ADPU-nun Filologiya fakültəsinin  rəhbərliyi və professor-müəllim heyəti Quba filialında keçirilən konfranslarda iştirak edib.

 

3 may 2024-cü il tarixində ADPU-nun Quba filialında Beynəlxalq əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova, professor-müəllim heyətinin iştirakı ilə “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”nin açılışına həsr edilmiş elmi-praktik konfrans və “Gelenekten geleceğe” adlı beynəlxalq konfrans keçirilmişdir.

Konfranslardan əvvəl filialın direktoru dos. Yusif Alıyev və qonaqlar Ulu Öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsini ziyarət ediblər. Filialın giriş hissəsində yaradılmış “Azərbaycan mütəfəkkirləri” barelyefinin açılışı da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akad. İsa Həbibbəyli, Milli Məclisin deputatı Ceyhun Məmmədov, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova, rəssam-modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın iştirakı ilə həyata keçirilmişdir. Ardınca filialda “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”nin açılışı üçün akad. İsa Həbibbəyli və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru prof. Abdulqappor Qırğızbayev tərəfindən qırmızı lent kəsilmiş və mərkəzlə tanışlıq başlanılmışdır.

Daha sonra filialın direktoru  dos. Yusif Alıyev elmi-praktik konfransı açıq elan edərək qonaqları filialda görməkdən olduqca məmnun olduğunu bildirmiş, böyük zəhmət və güclü əməkdaşlıqla yaradılan mərkəzin açılış mərasiminin təkcə elmin deyil, həm də dövlətin siyasətini əməli fəaliyyətimizlə dəstəklədiyimizin əyani nümunəsi olduğunu qeyd etmişdir.

Akademik İsa Həbibbəyli, prof. Abdulqappor Qırğızbayev, Milli Məclisin deputatı Ceyhun Məmmədov, prof. Mahirə Hüseynova çıxış edərək iki qardaş xalqın tarixi, mədəniyyəti və ədəbiyyatını özündə birləşdirən mərkəzin açılışının Azərbaycan-Özbəkistan dostluğunun, həmrəyliyinin və birliyinin inkişafına xidmət edəcəyini, yeni nəsillərin yetişdirilməsinə əhəmiyyətli töhvələr verəcəyini bildirmiş, onun Azərbaycan və Özbəkistan xalqları arasındakı əlaqələri daha da rövnəqləndirəcəyini vurğulamışlar.

Quba RİH başçısının müavini Səidə Abasova, rəssam-modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Bakı Slavyan Universitetinin rektoru prof. Anar Nağıyev,  “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru prof. Erkin Nuriddinov çıxış edərək bu tarixi hadisənin Quba filialı üçün xüsusi əhəmiyyət daşıdığını qeyd etmiş, Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin inkişafının mühüm yer tutduğunu vurğulamış, Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələrin genişləndiyini, mərkəzin yaradılmasının da bunun sübutu olduğunu bildirmişlər.

Daha sonra Türkiyənin Təhsil və Elm Çalışmaları Akademiyası (ASES) və ADPU-nun birgə təşkil etdiyi “Gelenekten geleceğe” adlı beynəlxalq konfransın açılış mərasimi baş tutmuşdur. Prof. Mahirə Hüseynova konfransı giriş sözü ilə açaraq Azərbaycan-Türkiyə dövlətləri qardaşlığının bütün sahələrdə olduğu kimi elm və təhsildə də özünü göstərdiyini vurğulamış, regionlarda beynəlxalq konfransların təşkil olunmasının əhəmiyyətindən bəhs etmişdir.

ASES-in prezidenti Taner Ali Söylemez qonaqları salamlayaraq ADPU-nun rektoru prof. Cəfər Cəfərov, prof. Mahirə Hüseynova, dos. Könül Həsənova, prof. Elman Quliyev, dos. Könül Səmədova, t.ü.f.d. Leyla Calalova və fil.ü.f.d. Ülkər Baxşıyevanı təhsil sahəsində göstərdikləri xidmətlərinə görə təltif etmişdir.

        Qeyd edək ki, 100-dən artıq məruzəçinin qatıldığı beynəlxalq konfransın ilk günü canlı olaraq təşkil olunmuşdur. Konfransın növbəti günləri Türkiyədən onlayn formada davam etdiriləcəkdir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur