23 may 2023-cü il tarixdə ADPU YUNESCO klubunun təşəbbüsü və təşkilatçılığı ilə “Qərbi Azərbaycanda aşıq sənəti” adlı tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı, ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Filologiya fakültəsinin Elmi işlər üzrə dekan müavini, YUNESCO klubunun sədri f.ü.f.d. Könül Həsənova və fakültənin professor-müəllim heyəti iştirak etmişdir. Tədbiri Giriş sözü ilə açan professor Mahirə Hüseynova Azərbaycan aşıq sənətinin qədim və zəngin tarixindən söz açmış, bu sənətin köklərinin Qərbi Azərbaycandan gəldiyini tədbir iştirakçılarına çatdırmışdır. “Saz – bugünümüz, tariximiz, keçmişimizdir” deyən professor Mahirə Hüseynova bədii yaradıcılığından nümunələrlə sazın sehrini, sirrini, ecazkarlığını vurğulamışdır.

Professor Məhərrəm Qasımlı Qərbi Azərbaycanda aşıq sənətinin tarixi, təşəkkülü və inkişafı ilə bağlı məruzə etmiş, professor Mahmud Allahmanlı aşıq nümunələrinin toplanması və tədqiqi məsələləri barədə məruzə etmişdir. Dosent Qüdrət Umudov, professor Mahirə Hüseynova və professor Məhərrəm Qasımlıya tədbirin təşkilinə görə fakültə əməkdaşları adından təşəkkür etmiş, aşıq sənətini bu gün yaşadanlara arzularını çatdırmışdır.

Aşıq sənətinə həsr olunmuş videoçarx rəğbətlə qarşılanmışdır. Müəllim və tələbələr onları maraqlandıran sualları Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlıya ünvanlamışlar. Tədbirin sonunda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirmişlər.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur