Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

MİRVARİ İSMAYILOVA
(filologiya elmləri doktoru, professor )

Mirvari Abbas qızı İsmayılova 1960-cı il mart ayının 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Bakı şəhəri 115№li orta məktəbin birinci sinfinə qəbul olunmuş, 1977-ci ildə həmin məktəbi bitirmiş, elə həmin il V.İ.Lenin adına APİ-nin (indiki ADPU-nun) filologiya fakültəsinə daxil olmuşdur. 1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Abşeron rayonu Məmmədli kənd orta məktəbinə göndərilərək (1981–1986-cı illər ərzində) Azərbay­can dili və ədəbiyyatı müəllimi işləmişdir.

1985-ci ildə Azərbaycan MEA-nın Nəsimi adına Dilçilik İnstitu­tunun əyani aspiranturasına daxil olmuş, 1990-cı ildə “Azərbaycan dilində sözlərin məna dəyişmələri və onların “Azər­baycan dilinin izahlı lüğəti”ndə əksi” mövzusunda nami­zədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri nami­zədi alimlik dərəcəsi almışdır. 1991-ci ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun lüğət və terminologiya şöbəsində kiçik elmi işçi, 1994-1995-ci illərdə böyük elmi işçi vəzifə­sində çalışmışdır.

O, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun lüğət və termi­nologiya şöbəsinin işində yaxından iştirak etmiş, 3 cildlik “Azərbaycan dilinin izahlı lüğəti”nin III cildinin, “S.Vurğunun bədii dilinin izahlı lüğəti”nin, “Azərbaycan dilinin frazeologiya lüğəti”nin, “Azərbaycan dilinin məcazlar lüğəti”nin tərtibçi­lərindən biri olmuşdur.

1998-ci ildə ADPU-nun Müasir Azərbaycan dili kafedra­sının baş müəllimi, 2003-cü ildə həmin kafedranın dosenti vəzi­fəsinə seçilmiş vəhazırda Müasir Azərbaycan dili kafedrasının professorudur. Müasir Azərbaycan dilinin fonetika, leksikolo­giya, morfologiya və sintak­sisindən, Azərbaycan dilinin tarixi, Türk dillərinin müqayisəli qram­matikası, Terminologiyanın əsasları və s. fənlərdən mühazirə oxuyur, seminar məşğələləri aparır. Eyni zamanda, ADPU-nun nəzdində fəaliy­yət göstərən Disser­tasiya Şurasının Elmi seminarının, Filologiya fakül­təsi Elmi Şurasının, Metodbirləşməsinin, universitet üzrə Test Komis­siyasının üzvüdür.

2002-ci ildə “Azərbaycan dili terminologiyasının linqvistik təhlili” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.

O, 60-dan çox elmi məqalənin, “Azərbaycan dili termi­nologiyasının linqvistik təhlili (1997), “Terminşünaslığın əsas məsələləri” (1999) adlı monoqrafiyaların, “Terminologiyanın leksik-qrammatik məsələləri” (2007), “Azərbaycan dilinin təd­biqi işinin təkmilləşdirilməsi” (2008) adlı dərs vəsaitlərinin, “Azər­baycan dili” ixtisasının magistr səviyyəsi üzrə 3, bakalavr səviyyəsi üzrə 2 proqramın və 1 metodik vəsaitin, xaricdə (Türkiyədə, Rusiyada, Ukraynada) dərc olunmuş bir neçə elmi məqalənin müəllifidir.

M.İsmayılova 1 doktorantın elmi rəhbəri olmuş, 1 nami­zədlik dissertasiyasına opponentlik etmiş, 20-dən çox namizəd­lik və doktorluq dissertasiyalarının avtoreferatına rəy vermişdir.

Ailəlidir, 2 övladı var.