21 fevral 2024-cü il tarixində Filologiya fakültəsinin təşkilatçılığı ilə Pedaqoji Universitetdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova açılış nitqi ilə çıxış edərək dünyada müqəddəs sayılan 3 məhfumun: vətən, ana, dil olduğunu bildirmiş, dilin hər bir insanın mənəviyyatını qoruyan başlıca amil olduğunu, ananın övladına əmanət etdiyi dili qorumağın hər birimizin borcu olduğunu vurğulamışdır.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik etmiş, onun zəkası və şəhidlərimizin şücaəti sayəsində xalqımızın 44 günlük müharibədə qələbə qazandığını bildirmişdir.

Azərbaycan dilinin tədrisi texnologiyası kafedrasının professoru, ped.e.d. Vaqif Qurbanov və Müasir Azərbaycan dili kafedrasının müəllimi Nərmin Mehdiyeva çıxış edərək dilimizin uzun illər boyu yad təsirlərə məruz qalmasına baxmayaraq öz saflığını itirməyərək müasir dövrə gəlib çıxdığını vurğulamışlar.

 Tədbirdə dahi şəxsiyyətlərin ana dili, türk dili haqqında söylədiyi kəlamlar videoçarx vasitəsilə nümayiş etdirilmişdir. Tədbirdə "MEH" ədəbi dərnəyinin üzvləri və ifaçılar tərəfindən səsləndirilən şeirlər və mahnılar bir daha doğma ana dilinin müqəddəsliyini, cazibəsini, ecazını əks etdirmişdir.

C.Məmmədquluzadənin "Anamın kitabı" tragikomediyasından səhnə və əcnəbi tələbələrin ifasında azərbaycanca səslənən şeirlər rəğbətlə qarşılanmışdır.

Sonda rektor prof. Cəfər Cəfərov Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir iştirakçılarını bir daha təbrik etmiş, ADPU-nun 100 illik yubileyi münasibətilə təsis olunan yubiley medalı ilə respublikanın elmi-mədəni, ictimai-siyasi həyatında xidmətləri olan ADPU məzunlarını təltif etmişdir.

Qeyd edək ki, tədbirdə AMEA, BDU, BSU, SDU və digər ali təhsil müəssisələrinin elm adamları, mədəniyyət və incəsənət nümayəndələri iştirak etmişlər.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur