəmin yaratmışdır. Hökmdarın qəddarlığı saray adamları üçün nümunəyə çevrilib. Onlar kimsəsiz qarıları, məzlum insanları incidir, zülm edirlər. 

Göründüyü kimi, Nizami bütün qəlbi, varlığı ilə xalqın, məzlum insanların tərəfindədir, onların müdafiəçisi kimi çıxış edir. Əsərdə Nizaminin ədalətli hökmdar haqqındakı fikirləri də maraq doğurur. Şairin fikrincə, şah gərək ölkənin işlərini nizama salsın, hər zaman rəiyyətin qayğısına qalsın. İnsanlar onu dost, sirdaş sayıb hörmət etsin. Nizamiyə görə, ədalətli hökmdar xalqın səsini eşitməli, hər şikayətçini diqqətlə dinləməlidir. Padşah çarəsizlərin, kimsəsizlərin var-yoxunu dağıtmamalı, acların qarğışından qorxmalı, daim imdada, haraya yetməli, dərdlilərin dərdinə məlhəm etməlidir.

Nizami ədalətsiz hökmdarın aqibətini də təsvir edir. Şair yazır ki, qoca qarının sözlərinə əhəmiyyət verməyən Sultan Səncər sonralar çox böyük zərər çəkir, Xorasanda oğuzlara əsir düşür. Beləliklə, xalqın, sadə insanların ah-naləsi, qarğışı hökmdarı tutur. Əlbəttə, burada söhbət təkcə bir hökmdardan getmir. Şair Sultan Səncərin və darğanın simasında bütün ədalətsiz hökmdarları, onların alçaq təbiətli məmurlarını tənqid edir. Əsərdəki qarı zülmə etiraz səsi ucaldan xalqı təmsil edir.

“Zalım padşahla zahidin dastanı” mənzum hekayəsində hər tərəfi casuslarla doldurmuş, həqiqəti deyənləri amansızlıqla cəzalandıran qəddar şah obrazı yaradılmışdır. Ölkədə xalqın ah-naləsinə qulaq asan yoxdur, hökmdarın zülmündən şikayət edən insanlar məhv edilir. Şahın əleyhinə danışmaq ən böyük cinayət sayılır. Əsərdə diqqəti cəlb edən ikinci obraz həqiqəti söyləyən zahiddir. Zahid xalqa edilən zülmlərə dözmür, hökmdarın bəd əməllərini çəkinmədən söyləyir. O, yaşadığı cəmiyyətin eybəcərliklərini açıb göstərən mübariz ruhlu bir insandır.

Şah onu cəzalandırmaq qərarına gələndə ölümünü gözünün altına alan zahid qorxu hissi keçirmir, saraya kəfən geyinib gedir. Hökmdarın qəzəbli ittihamlarına cavab olaraq deyir: «Mən sənin üzündəki ləkəni göstərən güzgüyəm. Sən ya üzündəki ləkəni silməli, ya da güzgünü sındırmalısan.» Bu səhnədə zalım hökmdarla ədalət tələb edən zahid  qarşılaşdırılmaqla, dövrün tipik mənzərəsi yaradılmışdır. Dərin ifşaçı məzmunlu bu əsərdə də  Nizami şərə qarşı mübarizədə barışmaz mövqedə durur, haqqın, ədalətin müdafiəçisi kimi  çıxış edir.

“Nuşirəvan və bayquşların söhbəti” əsəri ideya-məzmun baxımından “Sultan Səncər və qarı” mənzum hekayəsi ilə səsləşir. Bu əsər də ölkədəki haqsızlıqlara, zülmə, ədalətsizliyə etirazı əks etdirir. Humanist sənətkar yaşadığı cəmiyyətdə baş verən zülmə laqeyd qala bilmir, buna hər vəchlə öz barışmaz münasibətini bildirirdi. Əsərdə Nuşirəvanın öz qoşunu ilə ova çıxması təsvir edilir. Ov axtarıb gəzən padşah vəziri ilə brlikdə dəstəsindən uzaq düşür. Onlar uçuq, xaraba bir kəndə rast gəlirlər. Xarabalıqda iki quş söhbət edir. Padşah vəzirdən bu quşların nə barədə söhbət etdiklərini soruşur. Vəzir deyir: «Bu quşlardan biri öz qızını o biri quşa vermişdir. İndi həmin quş qızın cehizini istəyir. Bu viran qalmış kənddən başqa, bir neçə belə xaraba kənd tələb edir. Bayquş da ona deyir ki, bu padşahın zülmü sayəsində məndən yüz min belə xaraba kənd alacaqsan. Nə dədər ki, bu zalım padşah var, xaraba kənd üçün qəm-qüssə çəkməyə dəyməz.

