15 may 2023- cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda ADPU- nun Filologiya fakültəsinin “Ədəbiyyat” kafedrasının professoru, Təyyar Salamoğlunun və Cəlilabad filialının dosenti Yədulla Dadaşlının transliterasiya etdikləri İsmayıl Hikmətin “Azərbaycan ədəbiyyatı tarixi (İslamiyyətin zühurundan miladın on səkkizinci əsrinə qədər)” kitabının təqdimatı keçirildi. Kitabın hazırlanmasının ideya müəllifi ADPU- nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, elmi redaktoru professor Yaqub Babayevdir.

Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babuloğlu açaraq kitabın ərsəyə gəlməsi haqqında məlumat verdi. Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, ADPU- nun rektoru professor Cəfər Cəfərov, AMEA- nın Folklor İnstitutunun direktoru professor Muxtar İmanov, ADPU- nun professoru Yaqub Babayev, BDU- nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, AMEA- nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Vaqif Yusifli, BSU- nun professoru Nizami Məmmədov, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli, ADPU- nun professoru Elman Quliyev və başqaları çıxış edərək kitabın elmi dəyərindən, Azərbaycan ədəbiyyatı tarixinin zənginləşdirilməsi üçün dəyərli mənbə olduğundan söhbət açdılar.

ADPU- nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova çıxış edərək İ.Hikmətin “Azərbaycan ədəbiyyatı” kitabının aktuallığı, Filologiya fakültəsinin tələbələri, eləcə də ədəbi ictimaiyyət üçün qiymətli mənbə olduğu barədə ətraflı məlumat verdi. Sonda kitabı transliterasiya və tərtib edənlər- professor Təyyar Salamoğlu və dosent Yədulla Dadaşlı bu qiymətli əsərin üzərində apardıqları iş haqqında danışdılar.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur