ADPU-nun Filologiya fakültəsində “Heydər Əliyev və ətraf mühit” adlı elmi seminar keçirilmişdir

Mayın 23-də Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova və Azərbaycan dilinin tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə baş tutan “Heydər Əliyev və ətraf mühit” adlı elmi seminar “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilmiş və Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuşdur.

Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirmiş, ardınca sözü Beynəlxalq əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynovaya vermişdir.

Prof. Mahirə Hüseynova öz nitqində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində Azərbaycanın yeni əsrə müstəqil dövlət kimi qədəm qoyduğunu vurğulamış, ondan sonra cənab Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə Qarabağın işğaldan azad edildiyini bildirmişdir. O, Ulu Öndərin Azərbaycan təbiətinin qorunması, ətraf mühitin mühafizəsi üçün bir sıra addımlar atdığını qeyd etmiş, onlar barədə ətraflı məlumat vermişdir.

Prof. Minəxanım Nuriyeva, prof. Vaqif Qurbanov, prof. İbrahim Bayramov, dos. Allahverdi Hacıyev, dos. Ədalət Abbasov, baş müəllim Adil Balıyev müxtəlif mövzularda çıxış edərək Ulu Öndər Heydər Əliyevin ətraf mühitə qayğısı, Bakı şəhərinin təbiətinin  mühafizəsi yolunda atılan addımlar haqqında məlumat vermiş, Azərbaycanın yaşıllaşdırılması, ağacların təmiz su ilə suvarılması ilə bağlı həyata keçirilən tədbirlər, dərslərdə tələbələrin bu barədə maarifləndirilməsi üçün aparılan müzakirələr barədə ətraflı nitq söyləmişlər.

Rektor prof. Cəfər Cəfərov sonda çıxış edərək “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində belə bir elmi seminarın keçirilməsinin əhəmiyyətini qeyd etmiş, dünyada və ölkəmizdə ekoloji problemlərin həlli üçün görülən işlər, təşkil olunan müxtəlif yarışlar barədə məlumat vermiş, təhsil işçilərinin də qatıldığı müxtəlif ağacəkmə aksiyalarının təşkilinin vacibliyini vurğulamışdır.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur