26 Sentyabr 2023-cü il tarixində ADPU-nun böyük akt zalında Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda ADPU-nun rektoru prof.Cəfər Cəfərov, prorektorlar, universitetin professor-müəllim heyəti, elm və təhsil sahəsi üzrə bir çox rəsmilər, nüfuzlu alimlər iştirak etdilər. Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Konfransı giriş nitqi ilə açan ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova konfrans iştirakçılarını salamlayaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı istiqamətində gördüyü cahanşümul və səmərəli işlər, həyata keçirdiyi uğurlu islahatlar haqqında ətraflı məlumat verdi. O həmçinin vurğuladı ki, “Biz Ulu Öndərimizin şəxsində həm də Azərbaycanın dünənini, bu gününü, ən əsası isə sabahını bir daha təhlil edirik: Heydər Əliyevin yaratdıqları barədə minnətdarlıqla danışırıq, onun yolu əsasında bu gün əldə edilən nailiyyətlərdən fəxrlə söhbət açırıq və yenə də məhz onun sayəsində gələcəkdə qazanacağımız qələbələrin real hədəflərini inamla müəyyənləşdiririk”.


Daha sonra Azərbaycanın əməkdar artisti, rejissor Rafiq Həşimovun səsləndirdiyi “Heydər Əliyev və Azərbaycan dili” adlı sənədli film nümayiş etdirildi.
Konfransda Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, Azadlıq Hərakatçıları İctimai Birliyinin sədri, yazıçı-publisist Təhmasib Novruzov, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri prof. İbrahim Bayramov, Azərbaycanın əməkdar artisti, bədii qiraətçi prof.Azad Şükürov, polkovnik Şəmsəddin İsgəndərov, xalq şairimiz Zakir Ağdamlı Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin müxtəlif sahələrinə həsr edilən mövzularda öz məruzələri ilə çıxış etdilər. Tədbir ADPU-nun nəzdində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin təşkil etdiyi bədii hissə ilə davam etdi.
Sonda prof.Mahirə Hüseynova çıxış edərək konfrans iştirakçılarına təşəkkürünü bildirdi, hər birinə uğurlar arzuladı.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur