ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk iclasında iştirak etmişdir.

İclasa sədrlik edən Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid bildirmişdir ki, “Azərbaycan Respublikasının Milli Məclisinin yanında Toponimiya Komissiyası haqqında” Əsasnaməyə görə Toponimiya Komissiyasının ilk iclasında təşkilati məsələlərə baxılır. Müvafiq olaraq, bugünkü iclasın gündəliyinə də komissiyanın sədri, sədr müavini və katibin seçilməsi məsələsi daxil edilmişdir.

İclasda komissiyanın sədri vəzifəsinə AMEA-nın prezidenti İsa Həbibbəylinin, komissiyanın sədr müavini vəzifəsinə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin, komissiyanın katibi vəzifəsinə isə Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Cavid İskəndərovun namizədlikləri irəli sürülmüşdür.

İclasda komissiya üzvləri – professor Mahirə Hüseynova, deputatlar Musa Quliyev, Anar İsgəndərov, Hikmət Məmmədov, Elnarə Akimova və Əziz Ələkbərov, AMEA-nın prezidenti İsa Həbibbəyli, akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri Elçin İsmayılov çıxış etmişlər. Çıxışlarda hər üç şəxsin namizədliyi dəstəklənmiş, Azərbaycan toponimiyasının bəzi aktual məsələləri ilə bağlı fikirlər səsləndirilmişdir.

Təklif səsə qoyularaq yekdilliklə qəbul edilmişdir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur