Bu günlərdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycan paleotoponomlərinin linqvistik etimoloji təhlili” kitabı işıq üzü görmüşdür. Kitabın redaktoru filologiya elmləri doktoru, professor İbrahim Bayramov, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova və filologiya üzrə fəlsəfə doktoru Könül Səmədovadır.
Kitabda ilk dəfə olaraq Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində mövcud olmuş paleotoponimlərin elmi-nəzəri əsasları, ayrı-ayrı coğrafi ərazilərdə yayılma arealları, fonetik, leksik, semantik xüsusiyyətləri araşdırılmış və Azərbaycan xalqının bu ərazilərdə ən qədim yerli sakinlər olduqları elmi baxımdan əsaslandırılmışdır.
Həmçinin, kitabda “Qərbi Azərbaycanda (indiki Ermənistanda) türk mənşəli paleotoponimlərin tarixi kökləri, fonetik, leksik, morfoloji tərkibi və semantik resursları”, “Qərbi Azərbaycanın türkmənşəli toponimlərində paleodialekt və şivə elementlərinin linqvistik xüsusiyyətləri”, “Türk-Azərbaycan mənşəli “Qafan” toponiminin paleoetnonimik istiqamətdə etnolinqvistik təhlili”, “İndiki Ermənistan ərazisindəki paleotoponimlərin Mahmud Kaşğari “Divan”ında izləri”, “Qərbi Azərbaycanda rəng bildirən sözlər əsasında formalaşmış paleotoponimlərin tarixi-linqvistik təhlili” , “Toponimlərin qədim fonetik və leksik-semantik yaruslarının dəyişməsi prosesinin linqvistik xüsusiyyətləri” kimi məsələlərə toxunulmuşdur.
​Yeni kitabın işıq üzü görməsi münasibətilə professor Mahirə Hüseynovanı təbrik edir, ona yeni yaradıcılıq uğurları arzu edirik!


© 2023Filologiya.az. Bütün Hüquqlar qorunur