ADPU-da Filologiya fakultəsinin təşkilatçılığı ilə Hüseyn Cavidin 140 illik yubileyi qeyd olunub

 

Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş “Hüseyn Cavid-140” adlı tədbir keçirilib.
Tədbirdən öncə Hüseyn Cavidin əsərlərindən ibarət sərgi təqdim olunub.

 

Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov açılış nitqi ilə çıxış edərək Hüseyn Cavidin XX əsr Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi olduğunu diqqətə çatdırıb. Rektor vurğulayıb ki, Cavid yaradıcılığında milli və bəşəri idealların yüksək təcəssümü hələ bir əsr bundan əvvəl dünyaya verilmiş mesajdır. Tədbirdə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin baş elmi işçisi dosent Lütviyyə Əsgərzadə “Hüseyn Cavid: mühiti və müasirləri”, ADPU-nun Ədəbiyyat kafedrasının dosenti Məlahət Babayeva “Hüseyn Cavid irsi və müasir dövr” mövzularında məruzə nitqi söyləyib, həmçinin,
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfli, Özbəkistanın Urgənc Dövlət Universitetinin professoru, Məktəbəqədər kafedranın müdiri, pedaqoji elmlər doktoru Məhəbbət Salayeva, Ədəbiyyat kafedrasının müdiri dosent Razim Məmmədov, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri dosent Nazilə Abdullazadə də böyük dramaturqun yaradıcılığı haqqında təəssüratlarını bölüşüblər.
Hüseyn Cavidin qızı Turan Cavidin xaritələrindən ibarət videoçarxın nümyişindən sonra fakültədə fəaliyyət göstərən Meh ədəbi dərnəyinin üzvlərinin təqdimatında ölməz sənətkarın yaradıcılığından əbədiyaşar incilər təqdim olunub.
Bədii kompozisiyada dahi ədibin “Şeyx Sənan”, “İblis” kimi əsərlərindən səhnələr nümayiş olunub, H.Cavidin “Qız məktəbində” şeirinə bəstələnmiş mahnı dərnəyin üzvü Sədəfxanım Mehdiyevanın ifasında səsləndirilib.
Sonda çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı v.i.e. prof. Mahirə Hüseynova bildirib ki, "Həqiqət istərəm, yalnız həqiqət", - deyə bütün ömrü boyu çarpışan, yazıb-yaradan H.Cavidin əsərləri elə bir haqdan qüdrət alıb ki, bu gün də aktual və mənalı səslənir.
Tədbirdən sonra professor Mahirə Hüseynova qonaqları Filologiya fakültəsi ilə yaxından tanış edib.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur