Azərbaycan Dövlət Pedaqoji Universiteti Daşkənd Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb   Dekabrın 15-də Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Firuza İkramxanova, Dünya tarixi kafedrasının professoru və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov və mətbuat katibi Nigora Muratova Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU-də) olublar. Nümayəndə heyətini ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov qarşılayıb. Öncə qonaqlar ADPU-da fəaliyyət göstərən TÜRKSOY kafedrası, Heydər Əliyev Mərkəzi və Filologiya fakültəsi ilə tanış olublar.  

Sonra Beynəlxalq əlaqələr üzrə prorektorluqda qonaqlarla görüş keçirilib. Görüşdə türk dünyasının tarixi, dili, ədəbiyyatı, mədəniyyəti və birliyi ilə bağlı maraqlı fikir mübadiləsi aparılıb, universitetlərarası əlaqənin inkişafının önəmliyi vurğulanıb. Görüş ADPU və Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti arasında yaradılacaq təhsil sahəsindəki əlaqələrin gələcək əməkdaşlıq perspektivləri, hər iki ali təhsil müəssisəsi arasında müəllim-tələbə mübadiləsi, elm, tədris və digər sahələr üzrə əməkdaşlıqla bağlı fikir mübadiləsi ilə davam edib. Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova türk dövlətləri ilə elm-təhsil-innovasiya istiqamətində əlaqələrin genişləndirilməsinin ADPU-nun əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Daşkənd Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Firuza İkramxanova Azərbaycanın aparıcı pedaqoji universiteti olan ADPU ilə əməkdaşlığın iki ölkə arasında elm, təhsil və dostluq münasibətlərinə töhfə verəcəyinə əminliyini bildirib Görüş zamanı universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Rektorun köməkçisi Riyad Rüstəmli və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Nurəngiz Mahmudova da görüşdə iştirak ediblər. Görüş sonrası ADPU-nun Təlim-Tədris Mərkəzinin müdiri p.f.d. Xalidə Həmidova qonaqları mərkəzin fəaliyyəti haqqında məlumatlandırıb, Pedaqoji Universitetin mərkəzləri və iş fəaliyyəti ilə tanış edib.


© 2023Filologiya.az. Bütün Hüquqlar qorunur