Error
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixi Ədalət və Qayıdış” mövzusunda elmi konfransda iştirak etmişlər.
Konfransdan əvvəl universitetin Memarlıq fakültəsində yaradılan “Qərbi Azərbaycan memarlıq irsinin tədqiqi” laboratoriyasının açılış mərasimi baş tutmuşdur. Konfrans iştirakçılarına laboratoriyanın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilmiş, laboratoriyanın əsas hədəfi Qərbi Azərbaycanın qədim memarlıq nümunələrinin sistemli şəkildə araşdırılması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılması qeyd edilmişdir.
Konfrans Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Açılış mərasimində AzMİU-nun rektoru, Əməkdar memar professor Gülçöhrə Məmmədova çıxış edərək bildirmişdir ki, Qərbi Azərbaycan yalnız coğrafi məkan deyil, bu torpaqlarda doğulmuş, yaşayıb-yaratmış minlərlə azərbaycanlının keçmişi, kimliyi və yaddaşıdır. Qərbi Azərbaycan xalqımızın mədəni irsinin mühüm dayaqlarından biridir.
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışlarında vurğulamışlar ki, Qərbi Azərbaycana qayıdışla bağlı Azərbaycan dövləti tərəfindən strateji addımlar atılır, beynəlxalq ictimaiyyət məlumatlandırılır və Ermənistanın etnik təmizləmə siyasəti ifşa olunur. 2022-ci ildə yaradılmış Qərbi Azərbaycan İcması bu prosesin hüquqi və mədəni əsaslarının formalaşdırılmasında fəal iştirak edir. İcma deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi, tarixi və mədəni irsin qorunması, həmçinin bu irsin dünya miqyasında tanıdılması istiqamətində mühüm işlər görür.