Error
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II Beynəlxalq konfransda iştirak etmişlər.
Konfransın açılışında Qərbi Azərbaycan İcması haqqında qısametrajlı film nümayiş etdirilmişdir. Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxumuşdur.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilmişdir.
Konfransda çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbirin Ermənistandan azərbaycanlıların zorla çıxarılmasına, tarixi və mədəni irsimizə vurulmuş zərərlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, qayıdış hüququmuzun təmin edilməsi və ədalətli əsaslarla sülh və barışıq üzrə müzakirələr aparmaq üçün vacib bir platforma olduğunu bildirmişdir.
Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu çıxışında Ermənistanın bölgədə davamlı sülh üçün Azərbaycanın xoşniyyətli addımlarına müsbət cavab verməli olduğunu bildirmişdir. O, diqqətə çatdırıb ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti beynəlxalq hüquqa tam uyğundur, bu, torpaq deyil, insan haqları məsələsidir.
Konfrans öz işini panel müzakirələrlə davam etdirmişdir.
Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi konfrans iki gün davam edəcək. Konfransda 51 ölkədən olmaqla 100-dən çox nümayəndə iştirak edir.