Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

MAHMUD ALLAHMANLI
(filologiya elmləri doktoru, professor)

Mahmud Qara Oğlu Allahmanlı 1960-cı il Qazax rayonu, Kəmərli kəndində anadan olmuşdur. O, ADPU-nun (keçmiş V.İ.Lenin adına ADPİ) filologiya fakültəsində (1978-1982) təhsil almışdır. 1989-cu ildən ADPU-da baş müəllim, dosent, professor vəzifələrində çalışır. “Aşıq Valehin həyat və yaradı­cılığı” mövzusunda namizədlik dissertasiyası (1990),  “Aşıq yaradıcılığının inkişaf mərhələləri” mövzusunda doktorluq dissertasiyası (2008) müdafiə etmişdir. Professordur (2009). “Aşıq Valehin sənət dünyası” (1991), “Şamanla ozan arasında” (1996), “Ozan, aşiq və aşıq” (1997),  “Türk dastan yaradıcılığı” (1998), “Din, təriqət və aşıq” (1999), “Şaman, ozan və aşıq” (2002), “Haqdan yanan ocaq” (2005), “Ədəbi düşüncələr” (2006), “Krım-tatar ədəbiyyatı” (2007), “Aşıq Ömərin yaradıcılığı” (2008), “Folklorşünaslıq məsələləri” (2012), “Təxəllüsü Vaqif, nəzmi dürəfşan” (2017) “Aşıq şeirinin poetik biçimləri və çeşidləri” (M.Qasımlı ilə birgə) – (2018), “Folklorşünas düşüncələri” (2018), “İki ömrün dastanı” (M.Balayevlə birgə) – (2019), “İzahlı aşıq ədəbiyyatı sözlüyü” (M.Qasımlı ilə birgə) – (2019)  və s. kitabların müəllifidir. Krım-tatar ədəbiyyatı ilə bağlı araşdırmalarına (“Aşıq Ömərin yaradıcılığı” kitabına) görə, Ukrayna Respublikasında Bəkir Çobanzadə mükafatına (qızıl medal) layiq görülmüşdür (2009). “Təxəllüsü Vaqif, nəzmi dürəfşan” monoqrafiyasına görə TÜRKSOY-un mükafatını almışdır (2017). “Aşıq yaradıcılı­ğının inkişaf mərhələləri” (2011) adlı dərsliyin (magistratura pilləsi üçün) müəllifidir. Türk şeir ənənəsi, onun inkişaf istiqamətləri, dastan yaradıcılığı ilə bağlı ciddi araşdırmaları var. Dünya sinkretik sənətini aşıq sənəti ilə müqayisəli işləmiş, aedlərlə, rapsordlarla, vaqantlarla, trubadurlarla yaxınlıq və özünəməxsusluq məsələlərinin geniş şərhini vermişdir. Türk xalqlarının dastan yaradıcılığını, qəhrəmanlıq eposlarını bir problem kimi özündə əks etdirən monoqrafik əsərlər müəllifidir. Anadilli epik poeziyada dastançılıq məsələlərini işləmişdir. Xalq ədəbiyyatından, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatından ADPU-da mühazirələr oxuyur. Bakı Slavyan Universitetində, Bakı Avrasiya Universitetində, Bakı Müəllim­lərin Təkmilləş­dirilməsi və Yenidənhazırlanması İnstitutunda, Quba Müəllimlər İnstitutunda, Cəlilabad Müəllimlər İnstitutunda müxtəlif vaxtlar­da müəllim işləmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komisiyasında ekspert komissiyasının üzvü, Folklorşünaslıq üzrə Əlaqələndirmə Şurasının sədr müavini olmuşdur. Qarabağ aşıq mühitinin və Qarabağ ədəbi mühitinin tədqiqatçılarındandır. Beynəlxalq simpozium və konfransların iştirakçısı olmuşdur. “Ozan-aşıq ensiklopedi­yası”nın (2019)  baş redaktorunun müavinidir.