Bu sözləri eşidən Nuşirəvanın ahı, fəğanı göyə yüksəlir. O, əllərini başına vurub ağlayır. Nuşirəvana aydın olur ki, quşlar da onun zülmündən xəbərdardır. Onun ədalətsizliyi rəiyyətə od vurmuş, xaraba kənddə toyuqların yerində bayquşlar oturmuşdur. Bu fikirlər içində şahın halı dəyişir, o, öz törətdiklərindən peşiman olur. Bəd əməllərindən və zülmdən əl çəkən şah yoxsul və kimsəsizlərə qarşı haqsızlığa son qoyur. Ölkədə zülmdən əsər-əlamət qalmır. Nuşirəvan adil hökmdara çevrilir, xalq onu Nuşirəvan Adil deyə çağırmağa başlayır. 

         Ədibin “Şahın dostluğu” hekayəsi  də ibrətamiz ideya-məzmunu ilə seçilir. Əsərdə Mərv ölkəsinin hökmdarının öz yaxın adamlarından cavan bir oğlanı qəzəblənib itlərə atdırması təsvir edilir. Lakin cavan oğlandan həmişə yaxşılıq görmış itlər ona toxunmur. Gənc bu hadisədən heyrətlənən hökmdara deyir:

Dostluğu səndə yox, itdə gördüm mən,

İt bilən hörməti ayaqladın sən.

İt sənə dost olar, bir sümük atsan,

Namərd qədir bilməz, olsan da qurban.

Əsərin sonunda Nizami bu hadisənin təsiri ilə şahda yaranan mənəvi təkamülü, onun qəflət yuxusundan ayılıb insanlıq yolunu tutmasını təsvir edir.

Hökmdar və xalq probleminə sənətkarın “Çoban və üzük” mənzum hekayəsində  də toxunulur. Lakin əsərdə bu məsələ yeni məzmundə əks etdirilir. Əsərin qəhrəmanı olan çoban padşahı taxtdan salıb özü hökmdar olur. Həmin dövrdə belə bir ideyanın bədii ədəbiyyata gəlməsinin özü bir yenilik idi. Şair əsərdə  sadə bir insanı – çobanı şahdan üstün tutur. Üzük əhvalatından bədii priyom kimi istifadə edən Nizami dövrünün hökmdarlarına ibrət dərsi verir, onların bir anda hakimiyyətdən məhrum ola biləcəyini dilə gətirir.

Uşaq həyatına həsr olunmuş “Yaralı uşağın dastanı” mənzum hekayəsində  ağıl, fərasət, gözüaçıqlıq insanın müsbət keyfiyyətləri kimi təqdir edilir. Gəzməyə çıxan uşaqlardan birinin ayağı sınanda yaxın dostu onu quyuya atmağı təklif edir. Yaralı uşağın düşməni olan digər uşaq bu hadisənin nəticələrini ürəyində ölçüb-biçir. Uzaqgörən uşaq öz-özünə deyir: “Bu sirr gec-tez açılacaq. Mən həmin uşağın düşməniyəm. Odur ki, bu işdə məni günahkar sayacaqlar.” Ağıllı uşaq tez qaçıb yaralı oğlanın atasına hadisəni xəbər verir. Mənzum hekayənin sonunda belə bir əxaqi nəticə çıxarılır:

Hər kimdə ki, vardır ağıllılıq cövhəri,

O bacarar hər işi, parlar onun gövhəri.

“Meyvəsatanla tülkü” mənzum hekayəsində ayıqlıq, zirəklik insan üçün zəruri keyfiyyətlər kimi təbliğ edilir. Şair bir çox mənzum hekayələrində olduğu kimi, bu əsərdə də hadisəni keçmişlə bağlayır, nağıl üslubundan istifadə edir. Əsərdə bir meyvəsatanın malını qorumağı tülküyə tapşırması təsvir edilir. Tülkü baqqalın dükanını can-başla qoruyur. Bir oğru tülkünü aldadıb baqqalın malını ələ keçirmək üçün çox çalışır, faydası olmur. Nəhayət, bir gün kələk işlədərək özünü yuxululuğa vurur. Oğrunun yuxuya getdiyini  zənn edən tülkü də rahatca yatır. Fürsəti fövtə verməyən oğru kisədəki pulları götürüb qaçır. Mənzum hekayə belə bir ibrətamiz sonluqla bitir:

Hər kəsin ki, dünyada peşəsi olsa yatmaq – 

Ya başı gedər əldən, ya başındakı papaq.

Alleqoriyadan istifadə yolu ilə yazılmış “Bülbül və Qızılquşun hekayəti” əsərində Bulbul bahar çağında Qızılquşa üz tutaraq özünü onunla müqayisə edir:

Cəh-cəhi var hər quşun, çıxarmırsan səs niyə?

Niyə üstün olmusan sən quşlardan bəs niyə?

Azad nəfəs alsan da, dilin bağlı həmişə,

Heyran qoyan deyildir səsin ağlı həmişə.

Bülbülün gileylənməsinə, narazılığına səbəb budur ki, digər quşlardan fərqli olaraq, heç vaxt səsi çıxmayan Qızılquşun yeri Sultan Səncərin sarayı, şahın əlinin üstüdür, yediyi daim kəklikdir. Bülbül isə həmişə gülün tikanları ilə bir yerdədir, şikar vaxtı qurd-quşa yem olmaq təhlükəsi altında, qorxu içində yaşayır. Bunu haqsızlıq, ədalətsizlik sayan Bülbülə Qızılquşun cavabı ibrətamizdir.

