ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Qədim yurd yerlərimiz, söykökümüz Aşıq Ələsgər” adlı tədbir keçirilmişdir.

Tədbirdə millət vəkilləri, tanınmış ziyalılar, universitetin professor-müəllim heyəti və tələbələri iştirak etmişlər.

Tədbirin rəsmi hissəsində Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova çıxış edərək tədbir iştirakçılarını salamlamış, bu möhtəşəm tədbirin Qərbi Azərbaycan ruhunda, Aşıq Ələsgər nəfəsində keçirildiyini vurğulamışdır.

ADPU-nun rektoru professor Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova çıxışlarında Aşıq Ələsgərin təkcə böyük söz ustadı deyil, həm də Qərbi Azərbaycanın yaddaşını, dərdini, sevincini, torpaq həsrətini sazı ilə, sözü ilə bir millətin ruhuna hopduran milli kimlik rəmzi olduğunu qeyd etmişlər.

Ədəbiyyat kafedrasının professoru Mahmud Allahmanlı “Aşıq Ələsgər lirikasının ideya və məzmun xüsusiyyətləri”, dosenti Qüdrət Umudov “Aşıq Ələsgər irsinin nəşri və tədqiqi tarixindən” mövzusunda məruzələrlə çıxış etmişlər.

Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri Əziz Ələkbərli, Milli Məclisin deputatı Qaya Məmmədov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli Aşıq Ələsgərin təkcə bir aşıq deyil, həm də milli ruhun, azərbaycançılıq düşüncəsinin canlı daşıyıcısı olduğunu xüsusi vurğulamışlar.

Xətai Ələsgərli Azərbaycan ədəbiyyatına və təhsil sisteminə verdiyi əvəzsiz töhfələrə görə professor Mahirə Hüseynovanı Fəxri diplomla və “Aşıq Ələsgər - 200” yubiley medalı ilə təltif etmişdir.

Tədbirin bədii hissəsində ADPU-nun hazırlıq kurslarında təhsil alan əcnəbi tələbələr professor Mahirə Nağıqızının “Mənim çəkmələrim” hekayəsini səsləndirmiş, milli rəqslər və Aşıq Ələsgərə həsr olunmuş poetik nümunələr nümayiş etdirilmişdir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur