Image

Müəllimlər həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahibləri, yeni cəmiyyət quruculuğunun memarlarıdır. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, dünyagörüşlü, vətənpərvər şəxsiyyətlər yetişir. Bu peşəyə hər zaman yüksək dəyər verən xalqımızın Ümummilli lideri Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin professor-müəllim heyətini səmimi qəlbdən təbrik edir, cansağlığı, elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq!
Müəllimlər gününüz mübarək!

MÜƏLLİM GÜNÜNDƏ...

Keçir xəyalımdan ömrümün yolu,
Hər günü, saatı, gözüm önündə.
Demək istəyirəm sevgiynən dolu,
Sözümü onlara müəllim günündə.

Birinci addımı atdığım andan,
Məni sehirləyib sinif otağı.
Müəllimlərim olub başlanğıcından,
Bir-bir qazandığım uğur ortağım.

Hərdən elə gəlir, qismətim mənim
Silinib-yazılıb dərs lövhəsində.
Tonundan bilmişəm etdiklərimin
Səhvini, düzünü onun səsində.

Qaranlıq yollarda tutdunuz çıraq,
Siz başa saldınız bizə həyatı.
Onu öyrətdiniz elmdən qabaq,
Dayanar insanın mənəviyyatı.

Dediniz ki, alim olmağa nə var,
Bu dünya çox görüb alimi nadan.
Boşdur qazandığın adlar, titullar,
Şəxsiyyət olmazsan, insan olmadan.

Vətəni sevin siz- dediniz bizə,
Ən böyük arxadır, ən isti ocaq.
Əziz müəllimlərim, hər birimizə,
Sizlərin sevgisi ocaq olacaq.

Keçir xəyalımdan ömrümün yolu,
Hər günü, saatı gözüm önündə.
Demək istəyirəm, sevgiynən dolu
Sözümü onlara müəllim günündə!

Hörmətlə, ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova


© 2023Filologiya.az. Bütün Hüquqlar qorunur