Cavab verdi Qızılquş:”Dinlə, bacar susmağı,

Susmağımı görərək inlə, bacar susmağı.

Zirəklikdən almaram heç bir sirri dilimə,

Yüz iş görsəm yenə də gəlməz biri dilimə.

Vurulmuşam dövrana coşursan, nə coşursan,

Solub gedən bir gülə min təranə qoşursan.

Ötməkdən dilin yara, bağrın al qan olubdur,

Yemin qurd –quş olubdur, yerin tikan olubdur.

Nizami zirək şikarçıların hakimlik etdiyi cəmiyyətdə haqq-ədalət axtarmamağı məsləhət görür, dünyanın fəryada biganə olduğunu, nalə, haray qoparmağın mənasızlığını göstərir. 

“Yeddi gözəl” poemasına daxil olan “Fitnə” mənzum hekayəsi də gənc nəslin təlim-tərbiyəsi baxımından çox əhəmiyyətlidir. Bu mənzum hekayədə Fitnənin simasında şair çətin vəziyyətdən çıxış yolu tapmağı bacaran, hökmdara özünün haqlı olduğunu sübut edən ağıllı qız obrazı yaratmışdır.

“Xeyir və Şər” mənzum hekayəsi mövzu, ideya baxımından “Avesta” ilə səsləşir. Nizaminin əsərində də xeyirlə şərin mübarizəsindən bəhs olunur. Əsərdə Şər qəddar, amansız bin insan kimi təsvir edilmişdir. Onun Xeyir üzərində qələbəsi müvəqqətidir. Sənətkar həyatda nəticə etibarilə Xeyirin qələbəsinə inamını ifadə edir. Xeyiri Şərin bədxah əməllərindən sadə insanlar xilas edir, o, təbiətdən- ağacın yarpağından, sudan şəfa tapır. Şər isə öz nəfsinin qurbanı olur. O, əməlindən heç kəsin xəbər tutmayacağına əmin olsa da,  cəzasına çatır. Əsər şairin belə bir qənaəti ilə bitir:

Hər kimin ki baxtı, xoş taleyi var –

Tikan ona xurma, daş da zər olar.

“Firidunla ceyranın hekayəti” əsərində təbiətə məhəbbətin, onu qorumağın əhəmiyyətindən söz açılır. Şair oxucunu təbiətə münasibətdə düşüncəli hərəkət etməyə, təbiətin gözəlliyinə əl qaldırmamağa səsləyir. Hekayədə dostları ilə ova çıxan Firidun şahın ovlağa çatanda gözəl bir ceyranı görməsi təsvir edilir. Ceyranın gözəlliyi şahı məftun edir. Ovçuları görən ceyran canını qurtarmaq üçün qaçmağa başlayır. 

Şah köhlən atı qamçılayıb ceyranı qovur. O, kamanı qaldırıb ahunun qarnını nişan alır. Lakin şahın atdığı ox ceyrana çatmadan yerə düşür. Həmişə yel kimi çapan atı ceyranın tozuna da çatmır. Hirslənmiş şah öz oxuna, atına üz tutub deyir: 

-Axı mənim oxum həmişə ovun canını alır, atım özünü bir anda ova yetirirdi. İndi sizə nə olub? Əvvəlki uçuşunuz, sürətiniz necə oldu? Ot yeyən bir ahu ilə bacara bilmədiniz?

Ox şaha cavab verir:

-Ceyran sənin düşmənin deyil. Axı o, gözəllər gözəlidir. Mümkünmüdir ki, sənin gözəllyinə heyran olduğun bu günahsız, zərif heyvanın canı alına, dərisi soyula? Öz gözəlliyi ilə insanların zövqünü oxşayan bu ahu gərək ölməsin, sağ-salamat qalsın. Kim təbiətin gözəlliyini, ülviyyəti, zövqü-səfanı qoruyursa, o, səadətə qovuşacaqdır:

Ox dedi:Yağın deyil, bu bağrı qanlı sənin,

Gözlərini oxşayır bu dilsiz canlı sənin.

Beləliklə, böyük mütəfəkkir hələ XII əsrdə oxucunun diqqətini ekoloji problemlərə yönəldir, təbiətin gözəlliyini qorumağın əhəmiyyətini vurğulayırdı.

Nizaminin müasir ümumtəhsil proqramlarına daxil edilən mənzum hekayələrinin təhlili göstərir ki, humanist ədib  həyat həqiqətlərini, insana yeni münasibətini yüksək sənətkarlıqla ifadə etmiş, cəmiyyətdə xeyirlə şərin mübarizəsində insanı mübarizliyə, fəal həyat mövqeyi tutmağa səsləmiş, haqqın, ədalətin qələbəsinə dərin inam bəsləmişdir.