Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Mahirə Nağı qızı Hüseynova
(filologiya elmləri doktoru, professor)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova 1960-cı il noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. O, 1968-ci il də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Xalxal kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olmuş, yaşayış yerini dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitir­mişdir.

1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (bu günkü ADPU-nun) filologiya fakültəsinə qəbul olmuş Mahirə Hüseynova təhsil aldığı illərdə öz fəallığı ilə seçilmiş, fakültədə keçirilən bütün tədbirlərdə fəal iştirak etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirən Mahirə Hüseynova elə həmin ildən təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri Nərimanov rayonundakı  G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. İşlədiyi illərdə Azərbaycan Respub­likası Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülən, döş nişanı ilə təltif edilən Mahirə Hüseynova 2003-cü ildə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplomla təltif edilmişdir.

M.Hüseynova həmçinin “Qızıl qələm”,“İlin Alimi” Media Mükafatı Laureatı fəxri adlarına və s.mükafatlara layiq görülmüşdür. Azərbaycan Yazçılar Birliyinin üzvü, Mahirə Nağıqızı imzası ilə 14-ə yaxın şeir kitabı şap edilmiş xanım Hüseynova həmçinin iki bayatılar kitabının müəllifidir.

2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimi olan Mahirə Hüseynova “Həsən Mirzəye­vin yaradıcılığında  filo­logiya məsələləri” adlı namizədlik dissertasiyasını 2012-ci ilin yan­varında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərə­cəsi almışdır. O, 2015-ci ilin mayında “Müasir Azərbaycan dili” kafed­rasının dosenti, 2015-ci ilin dekabr ayında isə eyni kafedranın müdiri vəzifəsinə seçilmişdir.

Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə araşdır­maları ilə seçilən xanım Mahirə Hüseynova 26 elmi kitabın monoqrafiya, dərs və­saiti, metodik vəsait, 5 proqramın və 14 bədii (şeirlər) kitabın müəllifidir. Alimin respublikanın nüfuzlu jurnallarında (o cümlədən xarici mət­buatda), qəzet və digər mətbu orqanlarda 400-ə qədər elmi və publi­sistik məqaləsi çap olunmuşdur. Onun haqqında eynilə 300-dən yuxarı məqalə respublika mətbuatında işıq üzü görmüşdür.

Alimin çap etdirdiyi “Ulu öndərimizin natiqlik məha­rəti”, “Ulu öndə­rimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir” kitab­larında ümummilli liderin Azərbaycan natiqlik sənətinə verdiyi töhfələr araşdırılmış, “Alim təfəkkürünün itiliyi”, “Dərdi dərin Həsən Mirzə”, “Həsən Mirzəyev və Azərbaycan dilində feil”, “Həsən Mirzəyəvin yara­dıcılığnda filologiya məsələləri”, “Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası”, “Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası”  kitablarında isə görkəmli dilçi alimlərin tədqiqat sahələri təhlil edilmişdir.

Bütün bunlarla bərabər, Mahirə Hüseynova dilçilik elmində fonetika,  morfologiya, sintaksis və leksikologiya üzrə tədqiqatlar aparar­mış qiymətli monoqrafiyalar müəllifi kimi tanınmışdır. “Aşıq və el şair­lərinin fonopoetikası (monoq­rafiya)”, “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə)”, “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə)”, “Aşıq və el şairlərinin leksi­kası”,“Aşıq və el şairləri­nin  üslubi  frazeologiyası (monoqrafiya)”, “Aşıq və el şairləri­nin üslubi sintaksisi”, “Müasir Azərbaycan dili: Punktuasiya məsələləri (dərs vəsaiti), “Aşıq və el şairlərinin üslubi morfologiyası”, “Aşıq və el şairlərinin poetikası”, “Üslubi morfologiya”, “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)”, “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistik təhlili (dərs vəsaiti)”, “Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti”və digər əsərləri ilə Mahirə Hüsey­nova dilimizin araşdırılmış sahələrinə elmi-nəzəri baxımdan aydınlıq gətirməyə çalışmışdır. “Dilin elmi və estetik problemləri” adlı növbəti kitabında müəllif araşdırma obyektlərini daha da genişləndirmişdir.

Mahirə Hüseynova elmi-pedaqoji fəaliyyəti dövründə bir çox beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir. Alim III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda, Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransında, Doktorantların və Gənc Tədqiqatçıların XVI Respublika Elmi Konfransında, 13-cü Uluslararası Türk Dün­yası Sosyal Bilimler Kongresində, Bakı Slavyan Universiteti VI Beynəlxalq Elmi Konfransında, Azərbaycan Dövlət Pedaqoji Universiteti “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” Respublika elmi-praktik kon­fransında, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Müasir Dilçiliyin Aktual Problemləri Beynəlxalq Elmi Konfransında, Tatarıstan Respub­likası, Kazan Federal Universitetində Beynəl­xalq Türkoloji Elmi Kon­fransında, Azərbaycanın Türkiyənin Qars vilayətində Baş Konsullu­ğununvə Kars Kafkaz Univer­sitesinin birgə təşkil etdiyi “Azərbaycan Cümhuriyyətinin 100 illiyi” adlı tədbirdə məruzə ilə çıxış edərək “Təşəkkürnamə” ilə təltif edilmişdir.

Hazırda M.Hüseynova ADPU-da Filologiya fakültəsinə rəhbərlik edir.

Universitetin ictimai-siyasi həyatında fəal iştirak edən filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüsey­nova  2001 –ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.