Müasir Azərbaycan dili kafedrasının doktorantı Könül Nəriman qızı Həsənovanın dissertasiya işinin müzakirəsi keçirilib

 

Bu gün, 17 iyun 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının qiyabi doktorantı Həsənova Könül Nəriman qızının "Azərbaycan nəsr mətnlərində linqvistik qənaət prinsipinin təzahür səviyyələri" adlı doktorluq dissertasiyasının müzakirəsi keçirilib. Müzakirə Müasir Azərbaycan dili və Azərbaycan dilçiliyi kafedralarının əməkdaşlarının birgə iştirakı ilə aparılıb.

 

İclası giriş sözü ilə açan Müasir Azərbaycan dili kafedrasının müdiri, dos. Könül Səmədova doktorantın sənədlərinin qaydasında olduğunu, minimum imtahanlarını müvəffəqiyyətlə başa vurduğunu və elmi rəhbər akademik Nizami Cəfərovun müsbət rəyinin olduğunu nəzərə alaraq Könül Həsənovanın doktorluq dissertasiyasının müzakirəsinə razılıq verildiyini bildirib. Doktorantın indiyə qədərki elmi-pedaqoji fəaliyyətindən bəhs edən dos. Könül Səmədova Pedaqoji Universitetin 100 illiyi münasibətilə Könül Həsənovanın "Qabaqcıl təhsil əlaçısı" döş nişanı ilə təltif olunduğunu, eləcə də fəaliyyəti boyunca əldə etdiyi digər elmi uğurlarının olduğunu vurğulayıb. Daha sonra söz doktoranta verilib.
Könül Həsənova iştirakçılara minnətdarlığını bildirərək dissertasiya mövzusunu 3 fəsildə araşdırdığını qeyd edib. Birinci fəsildə qənaət prinsipinin tədqiqi vəziyyətinin şərhi və psixolinqvistik, tarixi – müqayisəli aspektlərinin təhlili məsələlərindən geniş şəkildə bəhs edildiyini bildirən müəllif Azərbaycan və dünya dilçiliyində qənaət prinsipinin tədqiqi vəziyyətindən, qənaətin psixolinqvistik istiqamətdə analizinin əhəmiyyəti və qənaət prinsipinin tarixi – müqayisəli aspektdə linqvistik təhlili məsələlərindən bəhs olunduğunu bildirib.
"Nəsr dilində fonetik, leksik, morfoloji səviyyələrdə qənaət prinsipinin təzahürü, onun nəsr və şeir mətnləri ilə müqayisəsi" adlı ll fəsildə fonetik, leksik, morfoloji və sintaktik səviyyələrdə qənaət, nəsr və şeir mətnlərində qənaətin müqayisəli aspektdə analizi məsələləri ərtaflı işıqlandırılıb və dissertasiya boyunca aparılan müqayisələr, tarixi, eləcə də psixolinqvistik və koqnitiv araşdırmalardan alınan nəticələr barədə məlumat verilib.
"Nəsr mətnlərində sintaktik səviyyədə qənaətin təzahürü" adlanan III fəsildə funksional cümlə tiplərində, eləcə də ümumi şəxsli və şəxssiz cümlələrdə qənaətə uyğun struktur-semantik sıxılma hallarından, adlıq cümlələrdə linqistik qənaətin şərtiliklərindən, dialoqlarda söz cümlələrin və vokativ cümlələrin qənaət prinsipinin universali kimi tədqiq olunmasından geniş bəhs edilib. Yarımçıq cümlələrdə qənaətin üslubi-kommunikativ imkanları faktlar əsasında izah olundu, çoxnöqtənin qənaəti əks etdirən punktuasiya göstəricisi kimi rolu aydınlaşdırıldı.
Daha sonra doktorant dissertasiya işi boyunca əldə etdiyi qənaətlərdən danışıb.
Sonra rəsmi rəyçilər - prof.İ.Bayramov və dos.E.Abışov, eləcə də Azərbaycan Dilçiliyi kafedrasının müdiri dos.İ.Kərimova və əməkdaşları prof.H.Hüseynova, dos.S.Sadıqova dissertasiya haqqında öz müsbət rəylərini bildirib, doktorantın mövzunu böyük məharətlə və yüksək səviyyədə araşdırdığını vurğulayıblar.
Daha sonra doktoranta suallar verilib. Hər bir sual ərtaflı və dolğun şəkildə izah olunduqdan sonra prof.C.Cəfərov, prof.M.İsmayılova, f.e.d. S.Zeynalov, dos.Y.Qəhrəmanova, f.ü.f.d. K.Həsənova və digərləri çıxış edərək dissertasiya mövzusunun aktuallığından, dilçilik elmi baxımından əhəmiyyətindən, doktorantın mövzunu hərtərəfli və sanballı şəkildə tədqiq edib araşdırmasından geniş şəkildə bəhs ediblər. Dissertasiya işinin AAK-ın tələblərinə tam cavab verdiyi göstərilib və dissertasiya işinin müdafiəyə buraxılması haqqında yekdilliklə qərar qəbul olunub.
Sonda iştirakçılar Könül Həsənovaya növbəti mərhələlərdə uğurlar arzulayıblar. Könül Həsənova da öz növbəsində, vaxt ayırıb dissertasiya işini oxuyub, müzakirə iclasında iştirak etdikləri üçün hər bir iştirakçıya minnətdarlığını bildirib.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur