27.12.2023-cü il tarixdə ADPU-da Beynəlxalq əlaqələr üzrə prorektor, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı, fil.ü.f.d., dosent əvəzi Könül Həsənovanın təşkilatçılığı ilə Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilmişdir.
Görüşdə ADPU-nun prorektorları, fakültə dekanları, Filologiya faksltəsinin professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.
Görüşü giriş sözü ilə açan ADPU-nun rektoru prof. Cəfər Cəfərov gəncliyindən bəri şair Sabir Rüstəmxanlının şeirlərini əzbər bildiyini bildirərək Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğində roluna görə ona təşəkkür etmişdir.
Daha sonra ekrana gələn videoçarxda şairin həyat yolu, yaradıcılığının əsas məqamları səsləndirilmişdir.
Məruzə ilə çıxış edən prof. Təyyar Salamoğlu, prof. Elman Quliyev, prof. Yaqub Babayev, dos.Qüdrət Umudov Sabir Rüstəmxanlının yaradıcılığının zənginliyindən, poeziyasının incəliklərindən söz açmış, şairlə olan xatirələrindən danışmışlar.
“Meh” ədəbi dərnəyinin qiraətçilərinin ifasında şairin “Bayrağım”, “Sağol, ana dilim”, “Gecə-gündüz”, “Millətəm” şeirləri səsləndirilmişdir.
Şair Sabir Rüstəmxanlının “Sənin gözlərində” və “Geri verərmi” şeirlərinin sözlərinə bəstələnmiş mahnılar Filologiya fakültəsinin tələbəsi olmuş müğənni Məxfirət Əlişanova tərəfindən ifa olunmuşdur.
“Meh” ədəbi dərnəyinin üzvü Türkan Kazımova tərəfindən görkəmli şəxsiyyətlər və qələm dostlarının şair Sabir Rüstəmxanlı haqqında dediyi fikirlər səsləndirilmişdir.
Filologiya fakültəsi tələbələrinin suallarını cavablandırdıqdan sonra çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı dəvətə görə prof. Mahirə Hüseynovaya öz dərin təşəkkürünü bildirmişdir.
Sonda prof. Mahirə Hüseynova şair Sabir Rüstəmxanlının ictimai-siyasi fəaliyyətinə görə onun öz xalqının taleyini düşünən əsl Azərbaycan oğlu olduğunu söyləmiş, dəvəti qəbul edib gəldiyinə görə ona təşəkkür etmişdir.
Sonda xatirə şəkli çəkilmişdir.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur