4 noyabr ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə şurasının üzvü, Prezident təqaüdçüsü, Əməkdar müəllim, görkəmli alim, təhsil təşkilatçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB-nin) üzvü, tanınmış şair, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın doğum günüdür. ADPU-nun ictimai həyatında böyük rol oynayan professor dilçilik elmi üzrə tədqiqatları və qiymətli monoqrafiyaları ilə elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır.
Mahirə Hüseynovanın müəllifi olduğu “Ulu öndərimizin natiqlik məharəti”, “Ulu öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir”, “Missiya” kitablarında ümummilli liderin Azərbaycan natiqlik sənətinə verdiyi töhfələr və ümumi fəaliyyəti araşdırılmış, “Həsən Mirzəyev və Azərbaycan dilində feil”, “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri”, “Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası”, “Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası” kitablarında görkəmli dilçi alimlərin tədqiqat sahələri təhlil edilmişdir. “Dilin elmi və estetik problemləri” adlı kitabında isə müəllif araşdırma obyektlərini daha da genişləndirmişdir.
Professor Mahirə Hüseynovanın “Aşıq və el şairlərinin leksikası”, “Aşıq və el şairlərinin üslubi sintaksisi”, “Aşıq və el şairlərinin üslubi morfologiyası”, “Aşıq və el şairlərinin poetikası” və s. əsərlərində Azərbaycan folkloru dilçilik baxımından tədqiqata cəlb olunmuşdur.

Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə araşdır¬maları ilə seçilən professor Mahirə Hüseynova 40-dan çox elmi kitabın monoqrafiya, dərs və¬saiti, metodik vəsait, proqramın və 16 bədii (şeirlər) kitabın müəllifidir. Alimin respublikanın nüfuzlu jurnallarında (o cümlədən xarici mət¬buatda), qəzet və digər mətbu orqanlarda 400-ə qədər elmi və publi¬sistik məqaləsi çap olunmuşdur. Onun haqqında eynilə 300-dən yuxarı məqalə respublika mətbuatında işıq üzü görmüşdür.
Mahirə Nağıqızı imzası ilə şeir kitabları nəşr olunmuş, “Qızıl qələm”, “İlin alimi” media mükafatı laureatı fəxri adlarına və digər mükafatlara layiq görülmüşdür.
Filologiya fakültəsi əməkdaşları adından professor Mahirə Hüseynovanı ürəkdən təbrik edir, can sağlığı, yeni elmi və bədii yaradıcılıq nailiyyətləri arzulayırıq.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur