Error
ADPU-nun ABŞ-ın nüfuzlu universitetlərindən Corc Vaşinqton Universiteti ilə birgə ikili diplom magistr proqramının dördüncü məzun buraxılışı keçirilmişdir.
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Elm və Təhsil Nazirliyinin və Dövlət Neft Fondunun məsul əməkdaşları, ADPU və Corc Vaşinqton Universitetinin nümayəndələri və proqramın məzunları iştirak etmişlər.
Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov məzunları təbrik etmiş və onlara uğurlar arzulamışdır. Bu proqramın ölkəmizin təhsil sistemində mühüm bir yeniliyin təməlini qoyduğunu və Azərbaycan ilə ABŞ arasında akademik əlaqələrin inkişafı, təhsil sahəsində mübadilə və əməkdaşlıq imkanlarının genişləndirilməsi gələcəyin təhsil liderlərini hazırlamaq məqsədi daşıdığını bildirmişdir.
Daha sonra çıxış edən Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer proqramın uğurlarından bəhs edərək qeyd etmişdir ki, Azərbaycan və ABŞ arasında təhsil əməkdaşlığı artıq strateji mahiyyət daşıyır və bu cür akademik tərəfdaşlıqlar beynəlxalq elmi mübadilənin inkişafına töhfə verir.
Emin Əmrullayev çıxışında Dövlət Neft Fonduna da təşəkkürünü çatdıraraq bildirmişdir ki, bu təşəbbüslər Azərbaycanın uzun illər inkişafına böyük töhfə vermiş neft gəlirlərinin insan sərvətinə, yəni “qara qızılın insan qızılına çevrilməsi” konsepsiyası çərçivəsində görülən işlərin bariz nümunəsidir.
Sonda “Təhsil siyasəti və idarəetməsi” üzrə ADPU-CVU birgə ikili diplom magistr proqramının 2023/2024-cü tədris ilinin məzunlarına fəxri diplomlar təqdim olunmuşdur.