Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

KÖÇ YOLUDU DÜNYA BAŞDAN, BİNADAN…

Bu misranı Mahirə Nağıqızı son illərdə,ömrünün yetkinlik çağlarında yazıb.. Həyatın hər üzünü görəndən,onun ləzzətini görüb əzablarından sarsılandan sonra insanın fəlsəfi düşüncələri başlayır və əslində yaradıcı şəxsiyyətin həqiqi şairliyi,alimliyi, püxtələşmiş müəllimliyi və ağsaqqallığı (bu konteksdə ağbirçəkliyi) də elə həmin illərdə tamam formalaşmış olur.

Mahirə Nağıqızı hazırda ömrünün həmin mərhələsindədir. Alimdir-filologiya elmlər doktoru, professordur. Şairdir-ondan çox kitabı nəşr olunub, feysbukun ən fəal müəllifidir. Sözlərinə görkəmli bəstəkarlar musiqi yazıb və ölkənin ən tanınmış müğənniləri onları ifa edir. Müəllimdir-tələbələri onu doğma bacıları, anaları hesab edir, dərdlərini, problemlərini onunla bölüşür və dərhal xeyirxah əl onların başının üstündə olur,hər şey asanlıqla yoluna düşür. Ağbirçəkdir-dünəninə hörmət edir,vəzifə sindromu onu yolundan çıxara bilmir, hər kəsin qiymətini doğru verir, heç kəsin uğuruna göz yummur, bütün hərəkətləri haqqa, ədalətə söykənir.

Mahirə xanımı 1980-ci ildən tanıyıram. Müəllimi olmuşam. Ata-bala məhəbbətimiz olub və bu gün də var. Onun hərəkətlərinin çoxunda biz ağsaqqallar, Nizami Xudiyev, Himalay Qasımov, Nigar Qasımzadə özümüzü görürük. Müdrik ağsaqqallarımız, Dəmirçizadənin, Ağamməd Abdullayevin, Kamal Qəhrəmanovun, İsmayıl Şıxlının, Azər Hüseynovun, Əhəd Hüseynovun, Afad Qurbanovun, Həsən Mirzəyevin işığından qətrələr toplanıb, indiki tələbələrini, o cümlədən Mahirə xanımı zənginləşdirib. Mahirə xanım sanki bu fikirləri yazacağımı əvvəlcədən bilirmiş kimi şeirlərinin birində yazır:

Bu baharın çiçəkləri daha tər,
Dağda,düzdə yığanını gözləyir.
Daş altından bənövşələr boylanır,
Yeni gələn növrağını gözləyir.

Haqlısan Mahirə xanım.Yuxarıda saydığım keyfiyyətlər Sizin simanızda daha tər görünür, həmin keyfiyyətlərə qiymət verəcək adamını gözləyir. Cəsarət edib sizin gözlədiyiniz adam olduğumu, həmin tər çiçəkləri yığıb çələng bağlamaq missiyasını üzərimə götürürəm.

Mən Sizin elmi əsərlərinizi kifayət qədər geniş şəkildə nəzərdən keçirdim.Poetik dünyanızla tanış oldum. Belə bir nəticəyə gəldim ki, Sizin dilçilik baxışlarınız əsasən iki mənbədən qaynaqlanır: Xalq leksikasından və Həsən Mirzəyevin elmi yaradıcılığından.Nəzərə alsaq ki, Həsən Mirzəyev də xalqdan qidalanırdı.Deməli, sizin əsas qida mənbəyiniz tədqiq olunub başa çatması mümkün olmayan və hər gün zənginləşən xalqın obrazlı dilidir. Məsələ burasındadır ki, Sizin poetik yaradıcılığınız da xalq dilinə söykənir. Lirik şeirin müxtəlif janrlarında maraqlı beytlər, bəndlər, bütöv şeirlər yazsanız da, sizin bayatılarınız çox mükəmməldir, ayrıca tədqiqat mövzusudur. Onların içində elələri var ki, sanki onu bir şair yox, xalqın özü yazıb. Dilin xəlqiliyi və zənginliyi adamı heyran edir. Bu da onun göstəricisidir ki, siz ilhamı xalqdan alırsınız. Xalqa söykənənlər həmişə möhtəşəm olub: Nizami kimi, Füzuli kimi, Nəsimi kimi, Sabir kimi…

Dünyanı köç yolu bilənlər həyata qiymət verməyi bacaran insanlardır. Yəni biz əbədi olmadığımız üçün həyatını çıraq edib başımız üstə yandıranların qədrini bilməliyik. Bu yolda da Mahirə Nağıqızının fəaliyyəti kifayət qədər zəngindir. Ulu öndərimiz Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş monoqrafiyası böyük tədqiqatın nəticəsidir.

Dünəninə qiymət verməyi bacaranları xalq heç zaman unutmur. Mahirə Nağıqızının yaradıcılığının çiçəklənən vaxtıdır. Bəlkə elə buna görə onun əsərlərində tez-tez çiçək adlarına rast gəlirik. Qoy bu çiçəklər təkcə onun əsərlərini yox, bütün həyatını rayihə ilə doldursun.

Zahid Xəlil