İlkin Əsgərov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müəllimi, Filologiya üzrə fəlsəfə doktoru

 

 

Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü Azərbaycan dilinin beynəlxalq aləmdə tədrisi və təbliği istiqamətində xüsusi mərhələ təşkil edir

Bu gün müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi uğurlu dil siyasəti nəticəsində Azərbaycan dilinin beynəlxalq aləmdə tədrisi və təbliği məsələləri özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Demək olar ki, dövlətin bu istiqamətdə gördüyü işlər də Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına çox mühüm töhfələr verməkdədir.
Məlumdur ki, dünyanın zəngin, musiqili, ahəngdar, qədim tarixi köklərə malik dillərindən biri kimi müasir Azərbaycan dili respublikamızın sərhədləri daxilində, eləcə də onun hüdudlarından kənarda yaşayan milyonlarla soydaşımızı bir-birləri ilə əlaqələndirən, bağlayan ən vacib, aparıcı milli-mənəvi dəyərlərdən biridir. Şübhəsiz ki, dünyanın müxtəlif ərazilərində yaşayan azərbaycanlıların həmrəyliyinin təmin olunmasında milli və zəngin adət-ənənələrimiz, mədəniyyətimiz, tariximiz kimi müqəddəs ana dilimiz də olduqca böyük əhəmiyyətə malikdir.
Bu mənada Cənab Prezident İlham Əliyevin 22 aprel 2022-ci il tarixində Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayındakı çağırış xarakterli nitqi diqqəti xüsusi ilə cəlb edir: “Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir.”
Qeyd etmək lazımdır ki, dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasında Azərbaycan dilinin rolunun, onun tədqiqi və öyrənilməsinin əhəmiyyəti barədə Cənab Prezidentin səsləndirdiyi fikirlər bütün parametrlərinə görə eyni bir xətdə birləşir. Məsələn, ölkə başçısının 21 oktyabr 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən ifadə etdiyi fikirlər Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı zamanı səsləndirdiyi fikirlərlə səsləşir və bir növ onun məntiqi davamı, ardıcılı kimi çıxış edir: “Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik.”
Çox yaxşı haldır ki, 11 noyabr 2022-ci ildə də Səmərqənddə keçirilmiş Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə Cənab Prezident İlham Əliyev öz nitqində diqqəti Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzu və roluna yönəldərək bir daha doğma dilimizin beynəlxalq arenada tədrisi və təbliği məsələlərini aktuallaşdırdı. Cənab Prezident hələ Bağdat Amreyevi qəbul edərkən dediyi fikirləri xatırlayaraq və türk dünyasının coğrafi sərhədlərinin daha geniş olduğunu ifadə edərək böyük türk dünyasının yalnız müstəqil türk dövlətlərindən ibarət olmadığını bildirməsi mühüm tarixi hadisə kimi dəyərləndirilməlidir. “Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.”
Hesab edirəm ki, bu fikirlər Azərbaycan dilinin beynəlxalq aləmdə həm tədrisi, həm də təbliği işinin yeni istiqamətlərdə inkişafını müəyyənləşdirməklə bərabər, həm də onun sistemli tədqiqi məsələsini, bir milli-mənəvi bağ, mənəvi körpü funksiyasını yerinə yetirən bir dəyər olduğunu yenidən aktuallaşdıracaq. Təbii ki, bütün bunlar da öz növbəsində dilimizin beynəlxalq aləmdə tədrisi və təbliği sahəsində yeni tədqiqatlara yol açmaqla, geniş dünya coğrafiyasında yaşayan soydaşlarımızla əlaqənin yaradılmasında və onların dilimizi öyrənmək üçün aidiyyəti qurumlar tərəfindən zəruri ədəbiyyatlarla təmin edilməsində mühüm rol oynayacaqdır.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur