ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül İbrahim qızı Səmədova “Heydər Əliyev İli” çərçivəsində keçirilən və 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş 2 tədbirdə iştirak edərək məruzə ilə çıxış etmişdir. Bunlardan biri 1 avqust 2023-cü il tarixdə Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda keçirilən tədbirdir. Bu tədbirdə dos. Könül Səmədova “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda məruzə ilə çıxış etmişdir. Dəyirmi masada, eyni zamanda, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər. Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr keçirilib, iştirakçılar tərəfindən bir sıra təkliflər verilib.
Digər tədbir 31 iyul 2023-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi Rayon təşkilatının birgə təşkilatçılığı ilə 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə keçirilmiş tədbirdir.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz və işıqlı xatirəsi dərin ehtiramla yad edilib.


Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ana dilimizin tarixi keçmişindən, Azərbaycan dilinin kənar təsirlərdən danışmışdır.
Daha sonra geniş məruzə nitqi ilə çıxışı edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Könül Səmədova bir xalq, bir toplum kimi zamanın çətin sınaqlarından keçərək dilimizi, mənəvi dəyərlərimizi qoruduğumuzu vurğulayaraq, dərin tarixi kökləri olan öz dilimizin dövlət səviyyəsində qeyd olunduğu bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edərək, Azərbaycan xalqının əlifbasının tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qaldığını, bu gözəl günün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edildiyini bildirdi. Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək zirvəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq imzaladığı fərman və sərəncamlar haqqında danışaraq, varlığımızı şərtləndirən bu müqəddəs dəyəri qorumağın hər birimizin vətəndaşlıq borcu olduğunu söylədi. Könül Səmədova Ulu Öndərimizin sovetlər dönəmində yaranmış müəyyən maneələrə baxmayaraq, sarsılmaz milli təməlləri olan Azərbaycan dilinin mövcudluğunu qoruya bildiyini, 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olmasının öz təsbitini tapdığını qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ana dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərdiyini, onun “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edildiyini vurğuladı.
Sonda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının əhəmiyyətindən danışaraq, bildirdi ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Tədbir diskussiya formatında davam etmişdir.
Dos. Könül Səmədovanın hər iki tədbirdə iştirakına şərait yaratdığına görə ADPU-nun Beynəlxalq Əlaqələr üzrə Prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynovaya dərin təşəkkürümüzü bildiririk!


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur