ADPU-da Filologiya fakültəsinin nəzdində yaranan "Meh" ədəbi dərnəyinin "Hesabat"ı olub

 

Dekabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynovanın ideyası və təşəbbüsü ilə yaranan fəaliyyət "Meh" ədəbi dərnəyinin 3 illik hesabat tədbiri keçirilib. Tədbirdə universitet rəhbərliyi, müvafiq strukturların rəhbərləri, habelə tanınmış şair, ədəbiyyatşünas alim professor Vüqar Əhməd, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru dosent Aygün Bağırlı, həmin institutun "Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin baş elmi işçisi dosent Lütviyyə Əsgərzadə, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva və başqaları iştirak edib.
Tədbir öncəsi fakültənin foyesində "Meh" ədəbi dərnəyinin üzvləri tərəfindən canlandırılan klassik və müasir Azərbaycan şairlərinin obrazları şeirləri ilə qonaqları salamlayıb, milli adət-ənənələrimizi əks etdirən kompozisiyalar təqdim edilib.

 

 

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova qonaqları ədəbi dərnəyin fəaliyyətini əks etdirən stendlə tanış edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən ADPU-nun Ədəbiyyat kafedrasının müəllimi dosent Qüdrət Umudov qeyd edib ki, 2018-ci ildə fakültə dekanı professor Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılan "Meh" ədəbi dərnəyi fakültədə tələbə həyatının canlanmasına səbəb olub.
Dosent Qüdrət Umudov bildirib ki, nəsr, poeziya və ədəbi tənqid bölmələri ilə fəaliyyətə başlayan ədəbi dərnəyin tərkibində bu gün əlavə olaraq musiqi, rəsm, rəqs, teatr və aktyorluq və bədii qiraət bölmələri də fəaliyyət göstərir: “Dərnəyin yaradıcısı professor Mahirə Hüseynova onun fəaliyyətinə daima dəstək göstərir, dərnək üzvlərini həvəsləndirir, onlara ruh verir. Onun nəticəsidir ki, "Meh" ədəbi dərnəyi fəaliyyətə başladığı gündən bu günədək çoxsaylı respublika və beynəlxalq tədbirlərdə uğurla iştirak edib, Universitetimizin 100 illik yubiley tədbirinin bədii hissəsində, tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin yaradıcılıq və yubiley tədbirlərində yaddaqalan çıxışlar sərgiləyiblər.”
"Meh" ədəbi dərnəyinin fəaliyyətini əks etdirən videoçarxın nümayişindən sonra dərnək üzvlərinin təqdimatında ədəbi-bədii kompozisiya təqdim olunub, eləcə də, müxtəlif əsərlərdən parçalar səhnələşdirilib, şeirlər səsləndirilib.
M.Ə.Sabirin satiraları, Ə.Haqverdiyevin "Qoca tarzən", Hüseyn Cavidin "Ananın dramı" əsərləri əsasında hazırlanmış səhnələr tədbir iştirakçıkarı tərəfindən böyük coşğu ilə qarşılanıb.
Tədbirdə tanınmış şair Mahirə Nağıqızının "Qəlbimdəki məzar", "Sənli günlərim", "Xəyalımda", "Ağlama" kimi şeirləri səsləndirilib.
Əməkdar artist Elnur Zeynalov, Gülzar Fərəcova, Almaxanım Əhmədli kimi tanınmış incəsənət nümayəndələri, aşıq Gözəl Kəlbəcərli, fakültənin məzunu aşıq Ceyhun Qurbansoy və digərləri tərəfindən Mahirə Nağıqızının sözlərinə bəstələnmiş mahnılar, eləcə də xalq mahnıları, aşıq havaları, muğamlar ifa olunub.
Filologiya fakültəsinin tələbəsi Nuray Əhmədovanın Azərbaycan, ingilis və fransız dillərində səsləndirdiyi "Sarı gəlin" xalq mahnısı da böyük alqışlarla qarşılanıb.
Sonda professor Mahirə Hüseynova tərəfindən "Meh" ədəbi dərnəyinin sədri Raman İsmayılov və üzvləri məhsuldar fəaliyyətə görə Fəxri fərmanla təltif olunub.


© 2023Filologiya.az. Bütün Hüquqlar qorunur