Error
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova və Müasir Azərbaycan dili kafedrasının müdiri dos. Könül Səmədova Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universitetinin qonağı olmuşlar.
Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universitetinin 50 illiyi ilə bağlı “Təhsilin inkişafı strategiyası dəyərlərə əsaslanan tərəqqidır” adlı elmi-praktik konfrans keçirilmişdir. Ölkəmizi bu tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova və Müasir Azərbaycan dili kafedrasının müdiri dos. Könül Səmədova təmsil etmişlər.
Prof. Mahirə Hüseynova çıxışının əvvəlində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qafqazın ən qədim ali pedaqoji kollektivi olduğunu qeyd etmişdir. O, Azərbaycan və özbək xalqlarının dostluğu və qardaşlığından danışaraq deyib: “Mən iki xalqın folklorunda və yazılı ədəbiyyatında mövcud üzvi yaxınlığı yaradan amillərdən bəzi nümunələr göstərmək istərdim. Hələ orta əsrlərdən bəri böyük Nizami və Əlişir Nəvai, Məhəmməd Füzuli və Zəhirəddin Məhəmməd Babur, Nəsimi və Munis Xarəzmi, həmçinin digərlərinin yaradıcılığında bu yaxınlıq qabarıqdır. Bu qabarıqlıq ancaq mövzu və ideya deyil, həm də janr eynilikləri ilə də diqqəti çəkir”.
Prof. Mahirə Hüseynovaya türk dünyasında gördüyü elmi fəaliyyətinə görə Özbəkistanın Cizzak Dövlət Pedaqoji universitetinin 50 illik yubileyi münasibəti ilə “Fəxri Professor” adı verilmişdir.
Dos. Könül Səmədova Azərbaycanda təhsilin inkişafı ilə bağlı Avropa təhsil sisteminin təcrübəsinin öyrənilməsi, onun Azərbaycanın ali təhsil ocaqlarında milli dəyərlərə uyğun tətbiqi, türk dünyasının təhsil sistemində öncül təcrübənin öyrənilib yayılması, hər bir türk dövlətinin öz milliliyini saxlamaqla yeni innovativ yanaşmalardan istifadəni önə çəkməsi məsələlərinə aydınlıq gətirmişdir.
Daha sonra prof. Mahirə Hüseynovanın Cizzak Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşü keçirilmişdir. Tələbələrin suallarını cavabladıqdan sonra prof. Mahirə Hüseynova yaradıcılığından şeirlər səsləndirmişdir.
Görüşün sonunda tələbələr prof. Mahirə Hüseynovanın “Əsr türkün əsridir” şeirinin sözlərinə bəstələnmiş mahnını dinləmişlər.