25 yanvar 2024-cü il tarixində ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasında kafedranın əməkdaşı, filologiya elmləri doktoru, professor İbrahim Bayramovun 70 illik yubileyi qeyd olunmuşdur.

Tədbirdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova, ADPU-nun Həmkarlar Komitəsinin sədri dosent Vaqif Əliyev və Müasir Azərbaycan dili kafedrasının əməkdaşları iştirak etmişdir.

Prof. Mahirə Hüseynova çıxış edərək prof. İbrahim Bayramovun, elmi fəaliyyətindən, ictimai fəallığından bəhs etmiş, onun gənc nəslə örnək ziyalı olduğunu vurğulamışdır.

dos. Vaqif Əliyev yubilyara universitetin ictimai həyatında fəal iştirakına görə təşəkkür etmiş, onu uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə ADPU-nun Həmkarlar Komitəsi adından fəxri fərmanla təltif etmişdir.

Müasir Azərbaycan dili kafedrasının müdiri dos. Könül Səmədova və kafedra əməkdaşları prof. İbrahim Bayramovun görkəmli dilçi alim olduğunu qeyd edərək onun özünəməxsus şəxsi keyfiyyətlərindən söz açmışlar.

Sonda çıxış edən prof. İbrahim Bayramov əvvəlcə göstərdikləri diqqət və qayğıya görə fakültə rəhbərliyinə öz təşəkkürünü bildirmiş, Müasir Azərbaycan dili kafedrasında bu ənənənin kafedra yarandığı gündən davam etdiyini bildirmişdir.

Prof. İbrahim Bayramovu 70 illik yubileyi münasibətilə başda ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova olmaqla Filologiya fakültəsinin əməkdaşları adından təbrik edir, ona uzun ömür və yeni yaradıcılıq uğurları arzu edirik!


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur