ADPU-nun Filologiya fakültəsində gənc yazıçı Şah Selimi Türkayın “Ev dustağıyam” kitabının təqdimat mərasimi keçirilmişdir.

06.05.2024-cü il tarixində keçirilən təqdimat mərasimində Beynəlxalq əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova, Qərbi Azərbaycan İcmasının üzvləri, professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.

Prof. Mahirə Hüseynova tədbiri giriş sözü ilə açaraq gənc yazıçı Şah Selimi Türkayın həyat yolu, yazıçılıq fəaliyyəti, onun son ilərdə qələmə aldığı lirik roman  olan “Ev dustağıyam” əsəri barədə məlumat vermişdir. Ardınca əsərin ana xəttini insanın azadfikirliliyi və mənəvi müstəqilliyi konsepsiyasının təşkil etdiyini vurğulamış, bəşəriyyətdə baş verən hadisələrin də burada öz əksini tapdığını qeyd etmişdir. Prof. Mahirə Hüseynova romanda Qərbi Azərbaycandan olan qəhrəmanın yaşadığı çətinliklər, keçirdiyi iztirabların o dövrdə həmin ərazidə yaşayan bütün azərbaycanlıların başına gətirilən real hadisələr olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Müəllif Şah Selimi Türkay çıxış edərək əvvəlcə təqdimat mərasiminin təşkilinə görə  fakültə rəhbərliyinə öz təşəkkürünü bildirmiş, romanın yazılma şəraiti barədə iştirakçıları məlumatlandırmış, həmin tarixi dövrdə dünyada koronavirus xəstəliyinin hökm sürdüyünü, digər milllətlər kimi xalqımızın da pandemiya sınağı ilə üzləşdiyini qeyd etmişdir. O, fiziki dustaqlıqdan qaçıb mənəvi dünyasının azadlığına qovuşan Şahsuvar obrazının dərinliyi, onun nikbinliyi barədə söhbət açmış, romanda övlad və yurd həsrəti, humanistlik, azadlıq və türk dünyasının keçdiyi tarixi yolların bədii ifadələrlə, obrazlı sözlərlə təsvir edildiyini bildirmişdir.

Ardınca fakültənin professor-müəllim heyəti müəllifə suallarını ünvanlamış, təklif və iradlarını bildirmiş, sonda xatirə şəkli çəkilmişdir.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur