ADPU-nun Filologiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilmişdir.

28.02.2024-cü il tarixində keçirilən iclası Filologiya fakültəsinin dekanı fil.ü.f.d., dos. Könül Həsənova giriş sözü ilə açaraq cənab prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi münasibətilə bu mövzuya həsr olunmuş müxtəlif tədbirlərin keçiriləcəyini bildirmiş, professor-müəllim heyətinin bu istiqamətdə elmi tədqiqatlar aparmalarını vəzifə olaraq qarşıya qoymuşdur.

Filologiya fakültəsinin dekan müavini fil.ü.f.d. Zemfira Abbasova 2023/2024-cü tədris ili payız semestrinin imtahan sessiyasının nəticələri barədə ətraflı məlumat vermiş, dekan müavini ped.ü.f.d., dos. Pəri Paşayeva pedaqoji internaturanın gedişi barədə şura üzvlərini məlumatlandırmışdır.

Cari məsələlərlə bağlı fakültənin doktorantları Nigar Məmmədova və Aynur Namazovanın dissertasiya mövzuları və elmi rəhbərlərinin təsdiq olunması ilə bağlı ADPU Elmi Şurası qarşısında vəsatət qaldırılması irəli sürülmüş, fil.e.d. Könül Səmədovanın “İnterregional dil xüsusiyyətlərinin tarixi və müqayisəli aspektdə təhlili (şimal ləhcəsi dialekt və şivələri üzrə)”monoqrafiyasının nəşr olunması qərara alınmışdır.

Sonda çıxış edən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru fil.e.d., prof. Mahirə Hüseynova qısa müddət ərzində fakültədə əldə olunan uğurlar, tətbiq olunan yeniliklərlə bağlı dekan Könül Həsənovanı təbrik etmiş, özünün yeni təkliflərini də irəli sürmüşdür.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur