Qazi Universiteti, ADPU və Azərbaycan Səfirliyinin birgə təşkilatçılığı ilə “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” adlı mərasim keçirilib

 

Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi (TÜRKDAM), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin birgə təşkilatçılığı ilə Qarabağ zəfərinin ikinci ildönümü münasibətilə “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” adlı təntənəli mərasim keçirilib.

 

2020-ci il noyabrın 8-də Qarabağın rəmzi və türk dünyasının mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad edilməsinin ildönümündə Qazi Universitetinin ev sahibliyi ilə rektorluğun Memar Kəmaləddin zalında keçirilən bayram mərasimi böyük maraqla qarşılanıb.
Azərbaycan Respublikasının Ankaradakı səfiri Rəşad Məmmədov, Səfirliyin təhsil müşaviri prof. Nəcibə Nəsibova, Qazi Universitetinin rektoru prof. Musa Yıldız, , Ankara Universitetinin rektoru prof. Necdet Ünüvar, Qazi Universitetinin keçmiş rektoru prof. Ənvər Həsənoğlu, ADPU-nun rektoru prof. Cəfər Cəfərov və prorektor dos. Eldar Aslanov, Qazi Universitetinin prorektoru prof. Yücel Gelişli, Təhsil və Xarici Əlaqələr Qurumunun Koordinatoru prof. İhsan Kalenderoğlu, TÜRKDAM direktoru prof. Alev Çakmakoğlu Kuru, direktor müavini prof. Bülent Aksoy, Baş katib prof. Ragıp Akyürek, baş katibin müavini Mehmet Ali Özkan, həmçinin dekanlar, alimlər, tələbələr və mətbuat nümayəndələri iştirak ediblər.
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və hər iki qardaş ölkənin dövlət himnlərinin oxunması ilə başlayan mərasim Qarabağ Zəfərinə həsr olunmuş qısametrajlı filmin nümayişi ilə davam edib.
Açılış sözü ilə çıxış edən Qazi Universitetinin rektoru prof. M.Yıldız dedi: “Bu gün, noyabrın 8-də biz Azərbaycanın uzun illərdir Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan torpaqlarını azad edərək böyük qələbə qazanmasını qeyd edirik. Türk birliyinin varlığını, türkün gücünü, türk şəxsiyyətini bütün dünyaya göstərdik. Türk milləti əsrlər boyu olduğu kimi, gələcəkdə də vətənini qorumaq üçün necə birləşəcəyini biləcək. Bu münasibətlə Qarabağ müharibəsində və ondan əvvəlki soyqırımlarda şəhid olan bütün türk qardaş və bacılarımıza Allahdan rəhmət diləyir, ay-ulduzlu Azərbaycan bayrağımızın vətənimizdə əbədi dalğalanmasını diləyirəm. Bu proqramın və sərginin hazırlanmasında əməyi keçən hər kəsə, başda Azərbaycanın Türkiyədəki Səfirliyi olmaqla ADPU-nun rektoru və nümayəndə heyətinə, Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin direktoruna və sənətçi Ahmet Şafaka təşəkkürümü bildirirəm.”
Zəfər Günündə Qazi Universitetində olmaqdan məmnunluğunu ifadə edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof. C.Cəfərov, - “Türkiyə Cümhuriyyəti və türk xalqı hər zaman Azərbaycanın yanında olub. Bu bizim birliyimizin, qardaşlığımızın gücüdür ki, hər zaman bir-birimizin yanındayıq. Biz Qazi Universiteti ilə gənclərimizi gələcəyə ən yaxşı şəkildə hazırlamaq üçün birlikdə hərəkət edəcəyik. Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Bu bayram həm bizim bayramımızdır, həm də qardaş Türkiyənin bayramıdır.” - dedi.
Ankara Universitetinin rektoru prof. N.Ünüvar bu özəl və mənalı günlə bağlı duyğu və düşüncələrini dilə gətirərək, “Biz sınaqlı bir coğrafiyanın övladları kimi böyümüşük, böyüyürük. Bu uzun və məşəqqətli yolun sonunda şükürlər olsun ki, 44 günlük müharibədən sonra Qarabağ öz azadlığını əldə etdi. Şuşada asan qələbə qazanılmadı. Minlərlə şəhidimiz, qazimiz var. Bu gün biz onların qan tökərək qələbə qazandıqları torpaqlarda qürurla bayram qeyd edirik. İki hörmətli rektorumuzun çox gözəl ifadə etdiyi kimi, biz akademik olaraq əcdadlarımızın qan tökərək qurtardığı torpaqları ancaq elm və texnika ilə tər tökərək gələcəyə daşıya bilərik." - dedi.
Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov deyib: “8 Noyabr - Zəfər Günü təkcə Azərbaycan xalqının bayramı deyil, bütün türk dünyasının ortaq zəfəridir. Bu müharibə təkcə Azərbaycanın deyil, bütün dünyada türk olduğunu hiss edən hər kəsin savaşı idi."
Açılış nitqlərindən sonra Şuşanın işğal illərində ermənilər tərəfindən dağıdılmış tarixi-mədəni abidələrdən və Qarabağ zəfərinin nəticələrindən bəhs edən elmi konfrans keçirilib. Qazi Universiteti TÜRKDAM direktoru prof. A. Çakmakoğlu Kuru “Türk dünyasının mədəniyyət paytaxtı azad Şuşada işğal illərinin izləri”, ADPU-nun prorektoru dos. E.Aslanov isə “Vətən müharibəsi və onun nəticələri” mövzusunda məruzə ediblər.
Müğənni Ahmet Şafak Qazi Universitetinin 28 il ərzində Qarabağ və Xocalı üçün etdiyi bütün tədbirlərdə istifadə etdoyi "Qarabağ" bəstəsinin hekayəsini danışıb. Mərasimə onlayn qatılan sənətçi "Qarabağ" mahnısını oxuyaraq dinləyicilərə duyğulu mesajlar verib. ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin professor-müəllim heyəti ilə Qazi Universiteti Qazi Təhsil Fakültəsi Musiqi Tədrisi kafedrasının professor-müəllim heyətinin birgə ifasında “Ortaq səsimiz: Çırpınırdın Qara dəniz” adlı kompozisiyanın təqdimi iştirakçılara emosional anlar yaşatdı.
Sonra Qazi Universitetinin rektoru prof. M.Yıldız səfir R. Məmmədova, səfirliyin təhsil müşaviri prof. N.Nəsibovaya, ADPU-nun rektoru prof. C.Cəfərova, prorektor dos. E.Aslanova və Qazi Təhsil Fakültəsi İncəsənət təhsili şöbəsinin müəllimi prof. Türker Eroğluna plaketlər təqdim etdi.
Mərasimin sonunda Qazi Universitetinin Rektorluq binası qarşısında təşkil olunmuş prof. Mahirə Hüseynovanın şeirlərindən və Qarabağ zəfəri ilə bağlı fotoşəkillərindən ibarət sərgi ziyarət olundu. “Qarabağ Ağacı” kitabəsinin yerləşdirildiyi sərgi kollektiv xatirə fotoşəkilinin çəkilməsi ilə başa çatıb.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur