Özbəkistanın Urgənc Dövlət Universitetinin professoru ADPU-da olub

 

21 noyabr tarixində Özbəkistanın Urgənc Dövlət Universitetinin professoru, Məktəbəqədər kafedranın müdiri, pedaqoji elmlər doktoru Məhəbbət Salayeva ADPU-da olub. O, beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova ilə görüşüb. Görüşün əsas məqsədi Özbəkistanın Urgənc Dövlət Universiteti ilə Pedaqoji Universitet arasında əlaqə yaratmaq, təcrübə mübadiləsi aparmaq, elmi əlaqələr qurmaq, tələbə mübadiləsinə önəm verilməsi, iki qardaş dövlət arasında əlaqələrin daha da möhkəmləndirilməsi olub.

 

Prorektor Mahirə Hüseynova qonağı özünün təşəbbüsü və təşkilatçılığı ilə keçirilən filosof-şair, görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyinə həsr olunan "Hüseyn Cavid- 140" adlı tədbirdə iştirak etməyə dəvət edib. Professor Məhəbbət Salayeva çıxış üçün söz alaraq tədbirdə iştirakını böyük şans adlandırıb. Hüseyn Cavidin Özbəkistanda da sevildiyini, əsərlərinin çox oxunduğunu qeyd edərək belə gözəl tədbirdə iştirakına və ADPU-da xoş qarşılanmağına görə universitet rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Tədbirdən sonra beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova qonağı yenidən qəbul edib. O, ölkə başçısı cənab İlham Əliyevin iyunun 21-də Özbəkistana səfərinin əhəmiyyətini vurğulayaraq səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını qeyd edib. Bu mənada Azərbaycan və Özbəkistan dövlətlərinin ali təhsil müəssisələri arasında əlaqələrinin genişləndirilməsinin vacibliyindən bəhs edib, təhsil sahəsində əməkdaşlığın perspektivlərindən söz açıb.

Türk xalqlarının bir-birinin tarixinə, coğrafiyasına, etnoqrafiyasına, dilinə daha yaxından bələd olmaları üçün universitetlərarası əlaqələrə böyük önəm verilməsinin vacibliyindən danışan professor M.Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Özbəkistan universitetlərinin birgə beynəlxalq konfranslarını, təlim və seminarlarını keçirmək, kadr və tələbə mübadilələrini təşkil etmək, təcrübələrini bölüşmək hər iki dövlətin təhsil sahəsinə gözəl töhfələr verə biləcəyini nəzərə çatdırıb. Prorektor türk xalqlarının dillərini qoruması, öz dillərində danışması, kökünə, tarixinə bağlı olmasının əhəmiyyətindən də bəhs edib. Ölkəmizdə Azərbaycan dilinə Prezident cənab İlham Əliyev tərəfindən göstərilən qayğı və diqqəti, dilimizin təmizliyi, saflığı, qorunması ilə bağlı verilən sərəncam və qərarları nümunə göstərib. Ortaq türk əlifbasının yaradılması, türk xalqlarının tarixinin, dilinin eyni kökə bağlılığını vurğulayaraq müəllifi olduğu "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası", "Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti" kitablarından nümunələr gətirib, qonağa həmin kitablardan hədiyyə edib.

Bir əsrlik tarixə malik Pedaqoji Universitetin dünyanın bir çox reytinqli universitetləri ilə əlaqələrinin olduğunu nəzərə çatdıran prorektor M.Hüseynova ADPU-nun Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramının olduğunu, bu sahədə böyük təcrübə qazandıqlarını bildirib. Gələcəkdə bu cür proqramların Özbəkistan universitetləri ilə də yaradılmasına maraqlı olduğunu bildirib.

Özbəkistanın Urgənc Dövlət Universitetinin professoru, pedaqoji elmlər doktoru, kafedra müdiri Məhəbbət Salayeva da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Özbəkistan universitetləri ilə əlaqələrin yaradılması, yeni proqram və layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüb. Çalışdığı universitetin fakültələri, iş prinsipi haqqında məlumat verib və Pedaqoji Universitetlə əlaqələrin qurulmasında Urgənc Dövlət Universitetinin də maraqlı olduğunu nəzərə çatdırıb.

ADPU-ya gəlişindən məmnunluğunu bildirən professor Məhəbbət Salayeva iki qardaş ölkə universitetlərinin əməkdaşlıq əlaqələrinin qurulmasına, bu əməkdaşlığın hər iki dövlət üçün yararlı olacağına əminliyini ifadə edib.

Daha sonra prorektor M.Hüseynova qonağı Filologiya fakültəsi ilə tanış edib. Fakültədə yaradılan 44 günlük Vətən müharibəsinə həsr olunan Zəfər stendini, fakültənin professor-müəllim heyətini əks etdirən xüsusi işıqlandırılması olan divar lövhəsini, fakültənin Meh ədəbi dərnəyinin üzvlərini əks etdirən lövhəni, fakültənin tanınmış alimlərinin divardan asılmış portretlərini, dərs prosesini, "Linqvistika otağı"nı qonağa təqdim edərək hər biri haqqında geniş məlumat verib, qonağı fakültə tələbələri ilə də görüşdürüb. Urgənc Dövlət Universitetinin professoru, pedaqoji elmlər doktoru Məhəbbət Salayeva səmimi qəbula görə beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynovaya təşəkkürünü bildirib və Pedaqoji Universitetə gəlişindən məmnunluğunu ifadə edib.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur