“Həsən Mirzəyev: Dəyərlərə sevgisi ilə tanınan alim”

13 mart 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı v.i.e. filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Novruz mühazirəsi” çərçivəsində “Həsən Mirzəyev: Dəyərlərə sevgisi ilə tanınan alim” adlı mühazirəsi keçirilmişdir.

Tədbirdə ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektor Tural Cəlilov, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Asif Axundov, Kimya və biologiya fakültəsinin dekanı, dosent Reyhan Ağayeva, Riyaziyyat fakültəsinin dekanı, dosent Araz Fərəcov, Fizika fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov, İncəsənət və fiziki tərbiyə fakültəsinin dekanı, s.ü.f.d. Anar Fərmayılov, İbtidai təhsil fakültəsinin dekanı, professor Qızxanım Qəhrəmanova, Məktəbəqədər təhsil fakültəsinin dekanı, dosent Nailə Hüseynova, kafedra müdirləri, müəllimlər iştirak etmişdirlər.

Professor Mahirə Hüseynova çıxış edərək ictimai-siyasi xadim, I və II çağırış Milli Məclisin deputatı, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, tanınmış dilçi-türkoloq, filologiya elmləri doktoru, professor Həsən İbrahim oğlu Mirzəyev haqqında mühazirə iştirakçılarına məlumat verdi, görkəmli alimin vətən sevgisindən, yurd nisgilindən bəhs etdi. Qeyd etdi ki, 1989-cu ildə Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi üçün yaradılan Azərbaycan Qaçqınlar Cəmiyyəti ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasına çevrildi. Prezident İlham Əliyev İcma üzvləri ilə görüşdə dəqiq tarixi faktlara əsaslanaraq, tarixi Qarabağ zəfərindən sonra diqqəti Qərbi Azərbaycan həqiqətlərinə yönəltdi. M.Hüseynova vurğuladı ki, bu gün ziyalıların üzərinə düşən vəzifə müzəffər Ali Baş Komandanın göstərdiyi yolla irəliləmək, əməli fəaliyyət göstərmək, elmi tədqiqatları genişləndirməkdir. Qeyd olundu ki, cənab Prezidentin proqram xarakterli çıxışı bir dönüş nöqtəsi idi və bundan sonra qısa zamanda Qərbi Azərbaycana Qayıdış konsepsiyası hazırlandı və BMT-nin sənədi kimi beynəlxalq səviyyədə yayımlandı, son günlərdə isə Ermənistan Baş Nazirinə yazılı müraciət ünvanlandı. Həmin müraciətdə Qərbi Azərbaycandan olan azərbaycanlıların öz vətənlərinə qayıtmalı olduqları qeyd olunmuşdur.

Daha sonra professor Mahirə Hüseynova qeyd etdi ki, Qərbi Azərbaycandan bəhs edilərkən Həsən Mirzəyevin fəaliyyəti diqqətdən kənarda qalmamalıdır. Ulu Öndər Heydər Əliyevin tövsiyəsi ilə professor Həsən Mirzəyevin Qərbi Azərbaycan onomastikasını tədqiq etməyə başlaması, uzun illər boyunca Qərbi Azərbaycanın Dərələyəz mahalının yer-yurd adlarını, bütövlükdə onomastik vahidlərini tədqiqata cəlb edərək samballı əsərlər yazdığını iştirakçıların diqqətinə çatdırdı. Bu əsərlərdə Dərələyəz mahalı haqqında ensiklopedik məlumatlar toplanmış, bölgənin onomastikası alim dəqiqliyi ilə araşdırılmış, minillər boyunca türk-oğuz yurdu olan Dərələyəzin yer adlarının da bu tarixi həqiqəti təsdiqləməsini dil faktları əsasında sübuta yetirmişdir. Bundan əlavə, professor Həsən Mirzəyev Dərələyəz mahalının şivə sözlərini də tədqiq etmiş, ilk dəfə olarak Dərələyəz şivəsinin dialektoloji sözlüyünü hazırlamış, bu şivədəki arxaikləşmiş və arxaikləşmə ərəfəsində olan sözləri də tədqiqata cəlb etmişdir.

Professor Mahirə Hüseynovadan sonra ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov çıxış edərək görkəmli alim haqqında xatirələrini bölüşmüş, Həsən Mirzəyevin Azərbaycan elmi və ictimai-siyasi həyatındakı rolundan danışmışdır. Daha sonra professor Fikrət Rzayev dəyərli alim Həsən Mirzəyev haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşmüş, Ölkə başçısı cənab İlham Əliyevin Qərbi Azərbaycanla bağlı proqramından bəhs etmişdir. Professor Əli Zalov çıxış edərək bildirdi ki, professor Həsən Mirzəyevin zəngin elmi yaradıcılığı Qərbi Azərbaycan irsinin sistemləşdirilməsində mühüm mənbə kimi öyrənilməli, bu sahədə tədqiqatlar davam etdirilməlidir.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur